Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3114/2025 15.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək səhhətinə görə ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə ona ilkin 2-ci dərəcə əlillik təyin edilmiş, 2015-ci ildə əlilliyi ömürlük olaraq müəyyən edilmiş, 2018-ci ildə əlilliyinin səbəb əlaqəsinin dəyişməsi ilə əlaqədar olaraq ömürlük əlilliyin ləğv edilərək 5 il müddətinə, yəni 2023-cü ilədək müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü ildə əlilliyin təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı müxtəlif tibb müəssisələrində olmuş və ona müvafiq diaqnozlar qoyulmuşdur. İddiaçıya xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə 2 saylı Respublika Psixiatriya Xəstəxanası tərəfindən “keçirilmiş fəlakətli hadisədən sonra (müharibə) yaranan davamlı şəxsiyyət pozuntusu, depressiv daxil olmalarla, tez-tez təkrarlanan intihar fikirləri ilə anamnezində sui-qəsd cəhdləri ilə.F62.0, F32” diaqnozu, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə həmimn xəstəxana tərəfindən “keçirilmiş fəlakətli hadisədən sonra (müharibə) yaranan davamlı şəxsiyyət pozuntusu, depressiv daxil olmalarla, tez-tez təkrarlanan intihar fikirləri ilə anamnezində sui-qəsd cəhdləri ilə F62.0, F32.0” diaqnozu, xx.xx.2023-cü il tarixdə həmin xəstəxana tərəfindən “difuz rezidual-orqanik tipli dəyişikliklər” diaqnozu və xx.xx.2024-cü il tarixdə Psixi Sağlamlıq Mərkəzi tərəfindən “fəlakət (İ Qarabağ müharibəsi) sonra yaranan xroniki şəxsiyyət dəyişikliyi. F62.0 Depressiv əlamətlər” diaqnozu qoyulmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə ilkin olaraq AR DİN-in 2 saylı Poliklinikasından daxil olmuş xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “kəskin ipoxondrik depressiv nevroz diaqnozu” ilə 1 il müddətinə Hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə 2-ci dərəcə əlillik təyin edilmişdir. Növbəti il iddiaçının adına rəsmiləşdirilərək AR DİN tibb müəssisəsindən daxil olan xx.xx.2015-ci il tarixli göndəriş qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. İddiaçı barədə xx.xx.2018-ci ildə Hacıqabul RMX-dən yeni göndəriş rəsmiləşdirilərək Agentliyə göndərilmişdir. Həmin göndəriş əsasında iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə 5 il müddətinə əlillik təyin edilmiş və əlillik müddətinin bitdiyi tarix xx.xx.2023-cü il olaraq müəyyənləşdirilmişdir. Növbəti dəfə əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2023-cü Baş Səhiyyə İdarəsindən və xx.xx.2024-cü ildə Bakı 2 nömrəli Psixiatriya Xəstəxanasından daxil olan göndərişlər iddiaçının əyani müayinəsinin də həyata keçirilməsi ilə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması müəyyən olundu ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli, 297 nömrəli Qərar verilmişdir. Həmin qərarda travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Nevrotik reaksiya vəziyyəti” diaqnozlu xəstəliyin səbəb ‘Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı əyani müayinədə olmuş, müayinə zamanı əlillik təyinatına əsas verə biləcək nevroloji və pozuntular aşkar edilməmiş, psixi vəziyyəti ilə bağlı heç bir şikayət bildirməmişdir kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi müayinə otağına əsa ilə daxil olmuş, əsəbilikdən, yuxsuzluqdan şikayət etmişdir. Anamnestik məlumatlarında intihar hallarının olduğunu, ətrafdakılarla anlaşa bilmədiyini, qəbul etdiyi medikamentoz dərmanların adlarını xatırlamadığını bildirmişdir. Hazırda kənar şəxs qulluğu və ya nəzarətinə səbəb verən psixi ağırlaşmalar izlənilməmişdir. 2 saylı X1 xx.xx.2023-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd altı nur” kimi qeyd edilsə də, klinik olaraq öz tapmamışdır. Psixi sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli 1650 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İ Qarabağ müharibəsi) sonra yaranan xroniki şəxsiyyət dəyişikliyi. Depressiv əlamətlərlə” kimi qeyd klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 2723/24 nömrəli çıxarışında diaqnoz “Keçirilmiş fəlakətli hadisədən sonra (müharibə) yaranan davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, tez-tez təkrarlanan intihar fikirləri ilə. Anamnezində sui-qəs cəhdləri ilə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, hal-hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular və şəxsiyyət dəyişikliyi əlamətləri aşkarlanmamışdır. Nəticədə Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müayinə nəticələrinə əsasən iddiaçıda “Diffuz rezidual-orqanik tipli dəyişikliklər” qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müayinə nəticələrinə əsasən iddiaçıya “Fəlakət (İ Qarabağ müharibəsi” sonra yaranan xroniki şəxsiyyət dəyişikliyi F62.0.Depressiv əlamətlərlə” diaqnozu qoyulmuşdur. İddia ərizəsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionar (ambulator) xəstənin tibbi kartasının çıxarışı və xəstəlik tarixindən çıxarış əlavə edilmişdir. Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikası tərəfindən verilmiş xx.xx.2014-ci il tarixli göndərişə əsasən həmin tarixdə iddiaçı müayinə edilmiş və ona “kəskin ipoxondrik depressiv nevroz siranmis gedisli” diaqnozu qoyularaq 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli göndərişə əsasən xx.xx.2015-ci il tarixdə iddiaçı müayinə edilmiş və ona “kəskin ipoxondrik depressiv nevroz uzanmış qedişlə” diaqnozu qoyularaq müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Hacıqabul Dmir yol xəstəxanası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli göndərişə əsasən həmin tarixdə iddiaçı müayinə edilmiş və ona “yuxarı ətrafların, said sümüklərin, çanağın, qarının ön sağ yarısının odlu silahdan yaralanmasının ağırlaşmaları, qapalı zədələnmələri, çiyin kələfi və sağ oturaq sinirinin postravmatik neyropatiyası, çiyin qurşağı və sol yuxarı ətraf əzələlərinin nəzərə çarpan atrofiyası, hərəkəti, hissi və trofiki pozğunluqları. Sol incik sümüyünün xroniki osteomieliti, inkişaf edici fistula ilə. Sol dirsək oynaqlarının posttravmatik artrozu, ankilozu, davamlı kontrakturası. Xroniki boyun radikulomielopolineyropatiyası.yuxarı ətrafların süst paraparezi. Sağ pəncənin parezi. Kəskin ipoxondrik- depressiv nevroz, uzanmış gedişlə” diaqnozu qoyularaq 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli göndərişə əsasən xx.xx.2023-cü il tarixdə iddiaçı müayinə edilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı barəsində diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı 2 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli göndərişə əsasən xx.xx.2024-cü il tarixdə iddiaçı müayinə edilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı barəsində diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubu ilə iddiaçıya aid tibbi-sosial ekspertiza sənədləri və göndərişlərin surəti məhkəməyə göndərilmişdir. Məhkəmənin xx.xx.2025-cü il tarixli qərardadı ilə iş üzrə kompleks (məhkəmə-tibbi və məhkəmə psixiatrik) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 898 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçıda hal-hazırda “üzvi emosional-labil (astenik) pozuntu” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) aşkar olunur. Qərardada qoyulmuş digər suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 T 581/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Bakı 2 № X3” phş tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, J001963871XD nömrəli göndərişdə XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz:F62.0-fəlakət keçirdikdən sonra (İ Qarabağ müharibəsi) yaranan davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, tez-tez təkrarlanan intihar fikirləri ilə, anamnezində, sui-qəsd cəhdləri ilə. Ağırlaşma: F32depressiv epizod, depressiv daxilolmalar, tez-tez təkrarlanan intihar fikirləri ilə. Yanaşı xəstəliklər: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlbələrlə törənmiş zədələnmələr, hərbi əməliyyatlar zamanı çoxsaylı odlu silah yaralanmasından sonrakı vəziyyət, R52.2-digər daimi ağrı, digər rubrikalarda təsnif olunmayan ağrı” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmişdir. Qərardadın müvafiq bəndlərindəki suallar əlilliyin təyini əlaqədar olduğundan onların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1.). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). Göründüyü kimi iddiaçının psixi pozuntularının olması iş materialları ilə təsdiq olunur. Eyni zamanda, cavabdeh tibbi göndəriş əsasında müraciət edən iddiaçıya ilk dəfə 2014-cü ildə 1 il müddətinə, 2015-ci ildə müddətsiz və 2018-ci ildə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin etmiş, sonuncu dəfə 2023-cü il və 2024-cü illərdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazının əsasını iddiaçıya əlillik təyinatına əsas verə biləcək psixi pozuntular və şəxsiyyət dəyişikliyi əlamətlərinin aşkar olunmaması təşkil edir. Qeyd edilməlidir ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda yalnız əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəliklərin olması kifayət deyildir. Həmin xəstəliklərin qeyd olunan “Meyarlar”ın müvafiq yarımbəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olması şəxsə əlillik təyinatına əsas verə bilər. İddiaçıya tibbi göndəriş əsasında qoyulmuş “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Keçirilmiş fəlakətli hadisədən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar tez-tez təkrarlanan intihar fikirləri ilə. Anemnezində suiqəsd cəhdləri ilə” diaqnozları “Meyarlar”da nəzərdə tutulmuş aşağıdakı ağırlaşmalara səbəb olduğu halda şəxsə əlillik təyinatına səbəb ola bilər: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 2 il. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 65-80 2 il. 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski 35-60 2 il. 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması 65-80 2 il. İşdən göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixli tibbi göndərişdə qoyulmuş “sinirlərin said səviyyəsində travması, yuxarı ətrafların, said sümüklərinin, çanağın, qarının ön sağ yarısının odlu silahdan yaralanmasının ağırlaşmaları, qapalı zədələnmələri, çiyin kələfi və sağ oturaq sinirinin posttravmatik neyropatiyası, çiyin qurşağı və sol yuxarı ətraf əzələlərinin nəzərə çarpan atrofiyası, hərəki, hissi və trofiki pozğunluqları. Sol incik sümüyünün xroniki osteomieliti, inkişaf edici fistula ilə, Sol dirsək oynaqlarının posttravmatik artrozu, ankilozu, davamlı kontrakturası” diaqnozunun hal-hazırda müşahidə olunub-olunmamasının, habelə xx.xx.2024-cü il tarixli tibbi göndərişdə qoyulmuş “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Keçirilmiş fəlakətli hadisədən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar tez-tez təkrarlanan intihar fikirləri ilə. Anemnezində sui-qəsd cəhdləri ilə” diaqnozunun hal-hazırda onda müşahidə olunub-olunmamasının aydınlaşdırılması üçün iş üzrə kompleks (məhkəmə-tibbi və məhkəmə psixiatrik) məhkəmə ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatına dair ekspert rəylərində iddiaçının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsi istisna olunmur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 898 saylı, xx.xx.2025-ci il tarixli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 T 581/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəylərində iddiaçıda (müvafiq olaraq) “üzvi emosional-labil (astenik) pozuntu” və “Əsas diaqnoz:F62.0-fəlakət keçirdikdən sonra (İ Qarabağ müharibəsi) yaranan davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, tez-tez təkrarlanan intihar fikirləri ilə, anamnezində, sui-qəsd cəhdləri ilə. Ağırlaşma: F32-depressiv epizod, depressiv daxilolmalar, tez-tez təkrarlanan intihar fikirləri ilə. Yanaşı xəstəliklər: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlbələrlə törənmiş zədələnmələr, hərbi əməliyyatlar zamanı çoxsaylı odlu silah yaralanmasından sonrakı vəziyyət, R52.2digər daimi ağrı, digər rubrikalarda təsnif olunmayan ağrı” diaqnozlarının müəyyən edilməsi bildirilmişdir. Lakin, ekspert rəylərində həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndinə uyğun olub-olmaması və əlillik təyinatına əsas verən ağırlaşmalara səbəb olub-olmamasının ekspertizanın səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Qeyd edilməlidir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İş üzrə ekspert rəylərində iddiaçının tibbi göndərişlərdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspertlər iddiaçının həmin diaqnozlardan əziyyət çəkdiyini bildirsə də, həmin diaqnozların “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olubolmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən ekspert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3114/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3114/2025
15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver