Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-311/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili İddiaçı2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 22.08.2020-ci il tarixli **********845500 saylı və 02.04.2020-ci il tarixli, **********198717 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 22.07.2020-ci il tarixli **********845500 saylı və 22.07.2020-ci il tarixli, **********846200 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 izahatında bildirdi ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 22.07.2020-ci il tarixli **********845500 saylı qərarı ilə 2019-cu ilin məənfəət vergisi üzrə əsassız olaraq 8.589,60 manat, 22.07.2020-ci il tarixli **********846200 saylı qərarı ilə isə 2020-ci ilin may ayı üzrə əsassız olaraq 46.382,94 manat əlavə dəyər vergisi üzrə əlavə vergi hesablamışdır. Həmin qərarlar maddi və prosessual hüquq pozuntusu nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, müəssisə tərəfindən mənfəət vergisi bəyannaməsi 24.04.2020-ci il tarixdə verilmiş və həmin bəyannamədən sonra vergi orqanı tərəfindən hər hansı bir uyğunsuzluq verilməmişdir. 15.06.2020-ci il tarixdə kurator olan vergi işçisi zəng edərək mənfəət bəyannaməsinə dəqiqləşmə verilməsini xahiş etmişdir. Sual edəndə ki, onların dəqiqləşməyə ehtiyacı yoxdur, nədən dəqiqləşmə versinlər və nəyi dəqiqləşdirsinlər, vergi işçisi Samir müəllim xahiş etmişdir ki, dəqiqləşmə adı altında bəyannaməni olduğu kimi göndərsinlər. İddiaçı tərəfindən 16.06.2020-ci il tarixdə mənfəət bəyannaməsi olduğu kimi dəqiqləşmə adı altında verilmişdir. Dəqiqləşmə verildikdən sonra 22.07.2020-ci il tarixli **********845500 saylı qərar qəbul edilmişdir. 24.04.2020-ci il tarixli bəyannaməyə dəqiqləşmə verilməsini xahiş edərək süni şəkildə yeni prosessual müddət əldə edərək qərar qəbul edilə bilməz. 24.04.2020-ci il tarixli dəqiqləşmiş bəyannamə ilə 16.06.2020-ci il tarixli dəqiqləşmiş bəyannamə arasında heç bir fərq yoxdur. Müəssisənin gəlirləri bank hesablarına və kassasına daxil olan vəsaitlər hesabına formalaşır. Kameral yoxlama uyğunsuzluq məktubu ünvanlayaraq 2019-cu il üzrə aparılan cərrahi əməliyyatlar barədə məktuba əlavə edilmiş cədvəl forması üzrə məlumatların, 2019-cu il üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilmiş 14 nömrəli forma (“Tibb müəssisələrinin stasionar fəaliyyəti haqqında”), 30 nömrəli forma (“Müalicə-profilaktika müəssisəsinin fəaliyyəti haqqında”) hesabatların surətinin və digər təsdiqedici sənədlərin 5 (beş) gün müddətinə vergi orqanına təqdim edilməsini xahiş etmiş və iddiaçı tərəfindən məlumatlar verilmişdir. Kameral yoxlama müəssisənin bank sənədləri və ya ciddi hesabat blankları əsasında deyil, cərrahiyyə əməliyyatlarında anesteziya zamanı istifadə üçün alınmış dərman preparatın istifadəsini əsas götürərək vergi hesablamışdır. Qanunvericilikdə bu qaydada vergi hesablamaq nəzərdə tutulmamışdır. Vergi orqanı hesab edir ki, nə qədər dərman preparatı istifadə edilibsə, o qədər xəstə olmalıdır. Anesteziya zamanı xəstənin vəziyyətindən asılı olaraq ona müvafiq miqdarda dərman preparatı istifadə edilir. «Hər xəstəyə bir dərman preparatı istifadə edilməlidir» deyə, tibbi qanun yoxdur. Ən əsası odur ki, müəssisə gəlirlərini bank və kassa vasitəsi ilə əldə edir. Vergi orqanı hər hansı haldan şübhə edərsə, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada xronometraj tətbiq edə bilər. Vergi Məcəlləsi hər cür nəzarət mexanizmi müəyyən etdiyi halda nədən təxminlər üzrə qərar qəbul edilir? 17.06.2020-ci il tarixdə 2020-ci ilin may ayı üzrə vergi bəyannaməsi verilmiş və həmin bəyannamə üzrə hər hansı bir uyğunsuzluq verilmədən 22.07.2020-ci il tarixdə əlavə dəyər vergisi hesablanmışdır. Bu verginin hansı hesablamalar əsasında aparılması iddiaçıya məlum deyil. İddiaçının verdiyi bəyannamədəki rəqəmlərdə nəyin yanlış olduğu iddiaçıya məlum deyil. Vergi orqanı uyğunsuzluq məktubu verməklə öz iradlarını bildirməli və müəssisə razılaşdığı təqdirdə həmin iradları ortadan qaldırmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində elektron qaimə-fakturalar ilə cərrahiyyə əməliyyatlarında anesteziya zamanı istifadə üçün alınmış dərman preparatın istifadəsi əsasında vergi ödəyicisinin dövriyyəsi araşdırılmış və bəyan edilən 917.737,47 manat dövriyyənin araşdırma ilə müəyyən edilən 3.721.000,00 manat dövriyyədən 2.803.262,53 manat az olduğu müəyyən edilmişdir. Nəticədə, mənfəət vergisi üzrə 93.442,08 manat və ƏDV üzrə 504.587,26 manat, ümumilikdə 598.029,34 manat vergi məbləğinin büdcədən yayındırıldığı müəyyən edilmişdir. Qeyd olunanlar vergidənyayınma halı kimi qiymətləndirilərək, vergi ödəyicisinə 19.06.2020-ci il tarixli **********965600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" göndərilməklə, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktublarının, müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamələrin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən müvafiq sənədlərin araşdırmaya təqdim edilməsinə baxmayaraq, mənfəət vergisi üzrə 42.948,00 manat gəlirin yayındırıldığı müəyyən edildiyindən, qeyd olunan kənarlaşmalara görə 2019cu il üçün mənfəət vergisi üzrə 8.589,60 manat əlavə vergi məbləği hesablanılmaqla, vergi ödəyicisinə 22.07.2020-ci il tarixli **********845500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, vergi ödəyicisinə 19.06.2020-ci il tarixli **********965600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq aradan qaldırılmadığından vergi ödəyicisi tərəfindən təqdim edilmiş cərrahiyyə əməliyyat sayına ekspert tərəfindən müəyyən edilmiş bazar dəyəri tətbiq edilməklə 2019-cu il üçün vergiyə cəlb edilməli dövriyyənin 1.175.420,47 manat olduğu müəyyən edilmiş, 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 22.624,85 manat (Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı tətbiq edilməklə gəlirlərə uyğun olaraq xərclər müəyyən edilməklə aparılmışdır) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 08.07.2020-ci il tarixli **********165000 və 22.07.2020-ci il tarixli **********845500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Mübahisələndirilən 22.07.2020-ci il tarixli **********846200 saylı inzibati akt 22.07.2020-cı il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt 22.07.2020-ci il tarixində oxunmasına baxmayaraq, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə mübahisələndirilmişdir. İddiaçı hal-hazırda mübahisə predmetini təşkil edən, vergi orqanı tərəfindən qəbul edilən 22.07.2020-ci il tarixli **********846200 saylı qərarı 22.07.2020-ci il tarixdə oxumuş, lakin həmin qərardan mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Göstərilənlərə əsasən iddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22.07.2020-ci il tarixli **********845500 saylı qərarın ləğv edilməsi hissəsində rədd edilməsi və 22.07.2020-ci il tarixli **********846200 saylı qərarın ləğv edilməsi hissəsində mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22.07.2020-ci il tarixli **********845500 nömrəli qərarından görünür ki, vergi ödəyicisi ”Səhhət-M” MMC, VÖEN **********, təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 29.014,26 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 37.603,86 manat təşkil edir, kameral yoxlama nəticəsində 8.589,60 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Bəyannamə və hesabat növü – mənfəət vergisi, bəyannamə və hesabat dövrü – 2019-cu il. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22.07.2020-ci il tarixli **********846200 nömrəli qərarından görünür ki, vergi ödəyicisi ”Səhhət-M” MMC, VÖEN **********, təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 10.955,12 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 57.338,06 manat təşkil edir, kameral yoxlama nəticəsində 46.382,94 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Bəyannamə və hesabat növü – əlavə dəyər vergisi, bəyannamə və hesabat dövrü – may 2020-ci il. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 9/7379 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarına əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən 22 iyul 2020-ci il tarixli, **********845500 saylı və 22 iyul 2020-ci il tarixli, **********846200 saylı qərarlarla müvafiq olaraq əlavə hesablanmış 8.589,60 manat məbləğində mənfəət vergisinin və 46.382,94 manat məbləğində ƏDV-nin hesablanmasının düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd edilir ki, İddiaçı1 MMC-nin 22 iyul 2020-ci il tarixli, **********845500 saylı və 22 iyul 2020-ci il tarixli, **********846200 saylı qərarlarla aparılan hesablamaların əhatə etdiyi dövrlər üzrə bəyan etdiyi vergi məbləğləri ilə təqdim edilmiş iş materiallarında olan sənədlər arasında fərq müəyyən olunmur. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçı ”Səhhət-M” MMC-yə 2019-cu il bəyannamə və hesabat dövrü üzrə 8.589,60 manat əlavə vergi məbləği hesablanmışdır, bununla əlaqədar olaraq cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22.07.2020-ci il tarixli **********845500 nömrəli qərar qəbul edilmişdir. Eyni zamanda cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçı ”Səhhət-M” MMC-yə 2020-ci ilin may ayı bəyannamə və hesabat dövrü üzrə 46.382,94 manat əlavə vergi məbləği hesablanmışdır, bununla əlaqədar olaraq cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22.07.2020-ci il tarixli **********846200 nömrəli qərar qəbul edilmişdir. Lakin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyinə əsasən iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən 22 iyul 2020-ci il tarixli, **********845500 saylı və 22 iyul 2020-ci il tarixli, **********846200 saylı qərarlarla müvafiq olaraq əlavə hesablanmış 8.589,60 manat məbləğində mənfəət vergisinin və 46.382,94 manat məbləğində əlavə dəyər vergisinin hesablanmasının düzgünlüyü müəyyən olunmamış, həmçinin iddiaçının 22 iyul 2020-ci il tarixli, **********845500 saylı və 22 iyul 2020-ci il tarixli, **********846200 saylı qərarlarla aparılan hesablamaların əhatə etdiyi dövrlər üzrə bəyan etdiyi vergi məbləğləri ilə təqdim edilmiş iş materiallarında olan sənədlər arasında fərq müəyyən olunmamışdır. Göründüyü kimi, mübahisələndirilən qərarlara əsasən mənfəət vergisinin və əlavə dəyər vergisinin düzgün hesablanmadığı müəyyən edilmiş, iddiaçının həmin qərarlarla aparılan hesablamaların əhatə etdiyi dövrlər üzrə bəyan etdiyi vergi məbləğləri ilə təqdim edilmiş iş materiallarında olan sənədlər arasında fərq müəyyən olunmamışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinin tələb hissəsində texniki yanlışlıq nəticəsində cavabdehin 22.08.2020-ci il tarixli **********845500 saylı və 02.04.2020-ci il tarixli, **********198717 saylı qərarlarının ləğv edilməsini göstərmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 22.07.2020-ci il tarixli **********845500 saylı və 22.07.2020-ci il tarixli, **********846200 saylı qərarları mübahisələndirir. Ona görə də bu, texniki yanlışlıq hesab edilməli və həmin texniki yanlışlığın aradan qaldırılması və bununla əlaqədar iddia tələbinin dəqiqləşdirilməsi həmin qərarların mübahisələndirilməsi üçün iddiaçı tərəfindən müddətin ötürülməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı1 MMC barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22.07.2020-ci il tarixli **********845500 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22.07.2020-ci il tarixli **********846200 nömrəli qərarları ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 145 manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-311/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-311/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver