Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-313/2020 26.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi iddiaçı Arif Shamedovun, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə iddiaçı Arif Shamedovun cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Arif Shamedov cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 22 avqust 2019-cu il tarixli, ******* nömrəli qərarının ləgv edilərək, X8 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması, Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilərək ona Azərbaycan Respublikası vətəndaşlığının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli hazırlıq icraatı üzrə məhkəmə iclası protokolu ilə ərizə icraata qəbul edilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Rusiya Federasiyası vətəndaşıdır və Rusiya Federasiyası, Saxa (Yakutiya) Respulikası, Lensk şəhəri, Suntarskaya küçəsi, ev 30 ünvanında qeydiyyatdadır. 06 avqust 1957-ci il tarixdə Azərbaycan Respublikası Neftçala rayonunun Kür-Koca kəndində anadan olmuşdur. X3 1929-cu ildə Sabirabad rayonunda, anası X7 isə Bakı şəhərində anadan olmuşlar. Valideynləri milliyətcə azərbaycanlıdır və Azərbaycan Respublikasının vətəndaşı olmuşlar. Orta məktəbi Əli Bayramlı şəhəri (indiki-Şirvan) 2 nömrəli məktəbdə 9-cu sinifədək oxumuşdur. Sonra, yəni xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək Əli-Bayramlı şəhəri 28 nömrəli şəhər texniki peşə məktəbində təhsil almış və 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir. 1975-ci ildə Əli Bayramlı şəhər 1 nömrəli axşam fəhlə-gənclər tam orta məktəbində orta təhsilini tam şəkildə tamamlamış, 1978-ci ildə Əli Bayramlı şəhər icraiyyə komitəsinin daxili işlər şöbəsi tərəfindən şəhərin Agamirzə Əhmədov küçəsi, ev 17 ünvanına pasport qeydiyyatına alınmışdır və ona SSRİ vətəndaşının pasportu verilmişdir. 1978-ci il tarixdə X2 ilə ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.1979-cu il təvəllüdlü Maarif, xx.xx.1980-cı il təvəllüdlü Lazım, xx.xx.1985-ci il təvəllüdlü Səriyyə və xx.xx.1990-cı il təvəllüdlü Gülnarə adlı 4 övladı dünyaya gəlmişdir. Nikah rəsmi qaydada 1995-ci ildə pozulmuş və rəsmi qeydiyyata alınmışdır. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü X9 ilə xx.xx.2003-cü il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan uşağı olmamışdır. Hal-hazırda da həmin nikahı qüvvədədir və iddiaçı həyat yoldaşı ilə birlikdə ona məxsus Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 26, mənzil 31 ünvanında yaşayır. 1975-ci ildə Əli-Bayramlı şəhər hərbi komissarlığından hərbi xidmətə çağırılmış və 1975-1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətini başa vurduqdan sonra, yəni 1977-ci ildə Əli Bayramlı şəhər hərbi komissarlığında ehtiyatda olan hərbi qulluqçu kimi qeydiyyata alınmışdır. Əmək fəaliyyətinə 1973-cü ildə Əli-Bayramlı şəhərində başlamış, uzun illər Azneft İB-nin nəzdində olan X13 idarəsində elektrik qaynaqçısı vəzifəsində işləmiş, işlədiyi ərəfədə o təhsilini artırmaq üçün 1982-ci ildə Başqırdıstan Respublikasının İşimbay Neft Texnikumuna təhsil almağa göndərilmiş və iddiaçı həmin texnikumu 1986-cı ildə bitirmiş, 1986cı ildə Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikası, Lensk şəhərində yerləşən X1 göndərilmiş və həmin müəssisədə 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunmuşdur. 2007-ci ildə 50 yaşında agır və zərərli iş şəraitinə görə pensiyaya çıxmış, lakin əmək fəaliyyətini xx.xx.2019cu ilədək həmin müəssisədə davam etdirmişdir. Hal-hazırda əmək pensiyaçısıdır və iddiaçıya RF-da ümumi xəstəlik (ömürlük bronxit-astma) səbəbi ilə 3-cü qrup əlilik təyin edilmişdir. 1986cı ildən Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikası, Lensk şəhərində yaşayıb-işləsə də, hər il məzuniyyət vaxtı 2 aya yaxın müddətdə Azərbaycan Respublikasına ailəsinin yanına gəlmiş və Əli Bayramlı (indiki Şirvan) şəhərində yaşamış və rəsmi qeydiyyata düşmüşdür. İddiaçının arvadı X9 Azərbaycan Respublikasının ünvan 2 ünvanda yaşayır. İddiaçı özü də müvəqqəti olaraq həmin ünvana qeydiyyata alınmışdır və həmin mənzil hal-hazırda mülkiyyətindədir. İddiaçının 63 yaşı var. İddiaçının istəyi ondan ibarətdir ki, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınsın. Bu məqsədlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin həmin orqan iddiaçının vətəndaşlığını tanımaqdan imtina etmiş və bu barədə ona rəsmi olaraq “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 22 avqust 2019-cu il tarixli, ******* nömrəli qərar göndərmişdir. Hesab edilir ki, bu qərar əsassız olduğundan ləğv olunmalı, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmalı, ona Azərbaycan Respublikası vətəndaşlığının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçıya görə onun vətəndaşlığının itirilməsi, xitamı barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur, şəxsin vəziyyətini yüngülləşdirən hal kimi qanunun qüvvəsi geriyə şamil olunaraq vətəndaşlığı bərpa olunmalı, Azərbaycan Respublikasına mənsubiyyəti müəyyən olunaraq ona Azərbaycan Respublikasının vətəndaşlığı verilməlidir. İddiaçı qeyd edir ki, o, Rusiya Federasiyasının vətəndaşlığını könüllü qəbul etməmiş, bu barədə aidiyyətı dövlət orqanına rəsmi ərizə verməmiş, sadəcə orada işləyib qeydiyyatda olduğu üçün ərizəsi olmadan Rusiya Federasiyasının vətəndaşlığı verilmiş və bu barədə pasport verilmişdir. Bu hal isə onun işi və yaşayış yeri ilə bağlı olub. Cavabdehin nümayəndəsinin iddiaya dair etirazında bildirilmişdir ki, iddia ərizəsinin hüquqi əsası yoxdur. İddiaçı X14 vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” 4.1.1-ci bəndinə əsasən Azərbayan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığı müəyyən edilərək, onun Azərbaycan Respublikasının vətəndaşı sayılmadığı barədə xx.xx.2019-cu il tarixdə ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edilir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, o, hazırda Rusiya Federasiyasının vətəndaşıdır, mütəmadi olaraq 2002-2019-cu illərdə Azərbaycan Respublikasına gediş-gəlişi mövcuddur. Azərbaycan Respublikasında onun pasport qeydiyyatına alınması barədə məlumat yoxdur, VMS üzrə məlumat etiraza əlavə edilir. Adıçəkilən şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək ölkə ərazisində qeydiyyatda olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına tanınmamasına dəlalət edir. İşin hallarında, o cümlədən, DMXya təqdim edilmiş tərcümeyi-haldan görünür ki, şəxs uzun müddət Rusiya Federasiyasında yaşamış və həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, doğum haqqında şəhadətnamə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olan 6-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərdən biri kimi qəbul edilmişdir. İddiaçıya aid doğum haqqında şəhadətnamədən də müəyyən edilir ki, X14 06 avqust 1957-ci ildə Azərbaycan SSR, Neftçala rayonu, Kür-koca kəndində doğulmuşdur. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Şəxsin Azərbaycan Respublikasının ərazisində doğulması iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti cavabdeh tərəfindən tanınmalı idi. İddiaçının vətəndaşlığının itirilməsi, xitamı barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də yoxdur. Hesab edir ki, iddiaçının barəsində qəbul edilmiş müvafiq qərar əsassız olduğundan ləğv olunmalı, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmalı, ona Azərbaycan Respublikası vətəndaşlığının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nümayəndə izahatının sonunda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmiş və iş üzrə etirazının məhkəməyə təqsdim etməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki,iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya aid doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı X14 06 avqust 1957-ci ildə Azərbaycan SSR, Neftçala rayonu, Kür-koca kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1957-ci ildə 19 nömrəsi ilə qeydiyyat aparılmışdır. X3, anası X5r. - AЗ seriyalı, 767572 nömrəli orta təhsil haqqında attestatın surətindən müəyyən edilir ki, X14 1975-ci ildə Əli Bayramlı şəhər 1 nömrəli axşam fəhlə-gənclər tam orta məktəbinin tam kursunu bitirmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 10868/74 saylı attestatın surətindən aydın olur ki, X14 təhsil müddəti bir il olan Əli Bayramlı 28 nömrəli şəhər texniki peşə məktəbini “elektrik qaynaqçısı” sənəti üzrə bitirmişdir. - ЖT seriyalı, 182356 nömrəli diplomun surətindən görünür ki, X14 Başqırdıstan Respublikasının İşimbay Neft Texnikumunu 1986-cı ildə bitirmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2019-cu il tarixli, 018-14986-1219 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1957ci il təvəllüdlü X8 qeydiyyatı və sənədləşdirilməsi barədə idarədə məlumat aşkar edilməmişdir. - Şirvan şəhər polis şöbəsinin xx.xx.2019-cu il tarixli, 305-31751-1219 saylı məktubda bildirilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü X14 xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. - Şirvan şəhər İcra Hakimiyyətin başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7152 saylı, xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 26, mənzil 31 ünvanında müvəqqəti qeydiyyatda olan X14 1995-1998-ci illər ərzində keçmiş Əli Bayramlı şəhəri, M.Mirzəyev küçəsi, (keçmiş A.Əhmədov küçəsi), ev 17 ünvanında yaşamışdır. - Azərbaycan Respublikası X17 filialının 379 saylı, xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, X17 filialında X8 qeydiyyatda olması barədə heç bir sənəd saxlanılmır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2019-cu il tarixli, 018-17410-1219 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1957ci il təvəllüdlü X14 barəsində idarədə məlumat yoxdur. - Qohumluq münasibətinə əsasən xx.xx.2019-cu il tarixdə verilmiş MYİ seriyalı, 0****** saylı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1957-ci ildə Azərbaycan Respublikasının ərazisində doğulmuş Rusiya Fedeasiyasının vətəndaşı Arif Shamedovun müvəqqəti yaşayış yeri Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 26, mənzil 31-dir, vəsiqə xx.xx.2020-ci il tarixədək etibarlıdır. - Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən 10 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 329629 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X12 ilə X4 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 1995-ci ilin dekabr ayının 27-ci günündə 42 nömrəsi ilə qeyd aparılmışdır. - Rusiya Federasiyası, Saxa Respublikası (Yakutiya), Lenskiy ulusunun inzibatlığının VVAQ şöbəsi tərəfindən xx.xx.2003-cü ildə verilmiş İ-CH seriyalı, 539942 saylı nikahın bağlanması haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1957-il təvəllüdlü X14 ilə xx.xx.1966-cı il təvəllüdlü X9 arasında xx.xx.2003-cü ildə nikah bağlanmış, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında həmin tarixdə 137 nömrəsi altında qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli, 012-3869-1220 nömrəli məktubunda xx.xx.1957-ci il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı X8 Azərbaycan Respublikasının ərazisində cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin xx.xx.2020-ci il tarixli, 223 saylı məktubunda bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin arxiv uçot sənədlərində 1957-ci il təvəllüdlü X11 məxsus NZ ******* saylı hərbi bilet əsasında tərtib edilmiş uçot kartasında onun xx.xx.1975-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçməsi üçün keçmiş Əli Bayramlı şəhər Hərbi Komissarlığı tərəfindən Sovet ordusuna çağırılması və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək N saylı hərbi hissənin (dislokasiya yeri məlum deyil) tərkibində hərbi xidmət keçməsi qeyd edilmişdir. Həmçinin, hərbi xidmətdən tərxis edildikdən sonra daimi yaşayış yerinə görə xx.xx.1977-ci il tarixdə hərbi qeydiyyata alınması və daimi yaşayış yeri Yakutiya vilayəti olduğuna görə xx.xx.1986-cı il tarixdə qeydiyyatdan çıxarılması göstərilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, 33/1231 saylı məktubunda Rusiya Federasiyasının vətəndaşı X8 2019-cu ildə dövlət sərhədindən 3 dəfə girişi, 2 dəfə çıxışı barədə məlumatlar qeyd edilmişdir. - “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 22 avqust 2019-cu il tarixli, ******* nömrəli qərardan müəyyən edilir ki, 06 avqust 1957-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının mənsubiyyətinin tanınmaması qərara alınmışdır. İş materiallarına, eyni zamanda, iddiaçıya məxsus hərbi biletin, əmək kitabçasının və digər sənədlərin surətləri də əlavə edilmişdir. Genovezevin Maltaya qarşı işində(Genovese v. Malta) 53124/09 saylı, 11 oktyabr 2011-ci il tarixli) Avropa İnsan Hüquqları Məhkəməsi Malta vətəndaşı olmayan qadının və Malta vətəndaşlığı məhkəmə yolu ilə tanınmış kişinin nikahdan kənar doğulmuş uşağının Malta vətəndaşlığı əldə etmək müraciətinə rədd cavabının verilməsi məsələsinə baxmışdır. Vətəndaşlığın verilməməsi məsələsi ayrılıqda götürülmüş 8-ci maddənin pozulması kimi qiymətləndirilməsə də Məhkəmə hesab etmişdir ki, bu məsələnin iddiaçının sosial özünəməxsusluğuna təsiri daha geniş xarakter daşıdığından o, 8-ci maddənin əhatə dairəsinə düşür və rədd cavabının əsassız və diskriminativ xarakteri Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi ilə birlikdə 8-ci maddəsinin də pozulmasına dəlalət edir. Odur ki, məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə “məsələnin iddiaçının sosial özünəməxsusluğuna təsirinin daha geniş xarakter daşıdığı baxımdan təqdim edilmiş sübutların tədqiqinə həssaslıqla yanaşaraq müəyyən etdi ki, 06 avqust 1957-ci ildə Azərbaycan Respublikasında anadan olmuş Rusiya Federasiyasının vətəndaşı iddiaçı Arif Shamedovun X6 onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə xx.xx.2019-cu il tarixli vəsatətlə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 22 avqust 2019-cu il tarixli, ******* nömrəli qərarla iddiaçının Azərbaycan Respublikasının mənsubiyyətinin tanınmaması qərara alınmış, imtinaya əsas kimi isə şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək, yəni 07 oktyabr 1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətlə bağlı münasibətlər tənzimləyən 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir.Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbinə əsasən həmin qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün Azərbaycan Respublikasının vətəndaşı həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma əsas şərtdir. Eyni zamanda, zərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndinə görə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin «Qaydalar»ın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İstinad olunan müddəalardan göründüyü kimi, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan əsas diqqətini onun özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda və bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Lakin, iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılan zaman məlum olmuşdur ki, iddiaçı qanunda göstərilən müddətdə Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Bundan başqa, iş materiallaından da göründüyü kimi, iddiaçı 5-ci maddənin birinci hissəsinin 2, 3 və 4-cü bəndlərində təsbit olunmuş şəxslər kateqoriyasına da düşmür. İş materialları ilə müəyyən edilir ki, iddiaçı vaxtilə doguldugu, təhsil aldığı, hərbi xidmət keçdiyi Azərbaycan Respublikasını tərk etmiş və daimi yaşayış yeri Rusiya Federasiyasının Yakutiya vilayəti olduğuna görə xx.xx.1986-cı il tarixdə qeydiyyatdan çıxaraq daimi yaşayış yeri üzrə qeydə alınmış, həmin vaxtdan da Rusiya Federasiyasının vətəndaşıdır. Bu isə o deməkdir ki, vətəndaşı oldugu ölkə qarşısında şəxsin uzun müddət ərzində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, habelə siyasi hüquqi və bu cür digər öhdəlikləri yaranmışdır. Belə ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı oldugundan həmin dövlətin «Rusiya Federasiyasının vətəndaşlığı haqqında» Federal Qanununun 3-cü maddəsinə əsasən Rusiya Federasiyasının vətəndaşlığı olan şəxsi kimi Rusiya Federasiyası ilə, onların qarşılıqlı hüquq və vəzifələrinin ümumiliyində ifadə olunan möhkəm hüquqi bağlılığı yaranmışdır. Həmin Qanunun 6-cı maddəsinə əsasən eyni zamanda digər vətəndaşlığı olan Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyasının beynəlxalq müqaviləsində və federal qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, yalnız Rusiya Federasiyasının vətəndaşı hesab edilir (1). Rusiya Federasiyası vətəndaşının digər vətəndaşlıq əldə etməsi Rusiya Federasiyası vətəndaşlığının xitamına səbəb olmur(2). Beləliklə, Rusiya Federasiyası öz vətəndaşının digər dövlətlərin vətəndaşlığına mənsubiyyətini, həmin dövlətlərlə bağlanmış müqavilələrdə və federal qanunlarda nəzərdə tutulmuş hallar istisna edilməklə, tanımır. Bu isə o deməkdir ki, Rusiya Federasiyası özünün vətəndaşı hesab etdiyi şəxsdən vəzifələrin/öhdəliklərin (o cümlədən, həmin dövlətin qəbul etdiyi yeni qanunlarla müəyyən edilən vəzifə və öhdəliklərin) icrasını istənilən vaxt tələb edə bilər. İddiaçının Rusiya Federasiyası ilə möhkəm bağlılığı və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn öhdəlikləri onun Rusiya Federasiyasının vətəndaşlığına xitam verildiyi vaxtadək qüvvədə qalır. Beləliklə məhkəmənin araşdırması ilə belə müəyyən olunur ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində onun hüquqları və qanunla qorunan maraqları pozulmamış, hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı Arif Shamedovun cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci,69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-313/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-313/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver