Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3104/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X2, üçüncü şəxslər X4 və X11 nümayəndəsi və vəkili Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 və X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə bağ sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən 10 saylı bağ evinə dair onun adına çıxarışın verilməsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinin tələblərinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən mərhum əri X10 adına Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,6 ha olan 10 saylı bağa dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri X6 Bakı şəhər X16 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il 1/25 saylı qərarına əsasən Bakı şəhəri “Qırmızı oktyabr” bağçılıq yoldaşlıq cəmiyyətinə məxsus Dübəndi qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsi olan 10 saylı bağ verilmişdir. Əri ölmüş və o, varis qismində tanınmışdır. Bağ sahəsinin ayrılması ilə bağlı protokol da mövcuddur. O, həmin sənədlərin surətlərinin ona verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciəti əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.07.2014-cü il tarixli qərarı ilə iddiası təmin edilərək cavabdehin hərəkətləri qanunsuz hesab edilmişdir. Bundan başqa cavabdehin 12.11.2020-ci il tarixli və 05.11.2020-ci il tarixli məktublarla ona həmin bağ sahəsinə çıxarışın verilməsindən imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 18 dekabr 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. 15.02.2021-ci il tarixdə məhkəməyə cavabdeh tərəfindən verilmiş iddiaya dair etiraz daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, idarənin elektron baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazi “Qırmızı Oktyabr” bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir. Həmçinin göstərilən əraziyə digər şəxslərin-X1 və X11 müraciətləri olmuşdur. Bununla əlaqədar məhkəmənin 2-1(112)-3104/2021 saylı 26.02.2021-ci il tarixli qərardadı ilə X4 və X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X7 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxslər X4 və X11 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə mərhum ərinin adına Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,6 ha olan 10 saylı bağa dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın (çıxarışın) barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhər keçmiş X8 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında X5 adına bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin 13.12.2013-cü il tarixli **********25 saylı məktubundan müəyyən edilir ki, Bakı şəhər keçmiş X8 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında X5 adına bağ sahəsi ayrılmışdır. Səadət Sarayı (Bakı nikah evi) tərəfindən 10.07.2015-ci il tarixdə verilmiş 451/2 saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, X12 ilə İddiaçı 17.04.1987-ci ildə 647 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Qurbanova soyadı verilmişdir. AZ-İ seriyalı 046380 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 2003-cü il aprel ayında Dərbənddə ölmüşdür. Bakı şəhəri 51 saylı notariat kontorunun 15.09.2015-ci il tarixli 918 saylı məktubundan müəyyən edilir ki, 2003-cü ilin aprel ayında vəfat etmiş X5 qanun üzrə vərəsəsi İddiaçı vərəsəliyi qəbul etmiş, digər qanun üzrə vərəsələr X13 və X14 miras payı qəbul etməmələri barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişlər. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********83 №li 05.11.2020-ci il tarixli məktubla bildirilmişdir ki, İdarənin elektron baza məlumatlarına əsasən “Qırmızı Oktyabr” bağçılıq yoldaşlığı haqqında elektron bazada heç bir məlumat aşkar olunmamışdır. Həmçinin göstərilən əraziyə digər şəxslərin müraciətləri olmuşdur. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********09 №li 06.09.2021-ci il tarixli və **********26 №li məktubları ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən bağ sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sənəd üzrə sahə 0,06 ha olmasına baxmayaraq, faktiki bağ sahəsinin sərhədlərinin bir tərəfi hasar, 1 tərəfinə bünövrə qoyulmuş, 2 cərgə mişar daşı düzülmüş, 2 tərəfinə isə 4-5 cərgə mişar daşı düzülmüşdür və sahəsi 0,0485 ha təşkil edir. İdarənin elektron kadastr baza məlumatına əsasən göstərilən sahə heç bir bağçılıq yoldaşlığın ərazisinə düşmür. Əlavə olaraq bildirilir ki, bağ sahəsi digər şəxslərin müraciətləri ilə üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10.11.2021-ci il tarixli 10/5359 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki; - Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən bağ sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən Bakı şəhəri keçmiş X8 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X6 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən bağ sahəsinin sənəd üzrə ölçüsünün nə qədər olması müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin ölçüsü 600 kv. metr təşkil edir. - Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən bağ sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən Bakı şəhəri keçmiş X8 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X6 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən bağ sahəsinin yerləşdiyi sahənin eləcə də iddiaçının naturada göstərdiyi torpaq sahəsinin “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlığın ayrıc aktından kənara düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. - Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən bağ sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən Bakı şəhəri keçmiş X8 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X6 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən bağ sahəsinin ərazisi digər şəxslərə məxsus bağ sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin elektron kadastr məlumat bazasında iddiaçı X3 iddia etdiyi və naturada göstərdiyi koordinatları müəyyən edilmiş torpaq sahəsinə hər hansı fiziki və hüquqi şəxsə torpaq sahəsinin ayrılması, hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilmədi. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun 15.01.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mərhum ərinin adına daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli bağ sahəsinə dair heç bir texniki sənədlərin mövcud olmaması səbəbindən həmin bağ sahəsinin harada yerləşməsinin, hər hansı bağçılıq yoldaşlığın ərazisinə düşübdüşmədiyinin və həmin bağ sahəsinə dair digər şəxslərin müraciətləri ilə üst-üstə düşübdüşmədiyinin müəyyən olunması mümkün olmamışdır. İş üzrə verilmiş mütəxəssis rəyinə əsasən isə iddiaçı tərəfindən naturada göstərilən sahə heç bir bağçılıq yoldaşlığın ərazisinə düşmür və həmin bağ sahəsi digər şəxslərin müraciətləri ilə üst-üstə düşür. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3104/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3104/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver