Məhkəmə qərarları › İş №2-1(112)-3125/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3125/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3125/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli 3-17-1/2-H-219401/2023 saylı artıq ödənilmiş vəsaitin bərpa olunması barədə qərarın ləğv edilməsi və həmin qərar üzrə ödənilməmiş, təyin edilmiş pensiya məbləğindən tutulmuş əmək pensiya məbləğinin hesablanaraq geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, onun mərhum həyat yoldaşı X1 xx.xx.2009-cu il tarixində dünyasını dəyişmişdir. Onun vəfatından sonra ailəsini dolandıra bilmək üçün ailə başçısını itirilməyə görə pensiyanın təyin edilməsi üçün aidiyyatı qurumlara müraciət etmiş, əlilliyi səbəbindən ona xx.xx.2016-cı il tarixində ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Həmin vaxtdan sonra o qanunun tələbinə müvafiq olaraq təyin edilmiş pensiya məbləğini aylıq olaraq qəbul etmiş və təyinatı üzrə ailəsi üçün sərf etmişdir. Bundan sonra isə pensiya yaşının çatması ilə o, yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin zaman ona məlum olmuşdur ki, ona pensiya təyin edilməsi zamanı xx.xx.2021-ci il tarixindən təyin edilmiş pensiya məbləğində guya yanlışlığa yol verilməsi səbəbindən ona ödəniləcək olan pensiya məbləğindən çıxılmalara yol veriləcəkdir. Belə ki, ilkin olaraq ona ödənilməli olan pensiya məbləğindən 2201,03 manat məbləğində pul vəsaiti çıxılmış, daha sonra isə ondan çıxılmalı olan 6614,99 manat məbləğində pul vəsaiti 10% miqdarında olmaqla hər ay 57,33 manat olmaqla pensiya məbləğindən tutulacağı bildirilmişdir. O, qanunla müəyyən edilmiş qaydada təyin edilməli olan ailə başçısını itirilməyə görə pensiyanın təyin edilməsi üçün müraciət etmiş və qanunun tələbinə müvafiq olaraq ailə başçısını itirilməyə görə ona pensiya təyin edilmişdir. Bu gün ondan bu qədər pul vəsaitinin pensiyasından tutulması onun qanunla müəyyən edilmiş hüquqlarına toxunur, hüquqlarını kobud surətdə pozur. Belə ki, o, ailə başçısını itirməyə görə pensiyanı təyin edən orqan deyil. Bütün qanuni sənədləri səlahiyyətli şəxslərə təqdim etmiş, bundan sonra ailə başçısını itirilməyə görə pensiyası təyin edilmişdir. Göründüyü kimi, hazırda onun pensiyasından pul vəsaitinin tutulması qanunsuzluğun bariz nümunəsidir. Sözügedən qərar onun hüquqlarına birbaşa toxunur və Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində öz əksini tapmış hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir normasının pozulması ilə nəticələnir. Belə ki, yanlışlığa yol verilməsi onun təqsiri, yanlış məlumat və sənədlərin verilməsi səbəbindən baş verməmişdir. Bu günədək ona bu barədə məlumat da verilməmişdir. O, qanuni şəkildə səlahiyyətli orqana yaxınlaşmış və qanunla təyin edilmiş pensiya məbləğini almışdır. Belə olan halda ondan qanunsuz olaraq tələb edilən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ailə başçısını itirilməyə görə pensiyası üzrə 8816,02 manat pul vəsaitinin onun tərəfindən geri qaytarılması qanunaziddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-219401/2023 nömrəli əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin bərpa olunması barədə məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur qurumu tərəfindən aparılmış araşdırma zamanı əmək pensiyasının məbləğində artıqödəmə aşkar edilmişdir. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillilik” altsistemində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixində orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin (3-cü qrup) müəyyən olunmasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2 maddəsinin tələbləri pozularaq pensiya ödənişi davam etdirilmişdir. Nəticədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ailə başçısının itirilməsinə görə əmək pensiyası üzrə 8816,02 manat vəsaitin artıq ödənildiyi aşkar olunmuşdur. Artıqalma məbləğindən sosial müavinət üzrə alınmamış 2201,03 manat vəsait çıxıldıqdan sonra yekun olaraq artıqvermə 6614,99 manat müəyyən olunmuşdur. Bildirilmişdir ki, artıqvermə məbləği xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək aylıq 57,33 manat (10%) olmaqla pensiya məbləğindən tutulacaqdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-225180/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilmişdir ki, ona xx.xx.2016-cı il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillilik” altsistemində olan məlumatlara əsasən bildirilir ki, xx.xx.2021-ci il tarixində orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən olunmasına baxmayaraq, Qanunun 14.1.2-ci maddəsinin tələbləri pozularaq pensiya ödənişi davam etdirilib. Nəticədə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda əlilliyə görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 110 manat məbləğində, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 120 manat məbləğində. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək isə 150 manat məbləğində İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilib. Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Qeyd olunan maddənin tələblərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən (qanunvericiliklə tələb olunan pensiya yaş həddinə çatdığı tarixdən) 571,80 manat məbləğində olmaqla bərpa edilib (Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Eyni zamanda bildirilmişdir ki, sosial müavinət üzrə (xx.xx.2021-ci il tarixindən xx.xx.2021-cü il tarixinədək) hesablanmış məbləğ ona xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıq ödənilmiş məbləğin bir hissəsi ilə əvəzləşdirilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-623/2024 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən ailə başçısını itirdiyinə görə pensiya təyin edilmişdir. İddiaçı pensiya yaşına çatdıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ailə başçısını itirməyə görə pensiyanın yaşa görə əmək pensiyası ilə əvəz edilməsini xahiş etmişdir. Müvafiq araşdırmalar aparılarkən İddiaçı 3-cü dərəcə əlil olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasında əlilliyə görə müavinat xx.xx.2023-cü il tarixdən isə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Onu da qeyd etməliyik ki, sosial müavinətin ötən dövr üzrə hesablanmış fərq məbləği iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş məbləğin bir hissəsi ilə əvəzləşdirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı və xx.xx.2023cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı qərarların ləğv edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı, xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-228141/2023 saylı qərarlarının ləğv edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən 63 yaş həddinə xx.xx.2023-cü il tarixdə çatmışdır. X4 Sistemi məlumatlarına əsasən, iddiaçıya xx.xx.2006-cı il tarixdə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 2-ci dərəcə əlillik səbəbindən pensiya təyin edilmişdir. iddiaçıya xx.xx.2014-cü il tarixdə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 2-ci dərəcə əlillik səbəbindən pensiya təyin edilmişdir. iddiaçıya xx.xx.2015-ci il tarixdə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 2-ci dərəcə əlillik səbəbindən pensiya təyin edilmişdir. iddiaçıya xx.xx.2016-cı il tarixdə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 2-ci dərəcə əlillik səbəbindən pensiya təyin edilmişdir. iddiaçıya xx.xx.2021-ci il tarixdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə 3-cü dərəcə əlillik səbəbindən pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixinə kimi 44,5 manat pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-ci il tarixinə kimi 305,32 manat pensiya təyin edilmişdir. X4 Sistemindən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən ailə başçısını itirməyə görə müddətsiz pensiya təyin edilmişdir. Aylıq pensiya məbləği 571.80 manat, tutulmanın məbləği 57.53, ödəniş məbləği 514.27 manat. Sonuncu əməliyyat tarixi: xx.xx.2023. İddiaçı xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı “Dost” Mərkəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixdə 63 yaşı tamam olduğu üçün ona təyin edilmiş ailə başçısını itirməyə görə pensiyasının bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-H-148058/2023 saylı qərarı ilə İddiaçı yenidən hesablanmış əmək pensiyası məbləği 571 manat 80 qəpik müəyyən edilmişdir. Yenidən hesablanmanın səbəbi: 14.1.2 göstərilmişdir. Qərarın Qeyd hissəsində: “İddiaçı üçüncü dərəcə əlilliyi olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ABİ kimi aldığı 9277,14 manat artıqvermə, İİİ qrup əlilliyə görə almalı olduğu sosial müavinətin məbləği ilə (2201,03 manat) əvəzləşdirilsin” qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Sosial müavinət təyinatı üzrə xx.xx.2023-cü il tarixli, 3-17-1/1-H-148058/2023 saylı qərarı ilə İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək aylıq 110 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək aylıq 120 manat, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək aylıq 150 manat pensiya ödənisi müəyyən edilmişdir. Artıqvermənin səbəbi: qeyd edilən dövrdə ABİ əmək pensiyası hüququ olmadığı üçün. Artıqvermə dövrü: xx.xx.2021-xx.xx.2023 göstərilmişdir. Qərarın Qeyd hissəsində: “xx.xx.2021-xx.xx.2023-cü il tarixli dövr ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdirilərək ödənilsin. Vətəndaşa rəsmi məlumat verilsin” qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-H-228141/2023 saylı qərarı ilə isə İddiaçı yenidən hesablanmış əmək pensiyası məbləği 571 manat 80 qəpik müəyyən edilmişdir. Yenidən hesablanmanın səbəbi: 14.1.2 göstərilmidşri. Qərarın Qeyd hissəsində: “İddiaçı üçüncü dərəcə əlilliyi olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ABİ kimi aldığı 9277.14 manat artıqvermə, İİİ qrup əlilliyə görə almalı olduğu sosial müavinətin məbləği ilə (2201,03 manat) əvəzləşdirilsin. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 62.1-ci maddəsinə görə İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə görə İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Qanunun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında cavabdehin müvafiq qərarlarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla bağlı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, “... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər... Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2-ci və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir...” Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda isə məhkəmə qaydasında tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı müraciət edilməmişdir, cavabdeh tərəfindən onun razılığı alınmamışdır. İddiaçıya xx.xx.2016-cı il tarixdə ailə başçısını itirməyə görə pensiya təyin edilmiş və xx.xx.2023-cü il tarixinədək pensiya ödənişləri edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən 63 yaş həddinə çatması səbəblə cavabdeh orqana müraciət edərək 63 yaşı tamam olduğu üçün ona təyin edilmiş ailə başçısını itirməyə görə pensiyasının bərpa edilməsini xahiş etmişdir. Yalnız bu zaman cavabdeh müəyyən etmişdir ki, iddiaçının “Əlillilik” altsistemində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixində orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin (3-cü qrup) müəyyən olunmasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinin tələbləri pozularaq pensiya ödənişi davam etdirilmişdir. Daha sonra cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları ilə ona artıq ödənilmiş hesab etdikləri məbləğin pensiyasından tutulacağı barədə məlumat verilmiş, lakin iddiaçının bununla bağlı razılığının olub-olmaması soruşulmamışdır. İşin hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, icraat bilavasitə onun məlumatı və iştirakı olmadan aparılaraq barəsində əliverişsiz inzibati akt qəbul edilmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının: xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı qərarı “Qeyd: İddiaçı üçüncü dərəcə əlilliyi olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ABİ kimi aldığı 9277,14 manat artıqvermə, İİİ qrup əlilliyə görə almalı olduğu sosial müavinətin məbləği ilə (2201,03 manat) əvəzləşdirilsin” hissədə, xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı qərarı “Qeyd: “xx.xx.2021xx.xx.2023-cü il tarixli dövr ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdirilərək ödənilsin. Vətəndaşa rəsmi məlumat verilsin” hissədə, xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-228141/2023 saylı qərarı “Qeyd: “İddiaçı üçüncü dərəcə əlilliyi olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ABİ kimi aldığı 9277,14 manat artıqvermə, İİİ qrup əlilliyə görə almalı olduğu sosial müavinətin məbləği ilə (2201,03 manat) əvəzləşdirilsin” hissədə ləğv edilməli və iddiaçıdan tutulmuş (əvəzləşdirilmiş məbləğ daxil olmaqla) pensiya məbləğinin qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, mübahisələndirilən inzibati aktlar həm “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” qanunun inzibati icraat haqqında hüquq normalarının tələblərini kobud surətdə pozmaqla qəbul edilmişdir. Həmçinin bu qanunsuz inzibati aktların ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırılmalıdır. Digər tərəfdən məhkəmə hesab edir ki, dövlətin sosial sahədə siyasətini həyata keçirən orqanın bu sahədə fəaliyyətini təmin edən qurumu olan cavabdehin iddiaçıya aparılmış təyinatın düzgün həyata keçirmədiyindən məlumatlı olmadığını, bu faktın yalnız iddiaçının müraciətindən sonra müəyyən edildiyini iddia etməsi, iddiaçının etminad hüququna istinad etməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının: xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı qərarı “Qeyd: İddiaçı üçüncü dərəcə əlilliyi olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ABİ kimi aldığı 9277,14 manat artıqvermə, İİİ qrup əlilliyə görə almalı olduğu sosial müavinətin məbləği ilə (2201,03 manat) əvəzləşdirilsin” hissədə, xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı qərarı “Qeyd: “xx.xx.2021xx.xx.2023-cü il tarixli dövr ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdirilərək ödənilsin. Vətəndaşa rəsmi məlumat verilsin” hissədə, xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-228141/2023 saylı qərarı “Qeyd: “İddiaçı üçüncü dərəcə əlilliyi olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ABİ kimi aldığı 9277,14 manat artıqvermə, İİİ qrup əlilliyə görə almalı olduğu sosial müavinətin məbləği ilə (2201,03 manat) əvəzləşdirilsin” hissədə ləğv edilsin. İddiaçı tutulmuş pensiya məbləğinin (əvəzləşdirilmiş məbləğ daxil olmaqla) iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar