Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3104/2025 30.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qəraların ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinnin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aldığı xəsarətlər ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-ildə erməni silahlı birləşmələrinin ölkəyə silahlı hüçumları zamanı yaşadığı Zəngilan rayonunun müdafiə olunmasında Zəngilan rayon hərbi komisarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə cağırılmış və 865, N - saylı hərbi hissələrdə xidmət başlamışdır. 1993-cü ilin aprel ayında erməni silahlı birləşmələrinin rayona qəfil hücumları zamanı atdıqları mərmi və böyük çaplı snaryad və digər partlayıcı mərminin yanında partlaması nəticəsində iki ədəd başından, sağ sol ayağından, sol saidin aşağı, bir epep sol budunun yuxarı nahiyəsindən, ağır xəsarətlər almış və həmin an huşsuz vəziyyətdə qalmışdır. Döyüş əməliyyatı zamanı aldığı xəsarətləri şahadətləndirilməsi üçün müdafiə nazirliyinin Mərkəzi Hərbi Həkim komissyasının qərarından sonra xx.xx.2018-ci il tarixində aldığı travma Azərbaycan Respublikasının Müdafiəsi zamanı aldığı təsdiqlənmişdir. Bundan sonra aldığı kəllə beyin tarvmasından nervoloji və Psxoloji problemlər, həyacan nəticəsində digər xəstəliklərə tutulmuş uzun illər müayinə və müalicə aldığını, sağlamlığında yaranmış ağır xəstəlikdən əziyyət cəkir. Dəfələrlə Bakı şəhəri 2 Saylı Pisxi sağlamlı mərkəzində stosanar müalicə alsa da, sağlamlığı günü gündən ağırlaşır. Bununla bağlı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabitasiya Agentliyinə xəstəxana tərəfindən forma 88 göndərilsə də, hec bir araşdırma aparılmadan imtina cavabı verməklə, səbəb: Doaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə "Əliliyin müəyyən olunması meyarları" təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 30 Dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir.Qərarla təsdiq edilmiş həmin Meyyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionarlığın təkmilləşdirilməsinə, fərdin aslılığının, aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar,avadanlıqlar,alətlər və ya proqram təminatları) təzərdə tutulur. Həmin Meyarların 7-ci "Psixi və davranış pozuntuları" bölməsinin F 07.0 kodu altında üzvi məşəli şəxsiyyət pozuntusu xəstəliyi əlilliyin dərəcəsinin təyininə əsas verir. Tibbi-Sosial Ekspert Komissyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibbi müəssisəsində tərtib olunmuş 88 saylı Formada qeyd olunmuş "F 07.0-üzvi məşəli şəxsiyyət pozuntusu, baş beyin üzvi xəstəliyi (travma məşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə, Ağırlaşma: F 07.8-baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi məşəli şəxsiyyət dəyşikliyi, psixopatabənzər davranış pozuntuları ilə "diaqnoz ona 2 saylı X1 stasionar müalicəsi zamanı müəyyən edilmiş və 12 oktyabr 2022-ci il tarixli baş beyin MRT-müayinəsi ilə təsdiq olunmuşdur. Ambulator Tibb kitabçasında olan tibbi sənətlər və tibbi göndərişdə (forma-88) onda əsas olan üzvi mənşəli şəxsiyyət pozğunluğu göstərilmişdir ki, hansı ki,"Əlilliyin müəyyən olunması meyarları-nın 7-ci bölməsində F.07.0 -kodu altında əlilliyə əsas verir. Düşünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq müvafiq əlillik təyinatdan imtina etmişldir. Qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə "Əlilliyin müəyyən olunması meyarları-nın 7-ci bölməsində F-07.8,T 90.5kodu altında nəzərdə tutulmuşdur, ən əsası isə həmin xəstəliyin müalicələrinin qısa müddətli olması, ətraflı müalicə olunması, ixtisaslaşmış müayinə və müalicənin davam edilməsi də müəyyən edilməmişdir. Bu səbəbdən də, hesab edir ki, cavabdeh tərəfindən əlillik dərəcəsi bərpa edilməlidir. Uzun illərdir xəstəlikdən əziyyət çəkdiyi, istifadə etdiyi ağır dərmanlar onu sutkanın çox vaxtlarında yatızdırır ki, bu da, onun xəstəliyi ilə bağlı sakitləşməsinə səbəb olur.
3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əlilliyin təyinindən imtina barədə qəbul edilmiş qərarlarının ləğv edilərək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0058003AABVG nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli 0050003AAD26 nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********9). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 320 nömrəli qərar verilmişdir. Həmin Qərarda "Odlu silah qəlpə yaralanmalarından sonra başın təpə nahiyəsində iki ədəd, başın ənsə nahiyəsində bir ədəd, sol bazunun aşağı 1/3-nin arxa səthində bir ədəd, sol saidin yuxarı 1/3- nin ön-bayır səthində bir ədəd, sol saidin aşağı 1/3-nin ön səthində bir ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol pəncənin üst səthində bir ədəd çapıq toxumalar, sağ qamış sümüyünün orta 1/3-nin qeyri düzgün bitişmiş, sağ incik sümüyünün yuxarı 1/3-nin köhnə bitişmiş sınıqları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edirlər ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı yuxu pozğunluğundan, sağ ayağında keyimədən, arterial təzyiqin dəyişkən olmasından şikayətlənmişdir. Baxış zamanı yaralanma yerlərinə müvafiq zərif çapıq sahələri qeyd edilmiş, yuxarı və aşağı ətraflarda əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmiş, parez, atrofiya müşahidə olunmamış. hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri, funksional-hərəki pozuntular müəyyən edilməmişdir." kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, başağrıları, əsəbilik, qıcolma tutmaları, yüksək arterial təzyiqdən əziyyət çəkdiyini bildirmişdir. Anamnezində əsəbləşdiyi zaman ətrafdakı əşyalara zərər yetirdiyini, yuxu üçün dərman qəbul etsə də yata bilmədiyini, daim müharibə ilə əlaqəli yuxular gördüyünü, qıcolma tutmaları zamanı ətraflarının yığıldığını, mütəmadi olaraq Bifek və digər ürək üçün dərmanlar qəbul etdiyini söyləmişdir. Baxış zamanı sağ baldırın aşağı 1/3də çapıq və sağ aşağı ətrafın 1 sm nisbi qısalığı qeyd edilmiş, hərəki məhdudluq, kontraktura müşahidə edilməmişdir. Psixi statusu, süst görünmüş, sualları astenonevrotik vəziyyətdə cavablandırmış emosional reaksiyaları stabil olmuş, affektiv dalğalanmalar izlənilməmişdir. MRT müayinəsinin nəticəsində psixi pozuntuları təsdiqləyən spesifik dəyişikliklər görünməmişdir. X6 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silah yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş, incik sümüyünün yuxarı 1/3-nin bitişmiş sınıqları, osteoporozu, diz oynağının açıcı-bükücü, aşıq-baldır oynağının kontrakturası, sol pəncənin daraqarxası oynaqların artrozu, daimi ağrı sindromu, dayaq-hərəkət funksiyasının pozulması" kimi qeyd olunmuşdur. 2 saylı X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz "Üzvi dissosiativ pozuntu, tez-tez təkrarlanan funksional tutmalarla, yaddaş zəifliyi ilə" kimi qeyd edilmişdir. X11 xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi "Kortikal atrofiyaya bağlı beyin sulkuslarında və fissurlarında passiv dilatasiya izlənildi" kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=60%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. MİN AR. Min MR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi "VİS OD=0,08 k/i 0.4. Vis OS=0,08 k/i 0.4. OU-Orta dərəcəli hipermetropiya. Başlanğıc katarakta" kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək psixi dəyişikliklər və digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İş materiallarına iddiaçının sağlamlıq vəziyyətini əks etdirən tibbi sənədlər, Azərbaycan Respubikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı və digər sənədlər əlavə edilmişdir.
8. Cavabdeh tərəfindən iddiaçının əlilliyi ilə bağlı əlillik alt sistemindən çıxarışlar (əlillik dərəcəsinin təyin edilməsi, əlillik dərəcəsinin təyin edilməsindən imtina və əyani müayinəyə dair qərarlar) məhkəməyə təqdim edilmişdir.
9. İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının əyani müayinəyə dair xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-9011/2024 nömrəli qərarına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Mikayil oğlunun (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0058003AABVG nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli 0050003AAD26 nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********9). Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin C00124188FGH nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3- 17-4/3-1-93799/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 853 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra başın təpə nahiyəsində iki ədəd, başın ənsə nahiyəsində bir ədəd, sol bazunun aşağı 1/3-nin arxa səthində bir ədəd, sol saidin yuxarı 1/3-nin önbayır səthində bir ədəd, sol saidin aşağı 1/3nin ön səthində bir ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol pəncənin üst səthində bir ədəd çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxu pozğunluğundan, sağ ayağında keyimədən, arterial təzyiqin dəyişkən olmasından şikayətlənmişdir. Baxış zamanı yaralanma yerlərinə müvafiq zərif çapıq sahələri qeyd edilmiş, yuxarı və aşağı ətraflarda əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmiş, parez, atrofiya müşahidə olunmamış, hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri, funksional-hərəki pozuntular müəyyən edilməmişdir.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, başağrıları, əsəbilik, qıcolma tutmaları, yüksək arterial təzyiqdən əziyyət çəkdiyini bildirmişdir. Anamnezində əsəbləşdiyi zaman ətrafdakı əşyalara zərər yetirdiyini, yuxu üçün dərman qəbul etsə də yata bilmədiyini, daim müharibə ilə əlaqəli yuxular gördüyünü, qıcolma tutmaları zamanı ətraflarının yığıldığını, mütəmadi olaraq Bifek və digər ürək üçün dərmanlar qəbul etdiyini söyləmişdir. Baxış zamanı sağ baldırın aşağı 1/3-də çapıq və sağ aşağı ətrafın 1 sm nisbi qısalığı qeyd edilmiş, hərəki məhdudluq, kontraktura müşahidə edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, əsəbilikdən, başağrılarından, başgicəllənmədən, sağ aşağı ətrafın pəncə nahiyyəsində keyləşmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə qəlpə yaralanması aldığını, həmin vaxtdan özünü xəstə hesab etdiyini, fikrini izah etməkdə çətinlik çəkdiyini, ailə üzvləri ilə yola gedə bilmədiyini ifadə etmişdir. Müayinə zamanı sağ topuq nahiyyəsində, sol ayaqarxasında, başın təpə nahiyyəsində çapıqlar izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Psixi status: Sosial problemlərdən aqressivləşmişdir. Dissosiativ istiqamətli şikayətlər bildirmişdir. Təfəkkürü ardıcıl və məntiqi olmuş, mühakimə qabiliyyəti tam qorunmuşdur. Təqdim etdiyi KT müayinəsinin nəticəsi norma daxilində olmuş, MRT müayinəsinin nəticəsində isə travma mənşəli spesifik patologiya qeyd edilməmişdir. Psixi durumuna görə kənar şəxsin nəzarəti və ya qulluğuna əsas verən ağırlaşma izlənilməmişdir. 2 saylı X3 xx.xx.2023xx.xx.2023-cü il tarixli 1662/23 nömrəli Çıxarışında diaqnoz “Üzvi dissosiativ pozuntu, teztez təkrarlanan funksional tutmalarla, yaddaş zəifliyi ilə” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. OKİ hospitalın xx.xx.2023-cü il tarixli elektrokardioqramma müayinəsinin nəticəsi “Sinus ritmi ÜVS-77, ÜEO-normal. Mədəcik ekstrasistoliyası” kimi qeyd edilmişdir. Akademik C.Abdullayev adına X7 İnstitutunun xx.xx.2023-cü il tarixli Tredmil sınağında nəticə “Şübhəlidir-sınağın bərpa mərhələsində V4-V6 0.5-0.8 mm ST ↓ dəyişiklikləri müşahidə edildi. Kliniki simptomlar olmadı. Tək-Tək supraventrikulyar ek/s-lar qeyd olundu. Sınaq zamanı T(-) →T(+)” kimi qeyd olunmuşdur. Akademik C.Abdullayev adına X7 İnstitutunun xx.xx.2023-cü il tarixli Exokardioqrafiya müayinəsində diaqnoz “Sol mədəciyin diastolik funksiyasının pozulması (psevdonormal tipli). Mülayim dərəcəli MÇ və TÇ. Ürək boşluqlarının ölçüləri norma daxilindədir. Sol mədəciyin qlobal sistolik funksiyası kafi dərəcədədir. (SolM AF=56). Perikard boşluğundakı mayenin miqdarı normal hüduddadır (~20 ml, N < 50 ml)” kimi qeyd olunmuşdur. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli Kranial KT müayinəsində nəticə “Norma daxilində baş beyin KT müayinəsi” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya xx.xx.2024xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz ”Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu. Disosiativ daxilolmalar, tez-tez başverən funksiaonal tutmalar. Koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X9 Krabio-cerebral MRT müayinəsinin nəticə “Hər iki alın təpə paylar ağ maddələrin mülayim dərəcəli həcm azalmaları izlənilir. Sol təpə pay parasagitalsubkortikal ağ maddə daxilində 3 mm tək subkut işemiya mikroocağı izlənilir. Baş beyin yarımkürələri digər parenxim sahələri MRT siqnal intensivlikləri” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq öçüləri böyüməyib və sistolik funksiyası (LVEF=55%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO- KQ-də min MÇ qeyd edilir” kimi müəyyənləşdirilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
10. Məhkəmənin iş üzrə məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən xx.xx.2025-ci il tarixli, 2358 nömrəli məktubla təqdim edilmiş İddiaçı haqqında olan xx.xx.2025-ci il tarixli, 1462 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən İddiaçı halhazırda "Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində dissosiativ daxilolmalar, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar- 1993-cü ildə döyüş zamanı kəllə-beyin travması alması, bundan sonra psixi vəziyyətində dəyişikliklərin yaranması, SN "Respublika Psixiatriya Xəstəxanası" PHŞ-də, SN 2 saylı X2 müayinə və müalicədə olması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri və aşkar olunan əlamətlər – təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir. İddiaçı halhazırda Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində dissosiativ daxilolmalar, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Ekspert komissiyasının üzvləri belə nəticəyə gəlir ki, İddiaçı onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə ona qoyulmuş “XBT 10 kodu F07.0" diaqnozu öz təsdiqini tapır; İddiaçı "Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində dissosiativ daxilolmalar, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə (F07.0)" diaqnozu müəyyən edilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb iddiaçının yekun hüquqi marağına uyğun olaraq məcburetmə haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı həmin qərarları mübahisələndirməklə hazırki tələblə məhkəməyə müraciət etmişdir.
17. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ...
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
23. Hazırkı işin hallarından göründüyü kimi, iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsindən imtinanın əsassız hesab edilməklə ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlıdır.
24. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul edilmiş “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərarı qanunsuz və əsassız olmuşdur.
25. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə təqdim edilmiş forma 88 (göndəriş) əsasında, daha sonra isə çox saylı əyani müayinələrə əsasən, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixli əyani müayinəyə əsasən qiymətləndirilərək “Üzvi dissosiativ pozuntu, Üzvi dissosiativ pozuntu, tez-tez təkrarlanan funksional tutmalarla, yaddaş zəifliyi ilə” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
26. Halbuki, iş materiallarında olan iddiaçı barəsində tibb müəssisələri tərəfindən tərtib edilmiş xəstəlik vərəqələrindən və iş materiallarına əlavə olunmuş ekspert rəyindən də, göründüyü kimi, İddiaçı hal-hazırda "Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində dissosiativ daxilolmalar, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar olunur. Anamnestik məlumatlar – 1993-cü ildə döyüş zamanı kəllə-beyin travması alması, bundan sonra psixi vəziyyətində dəyişikliklərin yaranması, SN "Respublika Psixiatriya Xəstəxanası" PHŞ-də, SN 2 saylı X2 müayinə və müalicədə olması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri və aşkar olunan əlamətlər – təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. bu halı təsdiq edir.
27. Əlavə olaraq məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizasının 1462 nömrəli rəyində iddiaçıda "Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində dissosiativ daxilolmalar, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) diaqnozunun müəyyən edildiyi qeyd edilmişdir ki, sözügedən diaqnozda göstərilən xəstəliklərin həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması sübuta yetirilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilən zaman işin halları obyektiv və hərtərəfli qiymətləndirilməyərək qanunsuz və əsassız olaraq iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
28. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz.
29. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
30. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
31. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
32. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
34. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
35. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
37. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
40. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
41. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əlilliyin təyinindən imtina barədə qəbul edilmiş qərarları ləğv edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva