Məhkəmə qərarları › İş №2-1(112)-3121/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3121/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3121/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “sığorta məbləğinin ödənilməsi”iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun kəşfiyyat və əks-kəşfiyyat subyektinin hərbi qulluqçusu kimi xidmət etdiyi xx xxxx 2001-ci ildən xx xxxxxx 2017-ci ilədək hər ili üçün məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinətin, hər ili üçün iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin, həyat və sağlamlığına görə 5 illik pul təminatı məbləğində sığorta məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək, onun həyat və sağlamlığına görə 5 illik pul təminatı məbləğində sığorta məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın mümkün sayılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, o, xx xxxx 2001-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyində 0023 saylı əmrə əsasən 052 saylı xüsusi əməliyyat qrupunun baş kəşfiyyatçısı vəzifəsində xidmət etmiş, xx xxxxxx 2015-ci il tarixdə Goranboy rayonu TapQaraqoyunlu istiqamətində tapşırığı icra edib geri qayıdarkən mina partlayışında xəsarət almış və ayağının üçdə biri amputasiya olunmuşdur. xx xxxxxx 2017-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununda qeyd olunan güzəştlərdən yararlanmaq və ona çatası təminatları almaq üçün xx xxxxxx 2019-cu il tarixdə Azərbayan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyi 12/60 saylı xx xxxxxx 2020-ci il tarixli məktubla ona bildirmişdir ki, Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində sığorta edən tərəfindən ödənilən sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektləri həmin qanunun tələbləri ilə deyil, digər hərbi qulluqçular kimi sığortalanırlar. Həmin qanunun icra mexanizmi olmadığından onun ərizəsi mahiyyəti üzrə baxılması mümkün deyildir. Lakin Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında Azərbaycan respublikası prezidentinin xx xxxxxx 2005-ci il tarixli 186 saylı Fərmanının 3.1-ci maddəsinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat tədbirlərini Azərbaycan Respublikasının Xarici Kəşfiyyat xidməti, öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə nazirliyi və dövlət sərhəddinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir. İddiaçının vəkili X3 hüquqi məsələlərə dair izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişlərinin ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətlərinə deyil, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aiddir, iddiaçı qeyd etdiyi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda sığortanın həyata keçirilməsi mexanizmi olmadığından (sığorta edən tərəfindən ödənilən sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir) kəşfiyyat fəaliyyətinin subyektləri digər hərbi qulluqçular kimi sığortalanırlar. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə,öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialardaiddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsimüddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından müəyyən edildi ki, N nömrəli hərbi hissə komandirinin N nömrəli xx xxxxxx 2016-cı il tarixli əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı Əbdülkərim oğlu N nömrəli hərbi hissənin-Xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı-Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxxxx 2016-cı il tarixli 0329 gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin v bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verməklə ehtiyyata buraxılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsi ilə inzibati orqana müraciət edərək, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən dövlət büdcəsi vəsaiti hesabına beş illik pul təminatı məbləğində ona ödənilməli olan sığorta məbləğinin ödənilməsini xahiş etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2020-ci il tarixli, 12/60 nömrəli məktubla bildirişmişdir ki, Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilən sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir.Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən aparılır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində isə sığortaedən tərəfindən ödənilən sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən kəşfiyyat fəaliyyəti subyektləri göstərilən qanunun tələbləri ilə deyil, digər hərbi qulluqçular kimi sığortalanırlar. Qeyd olunan maddənin icra mexanizmi olmadığından ərizəyə mahiyyəti üzrə baxılması mümkün deyildir. Hazırda iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanununun 20.11.-ci maddəsinə istinad etməklə, cavabdeh inzibati orqan tərəfindən həyat və sağlamlığına görə 5 illik pul təminatı məbləğində sığorta məbləğinin ödənilməsini xahiş edir. Cavabdeh inzibati orqan isə sığorta məbləğinin həyata keçirilməsində cavabdehlik daşımadığını bildirir. Məhkəmə ilk öncə bir sıra qanunvericilik aktlarına nəzər yetirir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir; 3-cü maddəsinə əsasən Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. 4-cü maddəsinə əsasən Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı, sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla, sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. 6-cı maddəsinə əsasən Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır. Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən . Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir.; 8.1-ci maddəsinə əsasən İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Qeyd edilən qanunvericilik normalarında da aydın görünüdüyü kimi, icbari sığortalar üzrə sığorta hadisəsi hesab edilən hallar, ödənilməli olan sığorta haqqı, sığorta ödənişinin həddi və hətta sığortaçı belə qanunla müəyyən edilir. İddiaçı hazırki iddia tələbi ilə xidməti tapşırığını yerinə yetirərkən mina partalayışı nəticəsində xəsarət aldığını, ayağının 3-də bir hissəsinin amputasiya olunduğunu, bu əsasla xidmətdən ehtiyata buraxıldığını bildirir və baş vermiş hadisənin sığorta hadisəsi olduğunu qeyd edərək ona “Kəşfiyyat və əks Kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 5 illik pul təminatı məbləğində sığorta məbləğinin ödənilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı, həmçinin, cavabdeh inzibati orqanın imtina məktubundan və etiraz ərizəsindən də aydın görünür ki, “Kəşfiyyat və əks Kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində sığortaedən tərəfindən ödənilən sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilmədiyindən kəşfiyyat fəaliyyətinin subyektləri göstərilən qanunun tələbləri ilə deyil, digər hərbi qulluqçular kimi sığortalanıblar. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən aparılır. Beləliklə, icbari sığortanın həyata keçirilməsi üçün imperativ olaraq sığorta etdirən müvafiq icra hakimiyyəti orqanı ilə sığortaçı arasında icbari sığorta müqaviləsinin bağlanması və qanunla müəyən edilmiş sığorta ödənişinə uyğun müvafiq sığorta haqqının ödənilməsi tələb olunur. Hazırki halda belə “Kəşfiyyat və əks Kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinin tələblərindən irəli gələrək müvafiq icra hakimiyyəti orqanı ilə sığortaçı arasında icbari sığorta müqaviləsi bağlanmış olsa idi, sığorta məbləğinin ödənilməsini müvafiq sığorta şirkəti həyata keçirməli idi. Bununla yanaşı həmçinin, Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Həmin Məcəllənin 897.2-ci maddəsinə əsasən xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə qanunvericiliklə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbi üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşıyan orqan olmadığına görə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbi üzrə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar