Məhkəmə qərarları › İş №2-1(112)-3103/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3103/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3103/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək riskli vergi əməliyyatlarının meyarlarının aradan qaldırılması ilə əlaqədar olaraq riskli vergi ödəyiciləri siyahısından çıxarılmasının və əsassız olaraq hesablanmış 16764.17 (on altı min yeddi yüz altmış dörd manat 17 qəpik) manat məbləğində vergilərin silinməsi məqsədilə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” xx.xx.2023-cü il tarixli **********701700 nömrəli və xx.xx.2023-cü il tarixli, **********606600 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********701700 saylı qərarına əsasən sahibkarlıq subyekti- İddiaçı (VÖEN-**********) riskli vergi ödəyicisi hesab edilmişdir. Sahibkarlıq subyektinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 47,2 min manat dəyərində təqdim edilmiş Dizel Qatqı К Green-LM2597, Radiator Antifiriz (KFS2000G11göy), Sıxılma diski (çaşqa), Disk, Fren ön və s. malların satışda qeyd olunduqları halda e-qaimə və ya idxal vasitəsilə alışlarının olmadığı göstərilmişdir. Qeyd edilən səbəblərdən sahibkarlıq subyekti Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı Qərarının 2.1.1 və 3.1.1 bəndlərinə əsasən aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidləri təqdim edilməsi səbəbindən riskli vergi ödəyicisi siyahısına salınmışdır. Eləcə də qeyd edilən səbəbdən vergi ödəyicisinin gəlirlərinin və xərclərinin uçotunu düzgün aparmadığına görə Vergilər Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinin hesablanması zamanı 75 faiz gəlir vergisindən azad olma hüququnu itirdiyinə görə xx.xx.2023-cü il tarixli **********606600 saylı Qərarına əsasən 16764.17 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı Qərarının 2.1.1 və 3.1.1 bəndləri üzrə risk meyarı yaradan səbəblər aradan qaldırılaraq, təqdim edilən elektron qaimələr ləğv edilmişdir.Həmçinin təqdim olunan e-qaimələr üzrə alıcılardan əldə olunmuş pul vəsaitləri nağd şəkildə geri qaytarılmışdır. 16 dekabr 2016- cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü bəndinə əsasən Vergi Məcəlləsinin 58.7-1 maddəsində hər hansı maliyyə sanksiyası nəzərdə tutulmadığından kreditorlara nağd ödənişləri istisna etmir. Sahibkarlıq subyekti tərəfindən təqdim olunan elektron qaimələr ləğv edilməsi və alıcılardan əldə olunmuş pul vəsaitlərinin geri qaytarılması ilə Vergi Məcəlləsinin 96-cı maddəsi üzrə vergitutma obyekti mövcud olmamışdır. Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən Gəlir - malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirlər hesab olunur. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135- ci maddələri ilə müəyyən olunur. Riskli vergi ödəyiciləri siyahısından çıxarılmaqla bağlı və vergitutma obyektinin olmaması ilə bağlı hesablanmış gəlir vergisi məbləğinin azaldılması üçün xx.xx.2023-cü il tarixli **********652900 nömrəli şikayət ərizəsi və risk meyarı yaradan ləğv edimiş qaimələrin siyahısı, bank hesablarından çıxarış, kreditorlara pul vəsaitlərinin geri qaytarılması ilə bağlı kassa sənədləri, kreditorlara borc öhdəliyinin olmaması barədə üzləşmə aktları ilə müraciət edilməsinə baxmayaraq, Dövlət Vergi Xidmətinə xx.xx.2023-cü il tarixli **********959400 saylı qərarı ilə şikayəti təmin etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı Qərarı ilə risk meyarı yaradan hallar üzrə riskli vergi ödəyiciləri siyahısına salınmış Şəxslərin həmin siyahıdan çıxarılmaq üçün hər hansı əlavə qanunvericilik aktı və ya həmin qanunda əlavə müddəa nəzərdə tutulmamışdır. Riskli vergi ödəyiciləri siyahısından çıxarılmaq üçün həmin qanunda nəzərdə tutulan risk meyarı yaradan hallar aradan qaldırılmaqla riskli vergi ödəyicilərinin siyahısından çıxarıla bilər. Sahibkarlıq subyekti həmin Qərarın 2.1.1 və 3.1.1 bəndlərinə əsasən aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidləri təqdim edilməsi səbəbindən riskli vergi ödəyicisi siyahısına salınmışdır. Alış əməliyyatları üzrə elektron qaimə, alış aktı, idxal vasitəsilə alışlarının olmadığı halda satış əməliyyatları üzrə təqdim olunan elektron qaimələrin ləğv edilməsi və alıcılara pul vəsaitlərinin geri qaytarılması ilə risk meyarı yaradan hallar aradan qaldırılmışdır. Bununla da Nazirlər Kabinetinin müvafiq qərarının 2.1.1 və 3.1.1 bəndlərinə əsasən risk meyarı yaradan hallar iddiaçı tərəfindən aradan qaldırılmışdır. İddiaçı qeyd olunanlara əsasən hesab etmişdir ki, vergi orqanı tərəfindən riskli vergi ödəyiciləri siyahısından çıxarılmasının hüquqi əsası var və vergi orqanı bu hüququ təmin etməlidir. Təqdim olunan elektron qaimələr ləğv edilməsi və alıcılardan əldə olunmuş pul vəsaitlərinin geri qaytarılması ilə hesabat ilində vergiyə cəlb olunan gəlirləri mövcud olmamışdır. Eləcə də qaimələrin ləğv edilməsi ilə vergitutma obyektinin mövcud olmaması səbəbindən fiziki şəxsin gəlir vergisi hesablanması üçün əsas mövcud deyil. Lakin vergi orqanı tərəfindən hesablanmış 16764,17 manat gəlir vergisi məbləği azaldılmamışdır. Gəlir vergisi məbləğinin azaldılmaması Vergi Məcəlləsinin 13.2.12, 96.1ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. Halbuki, elektron qaimələrin ləğv edilməsi və pul vəsaitinin qarşı tərəflərə qaytarılması ilə gəlir vergisinin hesablanmasının heç bir hüquqi əsası yoxdur və hesablanmış vergilərin azaldılmaması Vergi Məcəlləsinin prinsiplərinə ziddir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh vergi orqanı tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, hazırda mübahisə predmetini təşkil edən qərarlar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi və bununla əlaqədar ona hesablanmış kameral vergi məbləği ilə bağlıdır. Araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə cəmi 47,2 min manat dəyərində təqdim edilmiş elektron qaiməfakturalar üzrə satışda "Dizel Qatqı K Green - LM2597, Radiator antifriz (KFS 2000 G11GÖY), Sıxılma diski (Çaşqa), Disk,Fren Ön və s." qeyd olunsa da, sözügedən mallar (iş, xidmət) elektron qaimə-faktura üzrə iddiaçının alışında, idxalında müəyyən edilməmişdir. Araşdırma zamanı iddiaçıya məxsus ünvan 1 ünvanında, ümumi sahəsi 30 kv.m olan təsərrüfat subyektinin 15,0 kv.m hissəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, digər 15,0 kv.m hissəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verdiyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olduğu, fərdi sahibkarın, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eyni ünvanda, yəni ünvan 2da qeydiyyatda olduğu müəyyən edilmişdir ki, bu da həmin şəxslərin qarşılıqlı asılı olan şəxslər olmasına əsas verir. İddiaçı tərəfindən 2022-ci ildə malların təqdim edilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) 21620,17 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) 63702,22 manat olmaqla, ümumilikdə 85322,39 manat (ƏDV-siz) dəyərində elektron qaimə-fakturalar təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim edərək bəyannamənin gəlirlər hissəsində 85322,39 manat, xərclər hissəsində 1501,53 manat qeyd edərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində qeyd olunan 75 faiz güzəşt məbləği nəzərə alaraq 4461,05 manat gəlir vergisi bəyan etmiş, iddiaçı tərəfindən 2022-ci ildə təqdim edilmiş 85322,39 manat dəyərində elektron qaiməfakturalar xx.xx.2023-cü il tarixdə ləğv edilmiş, araşdırma zamanı fərdi sahibkarın bank hesablarına malların təqdim edilməsi ilə bağlı pul vəsaitinin mədaxil olmasına baxmayaraq elektron qaimə-fakturalar ləğv olunduqdan sonra həmin məbləğ geri qaytarılmamış, vergi ödəyicisi tərəfindən debitor-kreditor borcları barədə sənədlər araşdırmaya təqdim edilməmiş, təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin müvafiq sütunları göstəricisiz olaraq təqdim edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilərək barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********701700 nömrəli Qərar qəbul edilərək iddiaçıya edilmişdir. Araşdırma zamanı həmçinin, vergi ödəyicisinin bank hesabı məlumatlarına əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 48.3 min manat məbləğində ödənişin mədaxil olduğu müəyyən edilsə də, geri qaytarma ilə bağlı hər hansı məxaric əməliyyatı aşkar edilməmişdir. Aparılmış kameral hesablamaya münasibətdə isə bildirilmişdir ki, iddiaçı riskli vergi ödəyicisi olmasına baxmayaraq onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda, habelə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinə münasibətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz vergi güzəşti tətbiq olunmur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” xx.xx.2023-cü il tarixli **********845700 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 12303,12 manat gəlir vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********902600 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Sonradan vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini göstəricisiz (boş) olaraq təqdim etmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2022-ci il üçün 16764,17 ((85322,39-1501,53)*20%) manat üzrə əlavə vergi məbləği hesablanmış və aparılmış hesablama ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11,07.2023-cü il tarixli **********606600 nömrəli Qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. İddiaçı tərəfindən həmçinin, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11,07.2023-cü il tarixli **********606600 nömrəli Qərarından inzibati qaydada şikayət verilmiş, vergi orqanı tərəfindən həyata keçirilmiş inzibati icraat nəticəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********617200 nömrəli Qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək əlavə olaraq bildirmişdir ki, uçot baza məlumatlarına əsasən 2022-ci ildə iddiaçıya məxsus sahibkarlıq subyekti - ilə İddiaçı (VÖEN: **********) ilə "xxxx" MMC (VÖEN: **********) 21620.17 manat və "xxxx" MMC ilə 63702.22 manat olmaqla ümumilikdə 85322,39 manat manat dəyərində mal təqdim olunmuşdur. Vergi uçotuna əsasən iddiaçıya məxsus anbar ünvan 3 ünvanında yerləşir və həmin sahədən 15 kv/m sahə "xxxx" MMC-yə, 15 kv/m "xxxx" MMC -yə icarəyə verilmişdir. Eləcə də "xxxx" MMC-yə, "xxxx" MMC həmin hüquqi ünvanda qeydiyyatdadırlar. Qeyd edilənləri nəzərə alaraq Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirik. Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Vergilər Məcəlləsinin 14.3-cü maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergitutma məqsədləri üçün malların dəyəri bazar qiyməti ilə qiymətləndirilə bilər. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı Qərarının 2.1.1 və 3.1.1 bəndləri üzrə Risk meyarı yaradan səbəblər aradan qaldırılaraq, təqdim edilən Elektron qaimələr ləğv edilmişdir. Həmçinin təqdim olunan e-qaimələr üzrə alıcılardan əldə olunmuş pul vəsaitləri nağd şəkildə geri qaytarılmışdır. Qaimələrin ləğv olunması əməliyyatı Bakı şəhəri X6 Üzrə Baş İdarəsinin əməkdaşı ilə görüşdə təklif olunmuşdur. Vergi Məcəlləsinin 13.2.69. maddəsinə əsasən vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınmadır. Sahibkarlıq subyektim tərəfindən ləğv olunan qaimələrə əsasən həmin malları alan "xxxx" MMC və "xxxx" MMCnin mənfəət vergisi məqsədləri üçün malların maya dəyəri azalacaq ki, bu da əlavə vergi məbləğlərinin hesablanmasına səbəb olacaq. Əlavə vergilərin hesablanması ehtimalı hər iki alıcı ilə razılaşdırılmışdır. Əlavə vergi məbləğinin hesablanmasını nəzərə alaraq heç bir vergi üstünlüyünün əldə olunması halı yarana bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında iddia tələbini müdafiə etmiş və iddia ərizəsini məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarı ilə razılaşmırlar və həmin hissədə tələbləri qeyd olunan qərarın ləğv edilməsi yolu ilə iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılmasıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmiş, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. İddia müddəti ilə bağlı qeyd olunur ki, Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” ilə bağlı məhkəməyə müraciət edilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyəti üzrə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********701700 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. -Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktuba əsasən iddiaçıdan müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş gəlir (mənfəət) vergisi bəyannaməsi və qeyd olunanalarla bağlı müvafiq izahat məktubu tələb edilmişdir. -Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********606600 nömrəli qərarından görünür ki, iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 16.764,17 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1,1-ci yarımbəndlərinə əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq tərəfinizdən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.” -"xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən "xxxx" MMC-nin direktoru Əhmədova Mehriban və fərdi sahibkar İddiaçı xx.xx.2023-cü il tarixinə qarşılıqlı üzləşmə apararaq hər iki vergi ödəyicisinin debet və kredit borcunun olmadığını təsdiq etmişdirlər. -"xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən "xxxx" MMC-nin direktoru Əhmədova Mehriban və fərdi sahibkar İddiaçı xx.xx.2023-cü il tarixinə qarşılıqlı üzləşmə apararaq hər iki vergi ödəyicisinin debet və kredit borcunun olmadığını təsdiq etmişdirlər. -“İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********617200 nömrəli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli inzibati şikayətləri təmin edilməmiş, Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********606600 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərarda qeyd olunmuşdur ki, “vergi ödəyicisi tərəfindən 2022-ci ildə malların təqdim edilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) 21620,17 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) 63702,22 manat, ümumilikdə 85322,39 manat (ƏDV-siz) dəyərində elektron qaimə fakturaların təqdim edildiyi, xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim edərək bəyannamənin gəlirlər hissəsində 85322,39 manat, xərclər hissəsində 1501,53 manat qeyd edərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində qeyd olunan 75 faiz güzəşt məbləği nəzərə alaraq 4461,05 manat gəlir vergisi bəyan etdiyini, vergi ödəyicisi tərəfindən 2022-ci ildə təqdim edilmiş 85322,39 manat dəyərində elektron qaimə fakturaların xx.xx.2023-cü il tarixdə ləğv edildiyini, araşdırma zamanı fərdi sahibkarın bank hesablarına malların təqdim edilməsi ilə bağlı pul vəsaitinin mədaxil olmasına baxmayaraq elektron qaimə fakturalar ləğv olunduqdan sonra həmin məbləğin geri qaytarılmadığı, vergi ödəyicisi tərəfindən debitorkreditor borcları barədə sənədləri araşdırmaya təqdim etmədiyini, təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin müvafiq sütunları göstəricisiz olaraq təqdim edildiyini, fərdi sahibkar tərəfindən riskli əməliyyatların aparıldığını, bununla bağlı xx.xx.2023-cü il **********701700 nömrəli “Riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərildiyini, vergi ödəyicisi tərəfindən alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə vergi güzəşti tətbiq olunmadığını, fərdi sahibkar tərəfindən 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirildiyini, vergi ödəyicisinə məxsus ünvan 1 ünvanında, ümumi sahəsi 30 kv.m olan təsərrüfat subyektinin 15 kv.m hissəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, digər 15,0 kv.m hissəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verdiyi, vergi ödəyicisi İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olduğu, fərdi sahibkarın, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eyni ünvanda, yəni ünvan 2da qeydiyyatda olduğunu, bu da həmin şəxslərin qarşılıqlı asılı olan şəxslər olmasına əsas verdiyini, vergi üstünlüyü əldə edilməsi məqsədilə elektron qaimə-fakturaların ləğv edildiyini nəzərə alaraq fərdi sahibkarın inzibati şikayətləri təmin edilməsin və Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11,07.2023-cü il tarixli **********606600 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.” Beləliklə, iddiaçı hazırkı tələbi üzrə iki qərarı mübahisələndirir:

1. riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********701700 nömrəli,

2. kameral vergi yoxlaması nəticəsində 2022-ci ilin hesabat dövrü üzrə əlavə vergi məbləği hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********606600 nömrəli. Məhkəmə hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə cavabdeh vergi orqanın qərarı qanunazidd olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Hazırkı halda iddiaçı ümumiyyətlə riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanının qərarını doğru hesab etmir və onun hüquqi marağı həmin qərarın ləğv edilməsi yolu ilə riskli vergi ödəyicisi siyahısından çıxarılmasına, başqa sözlə, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırılmasına yönəldiyindən məsələyə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına (AR Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli 486 nömrəli Qərarı ilə 2.1.1-ci, 2.1.2-ci və 2.1.3-cü yarımbəndləri yeni redaksiyada verilmiş, 3-cü hissəsi ləğv edilmişdir) uyğun hüquqi qiymət verilməlidir. Həmin Meyarlardan: -2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); -3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Cavabdeh vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı onunla əsaslandırılmışdır ki, “Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 47,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Dizel Qatqı K Green - LM2597, Radiator antifriz (KFS 2000 G11GÖY), Sıxılma diski (Çaşqa), Disk,Fren Ön və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş. xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunur.” Yuxarıda qeyd olunan normaların təhlili nəticəsində o qənaətə gəlmək olar ki, bu konsepsiyanın yaradılmasının iqtisadi və legitim əhəmiyyəti onda ifadə olunur ki, vergi orqanlarına potensial vergidən yayınmaları və ya qanunsuz fəaliyyətləri aşkar etməyə imkan verməklə vergi sisteminin təhlükəsizliyini artırır, riskli vergi ödəyicilərinin identifikasiyası ilə vergi sisteminin daha ədalətli olmasına kömək edir, maliyyə cinayətkarlığı və vergi pozuntularının qarşısını alır. Riskli əməliyyatlar aparan şəxslərin iqtisadi bazarda mövcudluğu iqtisadi qeyrisabitliyə, investisiya mühitinin mənfi yöndə təsirlənməsinə, vergi ödəyiciləri arasında ədalətli rəqabətin pozulması (belə ki, onlar qanunsuz üstünlüklər əldə etdikdə, digər, hüquqi yollarla fəaliyyət göstərən şirkətlərin müvəffəqiyyətinə mane olur), vergi ödəyiciləri arasında ədalətsizliyin hiss olunmasına, insanların vergi sisteminə və dövlətə olan etimadının azalmasına səbəb ola bilər. Odur ki, riskli vergi ödəyicilərinin idarə edilməsi və onların fəaliyyətlərinin izlənməsi, iqtisadi bazar üçün vacibdir. Bu institut mütəşəkkil cinayətkarlıq və maliyyə manipulyasiyalarının aşkar olunmasında əhəmiyyətli rol oynayır. Həmçinin, riskli əməliyyatların izlənməsi, qanunsuz maliyyə axınlarını önləməyə xidmət edir. Bu, həmçinin vergi ədalətini və maliyyə sisteminin sağlamlığını qorumağa kömək edir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 3.1.1-ci bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək, Meyarların 2.1.1-ci bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. İşin hallarından görünür ki, iddiaçı bu qərarla razılaşmış və riskli əməliyyatlara dair elektron qaimə-fakturaları ləğv etmişdir. Eyni zamanda, həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olmadığı müəyyən edilmişdir. Bu hal, cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmiş və iddiaçıya məxsus bank hesablarından çıxarışlarla deyilən fakt təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Meyarların 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır. Eyni zamanda qeyd olunmalıdır ki, bu mövqeyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1462/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında oxşar mövqeyidən çıxış edilmişdir. Qərarda qeyd olunmuşdur ki, “Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olunur ki, yalnız o əməliyyat riskli hesab edilə bilər ki, şəxs müəyyən sayda mal almış olsun, daha sonra aldığı maldan daha artıq mal təqdim etsin (məsələn, 100 ədəd komputer almış, lakin 105 ədəd satmışdır). Həmçinin, aşağı instansiya məhkəmələrinin mövqeyinə görə 0 mal alıb 5 ədəd mal satmaq riskli hesab edilmir (məsələn, 0 ədəd komputer almış, lakin 5 ədəd satmışdır. Məhkəmə kollegiyası riskli vergi ödəyiciləri konsepsiyasının yuxarıda sadalanan iqtisadi və legitim əhəmiyyətindən çıxış edərək vurğulayır ki, normanın bu cür təfsiri və şərhi ümumilikdə qanunvericinin bu sahədəki tənzimləmə ilə bağlı qarşıya qoyduğu məqsədə ziddir. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır” Qanunvericinin düzgün interpretasiyasına əsaslanaraq, kassasiya instasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qanunvericilikdə “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi yalnız nisbətən artıq olan satış əməliyyatlarını deyil, ümumiyyətlə, alış sənədi mövcud olmayan malların təqdim edilməsini də əhatə edir. Yəni, hüquqi kontekstdə “artıqlıq” yalnız riyazi müqayisə vasitəsilə müəyyən edilən kəmiyyət fərqi ilə məhdudlaşmır, həm də istənilən miqdarda alış sənədi olmayan mal təqdim edildikdə riskli əməliyyatın mövcudluğunu təsbit edir. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqedən çıxış edərək vurğulamağı zəruri hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi kimi tanınması birbaşa onun kommersiya fəaliyyəti çərçivəsində həyata keçirdiyi əməliyyatların qanunvericiliklə müəyyən edilmiş normalara və vergi nəzarəti prinsiplərinə uyğunluq baxımından ziddiyyət təşkil etməsi ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 47,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Dizel Qatqı K Green - LM2597, Radiator antifriz (KFS 2000 G11GÖY), Sıxılma diski (Çaşqa), Disk,Fren Ön və s." satışının həyata keçirildiyi müəyyən edilsə də, vergi ödəyicisinin alış əməliyyatlarında və idxalında bu malların mövcudluğu aşkarlanmamışdır. Vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlaması zamanı, eləcə də məhkəmə icraatı çərçivəsində iddiaçı tərəfindən satışda göstərilən, lakin alışında və ya idxalında yer almayan malların hüquqi mənşəyini təsdiq edən sənədlər təqdim olunmamışdır. Bu hal isə, Vergi Məcəlləsi və ona əsaslanan normativ aktlarla müəyyən edilmiş vergi risklərinin qiymətləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Meyarların 3.1.2-ci bəndinə uyğun olaraq, iddiaçının riskli vergi ödəyicisi kimi təsnif olunmasına hüquqi zəmin yaratmışdır. İddiaçı öz arqumentini ondan ibarət qurur ki, müvafiq elektron qaimə-fakturaların ləğv edilməsi və ödənişin baş tutmaması səbəbindən geri qaytarılmalı məbləğin mövcud olmaması onun riskli vergi ödəyicisi siyahısından çıxarılmasına əsas yaradır. Lakin cavabdeh göstərir ki, baxmayaraq ki, riskli hesab edilən e-qaimələr ləğv olunmuşdur, fərdi sahibkarın bank hesablarına malların təqdim edilməsi ilə bağlı pul vəsaitinin daxil olması faktı qalmaqdadır. Eyni zamanda, ləğv edilən qaimələr üzrə məbləğin bank vasitəsilə geri qaytarılması müəyyən edilməmiş, yalnız order əsasında qaytarıldığı görünməkdədir. Məhkəmə hesab edir ki, vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisinin gəliri onun nağd və ya nağdsız qaydada əldə etdiyi vəsait kimi tanınır və yalnız öhdəliyin ləğvi və ya ödənişi faktiki olaraq baş verdikdə müvafiq dəyişikliklər mümkün olur. Eyni zamanda, qüvvədə olan qanunvericiliyə əsasən, vergi ödəyicisinin təqdim etdiyi mallara görə əldə etdiyi vəsaitin geri qaytarılması yalnız bank vasitəsilə həyata keçirildiyi və sənədlərlə təsdiq edildiyi halda hüquqi qüvvəyə malikdir. Bu baxımdan, iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması üçün yalnız qaimələrin ləğv edilməsi və ya qarşılıqlı üzləşmə aktının tərtib edilməsi kifayət etmir. Çünki alınan vəsaitin geri qaytarılması faktiki olaraq yalnız bank vasitəsilə həyata keçirilən əməliyyatlarla sübut oluna bilər. Hazırkı mərhələdə isə bu hal təsdiqini tapmadığından iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi üçün hüquqi əsas mövcud deyil. Məhkəmə iddia tələbin ikinci hissəsi ilə bağlı bildirir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli, **********606600 nömrəli qərarı ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: -3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. -14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.6. (01 yanvar 2024-cü il tarixədək qüvvədə olan redaksiya) vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). -14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. -36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər -37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. -67.14. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir) Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Normaların tələbindən göründüyü kimi, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s), analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etməklə, yaxud təqdim olunmuş malların bazar qiyməti nəzərə alınmaqla əsasında hesablamaq hüququ vardır. Lakin cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmiş, beləliklə də vergi ödəyicisinin təqdim edilmiş mallarının maya dəyərini ümumiyyətlə nəzərə almamış, ancaq həmin malların satışından əldə edilmiş vəsaiti iddiaçının gəliri kimi hesablamaqla iddiaçıya əlavə gəlir vergisi hesablamış, bununla da iddaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, VM-in 67.14-cü maddəsində qeyd olunurdu ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. VMin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir və mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır (Vergi Məcəlləsinin 96.1 və 102.1.30-cu maddələri). Vergi ödəyicisi xərclərinin uçotunu aparmalı olsa da, vergi qanunvericiliyi uçotun aparılmadığı hallarda vergi orqanının hərəkətləri ilə bağlı məsələni də tənzimləmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində bu qaydanı təsbit etmişdir. Belə ki, Məcəllənin 67.1-ci maddəsinə əsasən, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə ... mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda ... həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisinin vəzifəsi isə, gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır. Bununla belə qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə, inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh, inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir. Qeyd edildiyi kimi, iddiaçının gəlir vergisi hesablanarkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri nəzərə alınmadığından mübahisələndirilən qərar qanunsuzdur və ləğv edilməlidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, sözügedən qərar ləğv olunmalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********606600 nömrəli qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar