Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3110/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin ünvanına qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanından Nərimanov rayonu Məhkəməsinin xx.xx.2023 (2(005)-501(2023 nömrəli iş) tarixli qətnaməsi əsasında qeydiyyatdan çıxarılmışdır. Şəxsi mülkiyyətində daşınmaz əmlakın olmaması və hər hansı digər ünvana qeydiyyata düşə bilmədiyi üçün şəxsiyyət vəsiqəsi (FİN kod – xxxxxxx) deaktiv edilib. Bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət edib və inzibati binaya qeydiyyata düşməklə bağlı xahişinə xx.xx.2023-cü ildə imtina verilib. İddiaçı hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuzdur.
3. Cavabdeh Nərimanov rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan sənədlərdən biri – yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış order icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya yaşyaış sahəsi verən şəxsin ərizəsi əsasında həyata keçirildiyindən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədi təqdim edə bilmədiyi üçün yaşayış yeri üzrə qeydiyyata alınmağı mümükün olmamışdır. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanına müraciət etməyin məqsədəmüvafiq olduğu iddiaçıya bildirilmişdir.
4. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır.
5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
6. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı qeyd olunan ünvanda qeydiyyatda olduğundan iddiaçının tələbi təmin olunmuşdur və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
7. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva