Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3108/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş imtinanın qanunsuz hesab edilməsi və ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina etməsinin qanunsuz hesab edilməsi və ona 15 il hərbi qulluq stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, həmçinin məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üçüncü şəxslər sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təqdim olunmuş 14 iyun 2011-ci il tarixli 431 nömrəli məlumat vərəqəsində göstərilmiş 37 il 6 ay 21 gün (təqvim xidmət illəri 18 il 5 ay 3 gün, iş stajı 9 il 7 ay 12 gün, güzəşt xidmət illəri 9 il 6 ay 6 gün) müddətində ona 24 iyun 2011-ci il tarixində Mərkəzi Filial tərəfindən təminat xərcliyinin 62 %-i miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən ona 755,40 (yeddi yüz əlli beş manat qırx qəpik) manat məbləğində əmək pensiyası təyin edilmişdir. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ona təyin olunmuş pensiyanın yenidən hesablanması barədə müraciət etmiş, lakin 27 oktyabr 2020-ci il tarixində cavabdeh orqan tərəfindən təqdim olunmuş məktubda ona təyin olunmuş pensiyanın yenidən hesablanması aparılmamışdır. Pensiya məbləğinin 755.40 (yeddi yüz əlli beş manat qırx qəpik) manat məbləğində təyin olunması qeyd etməklə, cavabdeh öz işini bitmiş hesab etmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 30.01.2020-ci il tarixli məktubunda onun xidmət müddətinin 37 il 06 ay 21 gün müəyyən edilmişdir. Həmin xidmət illərinin 18 il 05 ay 03 günü təqvim xidməti, 09 il 06 ay 06 gün güzəştli xidmət, 09 il 07 ay 12 gün iş stajı olaraq hesablanmışdır. Göründüyü kimi, ona qanunsuz və əsassız olaraq, təminat xərcliyinin 62%- miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən iddiaçıya 755.40 (yeddi yüz əlli beş manat qırx qəpik) manat məbləğində əmək pensiyası təyin edilmişdir. Belə ki, təyin olunmuş pensiya məbləği düzgün hesablanmamışdır. Bu barədə cavabdeh orqana müraciət olunsa da, cavabdeh hesablamanı düzgün aparmamış və nəticədə onun pensiya təminatı hüququnu kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddianın mümkünlük şərtləri yoxlanılmış, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, zəruri sənədlər toplanılmış və iş üzrə şifahi məhkəmə baxış iclası 29.04.2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, o, Qubadlı rayonu istiqamətində ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla yanaşı, SSRİ Daxili İşlər Nazirliyində və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində uzun müddət işləmişdir. İddiaçı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təqdim olunmuş məlumat vərəqəsindəki göstərilmiş 37 il 06 ay 21 gün iş stajı ilə razılaşmayaraq, pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iddianı qəbul etməyərək, təmsil etdiyi inzibati orqan tərəfindən verilmiş imtinanın əsaslı olduğunu bildirmiş və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin nümayəndəsi X3 iddianı qəbul etməyərək, məhkəmədən iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı cavabdehlərə müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə ərizənin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehlərin üzərinə pensiya məbləğinin yenidən hesablanması barədə öhdəliyin qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilmiş 1313 №-li pensiya vəsiqəsindən görünür ki, baş çavuş İddiaçı 04 iyun 2011-ci ildən Xüsusi Dövlət Mühafizə Xidmətinin pensiyaçısıdır. - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 63/2919 saylı, 19.12.2019-cu il tarixli məktubun surətindən görünür ki, hərbi xidmətdən buraxıldıqdan sonra İddiaçı əmək pensiyasının təyin edilməsi və sonraki artımlar zamanı pensiyanın yenidən hesablanması üçün təminat xərcliyinin barədə məlumatlar Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentinə göndərilmişdir. Hal-hazırda pensiyanın hesablanması barədə məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat idarəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 63/192 saylı, 30.01.2020-ci il tarixli məktubun surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən (04.06.2011-ci il tarixinə) İddiaçı xidmət müddəti göstərilən qaydada hesablanmşdır: təqvim xidmət: 18 il 05 ay 03 gün, güzəştli xidmət 09 il 06 ay 06 gün, iş stajı 09 il 07 ay 12 gün, ümumilikdə 37 il 06 ay 21 gün. Həmin hesablanma arxiv şəxsi işin əsasında yenidən yoxlanılmışdır və heç bir səhf aşkar olunmamışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən İddiaçı xidmət müddəti düzgün hesablanmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış **********0 saylı, 27 oktyabr 2020-ci il tarixli imtina məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təqdim olunmuş 14 iyun 2011-ci il tarixli 431 nömrəli məlumat vərəqəsində göstərilmiş 37 il 6 ay 21 gün (təqvimi xidmət illəri 18 il 5 ay 3 gün, iş stajı 9 il 7 ay 12 gün, güzəştli xidmət illəri 9 il 6 ay 6 gün) müddətinə görə iddiaçıya 24 iyun 2011-ci il tarixində Mərkəzi Filial tərəfindən təminat xərcliyinizin 62 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındaki sonrakı artımlar nəzərə alınmaqla 01 mart 2018-ci il tarixinədək təminat xərcliyinin (920,50 manat) 62 faizi-570,71 manat məbləğində əmək pensiyası qanunvericiliyə uyğun olaraq hesablanaraq ödənilmişdir. 01 mart 2018-ci il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən iddiaçının sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşının 595,00 manat, rütbə maaşının 102,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəsi-174,25 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 10 faizi miqdarında əlavənin-59,50 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 994,75 manat təşkil etmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın tələblərinə uyğun olaraq əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.2-ci maddəsində nəzərdə tutulan qaydada 25 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarını" sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 1 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -25 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -25 ildən artıq xidmət müddətinin (12 il) hər ili üçün 1 faiz tətbiq edilməklə (12 x 1) təminat xərcliyinin 12 faizi; -natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 0,50 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 62,50 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyinin (920,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyinin (994,75 manat) arasındakı fərq məbləğinin (74,25 manat) 62,50 faizi- 46,41 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (570,71 manat) üzərinə əlavə olunmaqla 617,12 manat məbləğində əmək pensiyası iddiaçıya ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşının 745,00 manat, rütbə maaşının 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavənin-215,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 10 faizi miqdarında əlavənin-74,50 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 1216,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs edilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyinin (994,75 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyinin (1216,00 manat) arasındakı fərq məbləğinin (221,25 manat) 62,50 faizi-138,28 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (617,12 manat) üzərinə əlavə olunmaqla 755,40 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Məhkəmə icraatı zamanı təqdim olunmuş 11/1539 saylı pensiya işindən görünür ki, İddiaçı 22 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikas Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, ona yaşa grə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və AR DMSF-nun Xətai rayon şöbəsinin 11/1539 saylı, 24 iyun 2011-ci il tarixli qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Qanununun 20.14.2-ci maddəsinə müvafiq olaraq 05.06.2011-ci il tarixdən ömürlük olaraq yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği – 468,72 manat müəyyən edilmişdir. Azərbaycan Repsublikas Xüsusi Mühafizə Xidməti tərəfindən DSMF-yə ünvanlanmış məlumat vərəqəsindən və 04 iyun 2011-ci il tarixli, № 83 şh saylı əmrdən çıxarışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü baş çavuş İddiaçı 04 iyun 2011-ci il tarixdən tutduğu vəzfiədən azad edilməklə şəxsi heyətin siyahısından çıxarılmşdır. 04.06.2011-ci il tarixədək İddiaçı xidmət illəri ümumilikdə 37 il 06 ay 21 gün (təqvim xidmət: 18 il 05 ay 03 gün; iş stajı: 09 il 07 ay 12 gün; güzəştli xidməti: 09 il 06 ay 06 gün) təşkil edir. İddiaçı təminat xərcliyi isə ümumilikdə 738,25 manat (vəzifə maaşı-405 manat; rütbə maaşı – 102 manat; xidmət illərinə görə əlavə - 126,75 manat (25%); ərzaq payı əvəzinə kompensasiya -64 manat; məharət dərəcəsinə görə - 40,50 manat (10%)) müəyyən edilmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1964-cü ildir, iddiaçı təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin onun müraciətindən imtina olunmuşdur. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, iddiaçıya təyin olunmuş pensiya məbləği Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti (hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) tərəfindən göndərilmiş məlumat vərəqi, həmçinin, hesablama aparılan zaman “Əmək pensiyaları haqqında” Qanunun 20.14.2-ci və “Hərbi qulluqçularn pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinin tələblərinə riayət olunaraq hesablanması müəyyənləşdirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)— hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən, Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; (20.14.1-ci maddə) hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla (20.14.2-ci maddə). “Hərbi qulluqçularn pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən, xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular. b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər. Həmin Qanunun 13-cü maddəsinə əsasən, xidmət illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin olunur: a) 20 il və daha çox xidmət etmiş hərbi qulluqçulara (12-ci maddənin “a” bəndi) 20 il xidmət üçün müvafiq təminat xərcliyinin (40-cı maddə)-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara isə 55 faizi; 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi; b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə (12-ci maddənin “b” bəndi) müvafiq təminat xərcliyinin – 50 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;. “Əmək pensiyaları haqqında” Qanun və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın təhlilindən göründüyü kimi, bu qanunvericilik aktları hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyinin onların xidmətdən buraxıldığı günə olan pul təminatından həmin günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən) hesablanmasını imperativ qaydada tələb edir. İddiaçının məlumat vərəqi də məhz bu şəkildə tərtib olunmuş, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində və Qaydaların 2-ci bəndində nəzərdə tutulduğu kimi, 14.06.2011-ci il tarixli məlumat vərəqi tərtib edilərkən iddiaçının aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzində kompensasiya və vəzifə maaşından hesablanan digər növ əlavə kimi məharət dərəcəsi də nəzərə alınmışdır. İddiaçı tərəfindən mübahisələndirilən hal odur ki, onun xidmətdən buraxılanadək 20 təqvim ildən çox təqvim ili olduğu halda, ona əsassız olaraq təminat xərcliyinin 62% miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə iddiaçıya təyin olunmuş əmək pensiyası məbləğinin düzgünlüyünü yoxlayarkən, onun pensiya məbləğinin məhz “Əmək pensiyaları haqqnda” Qanunun 20.14.2-ci və “Hərbi qulluqçularn pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq hesablanmalı olması qənaətinə gəlmişdir. Belə ki, təqdim olunmuş pensiya işindən də göründüyü kimi, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə müvafiq olaraq (yaşa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının yaşa görə hərbi xidmətdən ethiyata buraxıldığını nəzərə aldıqda, onun pensiya məbləğini müəyyən edərkən, 25 təqvim ilindən çox stajı təminat xərcliyinin 50%, 25 ildən yuxarı hərbi xidmətin hər ili isə müvafiq olaraq təminat xərcliyinin 1% əsasında hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilmiş məlumat vərəqini pensiya işində olan xidmət illərinin hesablanması barədə arayış ilə birgə təhlik etdikdə müəyyən edir ki, iddiaçının xidmət illəri ümumilikdə 37 il 06 ay 21 gün (təqvim xidmət – 18 il 05 ay 03 gün; güzəştli xidmət – 09 il 06 ay 06 gün; iş stajı-09 il 07 ay 12 gün) təşkil edir. Beləliklə, “Əmək pensiyaları haqqnda” Qanunun 20.14.2-ci və “Hərbi qulluqçularn pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, iddiaçının xidmət illərinin 25 ili –təmin xərcliyinin 50%, yerdə qalan 12 il 06 ay 21 günü isə (37 il 06 ay 21 gün-25 il) hər ilə görə təminat xərcliyinin 1% miqdarında (12 x 1%+(6/12 x 1%)=12,5%) hesablandığı halda, iddiaçının pensiya məbləği təminat xərcliyinin artım hissəsinə tətbiq olunan 62,5% faiz əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”n 1-ci bəndinə (2-ci abzas) əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin “Qaydalar”ın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin “Qaydaları”ın 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Göründüyü kimi, hərbi qulluqçular sırasından olan şəxsələrə pensiya təyin edilməsi zamanı həm ilkin pensiya təyinatı üçün, həm də təminat xərcliyində baş verən artımlarla bağlı pensiyanın yenidən hesablanması üçün iddiaçının xidmət etdiyi orqan tərəfindən məlumat vərəqinin tərtib olunaraq DSMF orqanına göndərilməsi tələb olunur. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən qanuni və əsaslı olaraq imtina edildiyindən, İddiaçı pensiyanın yenidən hesablanması barədə tələbi əsassızdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3108/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3108/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver