Məhkəmə qərarları › İş №2-1(112)-3124/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3124/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3124/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) qarşı “doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak edilməsinə imkan yaradılmasının təmin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixinədək “MBA” proqramına qəbul olunmuş şəxs kimi onun iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etməyinə (ixtisas imtahanına buraxılmağına) imkan yaradılmasının təmin edilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən cavahdeh əsl cavabdeh ilə (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə) əvəz edilmiş, eyni zamanda hazırkı cavabdeh (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, “5308.01 - Ümumi İqtisadiyyat” ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantura pilləsinə qəbul olmaq üçün ingilis dili və fəlsəfə imtahanlarını müvəffəqiyyətlə vermişdir. Lakin, növbəti (xx.xx.2024-ci il tarixdə) keçirilməli olan ixtisas imtahanına buraxılmamışdır. Buna səbəb kimi universitetin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən göndərilmiş siyahıya istinad edərək “MBA” ixtisası üzrə magistr dissertasiyasını müdafiə etməyən şəxslərin doktorantura ixtisasına qəbul ola bilməmələri qeyd olunmuşdur. İxtisas imtahanına 2-ci dəfə buraxılmağına icazə verilməsi üçün cavabdeh orqana xx.xx.2024-cü il tarixdə (elektron qaydada) ərizə ilə müraciət etdi. Lakin, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul” Qaydalarının 3.1-ci bəndinə istinad edilərək (həmin bəndə əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim - mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar) bildirmişdir ki, sözügedən məsələ 2020/2021-ci tədris illərində qəbul olunmaq üçün şamil edilməsini və hal-hazırki qaydalara əsasən magistr dissertasiyasının müdafiəsinin vacib olmasını əsas gətirərək müraciəti təmin olunmamışdır. Hesab edir ki, cavabdeh orqanın gəldiyi nəticə əsassızdır. Növbəti (xx.xx.2024-ci il tarixdə) keçirilməli olan ixtisas imtahanına buraxılmağı qanuni olduğu halda sözügedən orqan ona aid olan hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmışdır. İlk öncə Universitet tərəfindən (AR Elm və Təhsil Nazirliyinin razılığı ilə) o və digər tələbələr keçən il həmin ixtisas imtahanına buraxılmışdırlar, o 34 bal toplamışdır (əlavə yer açılmadığı üçün qəbul oluna bilməmişdir, bundan başqa əgər yazılan kimi ancaq 2020-2021 ci illərdə şərait yaradılırdısa, onda necə olur ki, o keçən il ixtisas imtahanına girib 34 bal toplamışdır) və həmçinin, cari ildə də doktorantura pilləsinə qəbul olmaq üçün ingilis dili və fəlsəfə imtahanlarına buraxılmışdır və həmin imtahanları müvəffəqiyyətlə vermişdir (əgər bu il imtahana buraxılmayacaqdırsa Elm və Təhsil Nazirliyinin portalı hansı səbəbdən sənədlərini qəbul etmiş, həmçinin Nazirliyin portalında hətta xarici dili imtahanından keçdiyinə görə ona təbrik etmək, növbəti mərhələyə keçməyi barədə yazılar öz əksini tapmışdır). Həmçinin bu barədə cavabdeh orqan Azərbaycan Respublikasının Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə istinad edərək özünə məxsus internet veb səhifəsində məlumat yerləşdirmişdir (həmin səhifədən çıxarış iddia ərizəsinə əlavə olunur, yerləşdirilmiş məlumata əsasən qanunvericilikdə edilmiş dəyişikliyə qədər yəni 13 noyabr 2019-cu il tarixinədək MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmələrinə imkan yaradılacaqdır). Bundan başqa, o da qeyd olunmalıdır ki, eyniliklə onun vəziyyətində olan digər şəxsin MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmək hüququ tanınmış və bu barədə həmin digər şəxsə bu hüququn həyata keçirilməsinə imkan yaradılmasının məqsədəmüvafiq hesab edilməsi ilə bağlı inzibati orqanın xx.xx.2021-ci il tarixli İ-12903/11-24 saylı məktubu (həmin məktub inzibati orqanın müvafiq vəzifəli şəxsi - Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli tərəfindən imzalanmışdır, həmin məktubun surəti iddia ərizəsinə əlavə olunur) müraciətə cavab olaraq göndərilmişdir (inzibati icraat haqqında Qanunun 12.4-cü bəndinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 13.2-ci bəndinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur). Hesab edir ki, səlahiyyətli orqana tərəfindən yuxarıda sadalanan hallarla bağlı dəfələrlə müraciət etsə də inzibati orqan üzərinə düşən vəzifəni icra etməmiş, nəticədə ona aid olan hüquqların həyata keçirilməsi inzibati orqan tərəfindən məhdudlaşdırılmışdır. Hesab edir ki, cavabdeh orqanın gəldiyi nəticə əsassızdır. Belə olan halda, 13 noyabr 2019-cu il tarixinədək "MBA” proqramına qəbul olunmuş şəxs kimi onun iqtisad elmləri üzrə doktorantura ixtisasına qəbul imtahanlarında iştirak etməyimə (ixtisas imtahanına buraxılmağıma,) imkan yaradılmasının təmin edilməsi barədə tərəfindən məhkəmədə iddia qaldırıla bilər. Əlavə olaraq Azərbaycan Dövlət İqtisad Universitetində “MBA” proqramı üzrə disertasiya müdafiəsi 2022-ci ilin məzunları üçün tətbiq edilmişdir (əvvəlki illərdə disertasiya müdafiəsi mövcud olmamışdır). Onu da nəzərə almaq lazımdır ki, o doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmək üçün 4 il (2021, 2022, 2023, 2024-ci illər üzrə) sənəd vermişdir, o doktorantura ixtisası üçün layihə hazırlamışdir (ölkəmizdə ilk iqtisadi klasterlərin qurulması və bu layihə ilə bağlı xarici investora müraciət etmişdir, onun ölkəmizə gəlməsinə çalışır). Bundan başqa, ingilis dilində məqaləsi də dərc edilmişdir (bu istiqamətdə layihə, kitablar və kurslar üçün çox vaxt və pul xərcləmişdir. Göründüyü kimi (o və bütün “MBA” ixtisası üzrə bitirənlərlə birlikdə) qeyd olunan sahə üzrə keçirilməli olan ixtisas imtahanına buraxılmamağı və 13 noyabr 2019-cu il tarixinədək MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmələrinə imkan yaradılmaması onun hüquqi vəziyyətini ağırlaşdırır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Ali təhsil müəssisələrinin rəhbərlərinə ünvanlandığı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na əsasən ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir və magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. "Magistr" dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi və AMEA tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər. Eyni zamanda, doktorantura səviyyəsinə qəbul prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” ilə tənzimlənir. 2019-cu ildə bu Qaydalarda dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən və magistr dissertasiyasını müdafiə edən Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Qaydalarda edilən dəyişikliyə uyğun olaraq 2020-ci ildə magistr diplomunun nümunəsində də dəyişiklik edilmiş və diplomda “doktoranturada təhsilini davam etdirmək” sözlərindən sonra “magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə” sözləri əlavə edilmişdir. Magistrlik dissertasiyalarının hazırlanması işləri elmi tədqiqat, axtarış və tətbiqi xarakterlidir. Magistrantlara elmi rəhbərlik, bir qayda olaraq, həmin təhsil müəssisəsində və AMEA-da çalışan professor-müəllim heyətinin elmi adı və ya elmi dərəcəsi olan nümayəndələri və ya həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər tərəfindən həyata keçirilir. Qanunvericilikdə edilən həmin dəyişikliklərin əsas məqsədi məhz elmi-tədqiqat bacarıqları olan magistrlərə ali təhsilin doktorantura səviyyəsində qəbul imtahanlarında iştirak imkanını yaratmaqdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərini davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda 2019-cu ilin 13 noyabr tarixində edilən dəyişikliyə qədər MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmək imkanlarının yaradılmasına etiraz etmədiyini bildirir.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məhkəməyə ünvanlandığı xx.xx.2024cü il tarixli 3-29/2-4944/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, doktoranturaya qəbul prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” ilə tənzimlənir. 13 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 443 nömrəli Qərarı ilə müvafiq Qaydalarda dəyişiklik edilmiş və Qaydaların 3.1.-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Qərar təsdiq edildiyi gündən qüvvəyə minmiş və 2019-cu ildən başlayaraq doktorantura və dissertant hazırlığına qəbul “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda edilmiş dəyişikliklər əsasında aparılır. Eyni zamanda “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 82 nömrəli Qərarı ilə təsdiq edilmiş magistr diplomunun nümunəsinə də 2020-ci ildə dəyişiklik edilmiş və diplomda “doktoranturada təhsilini davam etdirmək” sözündən sonra “(magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə)” sözləri əlavə edilmişdir. Qeyd edək ki, diplom dövlət nümunəli sənəddir və sahibinə təhsilini növbəti təhsil səviyyəsində davam etdirmək hüququnu verir. Bu mənada magistr diplomu doktoranturaya qəbul olunmaq üçün əsas sayılır və diplomunda “(magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə)” sözləri yazılmayan magistr təhsilli şəxslər məzun olduqları ildən asılı olmayaraq ixtisas uyğunluğu nəzərə alınmaqla doktoranturaya sənəd təqdim edə bilərlər. Vətəndaş İddiaçı diplomunda “doktoranturada təhsilini davam etdirmək (magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə)” sözləri yazılmış və diploma əlavəsində onun magistr dissertasiyasını müdafiə etməsi qeyd edilməmişdir. Bu səbəbdən İddiaçı doktoranturaya qəbul olunmaq hüququ yoxdur.

5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli İ-12903/11-24 nömrəli məktubunda qeyd edilmişdir ki, təhsillinizi davam etdirmək istəyinizi, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda 2019-cu ilin 13 noyabr tarixində edilən dəyişikliyə qədər MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmələrinə imkan yaradılması məqsədəmüvafiq hesab edilmişdir. Bunu nəzərə alaraq, sənədlərinizi seçdiyiniz ali təhsil müəssisəsinin doktorantura şöbəsinə təqdim edə bilərsiniz.

6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilən AM 039900 nömrəli magistr diplomunda da qeyd olunur ki, “diplom doktoranturada təhsili davam etdirmək (magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə) əsas verir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalar”ınının 3.1-ci bəndinə əsasən, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkimmütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Digər tərəfdən MBA (Master of Business Administration) biznesin idarə edilməsi üzrə magistr proqramıdır. Bu dərəcə, tələbələrə biznes və menecment sahəsində dərin biliklər qazandırmaq üçün nəzərdə tutulmuşdur. MBA proqramları həm nəzəri, həm də praktiki aspektlərdən ibarətdir və tələbələrə liderlik, strateji düşüncə, maliyyə analizi və marketinq kimi əsas sahələrdə bacarıqlar qazandırır. İddiaçı magistratura səviyyəsini bitirəndə magistr dissertasiyasını müdafiə etmədiyi səbəbindən doktorantura ixtisasına qəbul ola bilməsi mümkün deyil.

7. Azərbaycan Dövlət İqtisad Universitetinin məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli 010-017-6xx/xx/2025 nömrəli məktubda qeyd edilmişdir ki, 2020/2021-ci tədris ilinədək UNEC-də MBA Proqramı üzrə tədris planlarında dissertasiya işi yerinə yetirilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarı qüvvəyə mindikdən sonra 2020/2021-ci tədris ilindən etibarən UNEC Elmi Şurasının qərarı ilə MBA proqramı üzrə tədris planlarında dəyişiklik edilmiş və magistrantların könüllülük əsasında dissertasiya işi yazmaq üçün seçim imkanı yaradılmışdır. İddiaçı 13 sentyabr 2019-cu il tarixli 534/4/2019 nömrəli əmrlə UNEC Biznes məktəbinin MBA Proqramının “Biznesin idarə edilməsi” ixtisasının "Biznesin təşkli və idarə edilməsi (beynəlxalq biznes üzrə)" ixtisaslaşmasının ingilis bölməsinə əyani formada daxil olmuş və 04 avqust 2021-ci il tarixli 419/4/2021 nömrəli əmrlə məzun olmuşdur.

8. Azərbaycan Respublikasının Prezidenti X2 Komissiyasının məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il 3-50/2-107/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, elmi dərəcə iddiaçılarının doktoranturada xüsusi elmi hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların nəzdindəki doktoranturalara elmi-metodik rəhbərliyi və fəaliyyətlərinə nəzarəti onların tabe olduqları müvafiq qurumlar həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti X2 Komissiyası Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrlara elmi dərəcələr və elmi adlar verilməsini həyata keçirir. Ali təhsilin magistratura səviyyəsində diplomların, o cümlədən MBA proqramı üzrə diplomların statusunun müəyyən edilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir.

9. Dövlət İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AM seriyalı 039900 nömrəli magistr diplomunda qeyd edilmişdir ki, İddiaçı biznesin idarə edilməsi ixtisası üzrə biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə) ixtisaslaşması üzrə magistr elmiixtisas dərəcəsi verilmişdir.

10. Məhkəmə iclasında iştirakı edən iddiaçı və onun vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.

11. Məhkəmə iclasında iştirakı edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Təhsil sahəsində dövlətin vəzifələri 29.0.10-1. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;

15. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmənin mövqeyi

17. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. 26.1-1. Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. 32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq; 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

18. İşin araşdırılmış hallarına əsasən iddiaçı “5308.01 - Ümumi İqtisadiyyat” ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantura pilləsinə qəbul olmaq üçün ingilis dili və fəlsəfə imtahanlarını müvəffəqiyyətlə vermiş, xx.xx.2024-ci il tarixdə ixtisas imtahanına buraxılmamışdır. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti iddiaçıya ünvanlanan imtina məktubunda bildirmişdir ki, magistr dərəcəsi haqqında iddiaçının diplomu doktoranturada təhsil almaq üçün yetərli deyil, çünki magistr dissertasiyası müdafiə etməlidir.

19. Həmçinin üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçıya Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilən AM 039900 nömrəli magistr diplomunda qeyd olunur ki, “diplom doktoranturada təhsili davam etdirmək (magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə) əsas verir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il 443 saylı Qərarının: 3.1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il 443 saylı qərarı qüvvəyə minənə qədər, (13 noyabr 2019-cu il tarixinədək) 13 sentyabr 2019-cu il tarixli 534/4/2019 nömrəli əmrlə UNEC Biznes məktəbinin MBA Proqramının “Biznesin idarə edilməsi” ixtisasının "Biznesin təşkli və idarə edilməsi (beynəlxalq biznes üzrə)" ixtisaslaşmasının ingilis bölməsinə əyani formada daxil olmuş və xx.xx.2021-ci il tarixli, 419/4/2021 saylı əmrlə universiteti bitirmiş və ona AM № 039900 saylı 1080 qeydiyyat nömrəli magistr diplomu verilmişdir.

22. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, 2020/2021-ci tədris ilinədək UNEC-də MBA Proqramı üzrə tədris planlarında dissertasiya işi yerinə yetirilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarı qüvvəyə mindikdən sonra 2020/2021-ci tədris ilindən etibarən UNEC Elmi Şurasının qərarı ilə MBA proqramı üzrə tədris planlarında dəyişiklik edilmiş və magistrantların könüllülük əsasında dissertasiya işi yazmaq üçün seçim imkanı yaradılmışdır.

23. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarı qüvvəyə mindikdən sonra Təhsil nazirinin müavini İdris İsayevin xx.xx.2020-ci il tarixli Ali təhsil müəssisələrinin rəhbərlərinə MBA proqramı üzrə magistr təhsili almış şəxslərin doktoranturada təhsilini davam etdirməsi barədə məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərini davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda 2019-cu ilin 13 noyabr tarixində edilən dəyişikliyə qədər MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmək imkanlarının yaradılmasına etiraz etmədiyini bildirir.

24. Məhkəmə İddiaçı diplomunda “doktoranturada təhsilini davam etdirmək (magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə)” sözlərinin qeyd edilməsi ilə bağlı bildirir ki, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli Qərarı ilə təsdiq edilmiş magistr diplomunun nümunəsinə 2020-ci ildə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən 2020-ci il tarixdən bütün magistr diplomlarının nümunələrində “doktoranturada təhsilini davam etdirmək” sözlərindən sonra “(magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə)” sözləri qeyd edilmişdir. İddiaçı isə yuxarıda qeyd edildiyi kimi 2019-cu il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinə (MBA ixtisasına) daxil olmuşdur.

25. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinə (MBA ixtisasına) daxil olduğu dövrdə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il 443 saylı qərarı ilə bağlı dəyişiklik (bəndin 3.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən)) mövcud deyildir, xx.xx.2021-ci il tarixdə universiteti bitirən dövrdə MBA ixtisası üçün dissertasiya müdafiəsi də mövcud deyildir, dəyişiklik 13 noyabr 2019-cu il tarixindən sonrakı münasibətlərə şamil edilir.

26. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən keçirilən ixtisas imtahanlarında iddiaçının buraxılmamağı halı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixinədək “MBA” proqramına qəbul olunmuş şəxs kimi iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarına buraxılması vəzifəsi cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar