Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3129/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Mənim adıma Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 16 saylı evin 55 saylı mənzilə mülkiyyət hüququnun tanınması və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 16 saylı evin 55 saylı xidməti mənzil onun istifadəsindədir. Lakin həmin mənzil dövlət hesabının mülkiyyətindədir. O həmin mənzil üzərində öz mülkiyyət hüququnu tanıtmaq üçün aidiyyatı qurumlara dəfələrlə müraciət etmişdir. Lakin ona bu məsələ ilə bağlı şifahi cavab verilmişdir. Bele ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H. Quliyev küçəsi, 16 saylı evin 55 saylı xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına dair Sərəncam verilməsində ötrü Suraxanı Rayon İcra hakimiyyətinə müraciət etdi. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən onun ərizəsinə baxılmış məhkəmə qərarında onun adına daim sərəncam verilməsi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulmadığından müraciətinin təmin edilməsi RİH-nin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. O, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 16 saylı evin 55 saylı xidməti mənzildə ailəsilə birlikdə qeydiyyatdadır və yaşayır. Bu günə kimi mənzildən maneəsiz istifadə etmişdir. O, bu ciddi məsələ ilə bağlı daha əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Bakı Ərazi İdarəsinə rəsmi şəkildə müraciət etdi və ona şifahi olaraq məhkəməyə müraciət etməyini məsləhət gördülər. Bununla bağlı, yəni məktubuyla bağlı ona heç bir rəsmi cavab təqdim edilmədi. Bir daha Bakı Ərazi Şöbəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı rəsmi şəkildə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı İdarəyə xx.xx.2021-ci il tarixində müraciət etmiş, müraciətə cavab olaraq bildirilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, 44 nömrəli qərarına əsasən verilmiş 000365 saylı orderdə mənzilin xidməti olduğu qeyd edilmişdir. Mənzilin xidməti mənzillər siyahısından çıxarılıb daimi verilməsinə dair sənəd yoxdur. ünvan 1 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılıb daimi verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxıla bilər. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Həmçinin iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Bakı Ərazi şöbəsi qeyd olunsa da, iddia tələbində cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsi göstərilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edirik İddiaçı tərəf xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H. Quliyev küçəsi, 16 saylı evin 55 saylı mənzilə mülkiyyət hüququnun İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 2-1(103)-41/2020 nömrəli Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının qərarına əsasən İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3119/2018 saylı, xx.xx.2018-cı il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 16, 55 saylı mənzildən daimi istifadəyə dair İddiaçı1 ilə kirayə müqaviləsinin (4 nəfər ailə tərkibində) bağlanması vəzifəsi Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2- 32254/2024 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 16, mənzil 55 ünvanında xx.xx.1981-ci il təvəllüdlü X5 xx.xx.2003-cü ildən, xx.xx.2015-ci il təvəllüdlü X9 xx.xx.2017-ci ildən, xx.xx.1958-ci il təvəllüdlü X6 xx.xx.1984-cü ildən, xx.xx.2004-cü il təvəllüdlü X12 xx.xx.2017-ci ildən, xx.xx.2005-ci il təvəllüdlü X13 xx.xx.2017-ci ildən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********62 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 147 nömrəli sərəncamına əsasən verilmiş ümumi sahəsi 66.91 kv.m olan **********06-05101-091001 reyestr nömrəli mənzilə istifadə hüququ xx.xx.2021-ci il tarixdə İddiaçı1 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 3456 nömrəli reyestr kitabının 351578 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 147 nömrəli Sərəncamında göstərilmişdir ki, Vətəndaş İddiaçı1 ərizə ilə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək məhkəmə qərarına əsasən qeydiyyatda olmaqla yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 16 saylı evin yaşayış sahəsi 38,71 m² olan 3 otaqlı 55 saylı mənzilin kirayə müqaviləsinin öz adına bağlanılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, vətəndaş İddiaçı1 Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia tələbi Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)- 41/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə təmin edilərək Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 16 saylı evin yaşayış sahəsi 38,71 m² olan 3 otaqlı 55 saylı mənzilindən daimi istifadəyə dair İddiaçı1 ilə kirayə müqaviləsini (4 nəfər ailə tərkibində) bağlanması vəzifəsi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-41/2020 saylı xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş Qərarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59, 61-ci maddələrinə və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.9.8-ci bəndinə istinad edərək qərara alıram: Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 16 saylı evin yaşayış sahəsi 38,71 m² olan 3 otaqlı 55 saylı mənzilindən daimi istifadəyə dair vətəndaş İddiaçı1 ilə ailə tərkibi 4 nəfər olmaqla kirayə müqaviləsi bağlanılsın. 2. Vətəndaş İddiaçı1 ilə həmin mənzilə dair kirayə müqaviləsinin bağlanılması və onun adına şəxsi maliyyə hesabının açılması Suraxanı Rayon MKTB-yə tapşırılsın. -xx.xx.2021-ci il tarixli Xüsusi təyinatlı Yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən Suraxanı rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 16 nömrəli evdə 55 nömrəli mənzildə yerləşən dövlət mənzil fonduna aid, ümumi sahəsi 61.94 kv.m, yaşayış sahəsi 38.71 kv.m-dən ibarət 3 otaqlı yaşayış sahəsini haqqı ödənilməklə, Azərbaycan Respublikası Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müddətsiz olaraq kirayəçi İddiaçı1 istifadəsinə vermişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışında göstərilmişdir ki, X8, X12, X9, X5, X13, X10 xx.xx.2007-ci il tarixdən qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-49551/2024 nömrəli məktubu ilə təqdim edilən xx.xx.2021-ci il tarixli “Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən” müayinə aktından görünür ki, yaşayış sahəsi hüquqmüəyyənedici sənədlər üzrə 38.71 kv.m, faktiki 38.71 kv.m; köməkçi sahə hüquqmüəyyənedici sənədlər üzrə 22.8 kv.m, faktiki 28.2 kv.m; ümumi sahə hüquqmüəyyənedici sənədlər üzrə 66.91 kv.m, faktiki 66.91 kv.m-dir. Mənzil 6 girişli yaşayış evinin 6-cı girişi üzrə 3-cü mərtəbəsində yerləşir. Yaşayış var. Həyət tərəfdəki balkon şüşəbəndlə bağlanmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 3-52-13-11/2-251/2024 nömrəli məktubunda göstərilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 16 saylı bina Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Sözügedən binanın 55 saylı mənzili isə xx.xx.1984-cü il tarixli, 000365 saylı xidməti orderlə İddiaçı1 verilmişdir (orderin surəti əlavə olunur). Hal-hazırda Hafiz Quliyev küçəsi, ev 16, mənzil 55 ünvanında İddiaçı1 ailə üzvləri ilə birlikdə qeydiyyatdadır (104 saylı MİSnin arayışı əlavə olunur). Həmin məktubla təqdim edilmiş 104 saylı MKİS-in məktubunda göstərilmişdir ki, 04 saylı MKİS-in xidməti ərazisində yerləşən H.Quliyev küçəsi 16 saylı yaşayış binası Mənzil Komunal Təsərrüfatı Birliyinin balansındadır. H.Quliyev küçəsi 16 saylı binanın 55 saylı mənzili 000365 saylı xx.xx.1984-cü il tarixli orderə əsasən İddiaçı1 verilmişdir. Mənzil xidməti orderdir. Hal-hazırda sözügedən ünvanda özü-İddiaçı1-1951, Həyat yoldaşı X10- 1958, qızı -X5-1981, oğlu-X8-1987, X1-2004, X2-2005, Nəvəsi -X11-2015qeydiyyatdadırlar, lakin həmin ünvan da heç biri yaşamır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-19247/2024 nömrəli məktubu ilə təqdim edilmiş sənəddən görünür ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 5150 nömrəli Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən Çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən, ***-*******2 registr nömrəli, 5 mərtəbəli yaşayış binası 1983-cü il tarixdən istismara verilmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 16, mənzil 55-in istifadəsində olduğunu, həmin mənzilə dair Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 147 nömrəli sərəncamı əsasında krayə müqaviləsi bağlandığını əsas götürərək mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətin baxılmasında həərkətsizlik göstərmiş, bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək sözügedən mənzilin onun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İşin sadalanan hallarıdan müəyyən olunur ki, 000365 saylı xidməti orderə əsasən 1984-cü ildə Bakı şəhəri keçmiş Orcenekidze rayon X7 qərarı ilə Hövsan qəsəbəsində, 12/13 kvartalda yerləşən, 16 saylı evin, 38,71 kv.m. yaşayış sahəsi olan, 3 otaqlı, 55 nömrəli mənzili xx.xx.1984-cü ildə 000365 nömrəli 3 nəfərdən ibarət ailə üzvlərində birlikdə yaşamaq üçün İddiaçı1 adına verilmişdir. Qeyd edilən mənzil xidməti mənzil olaraq Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş, həmin mənzilə dair sərəncam vermək səlahiyyəti yerli icra hakimiyyətinə aid olmuşdur. Hazırkı halda iddia olunan mənzil Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 147 nömrəli sərəncamı əsasında istifadə hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mənzilin özəlləşdirilməsi, xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatı mübahisələndirir. Cavabehdehin imtinası isə mənzilin xidməti mənzillər siyahısından çıxarılıb daimi verilməsinə dair sənədin olmamasına əsaslanır. Məhkəmə aşağıdakılara əsasən qeyd edilən dəlilin iddiaçının müraciətinin təminindən imtinaya əsas vermədiyi qənaətindədir Belə ki, Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarxədək): -100-cü maddəsinə görə xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. -103-cü maddəsinə görə xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. -104-cü maddəsinə görə müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 mart tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələri verilməsi və onlardan istifadə edilməsi qaydası haqqında Əsasnamə”nin: -1-ci bəndinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə iş yeri üzrə və ya onun yaxınlığında yaşamalı olan vətəndaşlara, xidməti yaşayış sahələri verilə bilən işçilərin kateqoriyalarının siyahısına (1 nömrəli əlavə) uyğun surətdə verilir. -2-ci bəndinə görə yaşayış sahəsi xidməti yaşayış sahələri sırasına müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. -6-cı bəndinə görə xidməti yaşayış sahələrinin uçotu rayon, şəhər, şəhərdə rayon X7 icraiyyə komitəsində uçot kitabında (2 nömrəli əlavə) aparılır. -7-ci bəndinə əsasən xidməti yaşayış sahəsi vermək haqqında qərar, sərəncamında xidməti yaşayış sahələri olan müəssisə, idarə, təşkilat müdiriyyəti, kolxoz idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarəetmə orqanları, həmkarlar ittifaqı və başqa təşkilat orqanları, hərbi hissə komandanlığı tərəfindən qəbul edilir. -9-cu bəndinə əsasən qəbul edilmiş qərara uyğun olaraq xidməti yaşayış sahəsi rayon, şəhər, şəhərdə rayon X7 icraiyyə komitəsi tərəfindən verilən və bu sahəyə köçmək üçün yeganə əsas olan order üzrə (3 nömrəli əlavə) istifadə üçün verilir. -16-cı bəndinə əsasən müəssisələrin, idarələrin, təşkilatların yaşayış evlərində yaşayış sahəsi xidməti yaşayış sahələri sırasından müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə, onu bu sıraya daxil etmiş rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə çıxarılır. Kolxoz yaşayış evlərində yaşayış sahəsi xidməti yaşayış sahələri sırasından kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillər yığıncağının qərarı ilə çıxarılır və sonra bu barədə rayon, şəhər, şəhərdə rayon X7 icraiyyə komitəsinə məlumat verilir. Göründüyü kimi mübahisəli mənzilin verildiyi vaxt hüquq münasibətlərini tənzimləyən mənzil qanunvericiliyinə əsasən rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə mənzillərin xidməti mənzillər siyahısına daxil edilməsi, xidməti mənzillərin işçilərə işlədiyi dövr ərzində müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, həmkarlar ittifaqı orqanları tərəfindən qəbul edilən qərar əsasında, müvəqqəti olaraq istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilməsi, müvafiq müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş işçilərin xidməti yaşayış sahəsindən çıxarılmalı olması nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: -17.2.2-ci maddəsinə görə dövlət mənzil fondu - mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusudur. -91.1.1-ci maddəsinə görə xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid edilir. -10.0.7-ci maddəsinə görə dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək dövlətin vəzifəsidir. -91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra - xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. -91.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. -91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. -92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 may 2010-cu il tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın: -1.3-cü bəndinə görə yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. -3.1-ci bəndinə görə xidməti yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Xidməti yaşayış sahələri özgəninkiləşdirilə, subicarəyə və ya ikinci əldən kirayəyə verilə bilməz. -3.5-ci bəndinə əsasən aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Qeyd edildiyi kimi xidməti (xüsusi təyinatlı) yaşayış sahələri müvəqqətidir, özəlləşdirməyə əsas vermir. Xidməti mənzil yalnız xidməti mənzillər siyahısından çıxarıldıqdan sonra həmin mənzilə dair müddətsiz kirayə müqaviləsi bağlanıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli Qərarı ilə “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın: -1.8-ci bəndinə görə yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. -3.1-ci bəndinə görə yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. -3.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi barədə təklifə müraciət daxil olduğu vaxtdan 15 gündən gec olmayaraq baxılaraq, müraciət edən orqana razılıq və ya əsaslandırılmış imtina məktubu verilir. -3.5-ci bəndinə əsasən aşağıdakı əsaslardan hər hansı birinin olduğu müəyyən edildikdə, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsindən imtina edilə bilər: 3.5.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında tutulması; 3.5.2. yaşayış sahəsi üzərində yüklülüyün və ya məhdudiyyətin olması; 3.5.3. yaşayış sahəsinin müvafiq xüsusi təyinatlı yaşayış sahəsi üçün müəyyən edilən tələblərə cavab verməməsi. -3.8-ci bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. -4.3-cü bəndinə görə xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Göründüyü kimi xidməti mənzillərin özəlləşməsi bir-biri ilə bağlı iki mərhələni özündə ehtiva edir. -xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması; -xüsusi təyinatlı mənzil fondundan çıxarıldıqdan sonra mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən xidməti mənzilin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi və xidməti mənzil fondu sırasından çıxarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla həyata keçirilir. Xidməti mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanması üçün mənzilin xidməti mənzillərin sırasından çıxarılması, xidməti mənzillər sırasından çıxarılması isə qeyd edildiyi kimi müvafiq müraciət əsasında razılaşdırma qaydasında xidməti mənzillər sırasından çıxarılma barədə qərarın qəbul edilməsi tələb olunur. İşin hallarından müəyyən olunur ki, iddiaçı Suraxanı rayon İcra Hakimiiyyətinə mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla yaşayış sahəsinin kirayə müqaviləsinin dörd nəfərdən ibarət ailə üzvü ilə bağlanması barədə sərəncam verilməsini xahiş etmiş, Suraxanı rayon İcra Hakimiiyyəti S-3/3-068/2-1/1 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xidməti yaşayış sahələrinin xüsusi təyinatlı mənzil fonduna aid edildiyi nəzərə alaraq sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmaqla yenidən kirayə müqaviləsinin bağlanılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və balanssaxlayıcı təşkilatın sözügedən məsələyə dair razılıq məktubları RİH-nə təqdim olunduqdan sonra müraciətə baxılacağı əsaa gətirilməklə müraciətin təminindən imtina edilmişdir. Bundan sora iddiaçı icra hakimiyyətinə qarşı məhkəmədə iddia qaldırmış, yekunda Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvvəsini almış xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının tələbi təmin edilərək mənzilə dair daimi kirayə müqaviləsinin bağlanılması vəzifəsi Suraxanı rayon İicra Hakimiyyətiinə həvalə edilmişdir. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, işdən müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi mənzil xidməti mənzil olmaqla 1984-cü ildən iddiaçının ailə üzvləri ilə birlikdə yaşamaları üçün istifadəsinə verilmiş, iddiaçı həmin vaxtdan sözügedən mənzilə faktiki sahiblik və istifadə hüquqlarını həyata keçirir. Cavabdehin həmin mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmaqla kirayə müqaviləsinin bağlanılmasından imtina üçün gətirdiyi əsaslar mövcud deyildir. Sözügedən qərardan sonra Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 147 nömrəlisərəncamı ilə mənzildən daimi istifadəyə dair vətəndaş İddiaçı1 ilə ailə tərkibi 4 nəfər olmaqla kirayə müqaviləsi bağlanılması qərara alınmış və balansaxlayıcı ilə xx.xx.2021-ci il tarixli müddətsiz kirayə müqaviləsi bağlanılmışdır. Beləliklə, hüququmüəyyənlik prinsipindən çıxış edilərək qeyd edilməlidir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə mübahisə predmeti olan mənzilin təyinatı, xidməti order əsasında istifadəyə verildiyi və mənzillə bağlı daimi kirayə müqaviləsinin bağlanmasının mümkünlüyünə qiymət verilmiş, məhkəmə qərarından sonra yerli icra hakimiyyəti qərarla üzərinə qoyulmuş vəzifəni-daimi istifadəyə dair kirayə müqaviləsinin bağlanılması üçün ilkin olaraq mənzilin xidməti mənzillər siyahısından çıxarılması müvafiq icra hakimiyyəti orqanının razılıq alınması üçün müvafiq orqana müraciət etməmiş, bilavasitə həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlamaqla iddiaçını mahiyyət etibarı ilə müvəqqəti istifadə üçün verilən xidməti mənzilin daimi kirayəçisi qismində tanımışdır. Başqa sözlə, nə qədər ki, xidməti mənzil müvəqqəti istifadədən geri tələb edilməmiş, xidməti mənzilə dair iddiaçı ilə daimi istifadəyə dair kirayə müqaviləsi bağlanılmışdır, bu halda həmin mənzilin əlavə olaraq xidməti mənzil fondundan çıxarılması barədə müvafiq icra hakimiyyətinin ayrıca qərarının qəbul edilməsinə zərurət qalmır. Qeyd edildiyi kimi xidməti mənzillə daimi kirayə müqaviləsinin bağlanılması özündə ilk növbədə xidməti mənzil siyahısından çıxarılmanın razılaşdırılmasını tələb edir. Hazırkı halda isə mənzilin daimi istifadəsinə dair müqavilə olması ilkin mərhələnin də öz həllini tapdığını göstərməklə hazırkı halda siyahıdan çıxarılma barədə qərarın qəbulunu əhəmiyyətsiz edir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəuri hesab edir ki, iddia olunan mənzilin yerləşdiyi eyni binada Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 16, mənzil 46 (yeni qaydalarla: AZ1089, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 66.11 kv.m olan **********06-05101-093038 reyestr nömrəli mənzilə xüsusi mülkyyət hüququ əsasında digər şəxsin adına cavabehin qeydiyyat aparması iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. Bundan əlavə, daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş məlumatlara istinadən məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə iddiaçının sözügedən mənzilin özəlləşdirməsini istisna edəcək digər hal, o cümlədən indiyədək dövlət mənzil fondunun özəlləşməsi hüququndan 1 dəfə də istifadə edərək hər hansı mənzilə mülkiyyət hüququnun əldə etməsi halı müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni kirayə müqaviləsinin bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamını, mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını, mənzildə yaşayan şəxsin özəlləşməyə razılıq ərizəsini təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 16, giriş 6, 55 nömrəli üzərində İddiaçı1 mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 16, giriş 6, 55 nömrəli mənzili üzərində İddiaçı1 mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3129/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3129/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver