Məhkəmə qərarları › İş №2-1(112)-3127/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3127/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3127/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, 21 avqust 1997-ci il tarixdən 12 aprel 2004-cü ıl tarixədək olan müddət ərzindəki iş stajı ümumi sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1997-xx.xx.2004-cü illərdə “Bədii suvenir” fabrikində ("xxxx" ASC-də) işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, 12 iyun 1981-ci il tarixdə «Bədii hədiyyələr» fabrikində 4 nömrəli qalanteriya sahəsinin inspektor-texnoloqu kimi işə başlamışdır. 03 avqust 1981-ci il tarixdə fabrikin idarəetməsinə iqtisadçı-texnik vəzifəsinə keçrilmişdir. Daha sonra fabrik fəaliyyətini dayandırdığından o, 10 dekabr 2004cii il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. Beləliklə, 12 iyun 1981-ci ıl tarixdən 10 dekabr 2004-cü il tarixədək olan müddət ərzində qeyd olunan fabrikdə işləmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 21 avqust 1997-ci il tarixli Sərəncamına əsasən işlədiyi fabrikin adı dəyişirilərək "xxxx" ASC adlandırılmışdır. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmış, 21 avqust 1997-ci il tarixdən 10 dekabr 2004-cü il tarixədək olan müddətdə "xxxx" ASC-də işləməsi göstərilmişdir. Onun əmək kitabçasının surətindən də görünür ki, o, 12 iyun 1981-ci il tarixdə «Bədii hədiyyələr» fabrikinə işə qəbul olunmuş, fasiləsiz olaraq 10 dekabr 2004-cii il tarixədək orada işləmişdir. 26 iyun 2021-ci il tarixdən ona yaşa görə 200 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Bu zaman sığorta stajı kimi 34 il 03 ay nəzərə alınmışdır. Lakin ona hesablanmış əmək pensiyasının məbləği azdır. Belə ki, onun ümumilikdə 43 il 06 ay iş stajı vardır. Buna görə də 17 iyul 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş və təqdim etdiyi müvafiq sənədlər əsasında ona təyin edilmiş yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı xx.xx.2021-ci il tarixdə xx.xx.1997xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bu səbəbdən tərəflərindən Milli Arxiv İdarəsinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq "xxxx" ASC-nin sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 21 avqust 1997-ci il tarixli Sərəncamına əsasən işlədiyi “Bədii hədiyyələr” fabrikinin adının dəyişirilərək "xxxx" ASC adlandırıldığını qeyd etmişdir, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda "xxxx" ASC-nin xx.xx.1997-ci il tarixdə D-2313 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" X6 Cəmiyyətinin bazasında yaradıldığı və onun hüquqi varisi olduğu qeyd edilmişdir. Bu uyğunsuzluq iddiaçının xx.xx.1997xx.xx.2004-cü il tarixlərdə "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrlərin əsassız olduğuna dəlalət edir. Həmçinin tərəflərindən müəssisəyə göndərilmiş sorğu müəssisə xidmət göstərmədiyi üçün geri qayıtmışdır. Qanunvericiliyin tələbinə əsasən idarə ləğv edildikdə, onun varisi və yuxarı təşkilatı olmadıqda arxiv sənədləri müvafiq ərazidə yerləşən dövlət arxivinə təhvil verilməlidir. Müəssisə xidmət göstərmədiyi halda arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən mübahisələndirilən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Hazırda iddiaçının pensiya kapitalı 28912.4847 manat təşkil edir. Mübahisələndirilən dövrlər (xx.xx.1997-xx.xx.2004) 6 il 7 ay 21 gün təşkil edir. 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempi 3,4 faiz təşkil etdiyi üçün pensiyanın məbləği 247,43 manat olacaq. Lakin hazırda iddiaçının aylıq pensiya məbləği 248,16 manat təşkil edir. Hesablama nəticəsində aydın olur ki, mübahisələndirilən dövrlər iddiaçının sosial sığorta stajına əlavə olunsa belə, şəxsin pensiyasında heç bir artım olmur. Bu səbəbdən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Nəsimi rayonu xidmət nümayəndəliyindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Avtomatlaşdırılmış qaydada təyin edilmiş pensiyanız yenidən hesablanaraq 25 il sığorta stajınız və 9860,88 pensiya kapitalınıza uyğun olaraq Sizə 200,78 manat pensiya təyin edilmişdir. xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də işləməsi Azərbaycan Respublikası Dövlət arxivinin Bakı filialına təhvil verilmədiyinə görə sığorta stajına qəbul edilmədi. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) xx.xx.1997-ci il tarixdə D-2313 nömrə ilə dövlət qeydiyyatından keçməsi və fəaliyyətinin qeydiyyata alındığı vaxtdan hal-hazıradək aktiv olması barədə məlumat mövcuddur. Həmçinin, vergi ödəyıcilərinin dövlət reyestrində “Suvenir-bədii hədiyyələr” fabrikinin vergi uçotunda olması barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İdarədə olan reyestr məlumatlarına əsasən "xxxx" ASC xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdə isə vergi uçotuna alınmışdır. Hüquqi şəxsin nizamnaməsinə əsasən "xxxx" ASC xx.xx.1997-ci il tarixdə D- 2313 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" X6 Cəmiyyətinin bazasında yaradılıb və onun hüquqi varisidir. Müraciətdə qeyd olunan digər məlumatların verilməsi Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya sirri hesab edildiyi üçün həmin məlumatların təqdim edilməsi barədə müraciətinizin icrası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 618 nömrəli sərəncamı ilə “Sənaye Ticarət” Dövlət Konserninin tabeliyində olmuş Hədiyyələr və bədii məmulat üzrə xalq yaradıcılığı istehsalat birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixində tam başa çatdırılmışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Hədiyyələr" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildiririk ki, müraciətinizdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Müstəqil təsərrüfat subyekti olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə əlaqədar məlumatların əldə edilməsi məqsədilə cəmiyyətin idarəetmə orqanlarına və ya Dövlət Vergi Xidmətinə müraciət etməyiniz məqsədəuyğun hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 618 nömrəli sərəncamı ilə “Sənaye Ticarət” Dövlət Konserninin tabeliyində olmuş Hədiyyələr və bədii məmulat üzrə xalq yaradıcılığı istehsalat birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixində tam başa çatdırılmışdır. Müstəqil təsərrüfat subyekti olan “Hədiyyələr" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə əlaqədar məlumatların əldə edilməsi məqsədilə cəmiyyətin idarəetmə orqanlarına və ya Dövlət Vergi Xidmətinə müraciət etməyiniz məqsədəuyğun hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş Sənaye-Ticarət Dövlət Konserninin Hədiyyələr və bədii məmulat üzrə xalq yaradıcılığı Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 618 nömrəli sərəncamı ilə “Hədiyyələr" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2005-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil təsərrüfat subyekti kimi fəaliyyət göstərdiyi üçün cəmiyyətin fəaliyyətindən irəli gələn məsələlər müəssisə tərəfindən sərbəst şəkildə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddiası ilə əlaqədar müvafiq məlumatların əldə edilməsi məqsədilə aidiyyəti üzrə “Hədiyyələr" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı Bakı “Elektroştamp” Təcrübə zavodunda işə başlayana kimi 1976-cı ildən 06.1978-ci ilə qədər texnikumda təhsil almışdır, xx.xx.1978-ci ildə Bakı “Elektroştamp” Təcrübə zavodunda 1 saylı sexə anbarçı kimi işə qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmiş, xx.xx.1979-cu ildə Bakı bulka-maya kombinatının nəzdində hesabdar vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə İstehsalat şöbəsinə mühasib keçirilmiş, xx.xx.1980-ci ildə böyük mühasib vəzifəsinə keçirilmiş, xx.xx.1980-ci ildə İstehsalat şöbəsinə mühasib vəzifəsinə keçirilmiş, xx.xx.1981ci ildə işdən azad edilmiş, xx.xx.1981-ci ildə “Bədii suvenir” fabrikində 4 saylı qalantereya sahəsinə mühəndis-texnoloq qəbul edilmiş, xx.xx.1981-ci ildə fabrik idarəsində iqtisadçı texnik vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə Dövlət Əmlak Komitəsinin 618 nömrəli Sərəncamına əsasən “Bədii suvenir” fabriki "xxxx" ATSC-nə çevrilmişdir, xx.xx.2004-cü ildə işdən azad edilmiş, xx.xx.2005-ci ildə “Ruslan 93” k/m üzrə baş mühasib vəzifəsinə təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1997-xx.xx.2004-cü illərdə “Bədii suvenir” fabrikində işləmişdir, xx.xx.1997-ci ildə Dövlət Əmlak Komitəsinin 618 nömrəli Sərəncamına əsasən “Bədii suvenir” fabriki "xxxx" ATSC-nə çevrilmişdir. Lakin iddiaçının “Bədii suvenir” fabrikində ("xxxx" ASC-də) işlədiyi həmin dövrlər ona pensiya hesablanarkən nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi "xxxx" ASC arxiv sənədlərini Dövlət Arxivinə təhvil vermədiyi üçün sözügedən dövrlərin sığorta stajına əlavə edilməsini qanunauyğun hesab etməyərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının həmin dövr iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir. Nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdə isə vergi uçotuna alınmışdır, hüquqi şəxsin nizamnaməsinə əsasən "xxxx" ASC xx.xx.1997-ci il tarixdə D-2313 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" X6 Cəmiyyətinin bazasında yaradılıb və onun hüquqi varisidir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 618 nömrəli sərəncamı ilə “Sənaye Ticarət” Dövlət Konserninin tabeliyində olmuş Hədiyyələr və bədii məmulat üzrə xalq yaradıcılığı istehsalat birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixində tam başa çatdırılmışdır, “Hədiyyələr" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddətlər də iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1997-xx.xx.2004-cü illərdə “Bədii suvenir” fabrikində ("xxxx" ASC-də) işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar