Məhkəmə qərarları › İş №2-1(112)-3130/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3130/2024

11.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3130/2024 11.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC cəlb olunmaqla) “reyestr qeydinin ləğv edilməsi, mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanına dair "xxxx" MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarış verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında uzun illərdir ki, yaşamış, orada müxtəlif tikililər tikərək sahiblik və istifadə etmişdir. Qeyd edir ki, o, həmin əraziyə Keşlə bələdiyyəsi ilə arasında bağlanmış olan 26 iyul 2005-ci il tarixli icarə müqaviləsi əsasında sahiblənib orada tikinti işləri aparmış və həmin tikinti işləri üçün müvafiq dövlət qurumlarından rəsmi icazə də almışdır. Sonradan "xxxx" MMC adlı şirkət hansı yolla baş verdiyini anlamadığı üsulla həmin ünvana dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, №1246594 saylı, xx.xx.2018ci il tarixli çıxarış almışdır. Lakin həmin çıxarış alınan zaman iddiaçı, oğlu və digər başqa şəxslər həmin ünvanda pasport qeydiyyatında olmuşlar. Buna baxmayaraq onların razılığı olmadan həmin ərazi üzrə "xxxx" MMC-nin adına çıxarış verilmişdir. Çıxarış alındıqdan sonra işlərinə qanuni don geyindirmək üçün iddiaçını təhdid edərək, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdirilən ərizə ilə o, "xxxx" MMC-yə məxsus qeyriyaşayış sahəsindən çıxarılmağı üçün həmin şirkətin direktoru X2 tərəfindən 250 000 manat kompensasiyanın ödənilməsi qarşılığında gələcəkdə bununla bağlı heç bir tələb irəli sürməyəcəyini qeyd etmişdir. Hazırda "xxxx" MMC həmin ərizəyə əsaslanaraq inzibati məhkəməyə müraciət edərək iddiaçının və həmin ünvanda qeydiyyatda olan oğlunun ünvan 2 pasport qeydiyyatından çıxarılmasını tələb edir. İddiaçı qeyd edir ki, oğlu ilə həmin əraziyə məhkəmə qətnamələri ilə qeydiyyata düşərək istifadə hüquqları tanınmışdır. "xxxx" MMCnin adına olan çıxarışda isə kompleksin ünvanı ünvan 3 bağlı zidiyyətə baxmayaraq şirkət onların Oqtay Vəliyev küçəsi 23/60 ünvanından çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, həmin ünvanın sonradan dəyişdirilib-dəyişdirilməməsi ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçıya olunmuş silahlı təhdid ilə bağlı Nizami rayon Prokurorluğuna etmiş olduğu şikayətlə bağlı 20 sentyabr 2023cü il tarixdə Nizami rayon Prokurorluğunun müstəntiqi Fərid Hüseynov tərəfindən göndərilmiş məktubda bildirilmişdir ki, edilmiş müraciət 860-C-23 nömrəli materiala əlavə edilərək araşdırma haqqında əlavə məlumat veriləcəkdir. Göründüyü kimi, ünvan 1 ünvanına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən "xxxx" MMC-yə verilmiş RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarış qanunsuz əsaslarla verilmişdir. Çünki "xxxx" MMC həmin ünvana dair çıxarış alarkən iddiaçı, oğlu X3 və digər şəxslər orada pasport qeydiyyatında olmuşlar. Buna baxmayaraq onlardan razılıq ərizəsi alınmamışdır. "xxxx" MMC-nin əlində yalnız həmin əraziyə çıxarış aldıqdan 9 ay sonra iddiaçının xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdirilən ərizəsi vardır. Həmin ərazidə mövcud olan tikililər hamısı iddiaçı tərəfindən tikilmiş olsa da, "xxxx" MMC-nin hansı yolla həmin əraziyə çıxarış alması anlaşılan deyildir. Göründüyü kimi inzibati orqan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin ərazidə pasport qeydiyyatında olan şəxslərin ərizəsi, razılığı olmadan qanunsuz olaraq "xxxx" MMC-yə çıxarış vermişdir. Yuxarıda qeyd edilmiş qanunsuzluğun aradan qaldırılması məqsədi ilə iddiaçı DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 1 ünvanına dair "xxxx" MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, №1246594 saylı, xx.xx.2018ci il tarixli çıxarış verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilməsini xahiş etmişdir. Cavabdeh orqan müraciətinə xx.xx.2023-cü il tarixli məktub ilə cavab verərək bildirmişdir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkilinin sonuncu ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 860 kv.m-lik hissəsinin xx.xx.2030-cu ilədək iddiaçıya icarəyə verilməsinə dair Keşlə bələdiyyəsi ilə bağlanmış olan xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi, ünvan 1 ünvanına dair "xxxx" MMC-nin adına RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddianın dəyişdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini qoymaqla, Bakı İnzibati məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına dair "xxxx" MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarış verilməsinə əsas olmuş qeyd qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. İddiaçı sonradan cavabdeh orqana təkrarən müraciət edərək ünvan 1 ünvanında yerləşən 860 kv.m-lik hissənin xx.xx.2030-cu ilədək ona icarəyə verilməsinə dair Keşlə Bələdiyyəsi ilə aralarında bağlanmış olan xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın təqdim edilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli cavabı ilə hüquqların qeydiyyata alınmasından imtina edilmişdir. İmtina əsası kimi bələdiyyə qərarının mövcud olmaması bildirilmişdir. Keşlə Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş 18 mart 2024-cü il tarixli, 34-k №-li məktubla, Keşlə Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 11 nömrəli qərarı və Keşlə Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış olan xx.xx.2005-ci il tarixli, 43 nömrəli icraə müqaviləsi təqdim olunmuşdur. Yuxarıda qeyd edilən hallar, iddia ərziəsinin dəqiqləşdirilməsi zərurəti yaratmışdır Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixdə ərizə ilə İdarəyə müraciət etmiş və **********81 saylı, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsi, 22F ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Bakı Şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il, 14/643 nömrəli Qərarı və Nizami Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli, 04 nömrəli “Tikinti Obyektinin İstismara İcazə” sənədi əsasında "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək iddia tələbində göstərilən 860 kv.m torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyata alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianınn mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqan tərəfindən iddiaçının dəqiqləşdirilmiş tələbinə dair müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair Keşlə bələdiyyəsinin qərarı təqdim edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə verilmiş reyestr nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 871,7 kv.m sahəsi oln əmlak kompleksi kimi müəssisə "xxxx" MMCnin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Müəssisənin yerləşdiyi 0,10137 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. -AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri, O.Vəliyev küçəsi, ev 23/60-da qeydiyyatdadır. -İcarəyə verən Bakı şəhəri Nizami rayonu Keşlə bələdiyyəsi ilə icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 43 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Nizami rayon Keşlə bələdiyyəsinin 05 fevral 2001-ci il tarixli, 11 saylı Qərarı əsasında Keşlə qəsəbəsi, O.Vəliyev küçəsində yerləşən ümumi sahəsi 860 kv.m olan torpaq sahəsi xx.xx.2005-ci il tarixdən xx.xx.2030-cu ilədək müddətli istifadəyə verilmişdir. -Keşlə bələdiyyəsi tərəfindən Oqtay Vəliyev küçəsində İddiaçı adına rəsmiləşdirilməsi nəzərdə tutulan 860 kv.m torpaq sahəsinin şərti ölçülü cizgisi tərtib edilmiş və bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. -Nizami Rayon Məhkəməsinin 2-1866/05 nömrəli, xx.xx.2005-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nizami RPİ ŞVQ şöbəsinə qarşı iddiası təmin edilmiş və onun Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi 23/60 saylı evə yaşayış hüququnun tanınması qət edilmişdir. -Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubda bildirilmişdir ki, “Nizami Rayon İcra Hakimiyyətinə, Keşlə qəsəbəsi, O.Vəliyev küçəsi, 23/60 saylı evdə yaşayan, vətəndaş İddiaçı ərizə ilə müraciət, edərək tikintisi yarımçıq qalmış, fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məlum edilmişdir ki, göstərilən fərdi yaşayış evi 1998-99-cu ilərdə inşa edilmişdir. Vətəndaş İddiaçı həmin evə Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1866/05 saylı qərarı ilə pasport qeydiyyatına düşmüş və halhazırda da ailəsi ilə orada yaşayır. Yarımçıq qalmış evin tikintisini başa çatdırmaq niyyəti ilə, İddiaçı «Bakımənzilkommunlayihə» institutunda eskiz layihəsi hazırlatmış, onun təsdiq olunmasında və tikintinin aparılmasına icazə verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Nizami Rayon İcra Hakimiyyəti, göstərilən evin, əlavə edilən eskiz layihəsinə uyğun olaraq inşa edilməsinə etiraz etmir və Sizdən həmin layihəyə qanuna müvafiq qaydada baxılmasına göstəriş verməyinizi xahiş edir”. -"xxxx" Firmasının təsisçi-direktoru tərəfindən Keşlə bələdiyyəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubda bildirilmişdir ki, “Mənim Keşlə qəsəbəsi, O. Vəliyev küçəsi, 2360 məhəllə ünvanda yerləşən "xxxx" müəssisənin qarşısında 900 m 2 boş sahə var. Həmin torpaq sahəsi Bakı şəhər X4 İcraiyyə Komitəsinin 14/ 643 saylı, 23 oktyabr 1991-ci il tarixli qərarı ilə mənə məxsus olan "xxxx" firmasına yaşıllıq sahəsi kimi ayrılmışdır. Vaxtımın olmaması və digər səbəblərdən mən həmin sahəyə qulluq edə bilmirəm. Onun üçün də həmin torpaq sahəsinin İddiaçı Keşlə Bələdiyyəsi tərəfindən uzun müddətli icarəyə verilməsinə etiraz etmirəm”. -ünvan 9 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin arxiv qovluğunda saxlanılan Bakı şəhər X4 İcraiyyə Komitəsinin 14/643 saylı, 23 oktyabr 1991-ci il tarixli qərarının surətindən görünür ki, Nizami rayon sovetinin xahişi təmin edilərək Nizami rayonu, Sosialist küçəsi, 2360-cı məhəllədə "xxxx" Kiçik Müəssisəsinə istehsalat məntəqəsinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılmışdır. -Keşlə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 90 nömrəli arayışından görünür ki, İddiaçı Keşlə qəsəbəsi, O.Vəliyev küçəsi, 23/60 ünvanında istifadəsində olan torpaq sahəsinə görə torpaq vergisini 2017-ci il tarixə qədər ödəmişdir. Müvafiq sorğu ilə Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialından və Keşlə bələdiyyəsindən İddiaçı Məhəmmədli oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 43 nömrəli müqavilənin, həmin müqavilədə istinad edilən xx.xx.2001-ci il tarixli, 11 nömrəli qərarın və müqavilənin bağlanması üçün əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Sorğuya cavab olaraq Dövlət Arxivinin Bakı filialından verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan bildirilmişdir ki, Keşlə bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2001-ci il tarixli, 11 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Sorğuya cavab olaraq Keşlə bələdiyyəsi tərəfindən təqdim edilmiş həmin bələdiyyənin xx.xx.2001-ci il tarixli ümumi iclasının 11 saylı protokolunun surətindən görünür ki, bələdiyyə torpaqlarında yerləşən obyektlərin icarə qiymətlərinin təsdiqi məsələsi gündəliyə çıxarılmış və həmin torpaqların icarəyə verilməsi zamanı 600 (altı yüz) manat 1,5-3,0 arası zona əmsalı miqdarında icarə haqqı təyin edilməsi qərara alınmışdır. Sorğunun cavabına həmçinin yuxarıda istinad olunan xx.xx.2005-ci il tarixli, 43 nömrəli müqavilənin və ayrılması nəzərdə tutulan 860 kv.m torpaq sahəsinin şərti ölçülü cizgisi əlavə edilmişdir. -Keşlə bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 67-k nömrəli məktubda bildirilmişdir ki, “Keşlə qəsəbəsi, O. Vəliyev küçəsi, 23/60 ünvandakı 860 kv.m torpaq sahəsi İddiaçı istifadəsində olduğu üçün onun ərizəsi əsasında həmin sahənin torpaq vergisinə cəlb olunması məqsədilə xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Bakı şəhəri Nizami RİH-in xx.xx.2007-ci il tarixli S-5 saylı məktubuna, Nizami rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli lş№2-1866 saylı qətnaməsinə, Keşlə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli məktubuna əsasən həmin sahənin eskiz layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə razılaşdırılmışdır və İddiaçı ilə bağlanılmış icarə müqaviləsi öz qüvvəsini itirmişdir.” -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı zaman Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq ünvan 11 ünvanı təyin edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, verilmiş koordinatlara əsasən qeyd olunan torpaq sahəsi hazırda "xxxx" MMC-nin adına dövlət qeydiyyatına alınmış **********78-12301 reyestr nömrəli əmlak kompleksinin texniki pasportunun baş planında göstərilmiş 2985.5 kv.m torpaq sahəsinin bir hissəsi olmaqla dövlət mülkiyyətindədir. Beləliklə işin hallarından və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçının hüququ marağı ünvan 1 ünvanında yerləşən 860 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yönəlmişdir. Bu məqsəd üçün iddiaçı Keşlə bələdiyyəsi ilə bağlanmış xx.xx.2005-ci il tarixli, 43 nömrəli icarə müqaviləsini və torpaq sahəsinin ayrılmasına dair həmin bələdiyyənin verdiyi cizgini cavabdehə təqdim etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etdiyindən iddiaçı hazırkı iddia ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən (28 oktyabr 2008-ci il tarixədək qüvvədə olan redaksiya) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Lakin hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, iddiaçı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Keşlə bələdiyyəsi ilə bağlanmış torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləni təqdim etmişdir. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, müvafiq qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə verilməsini həm bələdiyyənin qərarı, həm də tərəflər arasında bağlanmış müqavilə ilə şərtləndirmişdi. Belə olan halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələbləri baxımından torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd kimi bələdiyyənin qərarı çıxış edə bilər. Lakin işin araşdırılan halları ilə iddiaçıya Nizami rayonu, O.Vəliyev keçəsindən 860 kv.m torpaq sahəsi ayrılmasına dair inzibati aktın mövcudluğu müəyyən edilməmiş, iddiaçı tərəfindən də əksini təsbit edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Keşlə bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 43 nömrəli icarə müqaviləsində istinad olunan xx.xx.2001-ci il tarixli, 11 nömrəli qərar iddiaçıya torpaq sahəsinin ayrılmasına dair deyil, bələdiyyə torpaqlarının icarə qiymətlərinin müəyyən edilməsi ilə bağlı keçirilmiş iclasın protokoludur. Bundan başqa, iş materiallarında olan Keşlə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi, iddiaçı ilə Keşlə bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi öz qüvvəsini itirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olsa da, qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsində yerləşən 860 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilmədiyindən, eyni zamanda O.Vəliyev küçəsi 22F ünvanında yerləşən əmlak kompleksinə dair "xxxx" MMC-nin adına aparılmış qeydiyyatın qanunsuz aparılmasına dəlalət edən hər hansı sübut təqdim edilmədiyindən, o cümlədən, konkret halda sözügedən əmlak kompeksi üzərində "xxxx" MMC-nin adına qeydiyyat hərəkətlərinin aparılması üçün həmin ünvanda qeydiyyatda olan şəxslərin razılığının olması qanunla tələb olunmadığından cavabdehin hərəkətləri və imtinası qanunazidd olmamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar