Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3122/2021 19.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Əbdurəhmanov Kənan Səfər oğlunun (Şirvan şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), cavabdehin nümayəndəsi Rüstəmli Nurani Mədəd oğlunun (Balakən rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, böyük mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı Xudaverdiyev Qurban Misir oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Xudaverdiyev Qurban Misir oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, hüququnun yarandığı 57 yaşdan, yəni 30 iyul 2012-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur, 20.11.1974-cü ildən 10.12.1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur, 30.01.1978-ci ildən 01.09.1983-cü ilədək “Azneftikinti” Trestinin 2 nömrəli Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcəli bənna işinə qəbul edilmiş, 01.09.1983-cü ildən Əli- Bayramlı Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli bənna işində əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı 15.08.2005-ci ilə qədər həmin İdarədə işləmişdir.Onun işlədiyi peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin, vəzfələrin siyahısında öz əksini tapmışdır. 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 15.10.2020-ci ildə cavabdehə müraciət etsə də,müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı məhkəməyə müraciət etmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından iddiаyа dаir еtirаzın tələb edilməsinə baxmayaraq cavabdeh məhkəmə sərəncamını icra etməmiş, iddiaya etirazını təqdim etməmişdir. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Əbdurəhmanov Kənan Səfər oğlu ddia ərizəsində göstərilən məzmunda çıxış edərək əlavə onu bildirmişdir ki, cavabdehin tələb etdiyi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işləməsi barədə iş yerindən arayışın cavabdehə təqdim edilməsi mümkün deyildir ki, belə ki, iddiaçının işlədiyi müəssisə hazırda mövcud deyildir.İddiaçının nümayəndəsi və vəkili çıxışının sonunda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Rüstəmli Nurani Mədəd oğlu iddiaya etiraz etmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi qismən təmin edilməli, qismən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı Azərbaycan vətəndaşıdır, xx.xx.1955-cı ildə anadan olmuşdur. NZ ******* nömrəli Hərbi biletə əsasən İddiaçı 20.11.1974-cü ildən 30.11.1976-cı ilədək Sovet Ordusunda xidmət etmişdir. İddiaçının əmək kitabçasına əsasən İddiaçı 30.01.1978-ci ildən 01.09.1983-ci ilədək Aznefttikinti Trestinin 2 saylı TQİ-də 2-5-ci dərəcəli bənna işində, 01.09.1983-cü ildən 15.08.2006-ci ilədək Əli-Bayramlı 2 saylı TQİ-də 5-6-cı dərəcəli bənna işində işləmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 10.12.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun qaydada Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajını təsdiq edən sənədlərin surəti (əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq sənəd və s.), şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli, pensiya təyin edilməsi ilə bağlı ərizə. Bu sənədlər təqdim edildikdən sonra pensiya təyin edilməsi məsələsinə baxıla bilər. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-cı il təvəllüdlüdür, 30.07.2012-ci il tarixində onun 57 yaşı tamam olmuşdur, həmin tarixə onun 25 ildən çox ümumi iş stajı olmuşdur, həmin müddət iddiaçı 01.01.2006-cı ilə qədər işlədiyi dövrə təsadüf edir, iddiaçı işlədiyi müddəti güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə - bənna işləmişdir. İddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Hazırda iddiaçının güzəştli şərtlərlə pensiya hüuqqu verən peşədə - bənna peşəsində 25 ildən çox müddətdə işləməsi əmək kitabçası ilə təsdiqlənir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.Həmin qərarda işçinin peşəsinin işlədiyi peşənin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasının qeyd edilməli olması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısnda (kod 229000a-12680), 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda ın 29-ci bölməsinə Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “a” yarımbölməsinə əsasən ilə bənna peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. Göstərilənlərə əsasən məhkəmə iddiaçını ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbində haqlı hesab edir. İş materialalrında olan cavabdehin 10.12.2020-ci il tarixli məktubuna əsasən iddiaçı pensiya təyin edilməsi üçün 22.10.2020-ci ildə cavabdehə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun “32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi qeyd edilən qanun normasına görə iddiaçının almaq hüququ olduğu pensiya iddiaçıya yalnız müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün təyin edilərək ödənilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğu üçün iddiaçı pensiya təyin edən orqana müraciət etdiyi 22.10.2020-ci ildən üç il əvvəlki tarixdən,yəni 22.10.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbi təmin edilməli, iddia qalan hissədə əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Xudaverdiyev Qurban Misir oğluna 22.10.2017-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3122/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3122/2021
19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver