Məhkəmə qərarları › İş №2-1(112)-3099/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3099/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3099/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (mütəxəssis, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 38/118 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 65 yaşı tamam oluduğu üçün ona yaşa görə təqaüd alınmasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Sosial Müdafiə fondunun Sosial təyinatı üzrə mərkəzi filialına öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 29.10.2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılması, iddiaçının əmək kitabçasında qeyd edilən işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona hüququnun yarandığı gün yəni 64 yaşnın tamam olduğu 25.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanıb ona hissə-hissə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1955-ci ildə İsmayıllı rayonun Sulut kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. Hal-hazırda onun 65 yaşı var. Bununla bağlı iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təqaüd almaq hüququ əldə etmişdir. Mən bu məqsədlə qanuna uyğun cavabdehə müraciət etmişdir. Lakin, ona imtina cavabı verilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006- cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı Ə ləşkər oğlu xx xxxxx 1955-ci ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 64 il 6 ayda - 25 oktyabr 2019-cu il tarixdə yaranmışdır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə 18.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyinin 5 saylı “ASAN” Xidmət mərkəzi vasitəsilə müraciət etmişdir. Onun həmin tarixli müraciətinə cavab olaraq AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filial tərəfindən verilmiş cavab məktubunda iddiaçının “Əmək Pensiyaları haqqında” AR qanunun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən sığorta stajı və minimum pensiya kapitalı olmadığından ona imtina verilmişdir. İmtina cavabında göstərilmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq iddiaçının 18 il 1 ay olmaqla qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Buna görə də qanunun 7-ci maddəsində göstərilən iki şərtdən heç biri ödənilmədiyi üçün iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır. Belə ki, iddiaçının təqdim etdiyi 29.08.1977 tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunmuş 01.01.1992-ci il tarixdən 01.01.2003-cü il tarixədək çalışmış olduğu "xxxx" ASC-nin sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin iş dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Habelə, iddiaçının 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək olan dövrdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından onun 01.01.2006-cı il tarixədək olan sığorta stajına (18 il 1 ay) sığorta kapitalı 13405,18 manat təşkil etmişdir. Bu məbləğ də iddiaçının yaşa görə əmək pensiyası hüququ yarandığı 25.10.2019-cu il tarixi üçün qanunvericiliyə müvafiq olaraq minimum pensiya kapitalından (28800 manat) azdır. Həmçinin sözügedən qeydə alınmış pensiya kapitalına müvafiq olaraq da təyin olunmalı pensiya məbləği də əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə İsmayıllı rayonu, Sulut kəndində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus 29.08.1973-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 28.08.1973-cü il tarixdən 22.04.1974-cü il tarixinədək Bakı baş tikinti idarəsi İAİA-nin 2 №li avtobazasında sürücü vəzifəsində işləmiş, 03.05.1974-cü il tarixdən 04.05.1976-cı il tarixədək Sovet ordusu sıralarında xidmət etmiş, 19.07.1976-cı il tarixdə Bakı baş tikinti idarəsi İAİA-nin 2 №-li avtobazasında sürücü vəzifəsinə işə qəbul edilmiş, 01.01.1984-cü il tarixdən Bakı baş tikinti idarəsi İAİA-nin 2 №-li avtobazasının adı İANC-nin 2 №-li avtobazasına dəyişdirilmişdir, 29.12.2000-ci il tarixdən "xxxx" ASC adlandırılmışdır, 01.01.2003-cü il tarixdən işdən azad edilmişdir. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.05.1974-cü il tarixdən 10.05.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddia tələbindən görünür ki, iddiaçının əmək kitabçasında qeyd edilən işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona hüququnun yarandığı gün yəni 64 yaşnın tamam olduğu 25.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanıb ona hissə-hissə ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş 29 oktyabr 2020ci il tarixli, **********5 saylı imtina haqqında məktub əsasında yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş 29 oktyabr 2020-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılaraq bildirilmişdir: ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1 dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 18 il 1 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Bildiririk ki, 29.08.1977-ci il tarixli, MT-№ ******* nömrəli əmək kitabçanızda qeyd olunmuş 01.01.1992-ci il tarixdən 01.01.2003-ci il tarixədək işləmiş olduğunuz “Xətai Avtonəqliyyat" ASC-nin sənədlərinin saxlanıldığı ün var məlum olmadığı üçün həmin dövrlərin sığorta stajınıza əlavə olunması mümkün hesab olunur. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalınız qeydə alınmamışdır. Həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (18 il 1 ay) sığorta kapitalınız 13405,18 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “pensiya kapitalınızın məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə-144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6- 1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq sizə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müvainətin təyin edilməsi üçün müvafiq xidmət nümayəndəliyinə müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (15394,82 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, ona yaşa görə əmək pensiyasının 64 yaşdan, yəni 25.04.2019-cu il tarixdən təyin edilməsini tələb edir. İş materiallarından görünür ki, məhkəmə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən 01.01.1992-ci il tarixdən 01.01.2003-ci il tarixədək "xxxx" ASC-də olan iş stajının araşdırılması ilə bağlı müvafiq sorğular göndərmişdir. İş materiallarından görünür ki, Milli Arxiv İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 4/488 nömrəli məktubla bildirmişdir ki, sorğuda qeyd edilən "xxxx" ASC-nin arxiv sənədləri Azərbaycan Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi məhkəmənin sorğusuna cavab olaraq **********018900 nömrəli məktubla bildirmişdir ki, 04.03.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) 12.12.2001-ci tarixdən vergi uçotunda olması və hüquqi ünvanının “AZ1142, Bakı şəhəri Xətai rayonu, Babək pr. Ev 72, m.85” olması barədə məlumat müəyyən edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC məhkəmənin sorğusuna cavab olaraq 07/k nömrəli məktubla bildirmişdir: ““Xətai-Avtonəqliyyat “ ASC-nin rəhbərliyi Sizin sorğunuza cavab olaraq X1 əmək kitabçasının təsdiq olunmuş surətini və 01.01.1992-ci ildən 01.01.1997 ci ilədək hesablanmış əmək haqqı ödənişləri cədvəlini (2 nömrəli əlavə) Sizə göndəririk. 01.01.1997-ci ildən 01.01.2003-cü ilədək həmin müəssisənin balansında olan avtomobili icarəyə götürüb işlədib.(əmək haqqı hesablanmayıb)” Göründüyü kimi, iddiaçı 01.01.1997-ci ildən 01.01.2003-cü ilədək "xxxx" ASC balansında olan avtomobili icarəyə götürüb, yəni həmin müəssisədə işləməyib və əmək haqqı almayıb. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, iddiaçı isə əmək kitabçasında qeyd edilən 01.01.1997-ci ildən 01.01.2003-cü ilədək dövr ərzində "xxxx" ASC-dən əmək haqqı almadığından, həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün deyildir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmçinin, məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006- cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin b) bəndinə görə iş yerlərindən verilmiş arayışlar iş stajını təsdiq edən sübut sayılır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilməlidir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçının əmək haqqı almadığı (01.01.1997-ci ildən 01.01.2003-cü ilədək) dövrün onun iş stajına daxil edilməsi mümkün deyildir, iddiaçının hərbi xidmət dövrü isə onun iş stajına daxil edilməlidir. Beləliklə, iddiaçının 25 ildən az (23 il 04 ay 20 gün) iş stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, 01.01.2006-cı il tarixədək isə sığorta stajına uyğun sığorta kapitalının tələb olunan sığorta kapitalından az olması işin məhkəmə araşdırılması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında olan iş stajı (əmək haqqı almadığı 01.01.1997-ci ildən 01.01.2003-cü ilədək dövr istisna olmaqla), həmçinin hərbi xidmət dövrü nəzərə alınsa da belə onun ümumi iş stajı 25 ildən az (23 il 04 ay 20 gün) təşkil etmiş olur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunan pensiya kapitalının olması, həmçinin 25 il sığorta stajının mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar