Məhkəmə qərarları › İş №2-1(112)-311/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-311/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-311/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mərhum anası X3 adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 600 kv. metr olan 25 saylı bağa dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək mərhum anası X3 adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 600 kv. metr olan 26 saylı bağa dair Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum anası X6 xx xxxxx 2001-ci ildən Göyüşov Sayaddan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 26 saylı bağ sahəsini almışdır. Bununla bağlı “Savalan” bağçılıq cəmiyyətinin İdarə Heyətinin iclasının xx xxxxx 2001-ci il tarixli protokolundan çıxarışa əsasən yuxarıda qeyd edilən ərazidə 600 kv. metr sahəsi olan 26 saylı bağ onun anasının adına keçirilmişdir. Eyni zamanda “Savalan” bağçılıq cəmiyyətinin üzvlüyə, buna dair üzvlük kitabçası da var. Həmin bağ sahəsi alınan gündən hal-hazıra kimi iddiaçının istifadəsindədir. Bağ hasara alınıb, içərisində ev də var. İddiaçı bağa dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqan olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir, lakin ona imtina məktubu ilə bildirilmişdir ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Həsənova Xanım və Göyüşov Sayadın adları aşkar olunmamışdır. Həmçinin, bağçılıq-yoldaşlığın bölgü sxeminə əsasən göstərilən ərazi “20” saylı bağ sahəsinin yerinə uyğun gəlir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur, çünki o, qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.1977-ci ildə verilmiş 235731 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci il tarixdə doğulmuş İddiaçı atası kimi X4, anası kimi isə X6 qeyd edilmişdir. “Savalan” bağçılıq cəmiyyətinin idarə heyətinin 1997-ci il tarixli iclas protokolundan görünür ki, iki ildən artıq müddət ərzində bağın tikintisinin başa çatdırılmaması və istismar olunmaması ilə əlaqədar olaraq, Binəli Göyüşovun ərizəsi nəzərə alınaraq, 26 saylı sahənin onun adından çıxarılması və Sayad Abuşovun adına keçirilməsi qərara alınmışdır. “Savalan” bağçılıq cəmiyyətinin idarə heyətinin xx.xx.2001-ci il tarixli iclasının protokolundan müəyyən olunur ki, iki ildən artıq müddət ərzində bağın tikintisinin başa çatdırılmaması və istismar olunmaması ilə əlaqədar olaraq, Sayad Abuşovun ərizəsi nəzərə alınaraq, Binəli Göyüşova məxsus olan bağ sahəsinin Xanım Həsənovanın adına keçirilməsi qərara alınmışdır. “Savalan” bağçılıq cəmiyyəti tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş 26 nömrəli üzvlük kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, “Savalan” yoldaşlıq bağçılıq birliyinin 55 №-li xx.xx.2001-ci il tarixli protokolu ilə birliyə üzv seçilmiş X5 Bakı şəhəri, Hövsan qəsəbəsində ümumi sahəsi 600 kv. metr olan bağ torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 649794 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 2013-cü il tarixdə ölmüşdür. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 1866 №li məktubda göstərilmişdir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X3 vərəsəsi olan oğlu-İddiaçı ərizəsi əsasında notariat ofisində ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********48 №li məktubu ilə “Savalan” bağçılıq cəmiyyətinin üzvlərinin siyahısının təsdiq olunmuş surəti göndərilmişdir. Qeyd olunan siyahıda Göyüşov Binəli İbrahim oğlunun adı qeyd olunmuşdur (№ 26). - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2020-ci il tarixli 276 №li məktubu ilə “Savalan” Bağçılıq Cəmiyyətinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi bildirilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********19 №li məktubu ilə “Savalan” bağçılıq yoldaşlıq birliyi nəzdində Suraxanı rayonu Hövsan bağ sahəsində yerləşən 20 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin (üzvlük kitabçası və s.) İdarənin arxivində aşkar olunmaması qeyd edilmişdir. Həmçinin bildirilmişdir ki, Suraxanı rayonu Hövsan bağ sahəsində yerləşən 25 və 20 saylı bağ sahələrinin yerləşdiyi yerlər üzrə sxematik xəritə İdarənin arxivində aşkar olunmamışdır. Əlavə olaraq arxiv qovluğunda mövcud olan “Savalan” bağçılıq yoldaşlıq cəmiyyətinə aid yerləşmə sxeminin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********7 №li xx.xx.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə müraciətçiyə bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Həsənova Xanımın və Göyüşov Sayadın adları aşkar olunmamışdır. Həmçinin bağçılıq-yoldaşlığın bölgü sxeminə əsasən göstərilən ərazi “20” saylı bağ sahəsinin yerinə uyğun gəlir. Bundan əlavə yoxlama-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 600 kv. metr olan 26 saylı bağ sahəsinə dair İddiaçı anası mərhum X3 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar