Məhkəmə qərarları › İş №2-1(112)-3112/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3112/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3112/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, 14146091 nömrəli şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirilməsinin qanunsuz hesab edilməklə fəaliyyətinin və hüquqi qüvvəsinin bərpa edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulıması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulıması” şəklində müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi ilə əvəz edilməsi və iddia tələbinin 14146091 nömrəli, AZE seriyalı “Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi”nin fəaliyyətsizləşdirilməsinin qanunsuz hesab edilməklə fəaliyyətinin və hüquqi qüvvəsinin bərpa edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi ilə əvəz edilmiş, iddia tələbinin dəyişdirilməsi qəbul edilərək, iddia tələbi “14146091 nömrəli, AZE seriyalı “Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi”nin fəaliyyətsizləşdirilməsinin qanunsuz hesab edilməsi və şəxsiyyət vəsiqəsinin fəaliyyətinin və hüquqi qüvvəsinin bərpa edilməsi” şəklində müəyyən edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2016-cı il tarixli, 08/8026HƏ nömrəli məktubuna əsasən iddiaçıya tam qanuni əsaslarla Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı, 14146091 nömrəli “Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi” fəaliyyətsizləşdiriİmişdir. Cavabdeh təşkilata dəfələrlə müraciətlər etsə də, cavabdeh təşkilatın səlahiyyətli rəhbər nümayəndəsi onu Gürcüstan Respublikasının vətəndaşı hesab edərək həmin respublikanın vətəndaşlığına bərpa edilərək şəxsiyyətisini təsdiq edən etibarlı sənədlə təmin olunmağı üçün sözügedən ölkənin müvafiq dövlət orqanlarına və Azərbaycan Respublikasının oradakı səfirliyinə müraciət etməyini tövsiyyə etmişdir. İddiaçı 02.02.199-cu il tarixdə Gürcüstan Respublikasının vətəndaşları olan valideynlərimin övladı olaraq xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının ərazisində Bakı şəhərində anadan olmuş, bu barədə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən ona doğum haqqında şəhadətnamə də verilmişdir. Ailəsi Bakı şəhərində daimi yaşamaqla iddiaçı məktəb yaşına çatarkən 2006-cı ildə Bakı şəhər A.S.Xəlilov adına 263 saylı orta məktəbin birinci sinifinə daxil olmuş və 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmiş, orta məktəbdə təhsil aldığı dövrdə, yəni, 21.01.201 5-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon Şöbəsində ilkin hərbi qeydiyyata alınmış, 16 yaşında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun tələblərinə tam uyğun olaraq ona yaşadığı ərazi üzrə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqələri və Qeydiyyat Bölməsi tərəfindən xx.xx.2015-ci il tarixdə 14146091 nömrəli, AZE seriyalı şəxsiyyət vəsiqəsi verilmişdir. Artıq anadan olduğu vaxtdan etibarən 25 ildən artıqdır ki, Azərbaycan Respublikasının ərazisində yuxarıda göstərdiyi ünvanda yaşayıram, milliyyətcə Azərbaycanlıdır. İddiaçı Gürcüstan Respublikasının vətəndaşı deyil, Azərbaycanda anadan olmuşam və bunu Azərbaycan Respublikasının aidiyyəti səlahiyyətli orqanları təsdiq etmişlər, yalnız valideynlərim Gürcüstan Respublikasının vətəndaşlarıdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 14146091 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçıya Xətai RPİ tərəfindən xx.xx.2015-ci ildə Azərbaycan Respublikası vətəndaşının şəxsiyət vəsiqəsi verilmiş, vəsiqənin etibarlılıq müddəti xx.xx.2024-cü il müəyyən edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2015-ci il tarixdə Xətai Rayon Polis İdarəsi tərəfindən iddiaçıya verilmiş AZE seriyalı 14146091 nömrəli şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2016-cı il tarixli 08/8026H.Ə nömrəli məktubuna əsasən fəaliyyətsizləşdirilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətidən Baş İdarəyə daxil olmuş 31.010.2016-cı il tarixli 08/8026H.Ə nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş hər iki valideyni Gürcüstan vətəndaşı X1 Azərbaycan Respublikasının vətəndaşlığının ədə edilməsi əsasları araşdırıkarkən onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının olmadığı, həmçinin "Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatın olmadığı müəyyən edilmədiyindən xx.xx.2016-cı il tarixdə AZE 14146091 nömrəli şəxsiyyət vəsiqəsi Xətai Rayon Polis İdarəsi tərəfindən fəaliyyətsizləşdirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda isə göstərilmişdir ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.2016-cı il tarixdə qeydiyatdan çıxmışdır. İddiaçı hazırda cavabdehin ona verilmiş şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirilməsindən ibarət hərəkətinin qanunsuz sayılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. -6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. -16-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda. -17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir Göründüyü kimi Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş şəxs Azərbaycan Respublikası vətəndaşıdır və vətəndaşlığına xitam verilmədiyi sürəcə Azərbaycan Respublikası vətəndaşı hesab edilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. -4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Əsasnamənin aşağıdakı bəndlərinə əsasən: -2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. -2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2-1. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə bu Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilir. 2.2-2. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur. 2.2-3. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir. 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. -2.5. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir. -2.23. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi, yaxud vətəndaşın soyadının, adının, atasının adının dəyişməsi və ya şəxsiyyət vəsiqəsinin, o cümlədən onun elektron daşıyıcısının (çipin) yararsız hala düşməsi ilə əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirilərkən bu Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci – 2.27-ci bəndlərində nəzərdə tutulmuş qaydalar tətbiq olunur və vətəndaşın fotoşəkli vəsiqə verən orqanda çəkilməklə və əl-barmaq izləri götürülməklə yalnız aşağıdakılar tələb edilir: 2.23.1. şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında ərizə-anket (2 nömrəli əlavə); 2.23.2. şəxsiyyət vəsiqəsi; 2.23.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.23.4. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi qanunvericilik ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən inzibati orqana müraciət edən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandığı halda araşdırma üçün səlahiyyətli inzibati orqana- Dövlət Miqrasiya Xidmətinə müraciət etməli olduğunu, yalnız sonuncunun şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavabından asılı olaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilib-edilməməsi barədə qərar qəbul etməyi (inzibati hərəkət) həvalə etmişdir. Şəxsiyyət vəsiqəsinin ilk dəfə verilməsindən fərqli olaraq şəxsiyyət vəsiqəsinin növbəti dəfə dəyişdirilmə zamanı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı sənədin təqdim edilməli olmasına dair qanunvericilikdə birbaşa tələb yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının 2015-ci-cü ildən şəxsiyyət vəsiqəsi ilə təmin edildiyini, onun Azərbaycan Respublikası vətəndaşı olmadığı, hüquqi vəziyyətində vətəndaşlıqdan çıxma, vətəndaşlığın itirilməsi ilə bağlı hər hansı halın səlahiyyətli müvafiq icra hakimiyyəti orqanı, məhkəmə tərəfindən müəyyən edilmədiyini, hazırkı cavabdehin isə şəxsiyyət vəsiqəsi verərkən rəhbər tutduğu normativ hüquqi aktda vətəndaşlıqla bağlı tələbin təkrar şəxsiyyət vəsiqəsi verilərkən yoxlanılmalı olmasına dair birbaşa tələbin olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkəti qanunsuz olmuşdur. Məhkəmə bu zaman onu da nəzərə alır ki, şəxsiyyət vəsiqəsinin verilməsini tənzimləyən qanunvericilikdə vəsiqənin fəaliyyətsizləşdirilməsi deyilən bir anlayış mövcud deyil. Belə olan halda isə aydındır ki, iddiaçının hüququna cavabdeh tərəfindən edilmiş bu müdaxilə qanuna uyğun olmamışdır. Belə bir qənaət isə müdaxilənin qanuni məqsədə xidmət edib-etmədiyini, demokratik cəmiyyətdə zəruri olub-olmadığını müəyyən etmək zərurətini aradan qaldırır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh öz hərəkətini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia əsaslı sayılmalı və təmin edilməlidir. İPM-in 52-ci madəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunsun. İddiaçı verilmiş AZE seriyalı 14146091 nömrəli “Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi”nin cavabdeh tərəfindən fəaliyyətsizləşdirilməsi qanunsuz hesab edilsin və həmin şəxsiyyət vəsiqəsinin hüquqi qüvvəsinin bərpa edilməklə iddiaçıya yeni şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar