Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3124/2024 02.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə haqqının dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı kirayə haqqının dayandırıldığı tarixdən bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Xətai RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2001-ci ildən ödənilən müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən Xətai RİH Başçısının xx.xx.2001-ci il tarixli, M-468 №-li sərəncamına əsasən 2001-ci ildən ona ödənilən müvəqqəti mənzil kirayəsinin xərclərinin 2023-cü ildən dayandırılması ilə bağlı Xətai RİH-nin hərəkətlərinin qanunsuz hesab edilməklə kirayə haqqının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Xətai RİH-nin üzərinə qoyulması barədə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1985-ci ildən 2000-ci ilə qədər 15 il 4 ay müddətində Daxili işlər orqanlarında xidmət edərək 2000-ci ildə təqaüdə çıxmışdır. Ehtiyatda olan daxili xidmət podpolkovniki, 1-ci Qarabağ müharibəsi veteranıdır. Xətai RİH Başçısının 14 iyun 2001-ci il tarixli Sərəncamı ilə ümumi siyahıda 1446-cı, güzəştli siyahıda 687-ci olmaqla 4 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülmüşdür. Bundan sonra mənzil şəraitinin ağır olması ilə əlaqədar bir neçə dəfə icra hakimiyyətinə müraciət etmiş olsa da, icra hakimiyyətindən ona mənzil fondunda hal hazırda mənzil olmadığı bildirilmişdir. “Hərbi Qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə və AR Nazirlər Kabinetinin 09 oktyabr 2000-ci il tarixli 183 saylı və 27 noyabr 2001-ci il tarixli 187 saylı qərarlarına uyğun olarq 15 ildən çox müddətə xidmət edərək ehtiyata və istefaya çıxmış hərbi qulluqçulara yerli icra hakimiyyətləri tərəfindən onlara mənzil və ya torpaq sahəsi verilənədək müvəqqəti mənzil kirayəsi xərcləri ödənilir. Qeyd edilən qərarlara uyğun olaraq həmin müavinət yerli icra hakimiyyətləri tərəfindən ödənilir. AR Nazirlər Kabinetinin 09 oktyabr 2000-ci il tarixli 183 saylı qərarı ilə “Hərbi Qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə orqanlarından təqaüdə çıxmış ehtayatda olan zabitlərə də şamil edilməsi qərara alınmışdır. Ona da daxili işlər orqanlarında 15 ildən çox xidmət edərək istefaya çıxmış zabit kimi Xətai RİH tərəfindən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların mənzil kirayəsi xərcləri səviyyəsində müvəqqəti mənzil kirayəsi xərci ödənilir. 2019-cu il tarixdən 2023-cii ilin mart ayına qədər ona 4 nəfər ailə üzvü ilə birlikdə ayda 375 manat müvəqqəti mənzil kirayəsi xərci ödənilmişdir. 2023-cü ilin mart ayından başlamaqla ona səbəbi barədə heç bir rəsmi məlumat verilmədən mənzil kirayəsi xərcləri ödənilmir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Xətai RİH tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətində (etirazda) göstərilmişdir ki, Xətai RİH iddia tələbi ilə razı deyil. İddiaçı xx.xx.2023-cü il tarixli, 5-11/1-Ə-225- 059/2023 nömrəli ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək, ehtiyatda olan hərbiçi kimi aylıq kirayə xərcləri ilə təmin olunmağı üçün mənzil növbəsinə götürülməsinə müvafiq köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı Xətai RİH Başçısının xx.xx.2001-ci il tarixli, M-468 nömrəli sərəncamı əsasında 4 nəfər (özü, arvadı, 1 oğlu, 1 qızı) ailə tərkibi ilə yaşayış yeri üzrə Qarabağ müharibəsi veteranı kimi güzəştli mənzil növbəsinə götürülmüşdür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci bəndinə əsasən yalnız 15 təqvim ilindən artıq hərbi xidmətdə olan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzil növbəsinə alınaraq mövcud qanunvericilik əsasında Azərbaycan Respublikası NK-nin 174 №-li qərarına əsasən müəyyən etdiyi məbləğdə və qaydada müvəqqəti olaraq kirayə xərclərinin ödənilməsi ilə təmin olunurlar. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, iddiaçı isə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə (teleqram) ünvanlayaraq təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Qəbələ rayonunda doğulmuş İddiaçı, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kadrlar İdarəsi tərəfindən verilmiş 11/31-BH saylı, 12 fevral 1998-ci il tarixli arayışda podpolkovnik İddiaçı Azərbaycan Respublikası DİO-da xidmət etdiyi və müharibə veteranı olduğu qeyd olunmuşdur. Bakı şəhəri Xətai RİH Mənzil uçotu və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 03- 5 №-li, xx.xx.2001-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı Xətai RİH Başçısının xx.xx.2001-ci il tarixli sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmışdır. Ümumi siyahıda 1446-cı, güzəştli siyahıda 687-dir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-08423/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş Xətai RİH Başçısının “İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə alınması haqqında M-468 №-li, xx.xx.2001-ci il tarixli sərəncamında göstərilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixdən 9 nəfər ailə tərkibi ilə (özü arvadı, oğlu, qızı, atası, bacısı, 3 bacısı uşağı) Sarayev küçəsindəki 136 №li evin sahəsi 38,6 kv. metr olan 3 otaqlı 25 №li mənzilində pasport qeydiyyatındadır. İddiaçı Azərbaycan (Qarabağ) müharibəsi veteranıdır (Vəsiqə № 012857 12 fevral 1998-ci il tarixli). Qeyd olunan sərəncamla İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu, qızı) yaşayış yeri üzrə mənzil növbəsinə alınması və güzəştli siyahıya daxil edilməsi qərara alınmışdır. Məktubda İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.2001-ci il tarixli, m-468 saylı sərəncamına heç bir sənəd əlavə edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 3-13-21/2- 11273/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, xx.xx.2000-ci il tarixdə müvəqqəti təlimatın 4-cü maddəsinin “e” bəndinə əsasən (şəxsi xahişinə görə) daxili işlər orqanlarından xaric olunmuşdur. Bakı şəhəri Xətai RİH-nin 5-11/2-78/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı 2001-ci il tarixdən 2023-cü il tarixədək aylıq kirayə xərcləri ilə təmin olunmuş, lakin 2023-cü il tarixdə müvafiq araşdırma zamanı, İddiaçı Xətai RİHB-nn xx.xx.2001-ci il tarixli, M-468 nömrəli sərəncamı əsasında 4 nəfər (özü, arvadı, 1 oğlu, 1 qızı) ailə tərkibi ilə yaşayış yeri üzrə Qarabağ müharibəsi veteranı kimi güzəştli mənzil növbəsinə götürüldüyündən onun aylıq kirayə xərcləri dayandırılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci bəndinə əsasən yalnız 15 təqvim ilindən artıq hərbi xidmətdə olan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və micmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzil növbəsinə alınaraq mövcud qanunvericilik əsasında Azərbaycan Respublikası NK-nin 174 №-li qərarına əsasən müəyyən etdiyi məbləğdə və qaydada müvəqqəti olaraq kirayə xərclərinin ödənilməsi ilə təmin olunurlar. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RİH tərəfindən verilmiş 5-11/2-Ə-225-029/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, araşdırma zamanı onun Xətai RİHB-nın 2001-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi veteranı kimi güzəştli mənzil növbəsinə götürüldüyü müəyyən edilmişdir. “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən kirayə xərcləri yalnız ehtiyyata və istefaya buraxılmış hərbi qulluqçulara (qanunla qadağan olunmayan hallar nəzərə alınmaqla) şamil edilir. Yuxarıda qeyd edilənlərə əsasən ona ödənilmiş kirayə xərclərinin qısa müddət ərzində dövlət büdcəsinə geri qaytarılması tələb olunmuşdur. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası müdafiə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 271 №li 19 may 1992-ci il tarixli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 183 №li 9 oktyabr 2000-ci il tarixli qərarı ilə edilmiş dəyişikliklərlə olan redaksiyada) Bənd 9. Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayədə yaşamağa məcbur olan zabitlərə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara faktiki məsrəflərə uyğun olaraq, lakin aşağıdakı məbləğlərdən yuxarı olmamaq şərtilə mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilir: Bakı şəhərində - 1 sutka üçün 1700 manat; başqa şəhər və rayon mərkəzlərində - 1 sutka üçün 1200 manat; digər yaşayış məntəqələrində - 1 sutka üçün 1000 manat. Göstərilən hərbi qulluqçulara onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq pul kompensasiyasının 25 faizi həcmində əlavə ödənilir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin birinci cümləsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1 -ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində - 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində - 75 manat, 1.3. digər yaşayış məntəqələrində -55 manat. Həmin Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1 -ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından müəyyən olunur ki, iddiaçı 15 ildən artıq bir müddətdə, yəni xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmiş və İ Qarabağ müharibəsi veteranıdır. İddiaçı Xətai RİH Başçısının xx.xx.2001-ci il tarixli sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmış və cavabdeh inzibati orqan tərəfindən o, 2001-ci il tarixdən 2023-cü il tarixədək ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu kimi aylıq kirayə xərcləri ilə təmin olunmuş, daha sonra 2023-cü il tarixdə müvafiq araşdırma zamanı, iddiaçının xx.xx.2001-ci il tarixli sərəncamla yaşayış yeri üzrə Qarabağ müharibəsi veteranı kimi güzəştli mənzil növbəsinə götürüldüyü nəzərə alınaraq onun aylıq kirayə xərcləri dayandırılmışdır. Məhkəmə hesab edir ki, mənzil kirayəsinin xərclərinin dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab olunmalıdır. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya 2001-ci il tarixdən 2023-cü il tarixədək hərbi qulluqçu kimi aylıq kirayə xərclərinin ödənilməsinə əsas olmuş cavabdeh inzibati orqanın xx.xx.2001-ci il tarixli sərəncamında onun hansı əsaslarla mənzil növbəsinə götürüldüyü qeyd olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun aşağıda qeyd olunan maddələrinə əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, adıçəkilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən isə işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İş materiallarından görünür ki, ötən dövr ərzində qeyd olunan məsələ ilə bağlı iddiaçıya heç bir xəbərdarlıq olunmamış və hansı bir bildiriş göndərilmədən ona ödənilən kirayə haqqının ödənilməsi dayandırılmışdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, M-468 №-li sərəncamına əsasən 2001-ci ildən İddiaçı ödənilən müvəqqəti mənzil kirayəsinin xərclərinin 2023-cü ildən dayandırılması ilə bağlı Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin hərəkətləri qanunsuz hesab edilməklə kirayə haqqının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3124/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3124/2024
02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver