Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3123/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə təsis edilmiş təqaüdün ona "Müharibə veteranı" vəsiqəsinin verildiyi 10 aprel 1998-ci il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, İddiaçı 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda doğulmuş və əmək fəaliyyətinə 1982-ci ildə Naxçıvan MR Daxili İşlər Nazirliynin əməkdaşı kimi başlamaqla 1999-cu ildə xidmət illərinə görə polis mayoru rütbəsi ilə ehtiyata buraxılmışdır. Daxili işlər orqanlarında xidmət etdiyi 1990-1992-ci illərdə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Naxçıvan MR-in Sədərək, Şada, Kərməçatağ, Ərəfsə və digər bölgələrinə hücum etmiş erməni qəsbkarları və onların hücumlarının qarşısının alınmasında fəallıq göstərmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı 10 aprel 1998-ci il tarixdə 019842 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verilmiş, həmçinin qanunvericiliklə müharibə veteranları barədə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğu bildirilmişdir. Lakin 1999-cu ildən ehtiyata buraxılması və döyüş bölgələrində iştirakla əlaqədar aldığı xəsarət və kontuziya səbəbindən vaxtının çox hissəsini müalicələrdə keçirdiyindən müharibə veteranı olaraq dövlət tərəfindən qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan yararlana bilməmiş, bu güzəşt və imtiyazların nədən ibarət olduğu barədə məlumatı olmamışdır. İddiaçı daxili işlər orqanlarında xidmət etsə də, Vətənin azadlığı və ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və müharibə veteranı adını qazanmışdır. Lakin iddiaçı göstərdiyi xidmət və aldığı ada baxmayaraq, o, müharibə veteranı kimi qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etməmişdir. Hazırda isə iddiaçının səhhəti və müalicəsi ilə əlaqədar ona müharibə veteranı olaraq dövlət tərəfindən müəyyən edilmiş müavinətin ödənilməsi zəruridir. Bununla bağlı iddiaçının cavabdeh quruma qanunvericiliklə nəzərdə tutulmuş qaydada edilmiş müraciəti isə nəticəsiz qalmışdır. Bu səbəbdən də iddiaçı hazırki tələblə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Müharibə veteranları üçün təsis edilmiş müavinət qanunvericiliyə uyğun olaraq iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən hesablanmaqla ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 10 aprel 1998-ci il tarixli 019842 nömrəli veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı İddiaçı veteran statusunu aldığı vaxtdan, yəni 10 aprel 1998-ci il tarixdən sosial müavinət təyin etmiş, əvvəlki illər üzrə müavinət ödəməkdən isə haqlı olaraq imtina etmişdir. Belə ki, “Sosial müavinətlər haqqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 28.06.1994-cü il tarixdən qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11.07.2005ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel 641 nömrəli fərmanına uyğun olaraq 1 aprel 2019-cu il tarixdən müddətsiz aylıq 80 (səksən) manat məbləğində (müharibə veteranlarına) təqaüd təyin edilmişdir. Vətəndaş müharibə veteranı vəsiqəsini 10 aprel 1998-ci il tarixdə almasına baxmayaraq, nəzərdə tutulmuş təaqaüdlə bağlı etdiyi müraciət 15 aprel 2019-cu il 641 nömrəli Fərmanının təsir dairəsinə düşməsi səbəbilə İddiaçı əvvəlki illər üzrə müavinətin hesablanaraq birdəfəlik ödənilməsi ilə bağlı tələbi əsassızdır və təmin edilməməlidir. Həmçinin “Sosial müavinətlər haqqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Yəni hesab etsək “Sosial müavinətlər haqqında” Qanun 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minib və İddiaçı 10 aprel 1998-ci il tarixdən 1 aprel 2019-cu il tarixədək olan dövrlər üzrə müavinətin verilməsi tələbi qanunun qüvvəyə minməsindən əvvəlki dövrə aid olması səbəbi ilə iddiaçının tələbi əsassız hesab edilməlidir. Qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 22.11.1999-cu il tarixində İddiaçı hərbi qulluqçu (xüsusi rütbəli) kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən adıçəkilən şəxsə həmin tarixdən etibarən Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı kimi əmək pensiyası Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Müharibə veteranın adının verilməsi Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Bu qəbildən olan işlərdə veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Beləliklə, iddiaçının əvvəlki illər üzrə müavinətin hesablanıb ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 10.04.1998-ci il tarixdə verilmiş 019842 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 23 dekabr 2021-ci il tarixli məktubda qeyd olunur: Bildiririk ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 22.11.1999cu il tarixində İddiaçı hərbi qulluqçu (xüsusi rütbəli) kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən adıçəkilən şəxsə həmin tarixdən etibarən Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı kimi əmək pensiyası Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı 22.11.1999-cu il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli) kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işində olan Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsindən görünür ki, İddiaçı (xüsusi rütbəsi mayor, DİN-in X2 şöbəsinin maliyyə hissəsinin rəisi) 27.10.1999-cu ildə öz xahişi ilə tərxis olmuşdur, xidmət illər 26 il 10 ay 2 gün təşkil edir. İş materiallarında olan İddiaçı məxsus təqaüd işində olan sənədlərdən və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 02.03.2021-ci il tarixli məktubdan görünür ki, ona Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel 641 nömrəli Fərmanına uyğun olaraq 01.04.2019-cu il tarixdən müddətsiz aylıq 80 (səksən) manat məbləğində (müharibə veteranlarına) təqaüd təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respblikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24.11.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın 10.04.1998-ci il tarixli 16 nömrəli protokoluna əsasən “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş əməkdaşların siyahısında 14-cü sırasında İddiaçı adı qeyd olunmuşdur. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 4.0.1.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir; 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadığı hallarda təyin edilir; 9.1, 9.1.5-ci maddələrinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il Fərmanının 2.1-ci bəndinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.6-cı, 7.0.7-ci, 7.0.8-ci (hər iki halda), 8-ci, 9.1.5-ci, 9.1.6-cı, 9.1.7ci, 11.1.5-ci, və 11.1.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə - 55,0 min manat müavinət müəyyən edilmişdir (Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2007-ci il tarixli 514 nömrəli Fərmanı ilə 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilmişdir). «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə 55 manat aylıq sosial müavinət müəyyən edilmişdir (01.04.2019-cu ilədək qüvvədə olmuşdur). “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında» Azərbaycan Pespublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, 10.04.1998-ci il tarixdə İddiaçı “Müharibə veteranı” statusu və vəsiqəsi verilmişdir. İddiaçı 27.10.1999-cu ildə öz xahişi ilə tərxis olmuşdur (xüsusi rütbəsi mayor, DİN-in X2 şöbəsinin maliyyə hissəsinin rəisi, xidmət illər 26 il 10 ay 2 gün). İddiaçıya 22.11.1999-cu il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli) kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel 641 nömrəli Fərmanına uyğun olaraq 01.04.2019-cu il tarixdən müddətsiz aylıq 80 (səksən) manat məbləğində təqaüd (Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü) təyin edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə təsis edilmiş təqaüdün ona "Müharibə veteranı" vəsiqəsinin verildiyi 10 aprel 1998-ci il tarixdən hesablanmaqla ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, aylıq müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur və bu Qanunun qüvvəyə mindiyi gündən sonra almaq hüququ yaranan müavinətlərə şamil edilmişdir. Qeyd olunan qanun 01.01.2006-cı il tarixdən qüvvəyə minmişdir, iddiaçıya isə “Müharibə veteranı” statusu və vəsiqəsi 10.04.1998-ci ildə verilmişdir. Bundan başqa, həmin qanunun 7.0.6-cı maddəsinin tələblərindən göründüyü kimi, müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadığı hallarda təyin edilir. İddiaçıya isə 22.11.1999-cu il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli) kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd olunan tarixdən sonra sosial müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə əvvəlki üç il üçün ödəmələrin aparılmasını nəzərdə tutan “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Qeyd olunan təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda da təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3123/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3123/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver