Məhkəmə qərarları › İş №2-1(112)-3108/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3108/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3108/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı “ata adının dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək İddiaçı ata adının dəyişdirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, mərhum atası X1 rayonunda anadan olmuşdur. Bütün rəsmi sənədlərdə atasının adı Məcid yazılmışdır. Yalnız ona məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində Abdul yazılmışdır. Əvvəllər rayon yerində atasının adı müxtəlif cür səsləndirilmişdir. Belə ki, atasını Abdulməcid, Məcid və Abdul kimi çağırmışlar. Əvvəllər atasının adının hansı formada yazılması sənədləşmə işlərində hər hansı bir çətinlik yaratmamışdır. Hazırda atası və anası dünyasını dəyişdiyindən onlara məxsus olan torpaq sahəsinin vərəsəlik qaydasında adına sənədləşdirilməsi zamanı çətinlik yaranmışdır. Belə ki, ona məxsus olan doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində atasının adı Abdul kimi qeyd edildiyi üçün, həmin sənədlərdə isə Məcid yazıldığı üçün vərəsəlik haqqında şəhadətnaməni ala bilmir. Valideynlərinin yeganə övladı odur. Bu halla bağlı Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdəndə mərhum X2 adının dəyişdirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. İV ЖГ № 38451 doğum haqqında şəhadətnaməyə əsasən X3 5 aprel 1967-ci il tarixində Qax rayonu, Almalı kəndində doğulmuşdur. (Atası: X5)

4. 28.09.2004-cü il tarixli vəsiyyətnaməyə əsasən X1 rayonu, Almalı kəndində yerləşən evini və bütün əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. (Reyestrdə 12 nömrə ilə qeyd edilib)

5. AZ-İ № 569215 Azərbaycan Respublikası Ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2012-ci il tarixində ölmüşdür.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir Qax rayonu, Almalı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı xx.xx.2012-ci il tarixli ölüm haqqında akt qeydində ölən şəxsin adının "Məcid”-dən “Abdul”-a dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizə qeydiyyat şöbəsində icrası mümkün deyil. Yuxanda göstərilənləri nəzərə alaraq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

7. Azərbaycan Respublikası Qax rayonu İcra Hakimiyyəti Almalı kənd nzibati ərazi dairəsi tərəfindən verilmiş 171 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən mərhum X4 ilə X5 eyni şəxs olmuşdur.

8. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir.

II. İddianın mümkünlüyü

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə: 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:

18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.

12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Vərəsəlik münasibətlərindən irəli gələn tələblər;

13. 28.09.2004-cü il tarixli vəsiyyətnaməyə əsasən X1 rayonu, Almalı kəndində yerləşən evini və bütün əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. (Reyestrdə 12 nömrə ilə qeyd edilib)

14. Məhkəmə hesab edir ki, iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi mərhumun vərəsəsi kimi vəsiyyətnamənin icrası ilə bağlı hüququn qeydə alınmasından imtina edən quruma (şəxsə) qarşı məhkəmə iddiasıdır.

15. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar