Məhkəmə qərarları › İş №2-1(112)-3124/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3124/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3124/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ya yenidən hesablanması, ödənilməmiş məbləğin bərpa edilməsi, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər geçikdirilmiş gün üçün faizlərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, əvvəllər ona təyin edilmiş əmək pensiyalarının bərpa edilməsini və ya yenidən hesablanmasını xahiş etmişdir. Ərizəsində ona pensiya təyin edilən zaman 26 manat pensiya hesablandığını, lakin bunun əvəzinə cəmi 8 manat ödəniş edilməsini qeyd etmişdir. Həmin vaxt baş vermiş xətanı aradan qaldırmağı, ödənilməmiş məbləğin bərpa edilməsini və bu barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. İddiaçıya cavab olaraq 01 yanvar 2006-cı il tarixindən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq ona həmin tarixdən 26.20 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilərək ödənildiyi bildirilmişdir. Həmçinin müraciəti ilə əlaqədar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək 01 yanvar 2021-ci il tarixdən 259.78 manat müəyyən edilməsi bildirilmişdir. X2 aparılın araşdırmaya əsasən "xxxx" Kiçik Müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından əmək kitabçasının surətində qeyd edilmiş 02 oktyabr 1993-cü il tarixindən 25 sentyabr 1995-ci il tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulduğu səbəbindən iddiaçı məhkəməyə müraciət edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 439.7 maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri artmış və ya azalmışsa borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. MM-nin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Cavabdeh uzun müddət iddiaçının pulunu qanunsuz saxlamaqla iddiaçıya vurduğu zərərin əvəzini ödənilməlidir. İddiaçı 31 yanvar 2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və tələbinin “hərbi xidmətdə olduğu, 2 oktyabr 1993-cü il tarixdən 25 sentyabr 1995-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Virgin adalarının “X3 Ltd” Şirkətinin filialında işlədiyi dövrlərin əmək stajına daxil edilərək pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbi “hərbi xidmətdə olduğu, 2 oktyabr 1993-cü il tarixdən 25 sentyabr 1995-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Virgin adalarının “X3 Ltd” Şirkətinin filialında işlədiyi dövrlərin əmək stajına daxil edilərək pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” şəklində qəbul edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında göstərmişdir ki, cavabdehin imtina məktubundan aydın olur ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd edilən xx.xx.1993-xx.xx.1995-ci illərdə "xxxx" kiçik müəssisəsində işləməsinə dair qeydlərin yoxlanılması zərurəti yaranmışdır. Qarşılıqlı yoxlama zamanı həmin müəssisənin faktiki və arxiv sənədlərinin saxlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Yəni əmək kitabçasında qeydə alınmış xx.xx.2006-cı il tarixə qədər olan dövr müvafiq qaydada yoxlanılmalıdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus yanvar 1968-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1968-ci ildə Dəmir-beton trestinin 2 nömrəli Sənaye kombinatının 1 nömrəli sexinə 3-cü dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, xx.xx.1968-ci ildə iddiaçıya 4-cü dərəcəli, xx.xx.1969-cu ildə 5-ci dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, iddiaçı xx.xx.1971-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçılarının briqadri təyin edilmişdir. Az SSR Tikinti Sənayesi Nazirliyinin 261 nömrəli əmrinə və “Dəmir-beton” trestinin 011 1/269 nömrəli məktubuna əsasən zavodun adı dəyişdirilərək “Təcrübə eksperimental zavodu” adlandırılmış, iddiaçıya xx.xx.1975-ci ildə EQKS tətbiq edilməsi ilə əlaqədar olaraq 3-cü dərəcəli əl qaynaqçısı dərəcəsi, xx.xx.1976-cı ildə 4-cü dərəcəli əl qaynaqçısı dərəcəsi verilmiş, iddiaçı xx.xx.1979-cu ildə 2 il müddətinə xaricə- Liviyaya ezam olunmuş, xx.xx.1983-cü ildə xaricdən ezamiyyətdən qayıdaraq işə başlamış, xx.xx.1987-ci ildə 4-cü dərəcəli əl qaynaqçılarının briqadiri təyin edilmiş, xx.xx.1989-cu ildə 4-cü dərəcəli elektrik qaynaqçısı növbə peşəsi verilmişdir. İddiaçı xx.xx.1989-cu ildə İraqda işləmək üçün 6 ay müddətinə ezam olunmuş, xx.xx.1991-ci ildə xaricdən ezamiyyətdən qayıdaraq işə başlamış, xx.xx.1991-ci ildə AR ƏQM-nın 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1991-ci ildə Nərimanov rayonu mənzil təsərrüfat idarəsinə cari təmir xidmətinə ekspeditor təyin edilmiş, xx.xx.1992-ci ildə AR ƏQM-nın 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1992xx.xx.1993-cü illərdə Bakı mənzil təmir-tikinti trestini 6 nömrəli İxtisaslaşdırılmış podrat təmir-tikinti idarəsində 1-ci kateqoriyalı mühəndis, 01.10.993-xx.xx.1995-ci illərdə "xxxx" kiçik müəssisəsində elektrik qaynaqçısı, xx.xx.2004-xx.xx.2006-cı illərdə Virgin adalarının “X3 LTD” Şirkətinin filialında qaynaçı kimi işləmişdir. İşdə olan iddiaçıya məxsus pensiya işindən görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Nizami Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nizami Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2003-cü il tarixli 18/17 saylı qərarı ilə xx.xx.2003-cü il tarixdən iddiaçıya ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli **********2 saylı məktubunda göstərilmişdir ki, “İddiaçı xx.xx.2003-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.1968-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.2004-cü il il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 27 il 1 ay 23 gün təşkil edir. İddiaçı pensiyasının məbləği aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2006-cı il tarixinədək vətəndaşın 27 il 1 ay 23 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği – (27+1/12)x170x2,5607= 9985,45 manat; xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək pensiya kapitalının Qanununu 32.1-1-ci maddəsinin tələblərinə əsasən (müraciət etdiyi tarixdən 3 il əvvəl) xx.xx.2017-ci il tarixə indeksləşdirilmiş məbləği 250,56 manat təşkil edir. Adıçəkilən şəxsin pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2017 – 110 (baza hisssə)+(10.236,01:144)(sığorta hissə)=181,06 xx.xx.2018 - 187,06+5,7%= 191,38 xx.xx.2019 – 191,38+ 3%= 197,12 xx.xx.2019 – 200 (Qanunun 6-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən əmək pensiyasının məbləği 200 manata çatdırılmışdır). xx.xx.2020 – 200+16,6%= 233,20 xx.xx.2021 – 233,20+11,4%=259,78 xx.xx.2022 – 259,78+3,4%=268,62 Qeyd olunanlar nəzərə alınaraq bildirilmişdir ki, İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği 268,62 manat müəyyən edilmişdir.” İddiaçı hazırda bu məbləğlə razı deyil və onun hərbi xidmətdə olduğu, 2 oktyabr 1993-cü il tarixdən 25 sentyabr 1995-ci il tarixədək "xxxx" kiçik müəssisəsində, xx.xx.2004cü il tarixdən xx.xx.2005-ci il tarixədək Virgin Adalarının “X1 Ltd” şirkətinin filialında işlədiyi dövrlərin əmək stajına daxil edilərək pensiya məbləğinin yenidən hesablanmasını xahiş edir. İşdən görünür ki, cavabdeh iddiaçının əmək kitabçasında göstərilən qeydlərə əsasən onun xx.xx.2006-cı il tarixədək 27 il 1 ay 23 gün iş stajının olduğunu qəbul etmiş, bu zaman iddiaçının yalnız hərbi xidmət dövrünü və onun xx.xx.1993-xx.xx.1995-ci illərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrü qəbul etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının "xxxx" kiçik müəssisəsində işlədiyi dövrləri onun sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Çünki iddiaçıya xx.xx.2003-cü ildə pensiya təyin edilərkən qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa. Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İddiaçının 1993-1995-ci illərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir hal olmadığı halda onları qəbul etməmiş, yalnız həmin müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmamasına istinad etmişdir. Halbuki həmin qeydlər iddiaçıya pensiya təyin edilərkən xx.xx.2003-cü il tarixdə mövcud olmuşdur. Məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına aid edilməklə ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmalıdır. İddiaçının hərbi xidmət müddətinin iş stajına daxil edilməsi məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilərkən qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; İddiaçı onun hərbi qulluq keçdiyi dövrün iş stajına daxil edilməsini xahiş etsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən həmin dövrün araşdırılması ilə bağlı aidiyyəti qurumlara sorğu verilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsi iddiaçının hərbi xidmət keçməsi barədə İdarənin arxiv uçot sənədlərində heç bir məlumat olmadığını bildirmiş, aidiyyəti üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinə müraciət edilməsi göstərilmiş, Suraxanı rayon idarəsi də müvafiq məlumatları təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı nə cavabdehə, nə də məhkəməyə hərbi xidmət keçməsi barədə sübut təqdim etmədiyindən həmin dövrün onun iş stajına daxil edilməsi mümkünsüzdür. xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Virgin Adalarının “X1 Ltd” şirkətinin filialında işlədiyi dövrlərin əmək stajına daxil edilməsi məsələsinə gəldikdə, işdən görünür ki, cavabdeh həmin müddəti iddiaçının iş stajına daxil edərək onun 27 il 1 ay 23 gün sığorta stajına əsasən pensiya hesablamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" müstəqil kiçik müəssisəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar