Məhkəmə qərarları › İş №2-1(112)-3109/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3109/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3109/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X4 və X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “müavinətin yenidən hesablanaraq ödənilməsi və yeni məlumat vərəqinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən təxris məsələlərini həll etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş, lakin ona verilməmiş 2016-cı ilin 13-cü əmək haqqı mükafatının faiz dərəcəsinin və həmin günlər üçün mənzilkirayə müavinətinin (Baki şəhəri ücün), müharibə veteranları üçün müavinətin hal-hazırki ehtiyac meyarı ilə indeksləşdirərək ödənilməsi, habelə X10 güzəştli şərtlərlə xidmət etdiyi nəzərə alınaraq, 1,5 əmsal tətbiq etməklə 3 ayliq müddət üçün, yəni 4 ay 15 gün yenilənmiş məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi Təyinatla Şərtlər İdarəsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək 1) hərbi qulluqçulara xidmət ili ərzində vəzifələrinin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə 2016-cı ildə verilmiş birdəfəlik pul mükafatının (13,14) qanunsuz olaraq tutulmuş 25 faizinin hesablanaraq ödənilməsi; 2) 2016-cı ildə ehtiyata buraxılarkən tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməmiş növbəti məzuniyyətin 90 təqvim günü ərzində ödənilməli müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq ödənilməsi, 3) həmin günlər (90 təqvimi) üçün mənzil kirayə kompensasiyasının hesablanaraq ödənilməsi; 4) tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməyən növbəti məzuniyyət günlərinin 90 təqvim gününü ümumi xidmət illərinə 135 gün əlavə edilməklə, hesablanaraq yeni “Məlumat vərəqi”nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə (Dövlət Sərhəd Xidmətinə) həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmənin hazırki iş üzrə tarixli Qərardadı ilə iddia tələbi “hərbi qulluçulara xidmət ili ərzində vəzifələrinin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə 2016-cı ildə verilmiş birdəfəlik pul mükafatının (13,14) qanunsuz olaraq tutulmuş 25 faizinin hesablanaraq ödənilməsi, 2016-cı ildə ehtiyata buraxılarkən tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməmiş növbəti məzuniyyətin 90 təqvim günü ərzində ödənilməli müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq ödənilməsi, həmin günlər (90 təqvim günü) üçün mənzil kirayə müqaviləsinin hesablanaraq ödənilməsi, tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməyən növbəti məzuniyyət günlərinin 90 təqvim gününü ümumi xidmət illərinə 135 gün əlavə edilməklə yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Dövlət Sərhəd Xidmətinin həvalə edilməsi” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-ci il DSX rəisinin sərəncamına uyğun olaraq xx.xx.2016-cı ildə vəzifəni təhvil-təslim edərək Lənkərandan Bakıya gəlmiş, xx.xx.2016-cı il tarixdə ehtiyata buraxılmışdır. İddiaçı 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasinin Qanununun 120-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən növbəti 3 aylıq məzuniyyətdən istifadə etməmişdir. İddiaçı istifadə etmədiyi 3 aylıq məzuniyyətə görə kompensasiya ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Ali Məhkəməninin xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsində ilkin idda tələbinin təmin olunması barədə qərar qüvvəsində saxlanılmişdir. Məhkəmənin qərari icra edilmiş, iddiaçı müvafiq kompensasiyanı tam almışdır. Lakin kompensasiyanin ödənilməsinə baxmayaraq, həmin dövr, yəni 3 aylıq müddət iddiaçının ümümi xidmət illərinə daxil edilməmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi və sair” tələbi ilə Bakı inzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı daha sonra məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, “hərbi qulluqçulara xidmət ili ərzində vəzifələrin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə 2016-cı ildə verilmiş birdəfəlik pul mükafatının (13,14) qanunsuz olaraq tutulmuş 25%-nin hesablanaraq ödənilməsi, 2016-cı ildə ehtiyata buraxılarkən tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməmiş növbəti məzuniyyətin 90 təqvim günü ərzində ödənilməli müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq ödənilməsi, həmin günlərin (90 təqvim günü) üçün mənzil-kirayə müqaviləsinin hesablanaraq ödənilməsi və tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməyən növbəti məzuniyyət günlərinin 90 təqvim gününü ümumi xidmət illərinə 135 gün əlavə edilməklə yeni məlumat vərəqinin DSMF-nin XŞT üzrə Mərkəzi Filialına göndərilməsi” öhdəliyinin cavabdeh DSX-nin üzərinə qoyulmasını xahiş etmişdir. İş üzrə toplanmış müvafiq sənədləri Məhkəməyə təqdim etməklə bildirilir ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu polkovnik-leytenant İddiaçı Dövlət Sərhəd Xidməti rəisi - X5 xx.xx.2016-cı il tarixli 1314 ş/h №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu (öz arzusu ilə) maddəsinə müvafiq olaraq Sərhəd Nəzarətində əvvəlki “Hava Nəqliyyatında” X17) həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Qoşmaya əlavə edilmiş AR DSX-nin Sərhəd Nəzarəti rəisinin nizami hissə üzrə 0291 №-li xx.xx.2023-cü il tarixli “Hava X6 Dəstəsi rəisinin nizami hərbi hissə üzrə xx.xx.2016-cı il tarixli 0233 №-li əmrinə dəyişiklik edilməsi haqqında” əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı 2016-cı ilin növbəti məzuniyyətindən tam istifadə etmiş, bütün təminat müavinətlərini və maddi yardım almışdır. Polkovnik-leytenant İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan xidmət dövrünə görə birdəfəlik pul mükafatını 75% həcmində almağa layiqdir. Polkovnik-leytenant İddiaçı xx.xx.2016-cı il tarixə xidmət illəri təqvimi - 25 il, 03 ay, 20 gün, güzəştli 11 il, 09 ay, 18 gün olmaqla cəmi 37 il, 01 ay, 08 gün təşkil edir. Yuxarıda adıçəkilən əmrə dəyişikliyin əsası olaraq isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-351/2023 nömrəli qərarı qeyd edilmişdir. İddiaçının hərbi qulluqçulara xidmət ili ərzində vəzifələrin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə 2016-cı ildə verilmiş birdəfəlik pul mükafatının (13,14) qanunsuz olaraq tutulmuş 25%-nin hesablanaraq ödənilməsi tələbinə münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin (bundan sonra - Əsasnamə) 4.81-ci bəndinə görə, qoşunlarda yüksək döyüş hazırlığının saxlanılmasında nailiyyətlər əldə etmiş, xidməti vəzifələrini vicdanla yerinə yetirilmiş və nöqsansız xidmət etmiş zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına ilin yekunlarına görə əsas vəzifə və hərbi rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir. Həmin Əsasnamənin 4.83-cü bəndinə əsasən hərbi qulluqçulara mükafatın ödənilməsi hərbi hissə komandirinin əmri əsasında həyata keçirilir. Əmrdə mükafatın kimə və hansı faiz həcmində ödənilməli olduğu əks etdirilir. Beləliklə, iddiaçı sabiq sabiq hərbi qulluqçu polkovnik-leytenant İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən barəsində yuxarıda adıçəkilən hərbi hissə komandirinin əmrində ona birdəfəlik pul mükafatı 1,5 misli həcmində (75%) qeyd edildiyi üçün əlavə 25% faizin ödənilməsi mümkün deyildir. Birdəfəlik pul mükafatı adından da göründüyü kimi qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və nöqsansız intizama görə verilir. Yəni, birdəfəlik pul mükafatı hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq verilən pul təminatıdır və daimi xarakter daşımır. Hərbi qulluqçunun hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq alınan əlavələrinə münasibətdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqçunun həmin mükafata layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə etmiş olar. Başqa sözlə, yalnız hərbi hissə rəhbərliyinin qiymətləndirməsi ilə hərbi qulluqçu birdəfəlik pul mükafatına layiq olduğu qənaətinə gəlindikdə müvafiq əmrlə pul mükafatı verilir. Göstərilənlərə əsasən bildirilir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi qanunsuz olaraq 25% tutulma həyata keçirilməsi ilə bağlı iddiası əsassızdır. İddiaçının 2016-cı ildə ehtiyata buraxılarkən tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməmiş növbəti məzuniyyətin 90 təqvim günü ərzində ödənilməli müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq ödənilməsi tələbinə münasibətdə bildiririk ki, müharibə veteranlığı ilə bağlı ödənilən müavinətlər DSMF-nin müvafiq struktur qurumu tərəfindən ödənildiyi (Hərbi qulluqçular Silahlı Qüvvələrin ehtiyatına buraxılıdığı gündən müharibə veteranlığı ilə bağlı ödənilən müavinət DSMF tərəfindən həyata keçirilir) və Dövlət Sərhəd Xidmətinin büdcə xərc smetasında bu kimi müavinətlə bağlı vəsaitin mövcud olmadığı nəzərə alınaraq DSX tərəfindən hazırkı halda iddiaçının bu tələbinin də icrası mümkünsüz olmuşdur. İddiaçının 90 təqvim günü üçün mənzil-kirayə müqaviləsinin hesablanaraq ödənilməsi tələbinə gəldikdə bununla bağlı müvafiq struktur quruma sorğu göndərilmiş və sorğuya cavabda qeyd edilmişdir ki, hərbi hissənin maliyyə təsərrüfat faəliyyəti təftiş olunması səbəbindən saxlama müddəti bitmiş bütün paylama cədvəlləri məhv olunduğu üçün mənzil əvəzi kirayə kompensasiyasının hesablanaraq ödənilməsi mümkün olmamışdır. Qoşmaya əlavə edilmiş İddiaçı məxsus sonuncu dəfə, yəni xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Məlumat vərəqəsindən görünür ki, iddiaçının hazırkı tarixə təqvim üzrə xidmət illəri 25 il, 03 ay, 19 gün və cəmi iş stajı (güzəştli xidmət illəri nəzərə alınmaqla) 37 il, 05 ay, 27 gün təşkil edir. Tərtib edilmiş məlumat vərəqi DSMF-nin XŞT üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixli, 1394m №-li məktubla aidiyyəti üzrə göndərilmişdir. Habelə müvafiq Əsasnaməyə əsasən: 1.1.Pul təminatı haqqında Əsasnamə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatının norma və ödəniş qaydaları müəyyən edilir. DSX-nın hərbi qulluqçularının pul təminatı aşağıdakılardan ibarətdir: 1.1.1. hərbi rütbə və vəzifə maaşlarından; 1.1.2. Pul təminatının əlavə növlərindən və yol təminatından. 1.9. Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilməmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən cox olmayan müddətdə ödənilir. Birdəfəlik pul müavinəti bu müavinətə hüququn yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa, ödənilir. Göründüyü kimi, qanunverici hərbi qulluqçuların, o cümlədən ehtiyatda olan hərbi vəzifəlilərin almadığı pul təminatının sonradan tələb edilməsi hüququnu tanımış, lakin hüququ müddətlə məhdudlaşdırmışdır. Lakin iddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı 2016-cı ildə verilməli olan pul təminatını almadığını bildirsə də, bununla bağlı 7 il sonra, 2023-cü il tarixdə cavabdehə müraciət etmiş, bununla da yuxarıda istinad edilən normativ sənədə əsasən müəyyən edilmiş müddəti ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı Sahməmməd oğluna iddia ərizəsində qeyd etdiyi müddətlər üzrə ödənişin edilməsi imkan xaricindədir.

6. İddiaçı tərəfindən təqdim edilən etiraza münasibət ərizələrində qeyd edilmişdir ki, İddiaçı DSX Rəisinin 1314Ş/H əmri ilə “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41.0.9-cu maddəyə əsasən pensiya hüqüqu 100% əvəzinə 98% olmaqla ehiyata buraxılmışdır. İddiaçının xidmət illəri 36 il 10 ay 8 gün hesablanmışdır. İddiaçı xidmət etdiyi vaxt intizam cəzası ilə tənbeh olmamış və tabeliyində rəhbərlik etdiyi bölmə verilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmiş, tabeliyində olan şəxsi heyət 100% pul mükafatı ilə təmin olunmuşdur. İddiaçı isə 2016-ci ilin avqust ayında buraxıldığı və ilin xidməti döyüş fəaliyyəti 2016-ci ili tamamlanmadıgına görə 13-14-cü əmək haqqi 75% olaraq ödənilmişdir. Əlavə olaraq bildirilir ki, Hərbi xidmət keçmə haqqında Əsasnamənin 164-cü maddəsinə əsasən hərbi xidmətdən Əsasnamənin 156-ci maddəsinin “E” və “Ə” bəndlərindən başqa 20 il və daha artıq xidmət etmiş, Silahli Qüvvələr qarşısında xüsüsi xidmətləri olan şəxslərə hərbi geyim daşıması hüququ ilə ehtiyata buraxılarkən mükafatlandırılmışdır. İddiaçı xx.xx.2017-ci il tarixdə 25 il qüsursuz xidmətinə görə ehtiyatda olaraq Silahli Qüvvələr veteranı medalı ilə təltif olmuşdur. Xidmət iləri 135 gün (4 ay) yarim əvəzinə 90 gün (3 ay) hesablanaraq, açıqlanmayan səbəbdən 45 gün kəsirlə DSX Kadlar idarəsi tərəfindən hesablanaraq xx.xx.2024-cü il tarixində DSMF X16 üzrə Mərkəzi Filialina göndərilmişdir. Nazirlər Kabinetin 631 saylı qərarının “b” bəndinə əsasən güzəştli xidmət nəzərə alınmamişdir (sonuncu vəzifə Lənkəran Hava limani X12 rəisi vəzifəsi). Hazırda qüvvədə olan Əmək pensiyaları haqqında Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-351/2023 nömrəli Qərarına əsasən müəyyən olunur ki, Bakı İnzibati məhkəməsinin 2 mart 2022-ci il 2-1(112)-611/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdehin (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin) üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2- 1(103)-2152/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-351/2023 nömrəli Qərarı ilə cavabdehi kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2152/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hava X6 Dəstəsi Rəisinin nizami hissə üzrə xx.xx.2016-cı il tarixli, 0233 nömrəli Əmrindən Çıxarışa əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41.0.9 maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin rəisi - X5 sərəncamında olan polkovnik-leytenant İddiaçı xx.xx.2016-cı il tarixdən Hava X6 dəstəsində, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Polkovnik-leytenant İddiaçı şəxsi işi saxlanılması və hərbi qeydiyyata götürülməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Binəqədi rayon idarəsinə göndərilmişdir. Polkovnik-leytenant İddiaçı 2016-cı ilin növbəti məzuniyyətindən istifadə etmiş, bütün təminat müavinətlərini və maddi yardım almışdır. Polkovnik-leytenant İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək vəzifə və rütbə maaşının 1,5 misli həcmində (75%) birdəfəlik pul mükafatı almağa layiqdir. Polkovnık-leytenant İddiaçı xx.xx.2016-cı il tarixə xidmət illəri: Təqvimi: 25 il, 00 ay, 20 gün; Güzəştli: 11 il, 09 ay, 18 gün; Cəmi: 36 il, 10 ay, 08 gün. Əsas: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - X5 xx.xx.2016-ci il tarixli 1374 ş/h saylı əmri.

9. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin nizami hissə üzrə xx.xx.2023-cü il tarixli, 0291 nömrəli “Hava X6 Dəstəsi rəisinin nizami hissə üzrə 20.082016-cı il tarixli 0233 №-li əmrinə dəyişiklik edilməsi haqqında” Əmrindən Çıxarışa əsasən ehtiyatda olan polkovnik-leytenant İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasına dair Hava X6 Dəstəsi rəisinin nizami hissə üzrə xx.xx.2016-cı il tarixli 0233 №-li əmrinin 2-ci paraqrafına aşağıdakı dəyişikliklər edilmişdir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq: Dövlət Sərhəd Xidmətinin rəisi - X5 sərəncamında olan polkovnik-leytenant İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmişdir. Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə göndərilmişdir. Polkovnik-leytenant İddiaçı «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və «Hərbi xidmətkeçmə haqqında» əsasnamənin 120-ci maddəsinə müvafiq olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 3 (üç) ay müddətinə məzuniyyət verilməklə xx.xx.2016-cı tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış hesab edilmişdir. Polkovnik-leytenant İddiaçı 2016-cı ilin növbəti məzuniyyətindən tam istifadə etmiş, bütün təminat müavinətlərini və maddi yardım almışdır. Polkovnik-leytenant İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan xidmət dövrünə görə birdəfəlik pul mükafatını 75 % almağa layiqdir. Polkovnik-leytenant İddiaçı xx.xx.2016-cı il tarixə xidmət illəri: Təqvimi: 25 il, 03 ay, 20 gün; Güzəştli: 11 il, 09 ay, 18 gün; Cəmi: 37 il, 01 ay, 08 gün. Əsas: Dövlət Sərhəd Xidmətinin rəisi - X5 xx.xx.2016-cı il tarixli 1374 ş/h nömrəli əmri. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-351/2023 nömrəli qərarı.

10. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən İddiaçı “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” təyin edilməmişdir. Əlavə olaraq bildirilir ki, həmin altsistemdə olan məlumata əsasən iddiaçıya xx.xx.2019cu il tarixdən müharibə veteranı kimi 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənişi davam etdirilir.

11. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 0036 nömrəli vəsiqəyə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən vəsiqəsinin sahibi silahlı qüvvələrinin veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

12. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli Kirayə müqaviləsinə əsasən kirayəyə verən X2 AR ƏMDK yanında DƏDRX Lənkəran ərazi İdarəsindən xx.xx.2013-cü ildə verilmiş RX № ******* saylı Çıxarışa əsasən özünəməxsus olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı 1 nömrəli mənzili X1 verməyi öhdəsinə götürmüşdür.

13. Reyestrdə 3M-186 nömrə ilə qeyd edilən xx.xx.2017-ci il tarixli Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə əsasəm kirayəyə verən X9 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 46 kv/m olan 3 otaqlı mənzili İddiaçı kirayəyə vermişdir.

14. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Xətai Rayon İcra Hakimiyyəti Başçısının 204 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən 4 nəfər (özü, arvadı, qızı, oğlu) ailə tərkibi ilə birlikdə ehtiyatda olan zabit kimi güzəştli mənzil növbəsindədir.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri yazılı etirazın məzmununa uyğun izahat verərəl iddianın təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

17. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

21. X21 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

22. İddia tələbinin məzmunundan görünür ki, hazırki iş üzrə iddia tələbi 4 hissədən ibarətdir: 1) hərbi qulluqçulara xidmət ili ərzində vəzifələrinin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə 2016-cı ildə verilmiş birdəfəlik pul mükafatının (13,14) iddiaçıya münasibətdə qanunsuz olaraq tutulmuş 25 faizinin hesablanaraq ödənilməsi; 2) 2016-cı ildə ehtiyata buraxılarkən tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməmiş növbəti məzuniyyətin 90 təqvim günü ərzində ödənilməli müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq iddiaçıya ödənilməsi; 3) 2016-cı ildə ehtiyata buraxılarkən tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməmiş növbəti məzuniyyətin 90 təqvim günü üçün mənzil kirayə kompensasiyasının hesablanaraq ödənilməsi; 4) tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməyən növbəti məzuniyyət günlərinin 90 təqvim gününü ümumi xidmət illərinə 135 gün əlavə edilməklə, hesablanaraq yeni “Məlumat vərəqi”nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə (Dövlət Sərhəd Xidmətinə) həvalə edilməsi. 23.İddiaçı tərxisi ilə bağlı əmrlə müəyyən edilmiş imtiyazların həcminin artırılmasını tələb edir. 24.Məhkəmə qeyd edir ki, iddiaçının istifadə edilməmiş məzuniyyətə görə kompensasiya tələbinə qüvvədə olan məhkəmə aktı ilə mahiyyəti üzrə qiymət verildiyindən (iddia təmin edilmişdir) və hazırkı tələb məhz həmin qərarın icrasının sonrakı nəticələri ilə bağlı olduğundan qeyd edilən tələblərə mahiyyəti üzrə qiymət verilməlidir. 25.Məhkəmə iddia tələbinin birinci hissəsinə (birdəfəlik pul mükafatının tutulmuş 25 faizinin iddiaçıya ödənilməsi) münasibətdə müəyyən edir: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin (bundan sonra - Əsasnamə) 4.81-ci bəndinə görə, qoşunlarda yüksək döyüş hazırlığının saxlanılmasında nailiyyətlər əldə etmiş, xidməti vəzifələrini vicdanla yerinə yetirilmiş və nöqsansız xidmət etmiş zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına ilin yekunlarına görə əsas vəzifə və hərbi rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir. - Həmin Əsasnamənin 4.83-cü bəndinə əsasən hərbi qulluqçulara mükafatın ödənilməsi hərbi hiss komandirinin əmri əsasında həyata keçirilir. Əmrdə mükafatın kimə və hansı faiz həcmində ödənilməli olduğu əks etdirilir. - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hava X6 Dəstəsi Rəisinin nizami hissə üzrə xx.xx.2016-cı il tarixli, 0233 nömrəli Əmrindən Çıxarışa və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin nizami hissə üzrə xx.xx.2023-cü il tarixli, 0291 nömrəli “Hava X6 Dəstəsi rəisinin nizami hissə üzrə xx.xx.2016-cı il tarixli 0233 №-li əmrinə dəyişiklik edilməsi haqqında” Əmrindən Çıxarışa əsasən Polkovnik-leytenant İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək vəzifə və rütbə maaşının 1,5 misli həcmində (75%) birdəfəlik pul mükafatı almağa layiqdir. - Məhkəmə qeyd edir ki, birdəfəlik pul mükafatı daimi xarakter daşımamaqla yanaşı, hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq verilən pul təminatıdır. Belə ki, yalnız hərbi hissə rəhbərliyinin qiymətləndirməsi ilə hərbi qulluqçunun birdəfəlik pul mükafatına layiq olduğu qənaətinə gəlindikdə müvafiq əmrlə ona pul mükafatı verilir. Belə olan təqdirdə hərbi qulluqçunun birdəfəlik pul mükafatına layiq görüləcəyi qənaətinə gəlmək və mükafatın dəyərini müəyyənləşdirmək inzibati orqanın diskresion səlahiyyətlərinə daxildir. Müvafiq Əsasnamə xx.xx.2018-ci il tarixli olsa da (iddiaçı 2016cı ildə tərxis olunub), qeyd edilən dövrdə fərqli tənzimləmə olduğu və iddiaçının tələbinin hüquqi əsası məhkəmə tərəfindən müəyyən edilmir. 26.Məhkəmə iddia tələbinin qalan hissəsinə (ikinci, üçüncü və dördüncü hissələrinə) münasibətdə bildirir ki, iddia tələbi əsasında mənzil kirayə kompensasiyasının və müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi ilə bağlı mübahisənin həll edilməsi üçün İddiaçı münasibətdə hesablanmalı olan hərbi xidmət illərinin müddətinin müəyyən edilməsi vacibdir. 27.Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı İnzibati məhkəməsinin 2 mart 2022-ci il 2-1(112)-611/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2152/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-351/2023 nömrəli Qərarı ilə cavabdehi kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli 2-1(103)-2152/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 28.Məhkəmə qeyd edir ki, Bakı İnzibati məhkəməsinin 2 mart 2022-ci il 2-1(112)-611/2022 nömrəli qərarı (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022ci il tarixli, 2-1(103)-2152/2022 nömrəli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-351/2023 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır) ilə İddiaçı 3 aylıq (90 təqvim günü) növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi nəzərdə tutulmuşdur. Bakı İnzibati məhkəməsinin 2 mart 2022-ci il 2-1(112)-611/2022 nömrəli qərarı qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən müvafiq kompensasiya ödənilməklə yanaşı, iddiaçının xidmət ili müddəti 3 ay (90 təqvim günü) artıq hesablanmışdır. Belə ki, Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan xx.xx.2023-cü il tarixli Məlumat Vərəqində İddiaçı xidmət illəri 25 il 19 gün qeyd olunsa da, xx.xx.2023-cü il tarixli Məlumat Vərəqində İddiaçı xidmət illəri 25 il 3 ay 19 gün hesablanmışdır. 29.Məhkəmə qeyd edir ki, iddiaçının xidmət illərinin 3 ay əlavə hesablanmasına və xx.xx.2023-cü il tarixli Məlumat Vərəqində ehtiyata buraxılma tarixinin xx.xx.2016-cı il kimi qeyd olunmasına baxmayaraq, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hava X6 Dəstəsi Rəisinin nizami hissə üzrə xx.xx.2016-cı il tarixli, 0233 nömrəli Əmrindən Çıxarışa əsasən xx.xx.2016-cı il tarixdə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır və faktiki olaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı tarixədək olan dövr ərzində hərbi xidmətdə olmamış, buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən (90 gün) xidmət illərinə daxil edilərək yenilənmiş məlumat vərəqinə əlavə edilmişdir. Belə ki, Ali Məhkəmənin qeyd edilən 2-1(102)- 351/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarının 26-27-cı bəndlərində da qeyd edilmişdir ki: ...Nəzərə almaq lazımdır ki, iddiaçının istifadə etdiyi 45 günlük məzuniyyət hərbi qulluqçulara hər təqvim ili verilməsi nəzərdə tutulan növbəti məzuniyyətə aiddir. Həmin məzuniyyət məqsədinə və təyinatına görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsində təsbit edilmiş 3 aylıq növbəti məzuniyyətdən fərqlənir. Belə ki, istinad olunan norma xüsusi tənzimləmə məqsədi daşıyır və həmin məqsəd yaşına, eləcə də xəstəliyinə görə ehiyata və ya istefaya buraxılan hərbi qulluqçulara buraxılana kimi hərbi xidmətdən buraxılmaqla bağlı məsələlərin həll edilməsi üçün həmin kateqoriyadan olan hərbi qulluqçulara müəyyən zaman tanımaqdan ibarətdir. Hazırkı mübahisəyə münasibətdə də iddiaçı məhz yaşa və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməsi nəzərdə tutulmuş həmin məzuniyyətdən istifadə etmədiyi üçün ona müvafiq kompensasiyanın ödənilməsin tələb edir və yuxarıda istinad olunan norma baxımından belə kompensasiyanı tələb etməkdə haqlıdır.

30. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının faktiki hərbi xidmətdə olmadığı dövrün onun güzəştli hesablanmaqla xidmət illərinə əlavə edilməsindən imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

31. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi əsaslandırma hüquq normalarının xəyali təfsirindən ibarətdir. Belə ki, iddiaçı Bakı İnzibati məhkəməsinin 2 mart 2022-ci il 2-1(112)- 611/2022 nömrəli qərarına istinad edərək cavabdehin üzərinə növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi nəzərdə tutulmuş 3 aylıq dövrün (90 təqvim gününün) ümumi xidmət illərinə 135 gün kimi əlavə edilməsini tələb etmişdir. Bu tələbin isə yuxarıda qeyd edildiyi kimi hüquqi əsası yoxdur. 32.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 33.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.

34. Məhkəmə nəzərə alır ki, İddiaçı cavabdehin təşəbbüsü ilə xidmət illərinə əlavə edilmiş 3 ay (90 təqvim günü) ərzində, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində faktiki olaraq hərbi xidmətdə olmadığına və hərbi vəzifələrini yerinə yetirmədiyinə görə həmin 3 aylıq dövrə münasibətdə mənzil kirayə kompensasiyanının ödənilməsini tələb etməyə də “qanuni gözlənti”si yoxdur. Digər tərəfdən həm də qeyd edilən dövrdə müharibə veteranları üçün ödənilməli sosial müavinətə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə əsasən: 1.1.Pul təminatı haqqında Əsasnamə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatının norma və ödəniş qaydaları müəyyən edilir. DSX-nın hərbi qulluqçularının pul təminatı aşağıdakılardan ibarətdir: 1.1.1. hərbi rütbə və vəzifə maaşlarından; 1.1.2. Pul təminatının əlavə növlərindən və yol təminatından. 1.9. Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilməmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən cox olmayan müddətdə ödənilir. Birdəfəlik pul müavinəti bu müavinətə hüququn yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa, ödənilir.

35. Göründüyü kimi, qanunverici hərbi qulluqçuların, o cümlədən ehtiyatda olan hərbi vəzifəlilərin almadığı pul təminatının sonradan tələb edilməsi hüququnu tanımış, lakin hüququ müddətlə məhdudlaşdırmışdır.

36. Cavabdeh tərəfindən qeyd edilən dövrdə müharibə veteranları üçün ödənilməli sosial müavinət məbləğində iddiaçıya zərər vurulduğunu məhkəmə müəyyən etmir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər ..., müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Yenə həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Bununla bağlı hüquqi mövqe “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla əsaslandırılırdı. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. 01 aprel 2019-cu il tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Odur ki, iddiaçı həmin dövr üzrə almadığı sosial müavinətin ödənilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilər.

37. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar