Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3099/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diaqnostik qiymətləndirilmədə iştirakının təmin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi barədə iddia tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı onun növbəti müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi imthanında iştirak etmişdir və müvəffəqiyyət əldə etməyinə baxmayaraq onun nəticələri ləğv olunmuşdur. Bununla bağlı İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə məktubla müraciət (şikayət) etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi öz növbəsində H-54/31-24 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, Gəncə Məişət Xidməti Kolleci tərəfindən verilən BB- İİ seriyalı 008259 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Azərbaycan Respublikası Təhsil Nazirliyi qeyd edilən məktubda hansı diplom dövlət nümünəvi sayılır və İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi imtahanına buraxlmamasının əsaslarını və səbəblərini qanuni olaraq əsaslandırmır. Məhkəməyə bildirir ki, o, 2000-ci il tarixində Gəncə Məişət Xidməti Kollecinə qəbul olmuşdur və xx.xx.2003-cü il tarixində "X5” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komisiyasının 25 may 2003- cü il tarixli qərarı ilə ona “İngilis dili müəllimi” verilmişdir. Həmin faktı təsdiq edən Gəncə Məişət Xidməti Kollecinin 11074 qeydiyyat nömrəli, 05 iyul 2004-cü il tarixli, BB-İİ seriyalı 008259 nömrəli diplomu ilə təsdiq olunur. Bundan əlavə qeyd edir ki, həmin diplomda təhsil müəsisələrin fəaliyyəti təhsil nazirliyi tərəfindən təsdiq edən möhürü mövcudur. Bundan əlavə olaraq bildirir ki, İddiaçı xx.xx.2006-cı il tarixində Kürdəmir rayonun Carlı tam orta məktəbində, 2007-2013-cü il tarixlərində E.Soltanov adına Beyi kənd tam orta məktəbində, 2013-cü il tarixindən bu günə kimi T.Cəbiyev adına Xəlsə kənd ümumi orta məktəbində ingilis dili müəlliməsi kimi çalışır. Bu faktı təsdiq edən 03 fevral 2020-ci il tarixli, 18 nömrəli, Kürdəmir rayonun T.Cəbiyev adına Xəlsə kənd ümumi orta məktəbin direktoru tərəfindən verilən arayışla təsdiq olunur. Qeyd edir ki, 14 il müddətində İddiaçı öz ixtisası üzrə müəllimə olaraq çalışır və heç axt işinə görə məsuliyyətə cəlb olunmamışdır, məktəbdə savadlı və intizamlı müəllimə kimi tanınır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 994 nömrəli "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” sərəncamı müəllimlərin dərs yükünü və əmək haqqının artırılmasına yönlənmişdir. Lakin, Azərbaycan Respublikası Təhsil Nazirliyi öz hərəkətləri ilə müəlimlərin peşə üzrə inkişafına və əmək haqqların artırılmasına eyni zamanda təhsildən bağlı dövlət siyasətin aparılmasına maneə törədir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən bildirilmişdir ki, iş üzrə İddiaçı Təhsil Nazirliyinə qarşı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi ödəliyinin Təhsil Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbindən göründüyü kimi, iş üzrə iddiaçı 2000-2003-cü il tarixlərində Gəncə şəhəri X2 Xidməti Kollecində təhsil almış və onun adına yazılmış BB-İİ seriyalı 008259 nömrəli diplom verilmişdir. Lakin müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı ona məlum olmuşdur ki, ona məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümunəli sənəd deyil. Bu əsasla Təhsil Nazirliyi iddiaçını diaqnostik qiymətləndirməyə buraxmamışdır. Hesab edirlər ki, Təhsil Nazirliyinin iddiaçıya vermiş olduğu məktub qanuni və əsaslıdır. Belə ki, 07 oktyabr 1992-ci il tarixdən qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə görə, “təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir”. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən məlum olur ki, müəssisə diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Bu Qanunun 13-cü maddəsində qeyd edilir ki, “təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin Təsisçiləri təsdiq edir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6 Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komisiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi- texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edlir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Məlumat üçün bildiririk ki, təhsil müəssisələri hüquqi şəxs kimi, ədliyyə orqanlarında dövlət qeydiyyatına alınırlar. Digər tərəfdən 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” xx.xx.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, Filial fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada apapılan təhsilin hüquqi əsası olmamışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı-Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların,habelə xaric hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reystrinə daxil edilməsidir”.Qanunun bu normasından göründüyü kimi, yuxarıda qeyd edilən təhsil müəssisələri dövlət qeydiyyatına alınmadığından onların hüquqi statusu olmamış və habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik omamışlar. Ona görə də, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Digər tərəfdən məhkəmənin nəzərinə çatdırırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 487 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası "xxxx" Şirkətinin Gəncə Məişət Texnikomunun təsərrüfat hesablı Gəncə Məişət Xidməti Kolleci orta ixtisas təhsili müəssisəsi statusu ilə qeydə alınması haqqında Azərbaycan Respublikası "xxxx" Şirkətinin təklifi qəbul edilmiş və həmin Kollec təhsil müəssisəsi kimi qeydiyyatdan keçmişdir. Qeyd olunanlardan göründüyü kimi, Gəncə şəhəri Təssərüffat hesablı Məişət Xidməti Kollecinin Neftçala filialının fəaliyyəti barədə hər hansı bir məlumat mövcud deyil. Ona görə də, hesab edirik ki, qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsində təhsil alma faktının və diplomunun qanuni hesab edilməsinin məhkəmə qaydasında müəyyən edilməsi yuxarıda qeyd edilən normativ hüquqi aktlara ziddiyyət təşkil edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verdikdə. Qeyd olunan qanunun bu tələbindən göründüyü kimi, təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunan qanunun bu tələbindən göründüyü kimi, təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Eyni zamanda məhkəmənin nəzərə çatdıraraq bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı ölkədə fəaliyyət göstərən ümumitəhsil müəssisələrinin pedoqoji kollektivinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdığından, gələcəkdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmamışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə etiraza dair münasibət təqdim edərək bildirmişdir ki, cavabdeh yenə də, imtina məktubunda olduğu kimi öz mövqeyini qanunla əsaslandırmır, qanuna istinad edərəkdə işin mahiyyətinə aid olmayan ümümi normaları qeyd edir. İlkin olaraq qeyd edir ki, cavabdeh iddiaçının ilkin müraciətinə məktubla cavab verərkən “İnzibati icraat haqqında” Qanunun əsas və prinsipial normalarını kobud surətdə pozmuşdur. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixli, H-54/31-24 saylı imtina məktubunda diplom blankın hüquqi əsası olmadığını qeyd edir və iddia tələbinə etiraz ərizəsində təkrar olaraq həmin mövqeyi qeyd edərək bildirir ki, Gəncə Məişət Xidməti Kolleci tərəfindən verilən diplom qanunsuzdur. Bununla cavabdeh bildirmək istəyir ki, Gəncə Məişət Xidməti Kolleci tərəfindən verilən diplom inzibati akt olaraq etibarsızdır. Məhkəmənin nəzərinə çatdırır ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinə əsasən aşağıda qeyd edilən inzibati aktlar etibarsız hesab olunur: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.” Həmin Qanunun 65.2-ci maddəsinə əsasən “Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.” Yuxarıda qeyd edilənlərə əsasən və təqdim edilmiş etirazdan görünür ki, cavabdeh tərəfindən BB-İİ seriyalı, 008259 nömrəli diplom blankın etibarsız olduğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Hesab edir ki, təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan cavabdeh xx.xx.2020-ci il tarixli, H-54/31-24 saylı cavabını “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından əsaslandırmamışdır və həmin Qanunda müəyyən edilmiş prosedurlara əməl etməmişdir. Belə ki, həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Hazırki iddia tələbi üzrə iddaçının arzuladığı aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən (diplomun dövlət nümünəli olmaması) bu şərtin mövcüdluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, cavabdeh tərəfindən diplomun nümunəvi olmamasını təsdiq edən heç bir mötəbər sübut təqdim etmir, bundan əlavə olaraq öz etiraz ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinətinin xx.xx.1993-cü il tarixli, 487 nömrəli qərarından görünür ki, iddiaçı təhsil almış müəssisə - Kollec təhsil müəssisəsi kimi qeydiyyatdan keçmişdir. Bu fakt faktiki olaraq cavabdeh tərəfindən öz etiraz ərizəsində xx.xx.2020-ci il tarixli, H-54/31-24 saylı cavabın qanunsuz və əsasız olduğunu təsdiq edir. Beləliklə, cavabdehin etiraz ərizəsi və imtina cavabı arasında ziddiyət təşkil edir. Bu fakt bir daha cavabdehin imtina məktubunu əsassız və qanunsuz olaraq “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun olmadığını təsdiq edir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən “Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.” Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Bundan əlavə olaraq qeyd edir ki, cavabdeh öz etirazında əsaslı dəlilər gətirə bilmədiyinə görə etirazın sonunda qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin sərəncamının icrası başa çatdığına görə keçirilməsi nəzərdə tutulmayıb. Bu faktı qeyd edərək cənab Prezidentin sərəncamın icrasını başa çatdığını təsdiq edən hər hansı bir inzibati akt, sənəd və sübut təqdim etmir, yalnız sözlə bunu qeyd edir. Çox maraqlıdır ki, Azərbaycan Respublikasının Prezident Aparatının rəhbərliyi və cənab Prezidentin məlumatı varmı ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 994 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” sərəncamı müəllimlərin dərs yükünü və əmək haqqının artırılmasına yönlənmişdir, lakin Azərbaycan Respublikası Təhsil Nazirliyi öz hərəkətləri ilə müəlimlərin peşə üzrə inkişafına və əmək haqqların artırılmasına eyni zamanda təhsillə bağlı dövlət siyasətin aparılmasına manələr törədirlər. Bundan əlavə olaraq o, qeyd edir ki, mövcüd qanunvericiliyə uyğun olaraq iddiaçıya aldığı təhsillə bağlı diplom verilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 5.1ci maddəsinə əsasən “Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.” “Təhsil haqqında” Azərbaycan Respublik Qanunun 27.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün lisenziyası olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir.” “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 27.2-ci maddəsinə əsasən “Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır." “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 203 nömrəli Fərmanının 8.26-cı bəndinə əsasən “mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir;” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 82 nömrəli “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası” barədə Qərarın 3.2-ci bəndinə əsasən “Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfındən verilir." Həmin Qaydaların 3.5-ci bəndinə əsasən “Diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır.” Yuxarıda qeyd olan faktlara əsasən hesab edir ki, cavabdehin H- 54/31-24 nömrəli, xx.xx.2020-ci il tarixli cavabı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri baxımından əsaslandırılmamışdır, həmin Qanunda müəyyən edilmiş prosedurlara əməl etməmişdir. Bundan əlavə olaraq qeyd edir ki, mövcud mübahisə ilə bağlı digər şəxs tərəfindən analoji olaraq (yəni eyni təhsil müəsisəsinin diplomu) iddia vermişdir və 2 saylı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 2- 1(82)-3287/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərarın surətini iddia ərizəsinə əlavə etmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu cür mübahisəli işlərlə bağlı artıq mövcud praktikası vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə, cavabdehin etirazına dair mülahizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş BB-İİ seriyalı, 008259 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 2000-ci ildə Gəncə Məişət Xidməti Kollecinə daxil olmuş, xx.xx.2003-cü il tarixdə “Xarici dil, ingilis” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtitsas komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə ona “ingilis dili müəllimi” ixtisası verilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Kürdəmir rayon Təhsil Şöbəsi Təbriz Cəbiyev adına Xəlsə kənd ümumi orta məktəbi tərəfindən verilmiş 18 nömrəli, 03 fevral 2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Əlsurət qızı 2006-cı tədris ilində Carlı tam orta məktəbində, 2007-2013-cü tədris ilində E.Soltanov adına Beyi kənd tam orta məktəbində, 2013-2014-cü tədris ilindən hal hazırki günə kimi T.Cəbiyev adına Xəlsə kənd ümumi orta məktəbində ingilis dili müəlliməsi kimi çalışır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, H-54/31-24 nömrəli məktubdan görünür ki, Təhsil Nazirliyinə ünvanlanmış (xx.xx.2020, H-54) ərizəsinə cavab olaraq bildirilmişdir ki, Gəncə Məişət Xidməti Kolleci tərəfindən adına yazılmış BB-İİ seriyalı, 008259 №-li diplom blankının hüquqi əsası yoxdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası X3 tərəfindən məhkəməyə ünvanlanmış 09/4-09/2666 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, 02 avqust 1970-ci il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsi FİN kodu: xxxxxxx) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraicət etməmiş və barəsində X3 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: 07 oktyabr 1992-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, “təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir”. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəsissə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Hazırki mübahisədə iddiaçının ali və orta ixttisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etmədiyi və barəsində X3 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən heç bir təhsil müəssisəsinə qəbul olmaması, ona Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən Dövlət Attestasiya Komissiyasının 25 may 2003-cü il tarixli saylı qərarı ilə “İngilis dili müəllimi” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi ilə bağlı verilmiş ali təhsil haqqında BB-İİ seriyalı № 008259 saylı diplom blankının hüquqi əsasının olmadığına dəlalət edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, həmin diplom blankının hüquqi əsasının olmamasına görə iddiaçının diaqnostik qiymətləndirilməsi imtahanı nəcitələrinin ləğv edilməsi barədə cavabdehin hərəkətləri qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3099/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3099/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver