Məhkəmə qərarları › İş №2-1(112)-3103/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3103/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3103/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsini cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, sağlamlıq vəziyyəti nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, əlillik təyininə əsas verməmə barədə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır, ona əlillik təyinatı üçün əsaslar mövcuddur. Cavabdehin etirazı Etirazda qeyd edilir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir.Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 883 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsinin sağ tərəfində bir ədəd, sağ qulağın sırğalıq hissəsində bir ədəd, döş qəfəsinin sol tərəfində bir ədəd, sol saidin orta 1/3-nin ön içəri səthində bir ədəd, sol əlin İİ və İİİ barmaqlarının distal hissəsində iki ədəd, sol əlin V barmağının ön-içəri səthində bir ədəd, sad içəri topuq nahiyəsində bir ədəd çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, vətəndaş xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixində əyani müayinələrdə olmuş, "Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, adıresitmədən şikayətlənmişdir. Mütəmadi olaraq qəbul etdiyi medikamentoz preparatların adlarım söyləyə bilməmişdir. Müayinə zamanı alnının tüklü hissəsində, sol topuqda və sol döş qəfəsində çapıqlar izlənilmiş, yuxan və aşadı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Təpdim olunmuş müalicə sənədlərində qıcolma tutmaları haqqında məlumatlar qeyd olunsa da. vətəndaş tutmalar haqqında heç bir şikayət bildirməmlə, tutmaları təsvir edə bilməmişdir. Təqdim olunmuş hərbi qərarda kəllə-beyin travması haqqında məlumat öz əksini tapmamış, psixi sənədlərin yalnız son ilə aid olması müəyyənləşdirilmişdir. Hazırda psixi statusunda psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir” kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. 2 saylı X1 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Yüngül dərəcəli diffuz rezidual-organik tipli dəyişikliklər qeyd olunur” kimi qeyd olunmuşdur. X5 xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində əsasən alın-təpə payları səviyyəsində beyin toxumasının kortikosubkortikal maddəsində çox sayda kiçik ölçülü fokal ocaqlı glioz sahələri posttravmatik çapıq toxuması düşünülür (anamnezdə travma). Baş beynin və beyinciyin atrofik MRİ görüntüləri” kimi qeyd olunmuş, təsdiqləyici dalğalar təqdim edilməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi defisit aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakları və izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir Eyni zamanda, əlilliyin təyinatından imtina barədə qərarın mübahisələndirilməsi zərurətinin mövcud olmamasına da münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi məcburetmə növündə iddia olduğundan, qərarın ayrıca mübahisələndirilməsi zərurəti olmamaqla bərabər, əlilliyin təyini barədə öhdəliyin cavabdehə həvalə edilməsi, həmin qərarın mübahisələndirilməsini də ehtiva edir. Əlillik təyinatından imtina barədə olmasa da, inzibati orqan tərəfindən imtinanın qərar formasında olduğu işlər üzrə Ali Məhkəmənin icraatında olmuş işlər üzrə də göstərilən mövqedən çıxış edilmişdir. Belə ki, 2-1(102)-1156/2025 xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir ki, “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv olunmasını xahiş etsə də, həqiqətdə iddiaçının hüquqi marağı və məqsədi alqı-satqı müqaviləsinə əsasən nağdsız qaydada dəyərini satıcıya tam ödədiyi mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Mübahisələndirilən qərarın ləğvi ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə iddiaçıya müvafiq əlavə dəyər vergisi məbləğinin 30 faizinin qaytarılması barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddia, eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının da ləğvini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur. 2-1(102)-1122/2025 xx.xx.2025 tarixli qərarda da analoji mövqedən çıxış edilmişdir. Bundan əlavə -1(102)-407/2025 xx.xx.2025-ci il tarixli qərarda (elmi dərəcəsinin verilməsindən imtina barədə qərarla bağlı) və 2-1(102)-2142/2019 xx.xx.2019-cü il tarixli (qaçqın statusunun verilməsindən imtina barədə qərar) qərarda da həmin mövqedən çıxış edilmişdir ki, məhkəmə göstərilən səbəbdən hesab edir ki, əlilliyin göndəriş əsasında təyin edilməsinin cavabdehə həvalə edilməsi, cavabdehin əlillik təyinatından həmin göndəriş əsasında imtina qərarının ləğvini də ehtiva edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Elektron müayinə aktından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Bakı 2 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli göndəriş əsasında müəyyən olunur ki, iddiaçıda: Əsas diaqnoz - “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin üzvi xəstəliyi (1-ci Qarabağ müharibəsində travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan qıxolma tutmaları (ayda 6 dəfə). Yaddaş zəifliyi ilə MMSE-21”; Ağırlaşma - “Yüngül koqnitiv pozuntu”; Yanaşı xəstəlik – “Epillepsiya, tez-tez təkrarlanan qıxolma tutmaları (ayda 6 dəfə) yaddaş zəifliyi ilə” Cavabdehin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçının əyani müayinəsi nəticəsində diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, İddiaçı üzvi şəxsiyyət pozuntusu, anamnezində tez-tez baş verən qıcolma tutmaları ilə (F07.0) aşkar olunur. Sualların digər hissələri şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, göstərilən sualın ekspert qiymətləndirilməsi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyi” X6 səlahiyyətlərinə aiddir. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular – F06 üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 postensefalit sindromu – F07.1 postkontuzion sindrom – F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları – F07.8 Qiymətləndirmə 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) -35-60 faiz və 2 il 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80 faiz və 2 il İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya əlillik təyinatının aparılıb-aparılmaması ilə əlaqədardır. Əlillik təyinatına dair imtina qərarlarından aydın olur ki, cavabdeh diaqnozun öz təsdiqini tapmamasına əsaslanaraq əliliyin təyinatından imtina etmişdir ki, məhkəmə hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Belə ki, mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan ekpert rəyindən və iş materiallarına daxil olan digər sənədlərdən, eləcə də əlillik təyinatına əsas olmalı olan göndərişdən görünür ki, iddiaçıda F07.0 kodu ilə göstərilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin üzvi xəstəliyi (1-ci Qarabağ müharibəsində travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan qıxolma tutmaları (ayda 6 dəfə). Yaddaş zəifliyi ilə MMSE-21” xəstəliyi mövcuddur və həmin xəstəlikdən əziyyət çəkir. Həmin xəstəlik yuxarıda adıçəkilən Meyarlara əlavədən görünür ki, əlillik təyinatına əsas olan xəstəlikdir. Aydın məsələdir ki, həmin xəstəliyin təkcə özünün mövcudluğu ilə yanaşı, qiymətləndirilməsinə əsas verən digər hallar müəyyən edilməlidir ki, ekspert rəyində də xəstəliyin özü ilə yanaşı, eyni zamanda iddiaçının zahirən gərgin və narahat olması, ünsiyyətə bir qədər çətin daxil olması, suallara müəyyən fasilədən sonra cavab verməsi, söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, bəzən əhəmiyyətsiz detallar üzərində fiksə olunması, əhvali-ruhiyyə fonun dəyişkən, enməyə meylli olması, xarici qıcıqlara qarşı həssaslığının yüksəlmiş olması, intellektual amnestik funksiyalarının kobud pozulmasa da, koqnitiv funksiyalarının bir qədər enməsini müəyyən edilmişdir. Göründüyü kimi şəxsiyyətin davamlı dəyişikliyi (şəxsiyyətin pozuntusu) iddiaçıda mövcuddur və həmin xəstəliklə yanaşı əlillik təyinatı üçün əsas olan iddiaçıda aqressivlik, gərginlik, ünsiyyətə çətin dahil olma halı da istisna edilmir ki, məhkəmə hesab edir ki, cavabdehin imtinasının qanuni və əsaslı olmaması ekspert rəyi ilə sübut edilməkdədir. Beləliklə ekspert rəyindən də görünür ki, göndərişdə əsas diaqnoz kimi göstərilmiş F07.0 iddiaçıda öz təsdiqini tapmışdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilə bilməmiş, diaqnozun öz təsdini tapması isə ekspert rəyi və iş materiallarına daxil olan digər sənədlərlə sübut edilmişdir. Eləcə də, iddiaçıda həmin xəstəliklə yanaşı xəstəliyin yaratdığı ağırlaşmaların (aqressivlik, gərginlik və s) istisna edilmədiyi də xüsusi olaraq göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli göndərişi əsasında əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar