Məhkəmə qərarları › İş №2-1(112)-3128/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3128/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3128/2023 18.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək soyadının “Əbdilzadə”dən “Süleymanov”a, adının “Əbdil”dən “İmran”a dəyişdirilməsinin öhdəliyinin cavabdeh Qaradağ Rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il təvəllüdlü iddiaçıya ilkin doğum haqqında şəhadətnaməsi ona X8 adı verilmişdir. Sonradan atasının təkidi ilə adı və soyadı İddiaçı Əbdül oğlu kimi dəyişdirilmişdir. Nərimanov Rayon Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 45 saylı qeyd ilə X1 ilə anası X6 ilə arasında olan nikah pozulmuş və anası ilə birgə yaşayır. Anasına Süleymanova soyadı verilmiş, atasına isə Əbdilzadə soyadı verilmişdir. Hazırda təkrar soyadının dəyişdirilməsi ilə bağlı Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona imtina məktubu verilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuzdur.

3. Məhkəmə İPM-nin 13-cü (məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya iddia tələbinin (ad yoxsa ata adının dəyişdirmək istəyini qeyd etməklə) dəqiqləşdirilməsini təklif etmişdir.

4. İddiaçı iddia tələbini soyadının “Əbdilzadə”dən “Süleymanov”a dəyişdirilməsi vəzifəsini Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması kimi dəyişdirmişdir.

5. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtinada bildirilmişdir ki, X9 şöbəsi xx.xx.2018-ci il tarixdə 23 saylı adın, soyadın, ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən iddiaçının soyadı, adı, ata adı “X8”ndan “İddiaçı”na dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.3-cü bəndinə əsasən növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın 1.5-ci bəndinə əsasən adın, soyadın və ata adının növbəti dəfə dəyişdirilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

7. Cavabdeh xx.xx.2022-ci il tarixli məktub yollayaraq işlərinin çox olması ilə əlaqədar olaraq məhkəmədə iştirak etmək imkanları olmadığına görə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

8. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X7 və X6 ilə olan nikah xx.xx.2018-ci il tarixdə ləğv olunmuşdur.

9. Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında aktın qeydində göstərilmişdir ki, iddiaçının adı, soyadı və ata adı dəyişənədək X8, dəyişəndən sonra İddiaçı olmuşdur.

10. İddiaçı doğum haqqında şəhadətnaməsində adı, soyadı və ata adı İddiaçı qeyd olunmuşdur.

II. İddianın növü

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

13. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. İddiaçı doğum haqqında akt qeydinin surətindən görünür ki, o, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuşdur. Adı, soyadı, ata adı dəyişənədək X8, dəyişəndən sonra İddiaçı olmuşdur.

16. X1, anası X4r. Şəxsiyyət vəsiqəsinə əsasən yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, ev 848-dir.

17. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X6 ilə olan nikah ləğv olunmuş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 45 nömrə ilə qeyd edilmişdir. Nikah pozulandan sonra qadına (iddiaçının anası) “Süleymanova” soyadı verilmişdir.

18. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1992-ci ildə doğulmuş iddiaçının adı, ata adı və soyadı “X8”ndan “İddiaçı”na dəyişdirilmişdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.

20. X14 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X14 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir.

21. İlk növbədə qeyd edilməlidir ki, X14 Məhkəməsinin presedent hüququna əsasən, bir şəxsi adını dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, əhalinin qeydiyyatının düzgün olaraq aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir (Kemal Taşkin və digərləri Türkiyəyə qarşı 30206/04 Qərar 2.2.2010 [İİ Bölmə]).

22. Odur ki, məhkəmə şəxsin soyadın (sonluğunun) dəyişdirilməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X14 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir.

24. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsinə yol verilən hal, valideyninin, yəni anasının soyadının dəyişdirilməsi halı baş vermiş, anasının soyadı “Süleymanovaya” dəyişdirilmiş, iddiaçı soyadının anasının soyadına uyğun olaraq “Süleymanov” olaraq dəyişdirilməsini istəyir.

25. X14 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılığa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X3rşı).

26. İddiaçının ailə həyatına hörmət hüquq qanunla qorunur. Odur ki, valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilməsi qanundan irəli gəlir. Odur, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hər hansı tutarlı əsas təqdim edilmədən soyadın dəyişdirilməsindən imtina etməsi qanuni olmamaqla hansı qanuni məqsəd daşıması aydın deyil, odur ki, demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz.

27. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

28. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. İPM-in 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X2 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.

32. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçının soyadının dəyişdirilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi (ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərilməsi) məhkəmənin bu qərardan irəli gələn hüquqi mövqeyi nəzərə alınaraq cavabdehin üzərinə qoyulmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 73, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla İddiaçı soyadının “Əbdilzadə”dən “Süleymanov”a dəyişdirilməsi ilə bağlı inzibati araşdırma aparmaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar