Məhkəmə qərarları › İş №2-1(112)-3105/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3105/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3105/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 18 saylı orderə əsasən Zirə bağlar sahəsindəki 107 saylı BTK nəzdində 0.12 ha ibarət 46 B saylı bağ sahəsinin mərhum həyat yoldaşı X6 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə İddiaçı2 iş üzrə birgə iddiaçı qismində nəzərə alınmışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1997-ci il tarixli 329 saylı qərarına əsasən 107 saylı BTK nəzdində 0.12 ha ibarət 46 B saylı bağ sahəsi iddiaçının mərhum həyat yoldaşı X4 istifadəsinə verilmişdir. 5 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixdə verilmiş 1964 saylı arayışa əsasən xx.xx.2019-cu ildə vəfat etmiş X4 vərəsəsi kimi arvadı İddiaçı1 tanınmışdır. Lakin hal-hazırda həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edən zaman, bildirilmişdir ki, elektron kadarst məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi bağların elektron kadastr məlumatlarına əsasən sxematik xəritəyə əsasən digər bağın ərazisinə uyğun gəlir. Bundan başqa, İdarənin arxiv məlumatlarına əsasən təqdim etdiyiniz X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Qeyd olunanlarla yanaşı, təqdim olunan sənədlər arasında mərhumun ata adında uyğunsuzluq mövcuddur. Belə ki vərəsəlik işinin açılması və vərərələsin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi "X8" qeyd olunsa da, order və arxiv arayışında hüquq sahibi "X7" kimi göstərilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı1 “Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 18 saylı orderə əsasən Zirə bağlar sahəsindəki 107 saylı BTK nəzdində 0.12 ha ibarət 46B saylı bağ sahəsinin mərhum X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının deyil, digər vərəsə İddiaçı2 idarəyə rəsmi müraciəti daxil olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağın ərazisinə uyğun gəlir. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən təqdim etdiyiniz X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Qeyd olunanlarla yanaşı, təqdim olunmuş sənədlər arasında mərhumun ata adında uyğunsuzluq mövcuddur. Belə ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X8” qeyd olunsa da, order və arxiv arayışında hüquq sahibi “X7” kimi göstərilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

6. “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 329 №-li Sərəncamından Çıxarışda qeyd olunmuşdur ki, qüvvədə olan bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşların istifadələrinə aşağıdakı bağ sahələri ayrılmışdır: 3.4. X7 – Zirə BTK № 107 bağ № 46b

7. AZ-İİ 057420 nömrəli Ölüm haqqında Şəhadətanməyə əsasən X8 xx.xx.2019-cu il tarixdə dəqiqləşdirilməmiş koma səbəbilə ölmüşdür.

8. 5 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1964 nömrəli Arayışda qeyd olunmuşdur ki, Notariat ofisində vərəsəlik işinin həlli ilə əlaqədar olaraq, ünvan 1 ünvanda yaşamış, xx.xx.1964-cü il tarixdə doğulmuş və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsəlik işi ilə əlaqədar 2V-185 reyestr nömrəli qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X4 vərəsəsi kimi arvadı – İddiaçı1, oğlu – X9 və oğlu – İddiaçı2 tanınmışdır.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən göstərilən bağ sahəs 47b saylı bağ sahəsi ilə bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Ümumi sahə 3076.0 kv.m təşkil edir. Bağ sahəsində A-1 mərtəbəli bağ evi, İ- tövlə, İİ-s/q var.

10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 46b və 47b saylı bağ sahələri bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Ümumi torpaq sahəsi 3076.0 kv.m təşkil edir. Ümumi sahədən şərti olaraq 46b və 47b saylı bağ sahəsi kimi göstərilən torpaq sahələri ayrı-ayrılıqda 1200.0 kv.m təşkil edir. 46b saylı bağ sahəsi kimi göstərilən sahədə birmərtəbəli bağ evi, tövlə və sanitar qovşağı, 47b saylı bağ sahəsi kimi göstərilən sahədə isə istixana mövcuddur.

11. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən sahə 46, 47, 48 saylı bağ sahələrinin bir hissəsinə düşür. Qeyd olunan bağ nömrələri (46b və 47b) BTK sxemində və bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır.

12. İdarənin arxivində qeyd olunan 46, 47, 48 saylı bağ sahələrinə dair 166 saylı BTK-nın nəzdində ayrılmasına dair order aşkar edilməmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

25. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

26. X16 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

27. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

28. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Zirə bağlar sahəsindəki 107 saylı BTK nəzdində yerləşən 0.12 ha ibarət 46 B saylı bağ sahəsinin mərhum əri X6 məxsusluğu barədə arayışın verilməsini tələb etmişdir.

29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 329 №-li Sərəncamından Çıxarışa əsasən 107 saylı Bağ Tikinti Kooperativi nəzdində 46b saylı torpaq sahəsi X5 ayrılmışdır.

30. Odur ki, məhkəmə hesab edir, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 329 №-li X1 torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

31. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, təqdim olunmuş sənədlər arasında mərhumun ata adında uyğunsuzluq mövcuddur. Belə ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X8” qeyd olunsa da, order və arxiv arayışında hüquq sahibi “X7” kimi göstərilmişdir.

32. Məhkəmə qeyd edir ki, X4 ata adı ilə bağlı yanlışlığa yol verilməsi formal (texniki) xəta olmaqla iddiaçıların məsuliyyət sferası ilə əhatə olunmur və hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. Belə ki, məhkəmə tərəfindən X4 şəxsiyyətinin müəyyənləşdirilməsi zamanı hər hansı şübhə yaranmır.

33. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 329 №-li sərəncamının X6 məxsusluğu faktının (mülki mühakimə icraatı qaydasında) müəyyən edilməsi həddən artıq formallıqdır və təqdim edilmiş sənədlər hüquqların qeydiyyatı üçün yetərlidir.

34. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçıların faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur.

35. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. 107 saylı Bağ Tikinti Kooperativi nəzdində Zirə bağlar massivində 46B saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsinin mərhum X6 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar