Məhkəmə qərarları › İş №2-1(112)-3105/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3105/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3105/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “Biznes İdarəçiliyi” bölməsi üzrə 74026 nömrəli xx.xx.2023-cü il tarixli diplomunun xarici ali təhsilə dair kvalifikasiyanın tanınması üçün şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “Biznes İdarəçiliyi” bölməsi üzrə 74026 nömrəli xx.xx.2023-cü il tarixli diplomunun Xarici ali təhsilə dair kvalifikasiyanın tanınması üçün şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci ildə anadan olmuş və orta məktəbi qurtardıqdan sonra 2013-cü ildə Türkiyə Respublikası Atatürk Universitetinin “Qiyabi və Distant Təhsil Fakültəsinin ” “İşlətmə” proqramı üzrə “Biznes idarəçiliyi ” bölməsinə daxil olmuş, müəyyən fasilələrlə xx.xx.2023-cü ildə başa vurmuşdur. Bu barədə ona 74026 nömrəli diplom verilmişdir. Azərbaycan Respublikasında Təhsil Qanunvericiliyinə əsasən verilmiş ali təhsil ixtisası -“diplom” -un Azərbaycan Respublikası ərazisində “Xarici dövlətlərin ali təhsilə” aid kvalifıkasiyalarının tanınması” üçün Təhsil Nazirliyinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminat Agentliyi xx.xx.2023-cü il tarixli NA00017318 saylı məktubunda Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2023-cü il tarixli 2306N61i Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiylarınm tanınması” Qaydalarının 3.10.1-ci bəndinə əsasən xarici ali təhsilə dair kvalifıkasiyasınm tanınmasından imtina edilmişdir. Diplomun tanınmasından imtinanın əsası ondan ibarət olmuşdur ki, “Bakalavriat səviyyəsinə uyğun kvalifıkasiyayaların ənənəvi təlim metodlarına əsaslanan təhsilalma forması olaraq “əyani” və “qiyabi ” təhsilalma formaları müəyyən edilmişdir”. İddiaçı hesab edir ki, ona verilmiş cavab əsasızdır. Belə ki, Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi əsassız mülahizələri rəhbər tutmaqla onun hüquqları kobud pozulmuşdur. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi “ Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiylarının tanınması “ Qaydalarının 3.10.1-ci bəndinə əsasən “xarici ali təhsilə dair kvalifıkasiyasınm tanınmasından imtina edilməsi” istinad etdiyi həmin Qaydaların 4.1.5-ci bəndinə istinad etməsi əsassızdır. Qaydaların 4.1.5-ci bəndində göstərilmişdir ki, “ Milli Kvalifıkasiya Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (baza ali) və magistratura səviyyələrinə uyğun kvalifıkasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması)”. İddiaçının təhsil aldığı Atatürk Universiteti uzun müddətdir fəaliyyət göstərir və dünyanın bir çox ölkəsindən həmin universistetdə təhsil alırlar. Universitetin qiyabi təhsil sistemi demək olar ki, bir çox inkişaf etmiş ölkələrin Amerika, Fransa , Almaniya və.s. ölkələrin təhsil sisemləri ilə eyniyyət təşkil edir. Nəzərə alınmalıdır ki, həm göstərilən ölkələrdə, həm də Azərbaycan Respublikasında qiyabi təhsil sisteminin “ənənəvi” forması ondan ibarətdir ki, təhsil müəssisəsi tərəfindən tələbəyə verilmiş fənn tapşırıqlarını sərbəst hazırlayır və tələbə hər tədris ilində iki smestrdə bir ay təhsil alır və əvvəldən verilmiş fənn tapşırıqları üzrə imtahan verərək müəyyən edilmiş proqram tapşırıqları mənimsədiklərini təsdiq etmişlər. İddiaçı Türkiyə Respublikası Atatürk Universitetində təhsil aldığı müddətdə hər tədris müddətdində Türkiyə Respublikasına gedərək qiyabi təhsil proqramı üzrə təhsil almış, eyni zaman da, Universitet müəllimləri tərəfindən distant formasında keçirilən təhsil proqamlarında iştirak etmişdir . Qeyd olunan hallar ona dəlalət edir ki, Atatürk Universitetində aldığım təhsil həm Türkiyə Respublikasının Təhsil haqqında qanunlarına, həm də Azərbaycan Respublikasında qüvvədə olan qanunlarına uyğun olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazında cаvаbdеh göstərmişdir ki, iddiaçının daxil olmuş müraciət əsasında Azərbaycan Respublikası Prezidentinin 2023- cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”(bundan sonra- Qaydalar)na uyğun olaraq icraat aparılmışdır. Cavabdeh qurum inzibati icraatın nəticəsində Qaydaların tanınmaya dair tələbləri ilə kvalifikasiyanın yekununda əldə olunduğu tədris prosesinin xüsusiyyətləri arasında uyğunsuzluq aşkarlandığı üçün xx.xx.2023-cü il tarixli qərarla həmin kvalifikasiya üzrə tanınma haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qaydaların 4.1.5-ci yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına (əyani və ya qiyabi) əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər arasında əks olunmuşdur. İddiaçı isə tədris müddətinin bütün dövründə ənənəvi təlim metodlar ilə tədrisi müddəti bu tələbə uyğun gəlmir. Yeni Qaydalar, Azərbaycan Respublikası Təhsil haqqında Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramında əks olunmuş distant texnologiyaların tətbiqi ilə tədrisin təşkili prosesinin xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyalara nisbətdə çərçivəsini müəyyən etmişdir. Qaydaların 1.2-ci bəndində vurğulanmışdır ki, Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir. Bununla da cavabdeh inzibati orqanın sözügedən sahədə “İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununda göstərilmiş diskresion səlahiyyəti açıq şəkildə təsbit olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na(bundan sonra-Qaydalar) əsasən xarici dövlətlərdə əldə olunmuş ali təhsilə aid kvalifikasiyaların tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formada təşkil edilməsi tanınma üçün tələblər arasında göstərilmişdir. Qeyd olunmuş normativ aktda əks olunmuş “ənənəvi təlim metodları” ifadəsinin konkret olaraq hansı təhsilalma formaları və metodlarını ehtiva etdiyi barədə məhkəmə sorğusuna müvafiq Fərmanla təsdiq edilmiş Qaydaların 1.3-cü bəndinə əsasən Tanınmanı həyata keçirən səlahiyyətli qurum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs olan Təhsildə Keyfiyyət Təminatı Agentliyində baxılmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsindən sonra hüquqi prosesin təbii davamı olaraq olaraq ali təhsil sahəsində çərçivə və standartların formalaşdırılması üçün əlaqədar qanunaltı normativ aktlar təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının 5.4-cü bəndində deyilir: “Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.” Həmin normativ aktın 5.5 və 8.7.5-ci yarımbəndlərində əyani və qiyabi təhsilalma formaları üzrə təhsilin ümumi müddəti və hər bir tədris ilinin müddəti detallı şəkildə əks olunduğu halda distant və eksternat təhsil formaları üzrə bu məlumatlar əks olunmamışdır. Eyni normativ aktın “Ali təhsil proqramları” başlıqlı 8-ci hissəsinin 8.9-cu bəndində qeyd edilir ki, “Əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir.” Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş ali təhsilin standart və proqramlarının əks olunduğu akt bütövlükdə təhlil edildiyində distant təhsil formasının tədrisin təşkili prosesində xüsusi təhsilalma forması kimi istifadəsinin nəzərdə tutulduğu aydın olur və bu təhsil forması əsas və müstəqil forma kimi qəbul edilməmiş, ayrıca təhsil müddəti və tədris müddətləri ona nisbətdə öz əksini tapmamışdır. Azərbaycan Respublikasında tədrisin təşkili qaydalarını təznimləyən əsas normativ akt olan Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əyani və qiyabi təhsilalma formaları üzrə ali təhsilin təşkili prosesində kredit və tədris yükü barədə müfəssəl izah və çərçivəni özündə ehtiva etsə də, ayrı bir təhsilalma forması kimi distant təhsilin ali təhsil proqramlarının tədrisində tətbiqi üzrə tədris yükü və çərçivəsi barədə məlumatlara yer verilməmişdir. Normativ hüquqi aktların qəbul edilmə ardıcıllığına nəzər saldıqda Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə müvafiq Qaydalar təsdiq olunduğu zaman Azərbaycan Respublikası hüquq terminologiyası və təhsil sistemində “distant” təhsilin artıq bilinən bir anlayış olduğunu müəyyən etmək mümkündür, lakin ali təhsilin standart və proqramlarında qeyd olunmuş distant təhsil forması müstəqil və ana təhsilalma forması kimi qəbul edilməmiş, növbəti aktlarla ali təhsildə tədris yükü və tədris normativləri yalnız əyani və qiyabi təhsilalma formaları üzrə göstərilmişdir. O cümlədən, əyani və qiyabi təhsilalama formaları üzrə tədrisin təşkili zamanı təhsilalanların sessiya və imtahanlarda iştirakının tələb olunan müddət və həcmləri dəqiq təsbit olunmuşdur. Həmçinin leksikoloji mənası etibarilə “ənənəvi” ifadəsi, “ənənə şəkli almış, ənənə mahiyyətində olan, ənənə üzrə keçirilən, keçən, ənənəyə əsaslanan, əsas etibarilə təcrübədən keçirilmiş, sınanmış,yeni olmayan, uzun müddət tətbiq edilməkdə”1 olan mənalarını verməkdədir ki, ənənəvi təlim metodu dedikdə Azərbaycan Respublikası ali təhsil sistemində halhazırda tətbiqi mövcud olan, yeni olmayan, yuxarıda göstərildiyi kimi təsviri və tətbiqi normativ aktlarla əhatə olunmuş və uzun illərdir tətbiq olunan təlim metodları başa düşülməlidir. Bu bir faktdır ki, Azərbaycan Respublikasında ali təhsil müəssisələri fövqəladə situasiya sayılan qlobal COVİD-19 pandemiyası ilə təhsilin müxtəlif səviyyələri üzrə ilk dəfə onlayn-məsafədən təlim metodlarının geniş tətbiqinə başlandı və bu metodlar nəzəri olaraq məlum olsa da, praktiki olaraq Azərbaycan təhsil sistemi və təhsil qurumları üçün qeyri- ənənəvi idi və ənənəvi olmayan, fövqəladə vəziyyətin nəticəsi olaraq tətbiqi nəzərdə tutulmuşdu. Bununla bağlı, beynəlxalq hüquq leksikologiyasına nəzər yetirsək, “ənənəvi təlim metodları” dedikdə, “ümumi, pandemiyadan əvvəlki mənada, müəllimin tələbələrdən ibarət sinif otağına şəxsən rəhbərlik etməsi, diskursa moderatorluq etmək və bilik axınını tənzimləmək ssenarisini təsvir edir və məna etibarilə təhsilalan və təhsilverənin fiziki olaraq eyni vaxtda eyni məkanda olmasını ehtiva edir”. Nəticə olaraq, beynəlxalq və yerli tərcübəyə əsasən ali təhsil müəssisəsində müəllim və ya məruzəçinin və tələbələrin nəzərdə tutulmuş məkanda fiziki olaraq dərslərdə, sessiyalarla və mühazirələrdə normativ aktlarda nəzərdə tutulmuş tələblərə uyğun müddətlərdə iştirakı ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab olunur. Qlobal səviyyədə internet texnologiyalarının inkişafı və bu texnologiyaların tədris prosesində istifadəsi, xüsusilə post-pandemiya dövründə geniş vüsət alaraq, distant təhsilin müəyyən ixtisasların tədrisində müstəqil təhsilalma forması kimi istifadəsi ilə yanaşı, dünya təcrübəsində də ana təhsilalma formaları qəbul edilən əyani və qiyabi təhsilalma formalarında müxtəlif proqramların tədrisi zamanı ənənəvi olmayan, onlayn-məsafədən təlim metodlarının da tətbiqi həyata keçirilməkdədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İş materiallarında olan:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1991-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 26 sentyabr 2023-cü il tarixli, NA00017318 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarında qeyd edilmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Belə ki, ərizəçinin bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı “açık öğretim” təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.5-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Odur ki, ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. 74026 nömrəli, xx.xx.2023-cü il tarixdə verilmiş Atatürk Universiteti Qiyabı və Distant Təhsil Fakültəsi Bakalavr diplomundan görünür ki, İddiaçı həqiqətən Atatürk Univesitetinin xüsusi qanun və əsasnaməsinə əsasən təhsilini müvəffəqiyyətlə başa vurmuş və Türkiyə Respublikası qanunlarının verdiyi hüquq və səlahiyyətlərdən istifadə edilməklə ona hazırki diplom verilmişdir. Diploma əlavə olaraq apostil təqdim edilmişdir. İddiaçı tərəfindən məhkəməyə əlavə olaraq ona məxsus C03166796 nömrəli pasport və Atatürk universiteti Qiyabi və Distant Təhsil Fakültəsi Qiymət cədvəli təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya etiraza əlavə olaraq, iddiaçı barəsində sərhədkeçmə məlumatları(2013/2014 -7 gün, 2014/2015-11 gün, 2015/2016-9 gün, 2017/2018-5 gün, 2017/2018- getməyib, 2018/2019- getməyib, 2019/2020- getməyib/ İİ semestr pandemiya dövrü, 2020/2021-getməyib/pandemiya dövrü, 2021/2022getməyib/pandemiya dövrü, 2022/2023- 4 gün(təyinat üzrə məntəqə Tbilisi, açıqöyrətim) təqdim edilmişdir.

İİİ. Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

5. Təhsil haqqında Azərbaycan Respublikası Qanununa əsasən,

- 6.1. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. - 6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. - 6.3. Dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 6.4. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. - 6.5. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. - 6.6. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. - 6.7. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları müəyyən edilir. - 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). - 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. - 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; - 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.

6. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nörməli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarına əsasən: - 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. - 1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: - 1.5.3. əhəmiyyətli fərq – xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və (və ya) yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq; - 1.5.4. ərizəçi – xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması üçün müraciət edən şəxs; - 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; -1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; -1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; -1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi;

- 3.3. Ərizəçinin müraciətinə baxılması üçün Agentlik aşağıdakı məlumatların yoxlanılmasını həyata keçirir: 3.3.1. ərizəçinin fərdi məlumatlarındakı (soyadı, adı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; 3.3.2. ərizəçinin təhsilalma tarixi; 3.3.3. ərizəçinin hərbi mükəlləfiyyəti; 3.3.4. ərizəçinin əmək fəaliyyəti; 3.3.5. ərizəçinin sərhədkeçmə qeydiyyatı. - 3.4. Bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlərin və 3.3-cü bəndində qeyd edilən məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda, onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya təhsil müəssisəsindən tələb olunur və ya ərizəçi tərəfindən kağız daşıyıcıda (elektron sənəd formasında) 20 (iyirmi) gün müddətində təqdim edilir. - 3.5. Aşağıdakı hallar barədə ərizəçinin müraciəti Agentliyə daxil olduğu gündən 10 (on) gün müddətində ərizəçinin şəxsi kabinetinə məlumat göndərilir: 3.5.1. təqdim olunmuş sənədlərdə (məlumatlarda) çatışmazlıq və ya ziddiyyət aşkar olunduqda; 3.5.2. sənədlər bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun təqdim olunmadıqda; 3.5.3. bu Qaydaların 3.4-cü bəndinin ikinci cümləsində qeyd olunan halda. - 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda;

- 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). - 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri.

7. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı Türkiyə Respublikasının Atatürk Universitetində “Biznes idarəçiliyi” ixtisası üzrə təhsil almışdır. Təhsil forması “açıq öyrətim” ( ” qiyabi və distant” ) olmuşdur. Türkiyə Respublikasının Atatürk Universitetinin Dövlət İmtahan Komissiyasının qərarı ilə ona 09 aprel 2023-cü il tarixdə 74026 nömrəli diplom verilmişdir. Sözügedən bakalavr dərəcəsini təsdiq edən, universitet tərəfindən verilmiş 74026 nömrəli diplom Türkiyə Respublikasının Təhsil İdarəsi tərəfindən apostil edilmişdir. İddiaçı cavabdehə ərizə ünvanlayaraq, həmin bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, cavabdeh tərəfindən müraciətdə göstərilən məsələnin həllindən imtina edilmişdir. İşin hallarından da göründüyü kimi cavabdehin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq öyrətim) təhsilalma forması müəyyən edilməmişdir. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Bundan əlavə Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin»in 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki Tərəfin müvafiq qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir. Həmin Sazişin 12-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öğrətim” formasının “distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir. Belə ki, Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, oxşar mübahisələr üzrə formalaşmış Ali məhkəmənin praktikasına görə tələbə distant təhsil forması üzrə xarici dövlətdə aldığı təhsil proqramını müvəffəqiyyətlə bitirdikdə və ona bakalavr ali ixtisas dərəcəsi verildikdə, onun aldığı kvalifikasiya müvafiq olaraq tanınır. (№ 2-1(102)-1359/2020; 2-1(102)- 609/2020, 2-1(102)-574/2022) 2-1(102)-2229/2023)

8. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Biznes İdarəçiliyi” bölməsi üzrə 74026 nömrəli xx.xx.2023-cü il tarixli diplomunun Xarici ali təhsilə dair kvalifikasiyanın tanınması üçün şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddiaçı iddia tələbi təmin edilsin. Biznes İdarəçiliyi” bölməsi üzrə 74026 nömrəli xx.xx.2023-cü il tarixli diplomunun Xarici ali təhsilə dair kvalifikasiyanın tanınması üçün şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X2 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar