Məhkəmə qərarları › İş №2-1(112)-3099/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3099/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3099/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 120 D, 35 kv.m. qeyri-yaşayış sahəsi olan 8 saylı qarajın İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 may 2014-cü il tarixdə iddiaçı ilə "xxxx" MTK arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində tikilməkdə olan yaşayış binasında 35,0kv.metr sahəsi olan 8 saylı qarajı alıcıya verməyi, alıcı isə həmin qarajı qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qarajın haqqını vaxtı-vaxtında ödəməyi öhdəsinə götürür. "xxxx" MTK tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 120 D, 35,0 kvadrat metr olan 8 saylı qarajın pay dəyəri 25000 manat tam olaraq İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı qarajın adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq formal xarakterli xx.xx.2023-ci il tarixli məktubla cavab verərək ərizənin icrasından imtina etmişdir. İddiaçı ilə bir binada yaşayan qonşularıının demək olar ki, hamısı öz qarajlarına dair çıxarışı artıq əldə etmişlər, bu səbəbdən də ona bunun imtina edilməsi təəccüb doğurur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********25 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçı tərəfindən verilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim olunmalı olduğu halda, iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilə təqdim edilmişdir. Qeyd edilən qeyriyaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına özgəninkiləşdirilə bilər. İdarənin mütəxəssisləri tərəfindən göstərilən qeyri-yaşayış sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi zirzəmi mərtəbəsində yerləşməklə, faktiki qaraj kimi istifadə olunur və sənəd üzrə ölçüsü 35.0 kv.m qeyd olunsa da, faktiki 33 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması məhkəmədən xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 120 D, 33 kv.m. qeyri-yaşayış sahəsi olan 8 saylı qarajın İddiaçı tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC ilə sifarışçi İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən "xxxx"xxxx"xxxx" adlanan və MTK-nin Nizamnaməsinə əsasən hərəkət edən "xxxx"MTK-nin sədri X3 bir tərəfində ünvan 1 ünvanında qeydiyyatda olan sonralar "Alıcı" adlandırılan vətəndaş İddiaçı digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlamışdılar. Bakı şəhəri Xətai rayonu , M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşmiş "xxxx" MTK-nin tikilməkdə olan binasının İ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən qaraj alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini (qarajı) qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş pay haqqını vaxtında ödəməyi öhtəsinə götürür: Qeyri-yaşayış sahəsi son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının özünə verilir. Göstərilən qeyri-yaşayış sahəsinin Qarajın ümumi dəyəri 25000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllə, bina 120D "xxxx" MMC-yə məxsusdur. Bu binanın zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 35 kv.m olan 8 saylı qarajın pay dəyəri 25000 (iyirmi beş min) manat tam olaraq İddiaçı tərəfindən tam ödənilmişdir. Bu qarajla bağlı MMC-yə borcu yoxdur. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilir” Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-35-1/2-1240/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2337 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 263 nömrəli istismara icazə sənədinə əsasən istismarına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli “daşınmaz əmlakın texniki vəziyyərini əks etdirən müayinə (baxış) aktı “-da qeyd ounmuşdur ki, ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 35.0 kv.m, faktiki 33.0 kv.m-dir. Zirzəmi mərtəbəsi, qeyri yaşayış sahəsi yerləşmə mövqeyinə uyğundur. Faktiki olaraq qaraj sahəsi kimi istifadə olunur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi 120D ünvanında yerləşən binaya dair verilmiş istismar icazəsi sənədinə əsasən binanın sifarişçisi "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisliyi qaydasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə keçmişdir. Hüquqi varisliyi nəzərə alaraq qeyd olunan Cəmiyyətin verdiyi maliyyə arayışları əsasında ərizəyə əlavə edilmiş siyahı üzrə 2 (iki) qeyri-yaşayış qaraja və 2(iki) mənzilə dair müqavilə və maliyyə arayışları Sizə ilkin qeydiyyat üçün sahibləri tərəfindən təqdim edilmişdir.Yuxarıda qeyd olunan məlumatları, yəni sizə göndərilmiş 2 (iki) qeyri-yaşayış sahəsi: X4 məxsus 1 saylı qaraj, İddiaçı məxsus 8 saylı qaraj, 3(üç)yaşayış sahəsi: X6 məxsus 36 saylı mənzil, X2 (X9) məxsus 107 saylı mənzil və X5 məxsus 147 saylı mənzilə dair hər hansı borcun olmadığına və ödənişin tərəfimizə tam şəkildə ödənilməsi barədə məsələləri öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq qeyd olunan əmlaklar üzərində qoşma kimi əlavə edilmiş siyahıda göstərilən şəxs tərəfindən müraciətlər olunan zaman hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyatı alınması məsələsinə köməklik göstərməyinizi xahiş edirik. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-C0270-8/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2337 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında sizin adınıza qeydiyyata alına bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərilərək bildiririk ki, müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunafrnüvafiq qaydada baxılacaqdır.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Göründüyü kimi mənzil-tikinti kooperativləri tərəfindən inşa edilmiş yaşayış binalarında yerləşən mənzillərə qeydiyyatın aparılması üçün əsas kimi mənzil tikinti kooperativ üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsasdır. İşin yuxarıda sadalanan hallarından görünür ki, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" MTK dəyəri 25000 manat müəyyən edilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən çoxmərtəbəli binanın zirzəmi mərtəbəsində yerləşən 35 kv.m ölçüdə 8 nömrəli qarajı (qeyri-yaşayış sahəsi) iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən qarajın dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qeyri-yaşayış sahəsi ilə bağlı təqdim edilən hüquqmüəyyənedici sənədlər arasında mənzil-tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının qərarının olmaması iddiaçının kooperativ üzvü kimi qəbul olunmaması və ya həmin sahəyə payçı olaraq hüququnun yaranmadığı nəticəsinə gəlməyə və qeyd edilən Qanunun 8.0.6-cı maddəsinin normasına uyğun olmadığı əsası ilə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya əsas ola bilməz. Qeyd edilməlidir ki, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə MTK qarajı almaq istəyən İddiaçı bilavasitə kooperativin üzvü kimi tanımış, ona qeyri-yaşayış sahəsini pay haqqının ödənilməsi şərti ilə verməyi öhdəsinə götürmüşdür. İddiaçı isə MTK-ya olan pay haqqını tam şəkildə ödəmişdir. MTK rəhbərliyinin satdığı sahələrlə bağlı rəsmiləşmə işlərini lazımı qaydada aparmaması (kooperativ üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməməsi) iddiaçının xx.xx.2014-cü il tarixli müqavilə və maliyyə arayışı əsasında təsdiq olunmuş mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına mane hesab edilə bilməz. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -3.0.42-ci maddəsinə görə sifarişçi - tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. -101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Qeyd edilməlidir ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi mənzilin yerləşdiyi bina Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -6.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması; 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. -7.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin etmək (bənd 2.0.1); hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək (bənd 3.0.11); tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyriyaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək (bənd 3.0.24) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən sahəsi 33 kv.m. olan 8 saylı qaraja dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən sahəsi 33 kv.m. olan 8 saylı qaraja dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar