Məhkəmə qərarları › İş №2-1(112)-3105/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3105/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3105/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Həmzəli oğlunun, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs "xxxx" MTK işə cəlb edilməklə texniki pasportun ləğv edilməsi barədə hərəkətin qanunsuz hesab edilməsi və həmin texniki pasportun reyestrdə bərpa edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ şossesinin sağında yerləşən 46814.3 kv.m (4.6814 ha) torpaq sahəsi (991.75 p.m mişar daşı ilə hasara alınmış) və onun üzərində mövcud 33.9 kv.m “A” tikilisi, 17.8 kv.m “B” tikilisi, 5.6 kv.m “C” tikilisi, 328.8 p.m dəmir yolu xətti, 1 ədəd metal darvaza, 991.75 p.m daş hasarı və 1 ədəd daşdoğruyan qurğu nəğdedici bina və qurğulardan ibarət əmlaka dair tərtib edilmiş texniki pasportun ləğv edilməsi barədə hərəkətin qanunsuz hesab edilməsi və həmin texniki pasportun reyestrdə bərpa edilməsinin cavabdehin üzərinə vəzifə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesinin ağında yerləşən 46814,3 kv.m. (4,6814 ha.) torpaq sahəsi 991,75 p.m. mişar daşı ilə hasara alınmış və girişində 1 ədəd metal darvaza quraşdırılmış vəziyyətdə Bakı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuşdur. Qeyd olunan 4,6814 ha. torpaq sahəsində ASC-nə məxsus olan 33,9 kv.m. “A” tikilisi, 17,8 kv.m “B” tikilisi, 5,6 kv.m “C” tikilisi, 328,8 p.m. dəmir yolu xətti, 1 ədəd metal darvazanı, 991,75 p.m daş hasarı və 1 ədəd daşdoğruyan qurğu nəğdedici bina və qurğulardan ibarət Cəmiyyətin Xammal bazası yerləşmişdi. Bakı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında əmlakın alğı-satqısı barədə 11.11.2004-cü il tarixdə Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş və 4-Ə-1254 sayla reyestrdə qeydiyyata alınmış müqaviləyə əsasən Cəmiyyətə məxsus səhmlər paketi, yuxarıda qeyd olunan Xammal bazasındakı bina və qurğular mülkiyyət və həmin əmlakların yerləşdiyi 46.814,3 kv.m torpaq sahəsinə dair istifadə hüququ ilə birlikdə 62 000 000 manata satın alınmışdır. Bununla da, qeyd olunan əmlaklar tərəfindən satın alınmaqla, ona aid olduğu mübahisə olunmayandır. Lakin, qeyd olunan alğı-satqı müqaviləsi əsasında İddiaçı daşınmaz əmlak olaraq, 4,6814 ha torpaq sahəsinə və onun üzərində mövcud adı yuxarıda çəkilən bina və qurğulara əldə etdiyi hüququ daşmmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışdır. Bu baxımdan, göstərilən bina və qurğulardan ibarət daşınmaz əmlaklar və onların yerləşdiyi 4,6814 ha. torpaq sahəsinə dair hüququ Dövlət Reyestrində əvvəlki qaydada Bakı "xxxx" ASCnin adında qaldığı mübahisə olunmayandır. Adı çəkilən əmlaklara dair Bakı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına 26.08.2004-cü il tarixdə tərtib olunmuş Əmlakın İnventarlaşdırılması Bürosu müəssisə və obyektin Texniki Pasportunun məlumatına əsasən, alğı-satqı predmeti olan daşınmaz əmlakın yerləşdiyi ərazinin 46.814,3 kv.m. (4,6814 ha.) torpaq sahəsindən ibarət olduğu göstərilmiş və buna dair plan-cizgi verilmişdir. X5 4,6814 ha torpaq sahəsində yuxanda qeyd olunan, ASC-nin Xammal bazasında mövcud tikililərdən hərhansı birinin sonrakı müddətlərdə sökülməsi halı olmamışdır. Həmçinin, həmin tikililərin əksəriyyətində qaçqınlar məskunlaşdığından sökülməsi belə mümkün də deyildir. Tam əksinə sonrakı müddətlərdə tərəflərindən orada bir sıra tikililər inşa edilmişdir. Qeyd olunan ərazidə yerləşən əmlakın qeydiyyata alınması və daha sonra da, həmin ərazi ilə bağlı başqaları arasında yaranmış mübahisələrin həlli üçün dəfələrlə cavabdeh inzibati orqana müraciətlər edilməsinə baxmayaraq, məsələyə aydınlıq gətirilməmişdir. Sonuncu müraciətə verilmiş cavab məktubunda qeyd edilmişdir ki, satın aldığı yuxarıda qeyd olunan əmlak və əmlakın yerləşdiyi torpaq sahəsinin həcm və hüdudlarını müəyyən edən texniki pasport cavabdeh tərəfindən 24.02.2006-cı il tarixdə ləğv edilmişdir. Səbəbini də, belə göstərmişdir ki, adı çəkilən texniki pasportda göstərilən tikililərin bəziləri sökülmüş və əlavə olaraq yeni tikililər inşa edilmişdir. Məlum məsələdir ki, sökülmüş və ya başqa yolla məhv olmuş əmlaka verilmiş texniki sənədin ləğvi mümkün olan haldır. Lakin, buna mülkiyyətçinin müraciəti, razılığı, bu olmadığı halda və sənədin ləğvi mühim əhəmiyyət kəsb etdiyi təqdirdə məhkəmə qərarı əsasında yol verilir. Bundan başqa, cavabdeh imtina məktubunda mövcud tikililərin bir qisminin söküldüyünü qeyd edir. Belə olan halda, həmin texniki pasport bu əsasdan da, ləğv edilə bilməzdi. Cavabdehin verdiyi cavab (imtina) məktubunun məzmunundan görünür ki, adıkeçən texniki pasportu heç bir əsas olmadan, özbaşına ləğv etməklə, qanuna zidd hərəkətə yol vermişdir. Nəticədə, əmlakın qeydiyyat üzrə sahibsiz olduğu görüntüsü yaradılmış və ona məxsus əmlakın başqa şəxslərin adına rəsmiləşdirilməsi kimi qəsdli əməllərə şərait yaratmış, bu da, öz növbəsində əmlak hüququna qanunsuz müdaxilələrə yol açmışdır. Göründüyü kimi, qanunla qorunan hüquqlarına müdaxilə ilə nəticələnən cavabdehin qanunazidd hərəkətlərinin aradan qaldırılmasına müraciətinə də, müsbət cavab verməmiş, əksinə, bundan imtina edilmişdir. Ona görə də, cavabdehin qeyd olunan məsələ ilə bağlı hərəkətlərə yol verilməklə, törətdiyi pozuntuları aradan qaldırılması və oun qanunla müəyyən edilən hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(12)-3105/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Bundan əlavə, iddia ərizəsində nəzərdə tutulmuş texniki pasport, dövlət əmlakına dair olmaqla, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş və 24.02.2006-cı il tarixdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ləğv edilmişdir. Daha sonra, iddiaçı tərəfindən göstərilən torpaq sahəsində yerləşən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C saylı əmlak kompleksi kimi müəssisə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 08.05.2014-cü il tarixli icarəyə verilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X1 və onun adına qeydiyyata alınaraq, 29.05.2014-cü il tarixli çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11.07.2014-cü il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı müqaviləsinə əsasən əmlak kompleksinin istifadəsində olan 47322.1 kv.m torpaq sahəsi X1 və ona 13.08.2014-cü il tarixli yeni çıxarış verilmişdir. Sözügedən daşınmaz əmlak X9 tərəfindən 29.10.2014-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X2 və sonuncunun adına 14.11.2014-cü il tarixli çıxarış verilmişdir. Qeyd edilən əmlak X10 tərəfindən "xxxx" MTK-a satılmış və sonuncunun adına 14.11.2014-cü il tarixli çıxarış verilmiş və halhazırda mülkiyyətindədir. Yuxarıda qeyd edilənlərə əsasən, hesab edirlər ki, hazırki iddia tələbi üzrə 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində cəlb edilə bilməz. Eyni zamanda, bildirirlər ki, Bakı Apellyasiya Məhkəməsinin 11.06.2019-cu il tarixli, 2(103)-7681/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)- 6110/2018 saylı iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabehlər Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 1434C ünvanında yerləşən 202 kv.m əmlak kompleksi barədə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi ilə Akif Baxşıyev arasında bağlanmış 15.04.2014-cü il tarixli, 64/69 saylı icarə müqaviləsi və 08.05.2014-cü il tarixli, 5363 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında üçüncü şəxs Akif Baxşıyevin adına verilmiş 29.05.2014-cü il tarixli, seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 11/369 saylı, 06.05.2014-cü il tarixli texniki pasportun ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. 3-cü şəxs "xxxx" MTK məhkəməyə vəsatət təqdim edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ilk öncə qeyd etmək istəyirlər ki, İddiaçı hazırki iddia tələbinə qədər bir neçə dəfə məhkəməyə analoji iddia tələbləri ilə müraciət etmiş və bütün iddialar məhkəmələr tərəfindən mümkünsüz saxlanılmış və rədd edilmişdir. Belə ki, İddiaçı mübahisələndirilən əmlakla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə, hazırki cavabdeh İdarəyə və qeyrilərinə qarşı "torpaq sahəsindən çıxarılma, sahiblik hüquqlarının müdafiəsi, çıxarışın etibarsız sayılması və s." barədə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.09.2015-ci il tarixli 2-1(82)- 2472/2015 saylı qərardadı ilə geri götürülmüş sayılaraq, iş üzrə icraata xitam verilmişdir. Daha sonra, İddiaçı yenə eyni əmlakla bağlı "reyestrdən çıxarışın və çıxarışın verilməsinə əsas olan sənədlərin etibarsız hesab edilməsi" tələbinə dair iddia tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.02.2015-ci il tarixli 2- 1(82)- 511/2015 saylı qərardadı ilə mümkün sayılmamışdır. Həmçinin, İddiaçı həmin daşınmaz əmlakla bağlı "torpaq sahəsinin qeyri-yaşayış tikililəri ilə birlikdə mülkiyyət hüququ üzrə sənədləşdirilərək dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 01.11.2016-cı il tarixli 2-l(82)-84/2016 saylı qərardadı ilə mümkünsüz sayılmışdır. Eləcə də, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinə və qeyrilərinə qarşı "çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-7681/2019 saylı 11.06.2019-cu il tarixli qətnaməsi ilə rədd edilmiş, bu qətnamə Ali Məhkəmənin MK-nın 2(102)-7342/2019 saylı 18.11.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı eyni mübahisə predmetini təşkil edən daşınmaz əmlakla bağlı dəfələrlə məhkəmələrə müxtəlif iddia tələbləri ilə müraciət etmiş, hər dəfə onun iddia tələbləri məhkəmələr tərəfindən ya mümkünsüz sayılmış, ya da rədd edilmişdir. İddiaçı iddia tələbində bərpasını tələb etdiyi Texniki pasport ümumiyyətlə heç bir zaman iddiaçının adına verilməmişdir. Qeyd edilən Texniki pasport dövlət mülkiyyətində olan Bakı "xxxx" ASC-nin adına 26.08.2004-cü il tarixdə tərtib edilmişdir. Bakı Mərmər ASC-nin adına tərtib edilmiş həmin Texniki pasport sonradan İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş Ü-10 nömrəli 24.02.2006cı il tarixli əmrə əsasən etibarsız hesab edilmişdir. Göründüyü ki, İddiaçı hazırki iddiada əvvəllər Bakı Mərmər ASC-nin adına tərtib edilmiş, sonradan etibarsız sayılmış Texniki pasportu mübahisələndirir ki, bunun üçün isə İddiaçı heç subyektiv hüququ mövcud deyildir. Digər tərəfdən, mübahisələndirilən Texniki pasport hüquqi cəhətdən artıq mövcud deyil, çünki bu texniki pasport İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən müvafiq əmrlə etibarsız sayılmışdır. Bu əmr bu günədək qüvvədədir, hər-hansı yuxarı orqan və ya məhkəmə tərəfindən ləğv edilməmişdir. Belə olan halda, subyektiv hüququ olmayan İddiaçı artıq mövcud olmayan, etibarsız sayılmış Texniki pasportla bağlı hər hansı iddia qaldırmaq hüququ yoxdur. Xüsusilə qeyd edirlər ki, mübahisə predmetini təşkil edən Texniki pasport vaxtı ilə yalnız daşınmaz əmlakla (tikililərlə) bağlı tərtib edilmiş, texniki pasport torpaq sahəsi ilə bağlı tərtib edilməmişdir. İddiaçı isə qəsdən tələbində 46814,3 kv.m. torpaq sahəsinə dair tərtib edilmiş Texniki Pasportun ləğv edilməsi hərəkətlərinin qanunsuz sayılmasını tələb edir. Həmçinin, iddiaçı Sübhan Zayidov qəsdən tələbində mübahisələndirilən əmlaka dair tərtib edilmiş Texniki Pasportun reyestrdən silinməsi barədə hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Qeyd edirlir ki, bu tələblər yanlış olmaqla, ümumiyyətlə, torpaq sahəsinə dair hər hansı texniki pasport heç vaxt mövcud olmamışdır. Həmçinin qeyd edirlər ki, Xətai rayonu Zığ şossesində nə, Bakı Mərmər ASC-nin, nə də ki, Sübhan Zayidovun adına reyestrdən heç bir torpaq sahəsi qeydiyyatdan keçməmişdir. Sual olunur, əgər iddiaçı Sübhan Zayidovun adına Xətai rayonu Zığ şossesində reyestrdən əmlak qeydiyyatdan keçməmişsə, o zaman iddiaçı reyestrdən silinmədən ibarət hansı hərəkətlərin qanunsuz sayılmasını tələb edir? Həmçinin, qeyd edirlər ki, cavabdeh inzibati orqan İN yanında ƏMDX DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi hazırki iddia tələbi üzrə cavabdehlik daşıya bilməz. Belə ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi nə Bakı Mərmər ASC-nin adına tərtib edilmiş Texniki pasportu ləğv etmiş, nə də ki, həmin pasportun etibarsız sayılması barədə Əmri qəbul etmişdir. Mübahisələndirilən daşınmaz əmlak Dövlətin mülkiyyətində olmuş, dövlət orqanı da (o zamankı İqtisadi İnkişaf Nazirliyi) öz mülkiyyətində olan əmlakla bağlı sərəncam verərək, onu başqa şəxsə icarəyə vermiş, icarəyə verildikdən sonra əmlak özəlləşdirilmiş, xüsusi mülkiyyətə verildikdən sonra ən son "xxxx" MTK-nın adına alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Həmin alğı-satqı əqdi nəticəsində də, mübahisəli əmlak hal-hazıradək "xxxx" MTK-nın mülkiyyətindədir. Mübahisələndirilən əmlak - Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Nobel prospekti 134C ünvanında yerləşən ümumi sahəsi 202,0 kv.m. olan tikili və 4,73221 ha torpaq sahəsi (əmlak kompleksi kimi müəssisə) mülkiyyət hüquqları əsasında 25.06.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında "xxxx" MTK-ya məxsusdur. Qeyd edilən çıxarış hal-hazıradək qüvvədədir, heç kim tərəfindən mübahisələndirilməmiş, heç bir orqan tərəfindən ləğv və ya etibarsız hesab edilməmişdir. Həmin çıxarış əsasında MTK-nın hüquqları dövlət tərəfindən tanınır və qorunur. Cavabdeh inzibati orqan da, məhkəməyə təqdim etdiyi etiraz-vəsatətində mübahisə predmetini təşkil edən daşınmaz əmlakın digər şəxsin (üçüncü şəxs "xxxx" MTK) adına hüquqi qeydiyyata alındığını göstərmişdir. Üçüncü şəxs MTK-nın mülkiyyətində olan daşınmaz əmlakı İddiaçı tərəfindən özbaşına olaraq zəbt edildiyindən, MTK-nın iddiası əsasında Xətai Rayon Məhkəməsinin 16.02.2018-ci il tarixli qətnaməsi ilə Xətai rayonu ərazisində yerləşən Nobel prospekti 134C ünvanında yerləşən 4,73221 ha. torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarına İddiaçı və qeyriləri tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması; həmin torpaq sahəsi hüdudları daxilində İddiaçı tərəfindən istifadə edilən yeməkxana (kafe), qaraj, mətbəx və köməkçi tikililərin sonuncunun hesabına sökülməsi, İddiaçı əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması; MTK-nın mülkiyyətində olan torpaq sahəsinin və həmin torpaq sahəsindəki əmlak kompleksi kimi müəssisənin boşaldılaraq təhvil verilməsi qət edilmişdir. Bu qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılır. Məhkəmənin diqqətinə onu da, çatdırmaq istəyirlər ki, İddiaçı hazırda inzibati orqana qarşı iddia qaldırsa da, hesab edirlər ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlakla bağlı "xxxx" MTK-nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqları ilə bağlı mübahisə heç bir halda publik xarakterli olmadığından, inzibati icraat qaydasında baxıla bilməz. Nə qədər ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlakla bağlı "xxxx" MTK-nın adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat qüvvədədir və heç bir orqan tərəfindən ləğv edilməmişdir, hesab edirlər ki, İddiaçı həmin əmlakla bağlı istənilən sayda, istənilən inzibati orqana qarşı qaldırdığı iddia tələbinin heç bir əhəmiyyəti və mahiyyəti yoxdur. Bütün sadalananlara əsasən hesab edirlər ki, İddiaçı "inzibati orqanın müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” hazırki iddiası məhkəmə tərəfindən mümkünsüz sayılmalıdır. İş üzrə hazırlıq iclası 02.11.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili, 3-cü şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili iddianın mümkün sayılmaması barədə vəsatəti müdafiə edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan 11.11.2004-cü il tarixli “Bakı şəhəri, Xətai rayonu, Zığ şossesinin sağındakı ətrafı daşla hasalanmış qeyri-yaşayış sahəsi – xammal bazası üzrə əmlakın alğısatqı müqaviləsi”-dən görünür ki, Bakı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətini sədri X4 və İddiaçı arasında, Əmlakın İnventarlaşdırılması Bürosundan verilmiş 26.08.2004-cü il tarixli Texniki pasporta əsasən Bakı "xxxx" ASC-nin istifadəsində olan Xətai rayonu, Zığ şossesinin sağındakı 46814.3 k.m torpaq sahəsi üzərində yerləşən Səhmdar Cəmiyyətə məxsus Xammal bazasındakı bina və qurğuları: 33 kv.m “A” tikilisi, 17.8 kv.m “B” tikilisi, 5.6 kv.m “C” tikilisi, 328.8 p.m. dəmir yolu xətti, 1 ədəd metal darvazanı, 991.75 p.m daş hasarı və 1 ədəd daşdoğruyan qurğu nəğdedicilə birlikdə İddiaçı 62 000 000 manata satılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 26.08.2004-cü il tarixli Müəssisə və Obyektin Texniki pasportundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 1 saylı Taxıl məhsulları kombinatına gedən yolun qırağında yerləşən qeyri-yaşayış sahəsi – xammal bazasının (tikinti altı sahəsi 667.3 kv.m, ümumi sahəsi 57.3 kv.m, əsas sahə 11.3 kv.m, köməkçi sahə 46.0 kv.m) mülkiyyətçisi Bakı "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. İşdə olan 15 may 2007-ci il tarixli arayışdan görünür ki, Bakı "xxxx" ASC-nin Zığ şossesindəki Xammal bazasındakı 15 iyul 2004-cü il vəziyyətinə balansında olan ümumi dəyəri 12400 (on iki min dörd yüz) manat təşkil edən bina və qurğularının siyahısı Bakı "xxxx" ASC tərəfindən tərtib olunmuşdur. İşdə olan 21 may 2007-ci il tarixli Bakı "xxxx" ASC və İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı "xxxx" ASC-nin İdarə Heyətinin sədri X4 şəxsində bir tərəfdən və İddiaçı Əflatun oğlu digər tərəfdən Bakı "xxxx" ASC-ti Səhmdarlarının 12.03.2003-cü il tarixli Ümumi yığıncağına və 11 noyabr 2004-cü il tarixdə Bakı şəhər altıncı dövlət notariat kontorunda 4-Ə 1254 nömrəsi ilə qeydiyyatdan keçərək, dövlət notariat tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ şossesinin sağındakı ətrafı daşla hasarlanmış qeyriyaşayış sahəsi-xammal bazası üzrə əmlakın alğı-satqı müqaviləsinə əsasən, qeyri-yaşayış sahələrinin və xammal-bazası üzrə əmlakın təhvil-təslimini aparmışlar. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 7-972/17 nömrəli, 16.11.2007-ci il tarixli mətkubdan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.4-cü və 19.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Xətai rayonu, Zığ şossesi, 1 saylı taxıl kombinatının şimal-qərbində 4.68 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydə alınmasına və həmin torpaq sahəsinin İddiaçı adına rəsmiləşdiirlməsi barədə dövlət reyestrindən çıxarış verilməsinə köməklik gösətrilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Səhmdar Cəmiyyətinə ünvanlanmış 08-2/4075 nömrəli, 01.06.2007-ci il tarixli məktubdan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi barədə məlumatın istənilməsi ilə bağlı müraciəti Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə daxil olmuşdur. Bununla əlaqədar bildirilmişdir ki, Bakı Üzlük Materialları X3 bazasında "xxxx" Səhmdar Cəmiyyəti yaradılmış, səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsi A.İsmayılova ünvanlanmış **********39 nömrəli, 03.12.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134 C, Zığ şossesinin sağında yerləşən əmlak kompleksi kimi müəssisəyə texniki baxış keçirilməsi ilə bağlı 13.10.2020-ci il tarixli, ********** nömrəli ərizəsinə tərəflərindən baxılaraq bildirilmişdir ki, texniki pasportda göstərilən tikililərin bəziləri sökülmüşdür və əlavə olaraq yeni tikililər inşa edilmişdir. Həmçinin, təqdim edilmiş texniki pasport 24.02.2006-cı il tarixində ləğv edilmişdir. Bundan əlavə, göstərilən ərazi digər şəxsin adına daşınmaz əmlakın reyestrindən qeydiyyatdan keçmişdir. İşdə olan “Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134 C ünvanda yerləşən əmlak kompleksi ilə bağlı icraat materiallarının (bütün sənədlərin) təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə” məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********95 nömrəli, 21.04.2021-ci il tarixli məktubla təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C saylı əmlak kompleksi kimi müəssisə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 08.05.2014-cü il tarixli icarəyə verilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X1 və onun adına qeydiyyata alınaraq, 29.05.2014-cü il tarixli çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11.07.2014-cü il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı müqaviləsinə əsasən əmlak kompleksinin istifadəsində olan 47322.1 kv.m torpaq sahəsi X1 və ona 13.08.2014-cü il tarixli yeni çıxarış verilmişdir. Sözügedən daşınmaz əmlak X9 tərəfindən 29.10.2014-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X2 və sonuncunun adına 14.11.2014-cü il tarixli çıxarış verilmişdir. Qeyd edilən əmlak X10 tərəfindən "xxxx" MTK-ya satılmış və sonuncunun adına 03.02.2015-ci il tarixli və 25.06.2019-cu il tarixli çıxarışlar verilmiş və hal-hazırda mülkiyyətindədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən Plenum Qərarın müddəaları nəzərə alınaraq, ilk öncə iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olubolmaması araşdırılmış və araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı mübahisəli ünvanda yerləşən tikililərə dair texniki pasportun bərpa edilməsini sözügedən tikililərin mükiyyətçisi olması faktından çıxış edərək tələb edir. O, tikililərin mülkiyyətçisi olması faktını notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə istinadla bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin alğı-satqı müqaviləsi hazırda qüvvədə olmasına baxmayaraq, onu mübahisəli əmlakların mülkiyyətçisi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 03.02.2015-ci il tarixli və 25.06.2019-cu il tarixli Çıxarışlarla təsdiq olunur ki, sözügedən əmlak kompleksi 03.02.2015-ci il tarixdə (yenidən 25.06.2019-cu il tarixdə) "xxxx" MTK-nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona müvafiq reyestrdən çıxarış verilmişdir. Reyestrdəki həmin qeydlər və buna dair verilmiş çıxarışlar da, hazırda qüvvədədir. Belə olan halda isə, əmlakların mülkiyyətçisi kimi hazırda "xxxx" MTK qəbul edilməlidir. Çünki, qanunvericiliyə görə daşınmaz əmlaka dair hüquqlar dövlət qeydiyyatına alınmalıdır, eləcə də, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqların həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir (Mülki Məcəllənin 139.1-ci maddəsi - Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddə - Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir). Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-7(k)/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli Qərarına əsasən müəyyən edilir ki, hazırda iddiaçının mübahisəli tikililərin mülkiyyətçisi olması iddiasının əsasını təşkil edən “Bakı "xxxx" ASC ilə texniki pasporta əsasən istifadəsində olan mübahisəli torpaq sahəsi üzərində yerləşən bina və qurğulara dair İddiaçıla bağlanmış” 11.11.2004-cü il tarixli alğı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanılıb-bağlanılmaması hazırda mülki məhkəmə icraatında araşdırılır. Beləliklə, iddiaçını iddia etdiyinin əksinə, hazırki vəziyyətdə tikililərə münasibətdə mülkiyyət hüququnun sahibi kimi qəbul etmək mümkün olmadığına görə, onun hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququnun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapsa idi belə, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən yenə də, mümkün sayılmayacaqdı. Belə ki, iddiaçının bərpa edilməsini tələb etdiyi mübahisəli daşınmaz əmlakla bağlı texniki pasport Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən 26.08.2004-cü il tarixdə Bakı "xxxx" ASC-yə verilmişdir. Sözügedən texniki pasport Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən deyil, İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu (hazırda Azərbaycan Respublikası İqtisdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən verilmiş Ü-10 nömrəli, 24.02.2006-cı il tarixli əmrə əsasən etibarsız hesab edilmişdir. Sözügedən əmrin isə, qüvvədən düşməsi, yuxarı inzibati orqan və yaxud məhkəmə qaydasında ləğv edilməsi iş materiallarından müəyyən edilməmişdir. Göstərilən hallar isə, hazırki iddia üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehlik daşımasını istisna etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyildir. Eləcə də, iddia tələbi düzgün cavabdehə qarşı yönəldilməmişdir. Bununla da, onunla cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu və həmin orqan tərəfindən onun subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmir. Bu hallar isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar