Məhkəmə qərarları › İş №2-1(112)-3111/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3111/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3111/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı “iddiaçının ölkədən çıxışına qoyulan müvəqqəti məhdudiyyətin götürülməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı ölkədən çıxışına qoyulan müvəqqəti məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər direktoru olduğu “X4” MMC-nin ondan əvvəl də, yaranmış vergi borcuna görə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı vergi orqanının ərizəsinə əsasən Bakı Kommersiya Məhkəməsi qətnamə çıxartmışdır. Həmin MMC-də uzun müddətdir ki, direktor vəzifəsindən azad edilsə də, məhdudiyyət aradan qalxmamışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Əsasnaməyə müvafiq olaraq cavabdehin məhkəmələrdə təmsil etmək hüquna malik olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddia ərizəsinə qarşı münasibət (vəsatət) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması barədə müraciətinə xx.xx.2024-cü il tarixli, **********783100 nömrəli məktub (yazılı məlumat) ilə cavab verilmiş və cavab məktubu xx.xx.2024-cü il tarixdə iddiaçıya göndərilmişdir. Qeyd edirlər ki, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qarşı münasibətə (vəsatətə) uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 3-21-2-8/2-M-1- 43/2024 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır, yəni qətnamə üzrə borc tam ödənilməmişdir. Borcun ödənilməsi təmin edildikdən sonra onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. Qeyd olunanlar Vergi Məcəlləsinin 23.1, 15-3-cü və 24.1.2-1-ci maddələri ilə tənzimlənir.

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3657/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilmiş, dövlət büdcəsinə 15.754, 37 manat, Dövlət Sosial Müdafiə Fonduna 3342,19 manat, İşsizlikdən Sığorta Fonuna 112,71 manat və İcbari Tibbi Sığorta Fonduna 500,94 manat borcun ödənilməsini təmin etmək üçün “X4” MMCnin icra orqanının rəhbəri, eləcə də, vergi ödəyicisi olan fiziki şəxs – xx.xx.1973-cü il tarixdə Amasiyada anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

9. İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışa əsasən “X4” MMC-nin əvvəlki qanuni təmsilçisi İddiaçı, hazırki qanuni təmsilçisi X2r.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak edən işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

16. Belə ki, işin hallarından göründüyü kimi, “X4” MMC-nin dövlət büdcəsinə 15.754, 37 manat, Dövlət Sosial Müdafiə Fonduna 3342,19 manat, İşsizlikdən Sığorta Fonuna 112,71 manat və İcbari Tibbi Sığorta Fonduna 500,94 manat vergi borcu olduğu üçün iddiaçının Cəmiyyətin icra orqanının rəhbəri kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hazırda iddiaçı müəssisənin qanuni təmsilçisinin o, olmadığına istinad edərək ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması öhdəliyinin cavabdeh quruma həvalə edilməsini xahiş edir. Cavabdeh isə imtinanın əsası kimi qeyd olunan borc məbləğinin ödənilmədiyini əsas gətirir.

17. Məhkəmə iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir:

18. Azərbaycan Respublikasının Konstitusiyasının:26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 24.1.2-1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

20. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

21. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi, məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiq edilməsi nəzərdə tutulur. Hazırkı halda da iddiaçıya qoyulmuş məhdudiyyət onun əvvəllər rəhbəri olduğu müəssisənin vergi borcunun ödənilməməsi ilə bağlıdır.

23. Məhkəmə nəzərə alır ki, iddiaçı barəsində məhdudiyyətin tətbiqi VM-in 23.15.1-3-cü maddəsinin digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. Lakin işin hallarından göründüyü kimi, qeyd olunan şərt sonradan aradan qalxmışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, “X4” MMCnin hazırki qanuni təmsilçisi X2r. Buna baxmayaraq, cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığına – “X4” MMC tərəfindən vergi borcunun ödənilmədiyinə əsaslanmışdır.

24. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır.

25. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt – vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır. Buna baxmayaraq, vergi orqanının VM-in 23-cü maddəsində göstərilən hüququndan istifadə etməsi, lakin 24-cü maddədəki vəzifələrini yerinə yetirməməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı qanuni təmsilçi olmadığı halda MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir.

26. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

27. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan götürülməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə bu şərtləri istisna edən sübutlar təqdim edə bilməmişdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Baş İdarəsinin üzərinə qoyulmalıdır.

28. «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar