Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3125/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 22 fevral 1993-cü il tarixdən 29 oktyabr 1993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Zəngilan rayonu ərazisində Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyindən və xx.xx.1994-cü il tarixdən N saylı hərbi hissənin tərkibində Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyindən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 22 fevral 1993-cü il tarixdən N saylı hərbi hissənin tərkibində Zəngilan rayonu ərazisində Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 29 oktyabr 1993-cü il tarixdə Zəngilan rayonu işğal edilmişdir. Bundan sonra xx.xx.1994-cü il tarixində N saylı hərbi hissəyə qəbul edilmiş və xx.xx.1994-cü il tarixdə yaralanmışdır. xx.xx.1994-cü il tarixədək müalicə almışdır. Bu illər ərzində müharibə əlili kimi müavinət almışdır. İddiaçının Zəngilan rayonu ərazisində Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyini onunla birlikdə xidmət etmiş şahidləri də təsdiq edə bilər. Hal-hazırda müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin qurumun 22 may 2024-cü il tarixli məktubu ilə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi xidməti barədə məlumat olmadığı və ehtiyyata buraxılmağı barədə məlumat olmadığı üçün «Müharibə veteranı» adının və veteran vəsiqəsinin verilməsindən imtina edilmişdir.
3. İddiaçının müraciətinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024cü il tarixli məktubunda bildirilmişdir ki, “Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli 9/2-16028 nömrəli arayışına əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidmətiniz barədə məlumat olmadığına və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığınıza görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.”
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Müadifiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 221N nömrəli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilsədə, onun N nömrəli hərbi hissədə sonrakı hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Daha sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş lakin xx.xx.1994-cü il tarixdən sonrakı hərbi xidməti hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
7. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
II. İddianın növü və mümkünlüyü
8. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
9. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
11. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 306 nömrəli qərarına əsasən Zəngilan RHK tərəfindən 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, Füzuli Prokurorluğunun xx.xx.2011-ci il tarixli məktubunda barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi 6 nömrəli şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ pəncənin deşib keçən güllə yarası, barmaq daraq sümüyünün yerdəyişməsiz sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Zəngilan rayon bölməsinin xx.xx.2016-cı il tarixli 147 nömrəli göndərişi, 2016-cı il tarixli 89 nömrəli arayışı, 6 nömrəli şəhər klinik xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi və xx.xx.2016-cı il tarixli 310 nömrəli məktubu, Zəngilan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi, MN MHHK-nın mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”.
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
15. N saylı hərbi hissə komandirinin 4N nömrəli 22 fevral 1993-cü il tarixli əmrindən çıxarışa əsasən: Zəngilan rayon hərbi komissarlığının göndərişi ilə gəlmiş hərbi mükəlləfiyyətçilər alayın şəxsi heyətinin tərkibinə daxil edilib, bütün növ təminatlarla təmin olunaraq göstərilən vəzifələrə təyin olunsunlar Həqiqi hərbi xidmətə 4.İddiaçı-Art.Dvizyon-baş telefonçu. Əsas: adlı siyahı.
16. N saylı hərbi hissə komandirinin N nömrəli 22 fevral 1993-cü il tarixli əmrindən çıxarışa əsasən: Zəngilan rayon hərbi komissarlığının göndərişi ilə gəlmiş hərbi mükəlləfiyyətçilər alayın şəxsi heyətinin tərkibinə daxil edilib, bütün növ təminatlarla təmin olunaraq göstərilən vəzifələrə təyin edilsinlər: Həqiqi hərbi xidmətə
4. İddiaçı- Art.Divizyon-baş telefonçu Əsas: adlı siyahı.
17. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2011-ci il tarixli 17/3271 saylı məktubuna əsasən İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda hal-hazırda təqsirləndirici material və cinayət işi yoxdur.
18. Zəngilan rayon Hərbi Komissarlığının xx.xx.2011-ci il tarixli 532 nömrəli arayışına əsasən İddiaçı Cavanşir oğlu həqiqətən xx.xx.1993-cü ıl tarixdən (əmr № 46) N saylı hərbi hissənin və N yanvar 1994-cü ildə (əmr№5) N saylı hərbi hissənin şəxsi beyət siyahılarına daxil edilmişdir.
19. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3011 nömrəli məktubu ilə bildirilmişdir ki, Zəngilan rayon hərbi komissarlığının göndərişi ilə həqiqi hərbi xidmətə gəlmiş hərbi mükəlləfiyyətli İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-6, sıra-4, səh-49, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilmiş, bütün növ təminatlarla təmin olunmuş və Artilleriya Divizionunda baş telefonçu vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissənin X4 məntəqəsindən həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş, 1971-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə (əsas: §-4, sıra-113, səh-20, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və N №-li hərbi hissənin BMO-a göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-77, sıra- 133) N №-li hərbi hissədən xidmət keçmək üçün göndərilmiş, Zəngilan RHK-nın çağırışçısı, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissələrin nömrələri göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciət əsasında aparılmışdır.
IV. Məhkəmənin mövqeyi
20. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. Bununla bağlı iddiaçı ilk öncə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidməti barədə və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir.
21. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
23. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.
24. Birinci hala münasibətdə iş materiallarından müəyyən olunur ki, iddiaçı Zəngilan rayon hərbi komissarlığının göndərişi ilə həqiqi hərbi xidmətə gəlmiş N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilmiş, bütün növ təminatlarla təmin olunmuş və Artilleriya Divizionunda baş telefonçu vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissədə sonrakı hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Daha sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş, lakin xx.xx.1994-cü il tarixdən sonrakı hərbi xidməti hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır.
25. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə yaralanmış, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi 6 nömrəli şəhər klinik xəstəxanasında müayinə olunmuş, “Sağ pəncənin deşib keçən güllə yarası, barmaq daraq sümüyünün yerdəyişməsiz sınığı” diaqnozu qoyularaq həmin yaralanmaya görə müalicə olunmuşdur. Bunun əsasında qəbul edilən MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 306 nömrəli qərarında qeyd edilmişdir ki, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
26. Bundan əlavə məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
27. Beləliklə, N nömrəli, daha sonra N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından uzun müddət xəstəxanada müalicə aldığına görə, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
29. İkinci hala münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir.
30. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərlidir.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
32. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
33. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
35. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.
36. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva