Məhkəmə qərarları › İş №2-1(112)-3131/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3131/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3131/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və 3-cü şəxs qismində X5 iştirаkları ilə, İddiaçı cavabdeh Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı X9 3-cü şəxs qismində cəlb olunmaqla “yetkinlik yaşına çatmayan uşaqların soyadlarının dəyişdirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.10.2006-cı il təvəllüdlü X8 və 06.04.2008-ci il təvəllüdlü X1 “İsazadə”-dən “İsayev”və dəyişdirilərək qeyd edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliynin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2-1(112)-3131/2021 saylı qərardadı ilə X9 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı rəsmi nikahda olduğu inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmiş X9 07 aprel 2021-ci ildə ərizə ilə müraciət edərək iş üzrə iddia tələbinin təmin edilməsini xahiş etmiş və uşaqlarının soyadlarının dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X9 ilə 2004-cü faktiki nikahda olmuş, lakin, 19.03.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 22.10.2006-cı il təvəllüdlü X11 və 06.04.2008-ci il təvəllüdlü X10 anadan olmuşdurlar. 19.03.2008-ci il tarixli, 761№-li akt qeydi ilə Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 22.10.2006-cı il təvəllüdlü X8 doğum haqqında şəhadətnaməsi alınmışdır. 06.05.2008-ci il tarixli, 1240№-li akt qeydi ilə Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 06.04.2008-ci il təvəllüdlü X6 doğum haqqında şəhadətnaməsi alınmışdır. Hər iki uşağa doğum haqqında şəhadətnaməsi alarkən uşaqların soyadları “İsazadə” kimi qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, övladlarının soyadları “İsazadə” kimi qeyd olunmasında ilkin vaxtlarda ele də əhəmiyyət verməsə də, son zamanlar övladlarının onun öz soyadı kimi olmaması narahat etməyə başlamışdır. İddiaçı bildirir ki, onun atası və babalarının soyadları “İsayev” olmuş və hazırda uşaqlarının soyadları “İsazadə” olması gələcək nəsilin soyadının dəyişdirilməsinə gətirib çıxardır. Bununla bağlı o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Binqədi Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək, uşaqları X11 və X6 doğum haqqında şəhadətnamələrində soyad sonluğunun “İsazadə”dən, “İsayev”ə düzəliş edilməsini xahiş etmişdir. Cavab olaraq Binəqədi rayon qeydiyyat şöbəsi bildirmişdir ki, “Azərbaycan Respublikası Vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 saylı qərarına əsasən “Azərbaycan Respublikası vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadları “-li” (sözün kökündən aslı olaraq “-lı”, “-li”, “-lu”, “-lü” ), “-zadə”, oğlu”, sonluqlu və sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər”. Bu səbəbdən soyadın sonluğunun “-ov”, “-yev”ə düzəliş edilməsi qanunda nəzərdə tutulmadığından imtina edilmişdir. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Binəqədi rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, iddiaya etiraz etmədiklərini, mübahisənin həllinin məhkəmə mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Binəqədi rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddia tələbi ilə razı olduğunu və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1975-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - AA ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən 3-cü şəxs qismində X9 Azərbaycan Respublikasının vətəndaşıdır, 05.01.1985-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - AZ – İ № 389869 nömrəli nikah haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X9 19 mart 2008-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin 03 ayının 19 günündə 188 № ilə qeyd edilmişdir. - AZ – İİ № 081432 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 22 oktyabr 2006-cı il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2008-ci ilin mart ayının 19 günündə 761 № ilə qeyd edilmişdir. Valideynlər bölməsində atası İddiaçı, anası qismində X9 göstərilmişdir. - AZ – İİ № 099556 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06 aprel 2008-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2008 ilin may ayının 06 günündə 1240 № ilə qeyd edilmişdir. Valideynlər bölməsində atası İddiaçı, anası qismində X9 göstərilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin 27 noyabr 2020-ci il tarixli, 05/Q-2564/13 saylı məktubuna əsasən, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, soyadın sonluğunun –“ov”, -“yev”-ə düzəliş edilməsi qanunda nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə təmin edilməmişdir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş 1240 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X10 06 aprel 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1975-ci il təvəllüdlü İddiaçı və 05.01.1985-ci il təvəllüdlü İsayeva Ülviyyə X3 valideynləridir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş 761 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X11 22 oktyabr 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1975-ci il təvəllüdlü İddiaçı və 05.01.1985-ci il təvəllüdlü isayeva Ülviyyə X4 valideynləridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə 22 oktyabr 2006-cı il tarixdə anadan olmuş övladları X8 və 6 aprel 2008-ci il tarixdə anadan olmuş övladları X2 “İsazadə”-dən “İsayev” soyadına dəyişdirilməsini xahiş edir. İddiaçı övladının soyadının “İsazadə”-dən “İsayev” soyadına dəyişdirilməsi ilə bağlı yaşadığı yer üzrə qeydiyyat orqanı - Bakı şəhəri Binəqədi rayon qeydiyyat orqanına müraciət etmiş, inzibati orqan isə 27 noyabr 2020-ci il tarixli, 05/Q-2564/13 saylı imtina məktubunda “Azərbaycan Respublikası Vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 saylı qərarına əsasən “Azərbaycan Respublikası vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadları “-li” (sözün kökündən aslı olaraq “-lı”, “-li”, “-lu”, “-lü” ), “-zadə”, oğlu”, sonluqlu və sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər”. Bu səbəbdən soyadın sonluğunun “-ov”, “-yev”ə düzəliş edilməsi qanunda nəzərdə tutulmadığından imtina edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, atasının adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 №-li Qərarı ilə «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 6.1-ci maddəsinə də əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. Qanunun mənasına görə, tam fəaliyyət qabiliyyəti 18 yaşa çatmaqla əldə olunur. Məhz 18 yaşa çatdıqdan sonra şəxs müstəqil surətdə mülki hüquq müqavilələri bağlaya bilər, əmlakı üzərində sərəncam verə bilər, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər və bu hərəkətlərin nəticələrinə görə müstəqil surətdə əmlak məsuliyyəti daşıya bilər. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra yol verilir. Lakin, nəzərə almaq lazımdır ki, vətəndaşın mülki hüquq fəaliyyət qabiliyyəti o, yetkinlik yaşına çatdıqda tam əmələ gəlir. Həmin vaxta qədər, onu təmsil etmək hüququ məhz onun valideynlərinə, övladlığa götürənlərə və ya himayəçiyə məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ bəndinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Beləliklə, iş üzrə araşdırmadan aydın göründüyü kimi, iddiaçı övladlarının soyadlarının sonluğunun dəyişdirilməsini xahiş etsə də, əslində övladlarının soyadlarının öz soyadı ilə eynilik təşkil etməsini xahiş edir. Belə ki, uşaqların ilk dəfə doğum haqqında aktda qeydləri aparılan zamanı soyad sonluğu fərqli yazılmış, lakin sonradan valideynlər övladlarının soyadlarının öz soyadları ilə eyni olmasını arzu etmiş və bu məqsədlə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşağına «İsayev» soyadının verilməsi İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyasına, Azərbaycan Respublikası Konstitusiyasına, Ailə Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 №-li Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»na, ictimai qaydaya, əxlaqa zidd deyildir və ona münasibətdə soyadın dəyişdirilməsini istisna edən müvafiq hallar mövcud olmamışdır. Həmçinin, övladının soyadının dəyişdirilməsində hər iki valideynin razılığı olmuş, hər iki valideyn ovladlarının soyadlarının onların soyadı ilə eyni olmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müəddəaların 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Məhkəmə iş üzrə sübutları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının övladlarının doğum haqqında akt qeydində soyadının “İsazadə” soyadından “İsayev” soyadına dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı övladları X8 və X6 doğum haqqında akt qeydlərində soyadlarının “İsazadə”-dən “İsayev”ə dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar