Məhkəmə qərarları › İş №2-1(112)-3105/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3105/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3105/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, ev 21, mənzil 36; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 18 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X1 (Ünvan: Mingəçevir şəhəri; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın azaldılanadək olan məbləğinin bərpa edilməsini, artıq hesablama adı ilə tutulmuş pul məbləğinin geri qaytarılması və artıq ödəmə adı altında pul məbləğinin tutulmasının cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 14.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 16.03.2022-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının 17 avqust 2021-ci il tarixli, **********8 nömrəli (7240,63 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə) qərarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının 10 sentyabr 2021-ci il tarixli **********2 nömrəli qərarının (pul tələbinin icraya yönəldilməsi barədə) ləğv edilməsini və artıq hesablama adı ilə tutulmuş pul məbləğinin geri qaytarılması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçıya 09 iyul 2008-ci il tarixdən dövləq qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxtdan təyin edilmiş əmək pensiyası heç bir şərt qoyulmadan ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilmiş və ödənişlərlə bağlı da cavabdeh və DSMF-nun hər hansı digər qurumu tərəfindən heç bir qeyd şərt göstərilməmişdir. Lakin cari ildən ona ödənilən pensiya məbləğindən tutulmaların aparılması məlum olmuş, bununla əlaqədar olaraq aidiyyət üzrə cavabdehə müraciət edilmişdir. Cavabdeh 16 may 2021-ci il tarixli məktubla məlumat verərək qeyd etmişdir ki, aparılmış daxili audit araşdırması nəticəsində ona təyin edilən pensiya məbləği düzgün müəyyən edilməmiş, yanlış hesablama nəticəsində mənə artıq pensiya məbləği ödənilmişdir. Cavabdeh qeyd etmişdir ki, ona 01.12.2013-31.12.2020-ci il tarixləri arasında 7240,63 manat artıq pensiya məbləği ödənilmişdir. Bununla bağlı olaraq da tutulmaların aparılmasına yazılı razılığın verilməsi əks halda müvafiq tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq tədbir kimi də pensiya məbləği aşağı salınmış və pulun tutulması aparılmağa başlanılmışdır. Hesab edir ki, nə hüquqi, nə faktiki əsası olmadan qəbul edilmiş cavabdehin hərəkətləri pensiya hüququmun pozulmasına gətirib çıxarmaqla qanunvericiliyin kobud pozuntusudur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialında mövcud olan pensiya işinə aid sənədlərdə Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən ona 09.07.2008-ci il tarixdən pensiya təyin edilmişdir. Fondun Daxili nəzarət departmenti tərəfindən aparılmış audit araşdırılması zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 456.25 manat, qulluq stajına görə əlavə 81,76 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 35,58 manat olmaqla orta aylıq əmək haqqı 573,59 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixənədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 11 il 7 ay 28 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (573,79 manat) 60 faizi-344,15 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.12.2013-28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 410,80 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 3399,15 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-dək tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-cı maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumillikdə vəzifə maaşı 501,25 manat, qulluq stajına görə əlavə 89,82 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 39,08 manat olmaqla orta aylıq əmək haqqı 630,15 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə orta aylıq əmək haqqınız (573,59 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (630,15 manat) arasındakı fərq məbləğinin (56,56 manat) 38,61 faizi- 21,84 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (344,15 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 365,99 manat müəyyən edilmişdir. Lakin 01.03.2018- 31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 437,21 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1281,96 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumillikdə vəzifə maaşınız 753,75 manat,qulluq stajına görə əlavəniz 135,07 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 58,92 manat olmaqla orta aylıq əmək haqqınız 947,74 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (630,15 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (947,74 manat) arasındakı fərq məbləğinin (317,59 manat) 38,61 faizi-122,62 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanızın (365,99 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 488,61 manat müəyyən edilmişdir.Lakin 01.09.2019-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində sizə hər ay 648,58 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 2559,52 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən sizə 01.12.2013-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümmumilikdə 7240,63 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İnzibati orqan X2 ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Beləliklə, filial X3 24.07.2013-cü il tarixdən-31.01.2021-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 29692.48 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, -borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; -pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; - borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. İnzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə əsasən, İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2- ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. İstinad olunan maddənin mənasından göründüyü kimi inzibati aktın dayandırlmasına dair qərardadın qəbulu işin uğurlu olacağı təqdirdə mümkündür. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə X5 Şöbəsi tərəfindən İddiaçı 09.07.2008-ci il tarixdən pensiya təyin edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 17.08.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə İddiaçı 01.12.2013-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində 7240,63 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması qərara alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “pul tələbinin icraya yönəldilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli **********2 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17.08.2021-ci il tarixli, **********8 nömrəli qərarı (icra sənədi) icraya yönəldilməsi qərara alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 17 avqust 2021-ci il tarixli, **********8 nömrəli (7240,63 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə) qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, yəni mövcud qanunvericiliyə əsasən nə iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığı nədə ki, müvafiq məhkəmə qərarı olmadan qəbul edildiyindən, ləğv edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, 17 avqust 2021-ci il tarixli, **********8 nömrəli (7240,63 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə) qərar qanunsuz olduğundan, həmin qərarın icrası ilə bağlı qəbul edilmiş 10 sentyabr 2021-ci il tarixli **********2 nömrəli qərarda (pul tələbinin icraya yönəldilməsi barədə) ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “artıq hesablama adı ilə tutulmuş pul məbləğinin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçıya ödənilməli olan əmək pensiyasının məbləği cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 17 avqust 2021-ci il tarixli, **********8 nömrəli qərar əsasında ödənilmədiyindən və həmin qərarın maddi hüquq normalarının pozulması ilə qəbul edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, İPM-in 70.3-cü maddəsinin tələbinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin 17 avqust 2021ci il tarixli, **********8 nömrəli (7240,63 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə) qərarı və 10 sentyabr 2021-ci il tarixli **********2 nömrəli qərarı (pul tələbinin icraya yönəldilməsi barədə) ləğv edilməli və artıq hesablama adı ilə tutulmuş pul məbləğinin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının 17 avqust 2021-ci il tarixli, **********8 nömrəli (7240,63 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə) qərarı və 10 sentyabr 2021-ci il tarixli **********2 nömrəli qərarı (pul tələbinin icraya yönəldilməsi barədə) ləğv edilsin və artıq hesablama adı ilə tutulmuş pul məbləğinin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulsun. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar