Məhkəmə qərarları › İş №2-1(112)-3121/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3121/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3121/2023 05.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı X12 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X9 cəlb olunmaqla) «əmlak kompleksinə dair hüququn qeydiyyata alınması barədə reyestrdən çıxarışın və texniki pasportun ləğv edilməsi»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X12 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «əmlak kompleksinə dair hüququn qeydiyyata alınması barədə reyestrdən çıxarışın və texniki pasportun ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, 29 sentyabr 2004-cü il tarixdə «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X11 haqqında» Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X15 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Saziş üzrə Əməliyyat şirkəti qismində X12 şirkətinə 1 sentyabr 2005-ci il tarixindən Saziş ərazisində neft-qaz əməliyyatlarının aparılmasında müstəsna hüquq verilmişdir. Qeyd olunan Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddəi ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli 14 oktyabr 2004-cü il tarixli qərarı ilə «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X11 haqqında» Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X15 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti və X12 şirkətləri arasında imzalanmış X7 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən X12 şirkətinə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa səkildə özgə tərəfindən mənimsəmilə bilməz. Saziş ərazisinin torpaq sahələri ilə bağlı hüquq pozuntuları aşkar olunan zaman X12 şirkətinin Azərbaycan Respublikasındakı filialı bu pozuntularla əlaqədar dərhal hüquq mühafizə orqanlarına və müvafiq məhkəmələrə müraciət edir. O cümlədən də Şirkət Saziş ərazisindəki torpaq sahələrində inzibati orqanlar tərəfindən ayrı- ayrı şəxslərə torpaq ayrılmasına dair verilmiş qərar, sərəncam, mülkiyyət hüquqi haqqında şəhadətnamələri və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışları müvafiq məhkəmələrdə mübahisələndirir. Belə ki, 12 sentyabr 2022-ci il tarixdə Şirkətə daxil olmuş müraciət əsasında müəyyən edilmişdir ki, X11 haqqında Sazişə və X8 əsasən neft-qaz məliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində və 362417 say quyusunun mühafizə zolağı daxilində, (Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən) X9 tərəfindən inşa edilmiş (əmlak kompleksi) tikiliyə dair 11 may 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xitməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********48-12301 reyestr nömrəli texniki pasport və eləcə də 9 fevral 2021-ci il tarixdə əmlak kompleksinə xüsusi mülkiyyət hüququnun tanınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sazişin tələbinə görə, Saziş ərazsinin hissəsindən imtina haqqında məsələlər Podratçı tərəflərin səlahiyyətlərinə aid olduğu üçün və həmçinin Nazirlər Kabinetinin 150 saylı 14 oktyabr 2005- ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökümətinin Zəmanətlərinin 2(i) bəndinə uyğun olaraq Podratçı tərəflərin hüquqlarından heç biri onların razılığı olamdan azaldıla və dəyişdirilə bilməz. Bu səbəbdən də, tərəfimizdən Şirkətə aid torpaq sahələrinə dair fiziki və hüquqi şəxslərə çıxarışlar təqdim edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşısında ARDNŞ tərəfindən məsələ qaldırılması xahiş edilmişdir. Lakin, ARDNŞ-nin 7 sentyabr 2022-ci il tarixli məktubu ilə sözügedən məktubda qaldırılan məsələ ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisə ilə əlaqədar, vətəndaşa məxsus hüquq təsdiqedici sənədlərin müvafiq məhkəmədə mübahisələndirilməsi tövsiyə edilmişdir. X2 mülkiyyətinə ayrılmış torpaq sahəsi məlum "xxxx" Sazişə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş Kontrakt sahəsinin və 3 saylı mədənin 6-cı sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələbinə əsasən, sənaye təyinatlı torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsi təyinatına dəyişilməklə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilməsi" nə dair qanunun tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinin 4-cü bəndinin tələbinə görə torpaq sahəsinin nıəhdudiyyətH istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilməməsinə baxmayaraq, özbaşına tikili inşa edilməklə sənaye təyinatlı torpaq sahəsinin məhdudiyyətlərinə məhəl qoyulmamışdır. Göstərilənlərə və «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə, Torpaq Məcəlləsinin 22.2, 46, 48, 110-cu maddələrinə, «Memarlıq fəaliyyəti haqqında» Qanunun 4-cü maddəsinə, «Yerin təki haqqında» Qanunun 23-cü maddəsinə, «Texniki təhlükəsizlik haqqında» Qanuna, Azərbaycan Respublikasının Prezidentinin 534 saylı 10 yanvar 1997ci il tarixli Fərmanına, Nazirlər Kabinetinin 94 saylı 10 may 2001-ci il tarixli qərarına əsaslanaraq, X4 Bakı şəhəri, Sulutəpə qəsəbəsi 1 ünvanında əmlak kompleksinin inşası üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********48-12301 nömrəli 11 may 2013-cü il tarixli texniki pasportun və eləcə də 9 fevral 2021-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, iddiaçı X12 Şirkətinin iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 21 oktyabr 2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göstərilənlərə və İPM-in 38.1, 39.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2, 11-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın onların iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırkı məhkəmə icraatında iddiaçı X12 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müvafiq ünvanda yerləşən əmlak kompleksinə – daşınmaz əmlaka X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını mübahisələndirir. Lakin işdə olan sənədlərdən məlum olur ki, sözügedən əmlaka X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 247/2020 saylı 16 iyun 2020-ci il tarixli qərardadı ilə təsdiqlənmiş barışıq sazişi əsasında aparılmışdır. Qeyd olunmalıdır ki, sözügedən başrış sazişi iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası barədə məhkəmə qətnaməsinin icrası üzrə qətnamənin icrası mərhələsində tərəflər arasında bağlanmışdır və icra məmurunun təqdimatı ilə məhkəməyə təqdim olunmuşdur. Qərardadla təqdimat təmçin edilərək, barışıq sazişi təsdiq edilmiş və sazişin şərtlərinə görə borclu "xxxx" MMC xüsusi mülkiyyətindəki ümumi sahəsi 4.155,3 kv.m qeyri-yaşayış təyinatlı əmlak kompleksini borc əvəzi tələbkar X6 verməyi öhdəsinə götürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-247/2020 saylı iş üzrə 16 iyun 2020-ci il tarixli qərardadı qüvvədədir və ləğv edilməmişdir, iddiaçı X12 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının həmin əmlak kompleksinə (bir hissəsinə) dair X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın mübahisələndirilməsi üzrə iddiasına inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar