Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3131/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 15.09.2021-ci il tarixli, **********8853 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyətin 231 saylı Aptekinin provizoru hesab edilən X3 tərəfindən Cəmiyyətə ünvanlanan 02.08.2021-ci il tarixli ərizəsinə əsasən bildirir ki, o, Nizami rayonu, Naxçıvanski küçəsi 81 ünvanda yerləşən iş yerində 26 iyul 2021ci il tarixdə xidmət başında olarkən müəyyən etdi ki, aptekin kassasında nasazlıq vardır, yəni satılan mallar barədə çekin üzərində məlumatlar əks olunmur. Buna görə də X3 həmin anda “kassa serviz” deyilən müəssisəsinə zəng edərək bildirdi ki, kassa işlək vəziyyətdə deyildir. Bir saat müddətində deyilən müəssisədən nümayəndə gələrək kassaya baxış keçirib, akt tərtib edərək tövsiyə etdi ki, kassaya müdaxilə edilməsin və satılan dərmanların qeydiyyatı qanunla müəyyən edilmiş kitabda aparılsın. Bundan əlavə provizora o da bildirildi ki, kassaya mütəxəssis baxışı lazımdır və kassa təmirə getməlidir. X3 verilən tövsiyəyə ciddi surətdə əməl etdi. Təxminən 2 (iki) saatdan sonra 2 (iki) nəfər aptekə daxil olaraq bildirdilər ki, onlar Vergi İdarəsindən gəliblər, lakin hansı vergi idarəsindən olduqlarını bildirmədilər. Sonra həmin şəxslər vurğuladılar ki, onlar kassada 3 (üç) aylıq dövriyyəni yoxlayacaqlar. X3 onlara bildirdi ki, kassa işləmir, ona görə də yoxlamaya gələn kassa-serviz nümayəndəsi ilə danışsınlar ki, kassanın işləməməsi səbəbindən tam xəbərdar olsunlar. X3 tərəfindən kassa-serviz nümayəndəsinə zəng edildi, lakin həmin iki şəxs nümayəndə ilə danışıb məsələni tam va düzgün aydınlaşdırmaqdan imtina etdilər. Bununla yanaşı, hazırda aptekdə alış-verişin zəif olduğu da X3 tərəfindən onlara ətraflı şəkildə izah edildi. Həmin şəxslər kassaya müdaxilə edərək, satıcı çekini çıxarmaq istədilər, lakin kassada nasazlıq olduğundan tam şəkildə, qanunauyğun tələbdə çek verilmədi. Bir daha yoxlayanlar üçün aydın oldu ki, həqiqətən kassada nasazlıq var. Buna baxmayaraq onlar belə bir fərziyyə də irəli sürdülər ki, guya aptek tərəfindən müştəriyə bilərəkdən satılan dərmanın əvəzinə çek verilməmişdir. Belə bir fərziyyəni irəli sürdükdə, X3 onlardan tələb etdi ki, həmin müştərini gətirib onunla üzləşdirsinlər. Lakin həmin şəxslər heç bir müştəri ilə onu üzləşdirə bilmədilər. Sonra akt tərtib etdilər ki, guya X3 müştəriyə çek təqdim etməmiş və ya satdığı dərman vasitəsi barədə müəyyən edilmiş jurnalda qeydiyyat aparmamışdır. Halbuki, həmin şəxslər əvvəlcə aptekə alıcı kimi daxil olaraq 5 (beş) ədəd, dəyəri 1 (bir) manat olan tibbi maska aldılar və həmin alış-veriş də qanunla ayrılmış jurnalda qeyd edilmişdir. Bu zaman X3 İddiaçı MMC ilə telefon əlaqəsi saxlayaraq, baş verənlər haqqında məlumat verdi və həmin şəxslər də onun telefonuyla Cəmiyyətin rəhbərliyinə bildirdilər ki, əməkdaş 6000 (altı min) manat cərimə olunacaqdır. X3 onlara öz iradlarını bildirdi və tələb etdi ki, onu tərtib edilən aktla tanış etsinlər. Lakin onlar bunu etmədilər. X3 onların adlarını va soyadlarını soruşdu ki, müvafiq orqanlara onlardan şikayət etsin, lakin həmin şəxslər öz adlarını va soyadlarını ona bildirmədilər. X1 dedilər ki, onlar müdriyyətlərinin nəzərinə çatdıracaqlar ki, aptekin dövriyyəsi zəif olduğundan və 3 (üç) aylıq dövriyyə hesablanarkən həmin zəifllik müəyyən edildiyindan cərimə tətbiq edilməsin. X3 da bildirdi ki, onun aptekində bu günə təxminən 8000 (səkkiz min) manatlıq dərman ehtiyatı vardır və ona da uyğun dövriyyə gedir. Onlar sonra bildirdilər ki, 6000 (altı min) manat cərimə tətbiq ediləcəkdir. İddiaçı MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 15.09.2021-ci il tarixli, **********8853 nömrəli qərar qəbul olunarkən yuxarıda qeyd edilən ciddi hüquqi hallar nəzərə alınmamış və hadisənin mahiyyətinə hərtərəfli, tam və obyektiv surətdə diqqət yetirilməmişdir. Etibarsız akt nəticəsində qəbul edilən qərar da etibarsız hesab olunduğundan məhkəmə tərəfindən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.07.2021-ci il tarixli **********6575 nömrəli qərarına əsasən İddiaçı MMC üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Belə ki, 28.07.2021-ci il tarixdə saat 12:55-də ünvan 2 aptek 231-də keçirilən operativ vergi nəzarəti zamanı müştəri tərəfindən alınmış 2 ədəd tibbi maskaya görə 0,40 manat vəsait ödənildi. Ödənilən vəsait müqabilində müştəriyə nəzarət-kassa aparatının çeki təqdim edilmədi. Araşdırma zamanı həmin məbləğin nəzarət-kassa aparatına mədaxil edilmədiyi aşkar edildi. Yayındırılmış məbləğ 13:03-də NKA-ya bərpa edildi. “X” hesabatları və bərpa çeki akta əlavə edildi. Eyni zamanda nəzarət kitabçası təqdim edilməmişdir. Bununla da əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının tələblərinin pozulması faktı aşkar edildi. Belə ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Belə olan halda isə vergi orqanı tərəfindən 28.07.2021-ci il tarixli DVX seriyalı 006163 nömrəli akt tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş sözügedən akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 15.09.2021-ci il tarixli **********8853 saylı qərar qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, vergi orqanı əməkdaşları obyektə gələrkən onlar tərəfindən 3 aylıq dövriyyənin yoxlanılacağı bildirilmişdir, eyni zamanda, onlar tərəfindən alınmış 5 ədəd tibbi maskaya görə nəzarət-kassa aparatında nasazlıq olduğundan qanunla ayrılmış jurnalda qeydlər aparılmışdır. Qeyd edilən bu iki fikir bir-biri ilə ziddiyət təşkil edir. Bununla yanaşı maliyyə sanksiyası 5 ədəd tibbi maskaya görə deyil, 2 ədəd tibbi maskaya görə NKA-ya vurulmamış çekə münasibətdə tətbiq edilmişdir və bu öz əksini bərpa edilmiş çekdə tapmışdır. İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət qeydiyyatı haqqında VÖEN ********** nömrəli şəhadətnaməyə əsasən İddiaçı MMC AZ1030, ünvan 1 ünvanında qeydiyyatda olmaqla 09.10.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.07.2021-ci il tarixli **********9575 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı MMC-yə məxsus olan obyektdə AZ1118, ünvan 2, obyektin adı Aptek 231 (**********-16088), faəliyyət növü ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışı, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə 27.07.2021-ci il tarixdən 10.08.2021-ci il tarixədək (10.08.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 27.07.2021-ci il tarixli KY211593853 nömrəli çıxarışdan görünür ki, İddiaçı MMC (VÖEN: **********) 16088 Aptek 231, AZ1118, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 81, 2566/67-ci məhəllə, ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışı plandankənar (növbədənkənar) operativ vergi nəzarəti, yoxlamanın müddəti: 27.07.2021-10.08.2021-ci il, yoxlamanın predmeti və hüquqi əsasları: əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, maddə 50.1.3), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması, Vergi Məcəlləsi maddə 50.2.4. - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında 28.07.2021-ci il tarixli DVX seriyalı 006163 nömrəli aktdan görünür ki, İddiaçı MMC ünvan 2 ünvanında yerləşən Aptek 231-də quraşdırılmış **********Pİ0034498 nömrəli AZ Smart Bank markalı nəzarət-kassa aparatı 13.04.2021-ci il tarixli **********1 nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. Əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunur. 28.07.2021-ci il tarixdə saat 12:55-də keçirilən operativ vergi nəzarəti zamanı müştəri tərəfindən 2 ədəd tibbi maska alındı və 0.40 manat ödəniş olundu. Ödənilmiş məbləğ müqabilində müştəriyə çek təqdim olunmadı. Araşdırma zamanı həmin məbləğin NKA-ya mədaxil olunmadığı aşkar olundu. Yayındırılmış məbləğ saat 13:03-də NKA-ya bərpa olundu. “X” hesabatları və bərpa çeki akta əlavə olunur. Gündəlik “Z” hesabatları saxlanılmır. Nəticədə, İddiaçı MMC barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 388 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Vergi qanunvericiliyinə riayət olunması tövsiyə olundu. Vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi obyektdə olmadığından aktı imzalatmaq və bir nüsxəsini təqdim etmək mümkün olmadı. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15.09.2021-ci il tarixli **********8853 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı MMC (Ünvanı: AZ1030, ünvan 1, VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üç və daha çox dəfə yol verdiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 24.09.2021 tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Beləliklə, işin sadalanan hallarından görünür ki, vergi orqanının 27.07.2021-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus olan AZ1118, ünvan 2 ünvanında yerləşən Aptek 231-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmiş, bu barədə 28.07.2021-ci il tarixli DVX seriyalı 006163 nömrəli akt tərtib edilmiş, 15.09.2021-ci il tarixli **********8853 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 6000 məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən 15.09.2021-ci il tarixli **********8853 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 15.09.2021-ci il tarixli qərarını 13.10.2021-ci il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının Vergilər nazirinin 14.01.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.
7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi. -7.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -7.2-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. -7.3-cü bəndinə görə vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. -7.4-cü bəndinə görə NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X10), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. -7.5-ci bəndinə əsasən alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. -7.12-ci bəndinə əsasən işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. -7.15-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarət-kassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarət-kassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı qanunazidd hesab oluna bilməz. Əvvəla, ona görə ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi rəhbər tutulmaqla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 27.07.2021-ci il tarixli KY211593853 nömrə ilə qeydiyyata alınmışdır. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 28.07.2021-ci il tarixli DVX seriyalı 006163 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmışdır. İddiaçının mübahisələndirilən vergi qərarının əsassızlığı ilə bağlı iddia ərizəsində qeyd etdiyi dəlil ondan ibarət olmuşdur ki, sözügedən aptekdə nəzarət kassa aparatı nasaz olmuş, nasazlıq 26.07.2021-ci il tarixdə aşkar olunmuş, bu barədə kassa servisinə məlumat verilmiş, servisdən gələn mütəxəssis tərəfindən NKA aparatının təmirə getməli olduğu bildirilmiş, satılan dərmanların qeydiyyat kitabında yazılması tövsiyə olunmuş, bundan 2 saat sonra vergi orqanının əməkdaşları gəlmiş, onlar tərəfindən nasaz kassaya müdaxilə edilmiş və qanunauyğun çek verilməmişdir. Vergi əməkdaşlarının aldığı 5 ədəd dəyəri 1 manat olan tibbi maskanın alındığı nəzarət jurnalında qeyd edilmişdir. Məhkəmə iddiaçı tərəfin qeyd etdiyi dəlillərlə aşağıdakılara əsasən razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın: -5.1-ci bəndinə görə istismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir. -5.2-ci bəndinə görə NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. -5.3-ci bəndinə əsasən proqram kassasında, habelə proqram kassası və nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı bu Qaydaların 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmaq mümkün olmadıqda, aşağıdakı tədbirlər həyata keçirilir: 5.3.1. Operator NKA-nı dərhal ehtiyat NKA ilə əvəz edir və nasaz NKA təmirə aparılan zaman Operator və İstifadəçi nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Nazirliyə ötürülməsini təmin edir; 5.3.2. təmirə göndərilmiş NKA-nın əvəzinə ehtiyat NKA-nın quraşdırılması üçün Operator portaldan Nazirliyə müraciət edir. Nəzarət mexanizmi qurğusunun əvəz edilmiş NKA-ya quraşdırılması üçün Nazirlik tərəfindən Operatora müvəqqəti sertifikat göndərilir. Operator sertifikatı müvəqqəti nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə İstifadəçiyə təqdim edir; 5.3.3. nasaz NKA-nın təmiri mümkün olmadıqda, Operator öz seçimindən asılı olaraq ehtiyat NKA-nı istifadə edə və ya onu yeni NKA ilə əvəz edə bilər. Ehtiyat NKA-nın istifadəsinə davam etdikdə, ehtiyat NKA-ya verilmiş müvəqqəti sertifikatın daimi sertifikata çevrilməsi üçün Operator tərəfindən Nazirliyə portal üzərindən müraciət göndərilir; 5.3.4. nasaz NKA təmir edildikdən sonra Operator tərəfindən vergi ödəyicisinə geri qaytarılır. Ehtiyat NKA-ya quraşdırılmış nəzarət mexanizmi qurğusunda olan məlumatlar Nazirliyə ötürülür. Ehtiyat NKA-nın təmirdən qayıtmış NKA ilə əvəz edilməsi ilə bağlı proseslər aktla rəsmiləşdirilir və bu barədə Nazirliyə məlumat verilir. -8.3-cü bəndinə əsasən istifadəçinin vəzifələri: 8.3.3. nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; 8.3.7. vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; 8.3.15. NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. Göründüyü kimi qanunvericilik nəzarət-kassa aparatının saz vəziyyətdə saxlanılmasını, nəzarət kassa aparatında nasazlıq olduğu təqdirdə bu barədə vergi orqanına və operatora dərhal (NKA-nın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis-texniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxs) məlumat vermək, eləcə də NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq vəzifəsini müəyyən etmişdir. İddiaçının iş materiallarına əlavə etdiyi sənədlər arasında məhkəməyə Azsmart servis aktı və Nəzarət kassa aparatlarının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabının səhifələrindən surətlər təqdim edilmişdir. Təqdim edilmiş 2695 nömrəli Azsmart servis aktında sifarişçi İddiaçı MMC, cihazın adı Azsmart Bank, nömrəsi **********P10034498, nasazlıq-şəbəkə problemi, cihazın qəbul edilmə zamanı tam komplektdə, baxış keçirən mühəndis S.Orxan, tarix 26.07.2021-ci il, təmir edən şəxs Orxan R., tarix 31.07.2021-ci il qeyd edilmişdir. Eyni zamanda təqdim edilmiş Nəzarət-kassa aparatına texniki xidmət kitabında 26.07.2021-ci il tarixdə şəbəkə problemi, NKA-nı qəbul etmə tarixi 26.07.2021-ci il, NKA-nı qəbul edən S.Orxan, təmirdən sonra NKA-nı təhvil vermə tarixi 31.07.2021-ci il, NKA-nı təhvil verən Orxan R. qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş aktda nəzarət-kassa aparatının işləməməsi və ya nasaz olması barədə məlumat, eləcə də xüsusi nömrəsi olan nəzarət kitabçasının təqdim edildiyi barədə qeydlər göstərilməmişdir. İddiaçının NKA aparatı nasaz olduğu təqdirdə bu barədə vergi orqanına məlumat verdiyi müəyyən olunmur. Eyni zamanda NKA aparatının 26.07.2021-ci il tarixdə nasazlıq səbəbindən texniki baxış keçirən operator tərəfindən təhvil alındığı və qanunla 36 saat müddətində təmir edilməsi tələb olunduğu halda operatorun təhvil aldığı kimi qeyd etdiyi 26.07.2021-ci il tarixdən 5 gün sonra 31.07.2021-ci il tarixdə təhvil verildiyi qeyd edilmişdir. Bundan əlavə, nəzarət-kassa aparatının 26.07.2021-ci il tarixdə təhvil alındığı və vergi ödəyicisinin də qeyd etdiyi kimi həmin tarixdən satış əməliyyatlarının nəzarət kiatbçasına yazılmağı tövsiyə edildiyi halda iddiaçının məhkəməyə təqdim etdiyi nəzarət kitabçasının səhifəsində 26.07.2021, 27.07.2021-ci il tarixləri üzrə satış barədə hər hansı əməliyyat qeyd edilməmişdir. Kitabın səhifəsində satış qeydləri yalnız 28.07.2021-ci il tarixdə saat 12:48 radələrində 1 manat dəyərində maska qeydi ilə başlayır, sonrakı əməliyyatlar 13:23, 13:24, 13:27 saatlarda qeyd edilərək sonuncu əməliyyat kimi 20:30 əməliyyatı qeyd edilmişdir. Məhkəmə iddiaçının NKA nasaz olduğu 26.07.2021-ci il, 27.07.2021-ci il tarixlərdə hər hansı satışın olmaması və ya aptekin həmin vaxtlarda işləməməsi səbəbindən nəzarət kitabçasına qeydlərin edilməməsi ilə bağlı dəlilini vətəndaşların gündəlik dərman məhsulları ilə təchizatını aparan təsərrüfat obyektinin iki gün ərzində işləməməsinin inandırıcı olmaması səbəbindən qəbul etmir. Nəzərə alınsa ki, nəzarət kitabçasında qeydlər məhz 28.07.2021-ci il tarixdə vergi əməkdaşlarının operativ vergi nəzarətini keçirdiyi (akt saat 12:55-də tərtib edilmiş) saata yaxın bir vaxta (kitaba qeyd saat 12:48 əməliyyatı ilə başlayır) təsadüf edir, belə olan halda aptekin iş günü başladığı saatdan gün ərzində saat 12:48 radələrinə kimi işləməməsi və ya həmin saatadək ümumiyyətlə hər hansı satış etməməsi, nəzarət kitabçasının iddiaçının iddia etdiyi kimi vergi əməkdaşlarının aldığı tibbi maska barədə qeydləri ilə başlamasını nəzərə aldıqda məhkəmə vergi ödəyicisinin nağd hesablaşmaların NKA aparatının nasaz olması səbəbindən kitaba vaxtında yazılması ilə bağlı vəzifəsini yerinə yetirmədiyi nəticəsinə gəlir. İddiaçı iddia ərizəsində aparatın nasazlığını 26.07.2021-ci il tarixdə müəyyən etdikdən sonra mütəxəssisin 1 saat ərzində aptekə gəldiyi, sonuncunun həmin aparata baxış keçirdib getdikdən 2 saat sonra vergi əməkdaşlarının aptekə daxil olması ilə bağlı mülahizəsini aparatın nasaz olması barədə 26.07.2021-ci il tarixli servis aktı və operativ vergi nəzarətinin keçirildiyi 28.07.2021-ci il tarixi nəzərə aldıqda ziddiyyətli hesab edir. Bundan əlavə, iddiaçı NKA aparatının nasaz olduğunu və satışın kassaya vurulmasının mümkün olmadığını qeyd etsə də vergi əməkdaşı tərəfindən 2 ədəd tibbi maskaya görə 0.40 manat vəsaitin 13:03-də NKA-ya bərpa edilməsi barədə bərpa çeki təqdim edilmişdir. Saat 13:03-də isə həmin məbləğ - 0.40 manat NKA-nın fiskal yaddaşına bərpa olunanda bunun həmin gün ərzində 4 nömrəli çeklə vurulduğu, gün ərzində vrurulmuş çeklərin sayının 3 ədəd olduğu müəyyən olunmuşdur. Yəni vergi orqanının tibbi maskaya görə ödənilən 0.40 manat vəsaitin NKA-nın fiskal yaddaşına 13:03-də bərpa olunarkən bu çekin həmin gün ərzində vurulan 4-cü çek olması onu deməyə əsas verir ki, gün ərzində obyektdə ən azından 3 ədəd mal alınmışdır və bu NKA aparatı vasitəsilə təqdim edilmişdir. Belə olan halda müəyyən olunur ki, NKA aparatı işlək vəziyyətdə olmuşdur. İddiaçı iddia ərizəsində vergi orqanının aldığı 1 manatlıq maska satışının nəzarət kitabçasına qeyd edildiyini göstərsə də həmin qeyd kitabçada saat 12:48 kimi qeyd edilmişdir, halbuki, təqdim olunan bərpa çekində saat 13:03-də 0.40 manatlıq pul vəsaiti fiskal yaddaşa bərpa edilmişdir. Beləliklə, nə malın dəyəri, nə də əməliyyat vaxtı iddiaçının qeyd etdikləri ilə üst-üstə düşmür. İddiaçı məhkəmə iclasında bərpa çeki ilə aptekin özünün təqdim etdiyi çeklərin arasında fərqlərin olduğu, təqdim olunan bərpa çekinin vergi orqanının öz müdaxiləsi nəticəsində çıxdığını qeyd etmişdir. İddiaçı bunu onunla izah etmişdir ki, bərpa çekində “tibbi maska” qeyd edilmiş, halbuki, iddiaçının nümunə kimi təqdim etdiyi 13.08.2021-ci il tarixli çekdə malın adı “tibbi maska” kimi yox, “maska oper” (маска операционная) kimi qeyd edilmişdir. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır. Belə ki, vergi orqanının, eləcə də iddiaçının təqdim etdiyi hər iki kassa çekini müqayisə etdikdə müəyyən olunur ki, kassa aparatının modeli Azsmart Bank, kassa aparatının seriya nömrəsi **********P10034498 eynidir. Yəni hər iki çek vergi ödəyicisinin adına qeydiyyata alınmış bir NKA aparatından əldə edilmişdir. NKA çeklərində malın adlarının fərqli olması mümkündür. Belə ki, NKA istifadəçisi təqdim olunan malın adının müəyyən edilməsində sərbəstdir. Məhkəmə bu halda nəzərə alır ki, iddiaçı təqdim etdiyi nəzarət kitabçasında satış kimi təqdim etdiyi malların adlarını rus dilində olan adları ilə qeyd etmiş, eyni zamanda 13.08.2021-ci il tarixli çekdə də təqdim olunan malın adını rus dilində olan adı ilə daxil etmişdir. Vergi orqanı əməkdaşı bərpa çekini vurarkən yayındırılmış malın adını azərbaycan dilində - tibbi maska olaraq təqdim etməsi məntiqlidir. Başqa sözlə, NKA istifadəçisinin ona uyğun formada - malın adını rus dilində daxil etməsi vergi orqanının NKA aparatına müdaxilə etməsinə və təqdim edilmiş bərpa çekinin mötəbərsizliyi nəticəsinə gəlməyə əsas vermir. Vergi Məcəlləsinin (mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olmuş redaksiyası): -16.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.9. nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. -58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarətkassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.17-ci maddəsinin tətbiqi üçün əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması halının bir dəfə - nağd vəsaitin nəzarət kassa aparatına vurulmaması və çekin təqdim edilməməsinin baş verməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi 15.09.2021-ci il tarixli **********8853 nömrəli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “15.09.2021-ci il tarixli **********8853 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova