Məhkəmə qərarları › İş №2-1(112)-3130/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3130/2025

28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3130/2025 28.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin ölən şəxsə mənsub olması faktının müəyyən edilməsi” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Alik” ilə “Əli Rzanın” eyni şəxs olması, yuxarıda qeyd edilmiş doğum aktı qeydlərinin ölən şəxs “X2”na mənsub olması faktının müəyyən edilməsi xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının babası Xanmirzəyev Əli-rza Qulu oğlu xx.xx.1969-cu il tarixdə yaşadığı Bakı şəhərində vəfat etmişdir və atanın nikah haqqında şəhadətnaməsində, doğum haqqında şəhadətnaməsi və ölüm haqqında şəhadətnaməsində babanın adı ’’Əlirza” yazılmasının yerinə Alik qeyd olunmuşdur. Baş vermiş səhvin aradan qaldırılması üçün Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Yazıb xahiş olunur ki, baş vermiş səhvin aradan qaldırılması üçün babanın adının “Alik” sözünün yerinə “Əli-rza” kimi qeyd olunması üçün baş vermiş bu hadisəni aradan qaldırmaq üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-570/24 nömrəli məktuba əsasənda Sabunçu rayonu Balaxanı qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1969-cu il tarixli 28 saylı ölüm haqqında akt qeydi nəzərdən keçirilərkən, ölənin soyadı - “Xan Mirzəyev”, adı - “Əli Rza”, atasının adı “Quli oğlu” kimi qeyd edilməsi müəyyən edilmişdir. Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.2008-ci il tarixli 1213 saylı ölüm haqqında akt qeydində də “X2”nun ata adı səhvən “Əli Rza” əvəzinə “Alik oğlu” qeyd edilmişdir. Təqdim olunmuş Sabunçu rayonu, Balaxanı qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1934-cü il tarixli 133 saylı doğum haqqında akt qeydinə əsasən Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışda isə “X2” qeyd edilmişdir. Belə ki, uşaq qrafasında “Xanmirzəyev Rzaqulunun” atasının adı səhvən “Əli Rza” əvəzinə “Alik” qeyd edilmişdir, atası qrafasında isə “X1” əvəzinə “X2” yazılmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Sabunçu rayonu Balaxanı qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1969 -cu il tarixli 28 saylı ölüm haqqında akt qeydi nəzərdən keçirilərkən, ölənin soyadı - “Xan Mirzəyev”, adı - "Əli Rza”, atasının adı - “Quli oğlu” kimi qeyd edilməsi müəyyən edilmişdir. Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.2008-ci il tarixli 1213 saylı ölüm haqqında akt qeydində də “X2”nun ata adı səhvən “Əli Rza” əvəzinə “Alik oğlu” qeyd edilmişdir. Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.1961ci il tarixli 298 saylı nikah haqqında akt qeydində də “X2”nun ata adı səhvən “Əli Rza” əvəzinə “Alik oğlu” qeyd edilmişdir. Təqdim olunan Sabunçu rayonu Balaxanı qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1934-cu il tarixli 133 saylı doğum haqqında akt qeydinə əsasən Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışda isə -“X2” edilmişdir. Belə ki, uşaq qrafasında “Xanmirzəyev Rzaqulunun” atasının adı səhvən “Əli Rza” əvəzinə “Alik” qeyd edilmişdir, atası qrafasında isə “X1” əvəzinə “İddiaçı Rzaqulu oğlu” yazılmışdır. Bildirilir ki, ”Alik” ilə “Əli Rzanın” eyni şəxs olması, yuxarıda qeyd edilmiş doğum, ölüm və nikah haqqında akt qeydlərinin ölən şəxs “X2”na mənsub olması faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında iddianın mümkünlük şərtlərinin ödənilməsinə münasibətdə aparılmalı olan yoxlama çərçivəsində iddianın mümkünlüyünü istisna edən hallar öz əksini tapmışdır ki, məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olmayan iddiadır. İddiaçı bu iş üzrə məhkəməyə müraciət edərək, mərhum babası Xanmirzəyev Əlirza Qulu oğlunun vətəndaşlıq vəziyyəti akt qeydlərindəki ziddiyyətin aradan qaldırılması məqsədilə "Alik"in Əli-rza Qulu oğlu olması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə tərəfindən işə baxıldığı müddət ərzində iddiaçıya hüquqi yardım göstərilmiş, inzibati məhkəmə icraatı çərçivəsində baxılan işlər ilə bağlı izah olunmuş və konkret olaraq bu icraat çərçivəsində vətəndaşlıq vəziyyəti akt qeydlərindəki yanlışlıqların aradan qaldırılması istiqamətində iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Lakin buna baxmayaraq ki, iddiaçı tələbini dəqiqləşdirməmiş, yalnız ümumi şəkildə bütün sənədlərdə “Alik”in “Əli-rza” olduğu faktının müəyyən edilməsini tələb etmişdir. Halbuki, iddiaçı konkret olaraq hansı vətəndaşlıq vəziyyəti akt qeydində düzəliş edilməsini istədiyini açıq şəkildə göstərməli, müvafiq akt qeydinin növünü və düzəlişin dəqiq məzmununu ifadə etməli idi. Hazırkı iddia tələbində iddiaçının hüquqi marağı aydın görünmür. Əgər iddiaçı məqsəd olaraq sənədlərin mərhum babasına məxsus olması faktının tanınmasını istəyirsə, bu halda o, inzibati icraat çərçivəsində deyil, xüsusi icraat qaydasında ümumi məhkəməyə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı xüsusi icraat qaydasında baxılır. Göründüyü kimi şəxsiyyət vəsiqəsi və ya digər hüquqi sənədlərlə uyğunsuzluq yarandıqda, məsələn, ad, soyad və ya ata adının fərqli göstərilməsi hallarında, hüquq müəyyənedici sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən olunması yalnız xüsusi icraatla həyata keçirilə bilər. Belə olan halda, iddiaçı əgər konkret sənədin mərhum şəxsə aid olduğunu tanıtmaq istəyirsə, Mülki Prosessual Məcəllənin 25.2-ci maddəsinə əsaslanaraq, aidiyyəti tələbi ümumi məhkəməyə, xüsusi icraat qaydasında təqdim etməlidir. Hazırkı formada isə məhkəmə belə nəticəyə gəlir ki, irəli sürülmüş tələb üzrə hüquqi marağ aydın olmadığından, iddia mümkünlük şərtlərinə cavab vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar