Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-312/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh **********6 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, onun təqdim etdiyi xx.xx.1978-ci il tarixli ИТ-İ №1115824 saylı əmək kitabçasının və diplomun surətinə əsasən sığorta stajı (xx.xx.1973cü il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı dövr) 24 il 10 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. xx.xx.1978-ci il tarixində adına tərtib olunmuş ИТ-İ №1115824 saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Laçın rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 02 saylı arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Laçın rayon Təhsil şöbəsindəki əmək fəaliyyəti dövründə xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək adına əmək haqqı ödənişinə rast gəlinməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1971-ci ildə Laçın rayonunun Vəlibəyli kəndində yerləşən orta məktəbi bitirmiş, daha sonra Bakı Dövlət Universitetinin “Mexanika Riyaziyyat” fakültəsinə imtahan versə də, konkursa düşmüşdür. Konkursa düşdüyü üçün Laçın rayonu Vəlibəyli kəndində yerləşən Firidirx Engels adına kolxozda fəhlə işləməyə başlamışdır. Növbəti ilin qəbulunda isə, yəni 1972-ci ildə həmin kolxozdan ona göndəriş verilmiş və Bakı Dövlət Universitetinin hazırlığına qəbul olunmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetinin “Mexanika Riyaziyyat” fakültəsinə qəbul olmuş, 1978-ci ildə həmin Universiteti bitirmişdir. Universiteti bitirdikdən sonra yenidən Vəlibəyli kəndinə qayıdaraq müəllim kimi fəaliyyətini davam etdirməyə başlamışdır. Həmin ildən, yəni 1978-ci ildən 2002-ci ilədək iş stajı barədə məlumat əmək kitabçasında vardır. İddiaçı lazımi sənədləri toplayaraq yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, bir neçə ay çatışmadığı üçün ona imtina cavabı verilmişdir. Laçın rayon Təhsil şöbəsindəki əmək fəaliyyəti dövründə xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək adına əmək haqqı ödənişinə rast gəlinmədiyi göstərilmişdir. Cəmi 2 ay iş stajı çatmadığı üçün ona əmək pensiyası təyin olunmur. Onun işlədiyi bütün dövrlər toplanan zaman isə stajı 27 ildən artıq edir. O, xx.xx.2022-ci il tarixdə əmək stajı barədə dəqiq məlumatı olması üçün Azərbaycan Respublikasının Milli Arxiv idarəsinə, Bərdə rayonunda yerləşən Laçın rayon Arxiv idarəsinə və Bakı Dövlət Universitetinə rəsmi müraciət edərək arxiv çıxarışlarının verilməsini xahiş etmiş, lakin bu sənədləri göndərdiyi tarixə kimi ona nə Milli Arxiv idarəsindən, nədə ki, Laçın rayon Arxiv İdarəsindən heç bir məlumat verilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Filialın xx.xx.2022-ci il tarixli **********6 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında İddiaçı məxsus xx.xx.1978-ci il tarixli əmək kitabçasına və diplomun surətinə əsasən onun ümumi iş stajının 24 il 10 ay olmaqla qanunla tələb olunan müddətdən az olduğu, eyni zamanda fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı və xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Laçın rayon Təhsil şöbəsində işlədiyi dövr ərzində adına əmək haqqı ödənişinə rast gəlinməmişdir, bu səbəbdən də sözügedən illərin sosial sığorta stajına daxil edilməsinin qanunun tələblərinə müvafiq olmadığı qeyd edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.1978-ci il tarixdə tərtib olumuş ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Vəlibəyli kənd orta məktəbində, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 35 saylı Laçın orta məktəbində işləmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli BB-İ 019293 nömrəli diplomun dublikatının surətinə və xx.xx.2021-ci il tarixli 01-H/1058 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində “Riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisası üzrə əyani təhsil almışdır. İddiaçı yaşa görə əmək pensiyasına hüququ ‘‘Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 yaşda, yəni xx.xx.2019-cu il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. Qeyd olunanlarla yanaşı, iddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan soyad, ad, ata adı (İddiaçı) ilə əmək kitabçasında qeyd olunan soyad, ad, ata adında (X9) fərq mövcuddur. İşin mübahisələndirilən bir neçə halı vardır və onlardan birincisi İddiaçı ona məxsus olduğunu iddia etdiyi xx.xx.1978-ci il tarixli əmək kitabçasında iddiaçının adının X7 olaraq qeyd edilməsindən ibarətdir. Bununla yanaşı əmək kitabçasının birinci səhifəsində işçinin özü haqqında məlumatlar İddiaçı tərəfindən öz imzası ilə təsdiq edilməmişdir. Sözügedən bütün arqumentlər həmin əmək kitabçalarının İddiaçı məxsusluğuna şübhə yaradır. Bundan əlavə iddaçı İddiaçı təqdim etdiyi arxiv arayışlarında və diplomun surətində onun adı X7 olaraq qeyd edilmişdir. İşin mübahisələndirilən digər halı İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Laçın rayon Təhsil şöbəsində işlədiyi dövrdür. Belə ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (3 il 6 ay 29 gün) iddaçı İddiaçı adına əmək haqqı ödənişi yoxdur. Bu halda həmin dövrlərin iş stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 64 yaşda, yəni xx.xx.2019-cu il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir və təgdim edilən əmək kitabçası,arxiv arayışları və diplom pensiya hüguqunu reallaşdırmaq üçün əsas olduğundan İddiaçı məxsus olması faktı məhkəmə qaydasında tanınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməsini yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Çünki qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İnzibati orqanla arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisədir. İddiaçının məhkəməyə müraciət etdiyi tarixə qüvvədə olan İPM-in 8.1-ci maddəsinə əsasən iddia ərizəsi cavabdehin olduğu yer üzrə düzgün olaraq Bakı İnzibati Məhkəməsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci maddəsinə əsasən 1 iyul 2018 - 30 iyun 2019-cu il üzrə kişilərə pensiya təyin edilməsi yaşı 64 yaşdır. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2019-cu ilin iyun ayı üzrə kişilərə yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 64 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarında olan iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, onun 64 yaşı xx.xx.2019cü il tarixdə tamam olmuşdur. Göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi 2021-ci ildə onun artıq 64 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərt, yəni yaş tələbi ödənilir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır və topladığı əmək stajının kapitalı çevrilməsi nəticəsində əldə edilən pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçı məxsus BB-İ №019293 nömrəli xx.xx.2012-ci il tarixli diplomun surətindən görünür ki, iddiaçı 1973-cü il tarixdə Bakı Dövlət Universitetinə daxil olmuş və xx.xx.1978-ci ildə riyaziyyat ixtisası üzrə tam kursu bitirmiş, riyaziyyatçı, riyaziyat müəllimi ixtisası verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin xx.xx.2022-ci il tarixli, 01-Tt/783 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1972-ci il 29 noyabr tarixli 415/c nömrəli əmrlə hazırliq şöbəsinin (əyani) dinləyici, 1973-cü il 23 iyul tarixli 123 n/c nömrəli əmrlə Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinin İ kursuna qəbul olunmuş, 1978-ci il 10 iyul tarixli 3/226 nömrəli əmrlə həmin fakültənin əyani şöbəsini “Riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisası üzrə bitirmiş və ona 2012-ci il 10 sentyabr tarixində qeydiyyat nömrəsi MR-06 olan BB-İ seriyalı 019293 nömrəli dublikat adi diplom verilmişdir. xx.xx.1978-ci il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, X7 xx.xx.1978ci il tarixdə ADU-nun riyaziyyat fakultəsini bitirib təyinatla rayona gəlmiş, həmin tarixdən Vəlibəyli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə Vəlibəyli kənd orta məktəbinin riyaziyyat müəllimi Bakı şəhəri Yasamal rayonunda təşkil edilmiş 35 saylı Laçın orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. Avqust 1997-ci il tarixdə irəli çəkilərək 35 saylı Laçın orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. Laçın rayon RTŞ üzrə 234 saylı 18 iyun 2002-ci il tarixli əmrdən çıxarışdan görünür ki, X1 ali təhsilli texniki fənlər və əmək təlimi müəllimi beş ildən artıq pedoqoji staja malik olmaqla irəli çəkilərək 35 saylı Laçın orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Laçın rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 15 nömrəli məktubundan görünür ki, arxivdə saxlanılan Laçın rayon Təhsil şöbəsinin 1992-2002-ci illəri əhatə edən arayış xarakterli arxiv sənədlərinə baxış keçirilmişdir. İddiaçı Yasamal rayonunda təşkil edilmiş 35 saylı Laçın orta məktəbində ancaq 1996-2002-ci illərdə müəllim işləməsi aşkar olunmuşdur. İşə qəbul və işdən çıxma barədə əmrlər isə arxivə təqdim olunmamışdır. Laçın rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 33 nömrəli arxiv arayışında isə Ağdam rayon Dövlət arxivində saxlanılan Laçın rayon Təhsil şöbəsinin arayış xarakterli arxiv sənədlərinə əsasən X3 35 saylı orta məktəbdə müəllim işlədiyi və iyul 1996-iyun 2022-ci illərdə əmək haqqı aldığı göstərilmişdir. Laçın rayon 35 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, M-048/2023 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinin cavablandıra bilməmələrinin səbəbi xx.xx.2002-ci il tarixdə məktəbi təhvil-təslim edərkən keçmiş illərə aid heç bir məktəb sənədlərinin olmamasıdır. Bu səbəbdən tələb olunan sənədləri təqdim etmək mümkün deyil. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan normalar nəzərə alınmaqla iddiaçının diplomunu və əmək kitabçasındakı qeydləri əsas götürdükdə aydın olur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək cəmi 28 il 7 ay 28 gün ümumi sığorta stajına malik olmuşdur. İşdən görünür ki, cavabdeh bu halı qəbul etməmiş, iddiaçının əmək haqqı almadığı xx.xx.1992-xx.xx.1996-cı illəri sosial sığorta stajına daxil etməmiş, buna görə də onun ümumi stajının 25 ildən az olması qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçının hüququnun yarandığı xx.xx.2019-cu il tarixdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasında müəyyən edilir. İşin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi xx.xx.1992-xx.xx.1996-cı illər onun əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müvafiq vəzifəli şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Bundan əlavə, işdə olan sənədlərdən görünür ki, iş materialları ilə iddiaçının 35 saylı orta məktəbdə işləməsi müəyyən edilmiş, lakin müvafiq sənədlər arxivə təhvil verilməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Laçın təhsil şöbəsinin metodisti Nəriman Əliyev, Bozlu orta məkətinin direktoru Rüstəm Həsənov, 35 saylı orta məktəbin yeni təyin olunmuş direktoru Səbinə Nəcəfova, 35 saylı orta məktəbin tədris işləri üzrə direktor müavini Əhliyyət Cəfərov və 35 saylı məktəbin təşkilat məsələləri üzrə müavini Muxtarova Asimə aktı tərtib etmişlər ki, məktəbin yeni təyin olunmuş direktoru Səbinə Nəcəfovaya təhvil-təslim edərkən keçmiş illərə aid heç bir məktəb sənədləri, o cümlədən möhür və stamp olmadı. Məhkəmə qeyd edir ki, iddiaçının müəllim vəzifəsində işlədiyi dövrdəki arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bundan başqa, cavabdeh əmək kitabçasında qeyd edilən həmin dövrlərin mötəbər olmaması ilə bağlı hər hansı bir sübutu təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 1992- 1996-ci illərə aid sığorta stajını qəbul etməmiş, bununla iddiaçının hüquqlarını pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən onun bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşdən görünür ki, cavabdeh etirazında həmçinin əmək kitabçasında və diplomda iddiaçının soyadının “Abışov”, şəxsiyyət vəsiqəsində isə “Abuşov” göstərilməsinə istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, tədqiq olunan sənədlərdən aydın olur ki, iddiaçıya məxsus ilkin sənədlərin rus dilində tərtib edilməsi sonradan Azərbaycan dilində tərtib edilmiş sənədlərlə fərqliliyin yaranmasına səbəb olmuşdur və bu hal iddiaçıya pensiya təyinatından imtina üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, sadalananlara əsasən iddiaçının xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olduğundan və onun həmin tarixə 25 ildən artıq, 28 il 7 ay 28 gün ümumi sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2019-cu il tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Deməli, onun hazırkı iddiası əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X4 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-312/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-312/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver