Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3099/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı2 nümayəndəsi X3, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qzının nümayəndəsi və vəkili Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Vəkil2, İddiaçı1 nümayəndəsi X4, vəkili Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Vəkil3, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5, üçüncü şəxs-"xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi və vəkili Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iştirakları ilə, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qzının, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "xxxx" açıq səhmdar cəmiyyəti və "xxxx" mənzil tikinti kooperativi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiaları üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qzı, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "xxxx" açıq səhmdar cəmiyyəti və "xxxx" mənzil tikinti kooperativi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC və "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai prospekti, 40 A ünvanında yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan ərazidən maneəsiz şəkildə istifadə edilməsi, "xxxx" ASC və "xxxx" MTK tərəfindən qanunsuz olaraq satın alınmış dövlətin mülkiyyətində olan torpaq sahələrinin onlardan alınaraq, ümumi istifadəyə qaytarılması, şərait yaradılması və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir inzibati akt qəbul edilmişsə həmin inzibati aktın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qzı, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, "xxxx" ASCyə 0,97573 ha torpaq sahəsinin ayrılmasını özündə əks etdirən hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qzı, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 məhkəməyə təqdim etdikləri İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə cavabdehlər qismindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin, Bakı şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin xaric edilməsini, cavabdeh qismində yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin saxlanılmasını, "xxxx" ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 15.07.2011-ci il tarixli 3170 №-li “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” müqaviləsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin 15.07.1997-ci il tarixli Texniki Pasportuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X6 “Bakı Xarici Turizm” Avtomobil Kombinatına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 42 ünvanında yerləşən 1970-ci ildə tikilmiş inzibati binanın yerləşdiyi ümumi torpaq sahəsi 5.419,5 kv. metrdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin 18.08.1997ci il tarixli 606 №li Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X6 “Bakı Xarici Turizm” Avtomobil Kombinatının bazasında "xxxx" ASC təsis edilmişdir. "xxxx" ASC-nin 12.10.2004-cü il tarixli 24 saylı müraciəti, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 22.02.2005-ci il tarixli, 04-1370 saylı məktubu, Nəsimi rayon İcra Hakimiyyətinin 23.03.2005-ci il tarixli,01-04/69 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27.04.2005-ci il tarixli, 107 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə (hazırki Xətai prospekti 40A) "xxxx" ASC-nin istifadəsində olan 5419,5 kv. metr qeyri-yaşayış sahəsinin 3000 kv. metr hissəsində yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Bundan sonra "xxxx" ASC ilə "xxxx" MTK arasında həmin binanın tikintisi ilə bağlı 05.05.2005-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Daha sonra həmin müqaviləyə uyğun olaraq "xxxx" MTK tərəfindən inşa edilmiş mənzillər iddiaçılarla yanaşı digər sakinlərə satılmışdır. Nəticədə "xxxx" ASC özəlləşdirildikdən sonra istifadəsində qalan 2419,5 kv. metr torpaq sahəsinin satın almaq hüququna malik olmuşdur. Bununla da Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən çoxmənzilli binanın tikintisinə ayrılmış 3000 kv. metr torpaq sahəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-3-cü maddəsinə əsasən ümumpaylı mülkiyyət hüququ ilə "xxxx" MTK-nın üzvlərinin mülkiyyətinə keçmişdir. Lakin yaşayış binası Bakı şəhər İcra Hakmiyyəti Başçısının Sərəncamı ilə ayrılmış "xxxx" ASCnin istifadəsində olan 5419,9 kv. metr torpaq sahəsinin 3000 kv. metr də deyil ondan 50 metr arxada, dövlətə məxsus ümumi istifadədə olan ərazi zəbt edilərək tikilmişdir. Göründüyü kimi "xxxx" ASC çoxmənzilli yaşayış binasının tikilməsi üçün ayrılmış 3000 kv. metr torpaq sahəsi çıxıldıqdan sonra yerdə qalan 2419,5 kv. metr torpaq sahəsini satın ala bilərdi. Lakin bu qeyd edilənlərə baxmayaraq "xxxx" ASC tərəfindən 22.05.2012-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında ümumilikdə 0,97573 ha torpaq shəsi xüsusi mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmış və buna dair ona MA seriyalı ******* nömrəli 22.05.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Hazırda məlum olmuşdur ki, həmin çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd ASC ilə AR ƏMDK arasında bağlanmış 15.07.2011-ci il tarixli 3170 №li “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi” təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-278/2013 saylı 15.07.2013-cü il tarxli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, "xxxx" ASC-yə məxsus 5419,5 kv. metr qeyri-yaşayış sahəsi “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun təsir dairəsinə düşmüş və bununla da məhkəmə qətnaməsinə əsasən ASC-yə kompensasiya olaraq 4.587.000 manat məbləğində pulun ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Göründüyü kimi "xxxx" ASC-nin mülkiyyətində hər-hansı bir torpaq sahəsi qalmamalı idi. Lakin yuxarıda qeyd edildiyi kimi "xxxx" ASC kompensasiya əldə etməsinə baxmayaraq dövlətin mülkiyyətində olan torpaq sahələrini qanunsuz olaraq zəbt etmiş və həmin ərazidə ictimai iaşə obyektləri ilə yanaşı qanunsuz avtodyanacaq yaratmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim olunmuş və cavabdehdən və üçüncü şəxslərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin və üçüncü şəxslərin iddia ilə bağlı yazılı münasibətləri məhkəməyə təqdim olunmamışsdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs "xxxx" MTK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar, müvafiq olaraq nümayəndələri və vəkilləri ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün hesab olunmaqla, təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında, iddianı qəbul etməyərək, məhkəmədən iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs-"xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında, iddianı qəbul etməyərək, məhkəmədən iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçıların, müvafiq olaraq nümayəndələrinin və vəkillərinin, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavələri və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından, o, cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən aşağıdakılar müəyyən olunmuşdur: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərtib olunmuş qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin 15.07.1997-ci il tarixli texniki pasportunda “Xarici Turizm” Avtomobil Kombinatına məxsus Bakı şəhəri, Xətai rayonu, Ş.İ.Xətai prospekti 42 ünvanında yerləşən 1970-ci ildə inşa edilmiş, 4 mərtəbəli binanın yerləşdiyi ümumi sahə 5419,5 kv. metr müəyyən olunmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin 18.08.1997-ci il tarixli, 608 №li sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X6 Bakı “Xarici Turizm” Avtomobil kombinatının bazasında "xxxx" açıq tipli səhmdar cəmiyyətinin təsis edilməsi və "xxxx" səhmdar cəmiyyətinin nizamnaməsinin və özəlləşdirmə planının təsdiq edilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 107 №li, 27.04.2005-ci il tarixli sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyətinin 23.03.2005-ci il tarixli, 01-04/69 №li razılıq məktubu, "xxxx" ASC-nin 01.10.2004-cü il tarixli, 24 saylı müraciəti, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 22.02.2005-ci il tarixli 04/1370 №li məktubu nəzərə alınaraq, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə, qeyri-yaşayış sahəsinin tutduğu 0,03 ha torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi və tikintisinə həmin cəmiyyətə icazə verilməsi qərara alınmışdır. "xxxx" ASC ilə "xxxx" MTK arasında 05 may 2005-ci il tarixdə bağlanmış müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 107 saylı 27 aprel 2005-ci il tarixli sərəncamı ilə "xxxx" ASC-yə özünə məxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə razılıq verilmişdir. Bu müqavilə ilə "xxxx" ASC özünə məxsus Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə 0,3 hektar sahədə yaşayış binasının tikintisini "xxxx" MTK-ya həvalə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 42 ünvanında yerləşən 0,97573 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 22.05.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 368 nömrəli reyestr kitabının 34851 nömrəli vərəqində "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən 27.10.2021-ci il tarixdə verilmiş **********585600 №li çıxarışın surətindən müəyyən olunur ki, "xxxx" ASC ********** qeydiyyat nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin müvafiq (Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 42 ünvanında yerləşən 0,97573 ha torpaq sahəsi ilə bağlı müvafiq sənədlərin təqdim olunmasına dair) sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********48 №li 19.01.2022-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" açıq səhmdar cəmiyyəti arasında 15.07.2011-ci il tarixdə bağlanmış 3170 №li “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin 1-ci bəndində göstərilmişdir ki, müqavilənin predmetini 28.10.2009-cu il tarixli, 504 saylı X1 Reyestrinə əsasən “Alıcı”nın adına qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, Ş.İ.Xətai prospekti 42 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 9757,3 kv. metr torpaq sahəsi təşkil edir (bənd 1.1.). “Satıcı” müqavilənin 1.1 bəndində göstərilən torpaq sahəsini 257.593 manata satır, “Alıcı” isə həmin torpaq sahəsinin tam dəyərini ödəməklə satın alır. İddiaçıların hazırki tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPMnin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Göründüyü kimi iddiaçılar mübahisəli daşınmaz əmlakla bağlı cavadeh inzibati orqanın həyata keçirdiyi hərəkətləri (lqı-satqı müqaviləsinin bağlanması) qanunsuz hesab etdikləri üçün belə bir tələb irəli sürmüşlər. İrəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" açıq səhmdar cəmiyyəti arasında 15.07.2011-ci il tarixdə 28.10.2009-cu il tarixli, 504 saylı X1 Reyestrinə əsasən “Alıcı”nın adına qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, Ş.İ.Xətai prospekti 42 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 9757,3 kv. metr torpaq sahəsinin alqı-satqısına dair bağlanmış 3170 №li “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyillər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən; - Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (1.0.1 -ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir (2.1-ci maddə). - Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir (8.1-ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir (15.1 -ci maddə). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqanla qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmaqla mübahisəli daşınmaz əmlakın alqı-satqısı ilə bağlı hazırki iş üzrə üçüncü şəxs olan qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış hüquqi şəxs "xxxx" ASC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırki iş üzrə iddiaçılar "xxxx" ASC-nin razılığı və tapşırığı ilə ilə sonuncuya məxsus Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə 0,3 hektar torpaq sahəsində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının sakinləridir (payçıları) ki, məhkəmə araşdırması zamanı həmin şəxslərin yaşadığı yaşayış binasının yerləşdiyi əraziyə bitişik "xxxx" ASC-yə məxsus torpaq sahəsinə dair onların və ya onlara məxsus mənzillərin yerləşdiyi "xxxx" MTK-nın hər hansı hüquqlarının (sahiblik, istifadə və ya sərəncam) olmadığı müəyyən edilmişdir. Belə olan halda iddiaçıların hazırki iddianı qaldırmağa heç bir subyektiv hüquqları olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçılar hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qzının, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "xxxx" açıq səhmdar cəmiyyəti və "xxxx" mənzil tikinti kooperativi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiaları mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3099/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3099/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver