Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3131/2025 06.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-112-R-209193/2024 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarına əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının güzəştli şərtlər pensiya təyinatı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciəti ilə əlaqədar cavabdeh ona xx.xx.2024-cü il tarixli, 3-17-112-R-209193/2024 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında rəsmi məktub göndərmişdir. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-112-R-209193/2024 saylı imtinasını qanunsuz hesab edir, həmin imtina onun hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı hesab edir ki, işlədiyi müddəti və vəzifə (qazpaylayıcı stansiyanın operatoru) nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2 bəndinin fəhlələr yarımbəndində (a) qazpaylayıcı stansiyanın operatoru vəzifəsi nəzərdə tutulduğundan cavabdeh orqanın üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması vəzifəsi qoyulmalıdır. Cavabdeh xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş etirazında qeyd etmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçıya məxsus 25 sentyabr 1979-cu il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və SOCAR “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı departamentinin arayışında iddiaçının xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2022-ci il tarixdən hal-hazıradək həmin müəssisənin 2 X8 xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Cavabdeh etirazda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3131/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “xx.xx.2022-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etirazının məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci ildə anadan olmuş iddiaçının 60, yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İİİ-ЖГ 372858 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, X2 xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuş, nikahdan sonra ona Rişi soyadı verilmişdir. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1979-cu il tarixdən operator vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə Avtomatika, rabitə və enerji təchizatı şöbəsinə 8-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə çtat cədvəlində dəyişikliklə əlaqədar olaraq rabitə şöbəsinə 8-ci dərəcəli mühəndis keçirilmiş, xx.xx.2006-cı il tarixdə Rabitə, radio və elektrik təchizatı xidmətinə 6-cı dərəcəli radiooperator keçirilmiş, xx.xx.2009-cu il tarixdə bir aylıq sınaq müddəti ilə Radiorabitə və elektrik təchizatı xidmətinə 6-cı dərəcəli radiooperator peşəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixdə əmək müqaviləsinə əsasən bir il müddətinə bir aylı sınaq müddəti ilə Abşeron MQKS-nin 2 saylı XİX-nə 5-ci dərəcəli QPS-nin operatoru peşəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, başqa işə götürülməklə əmək müqaviləsi bağladığı üçün əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilib. (İddiaçının əmək kitabçasında aparılmış qeydlər sırasında 10 saylı bəndin etibarsız hesab edilməsi barədə qeyd aparılmışdır.) xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsi əsasında bir ik müddətinə bir aylıq sınaq müddəti ilə 2 X8 Xidmətinə Qaz paylayıcı stansiyanın operatoru (5-ci dərəcə) təyin edilmiş və xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin 2 X8 Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsinə təyin edilmişdir. Cavabdeh tərəfindən əmək kitabçasındakı qeydlərin mötəbərliyi mübahisələndirilməmişdir. SOCAR “Qaz İxracı” İdarəsi Abşeron Magistral X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 47 nömrəli arxiv arayışına əsasən iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin Abşeron Magistral X4 2 X8 Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. xx.xx.2022-ci il tarixindən başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir. (Əmr NQ 184-k, xx.xx.2022) Cavabdehin məktubu ilə iddiaçıya bildirilmişdir ki, Mərkəzi Filiala təqdim olunan 25 sentyabr 1979-cu il tarixli ИТ-l ******* nömrəli əmək kitabçasında və SOCAR “Azəriqaz” İBnin Bakı Regional Qaz İstismarı departamentinin arayışlarında xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2022-ci il tarixindən hal-hazıradək həmin müəssisənin 2 X8 Xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. SOCAR “Qaz İxracı” İdarəsi Abşeron Magistral X9 tərəfindən Məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli 14-2-12-7/2-249/2024 nömrəli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 2 X8 Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. xx.xx.2022-ci il tarixindən başqa işə götürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir. İşlədiyi müddətdə peşə təlimatına əsasən qaz paylayıcı stansiyanın operatoru İddiaçı əmək funksiyaları aşağıdakı kimi qeyd olunub: Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sisteminə, gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrdən çox olan avtomatlaşdırılmamış qazpaylayıcı stansiyada və ya qaz paylayıcı məntəqədə (və yaxud gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrə qədər olan avtomatlaşdırılmış QPS və QPM-də) boru kəmərləri kommunikasiyalarına xidmət edilməsi; istehlakçılara qaz verilməsi, rejimin təmin edilməsi; qoyulmuş rejimə uyğun olaraq cihazların,armaturların və aparatların başqa lazım olan rejimlərə keçirilməsi; Rejim jurnalında qazın texnoloji rejimində aparılan dəyişikliyin qeydiyyatının aparılması; Qaz xəttinə “odarant”ın (etil mel kaptan) verilməsinin təmin edilməsi; armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi; təzyiq tənzimləyicilərini və qazın uçotu cihazlarının işlək olmasına nəzarət edir; cihazların dövlət yoxlamasına vermək üçün hazırlanması; qaz paylayıcı məntəqələrdə (QPM) avadanlıq və kommunikasiyaların cari təmirində iştirak edilməsi; avadanlığın, kommunikasiyann, otaqların və qazpaylayıcı stansiyanın (QPS), QPM ərazisinin təmiz saxlanıması; odarantın və separatorlardan yığılan maye kondensat qarışığının uçotunun aparılması; xidmət rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək; istifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək; təhvil-təslim sənədləşmənin aparılmasında iştirak etmək; korroziyadan qorunma, qəzaların qarşısını almaq üçün tədbirlərin görülməsi; qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada iştirak etmək; qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatımamazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək; sahə üzrə tətbiq edilən beynəlxalq standartların tələblərinə riayət etmək; sahənin abadlıq işləri ilə əlaqədar keçirilən tədbirlərində iştirak etmək; İş yerinin təmiz saxlanmasına cavabdehlik (otlardan təmizləmək); əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi. İşlədiyi müddət (qaz paylayıcı stansiyanın operatoru peşəsi) üzrə güzəştli iş stajl 12 il 4 ay 9 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı nömrəli və xx.xx.2024-cü il tarixli 81 nömrəli qərarda göstərilmişdir: a) Fəhlələr 10.2 və 1.2.1.1.4 bəndinin qaz paylayıcı stansiyanın operatoru peşəsinə uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” AR Qanunun qüvvəyə mindiyi xx.xx.2022 tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən, “axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ”nun olması nəzərdə tutulurdu. Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş mətninə əsasən isə “axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, Qanunun 9.1-ci maddəsinin redaksiyasına görə qadın cinsinə mənsub şəxslərin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: Şəxs siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il və ümumi iş stajı minimum 20 il olmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçının müraciətinə güzətşi iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçının ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mübahisələndirilən məsələnin hüquqi qiymətləndirilməsinə gəldikdə, iddiaçının qaz paylayıcı stansiyasının operatoru vəzifəsində çalışdığı dövrün güzəştli pensiya hüququ verən iş stajı kimi tanınması, onun yerinə yetirdiyi əmək funksiyalarının müvafiq normativ aktlarla təsbit olunmuş güzəşt hüququ verən vəzifə ilə eyni olub-olmaması məsələsinə əsaslanır. Qeyd olunmalıdır ki, vəzifələrin yalnız adının deyil, onların funksional xüsusiyyətlərinin də nəzərə alınması tələb olunur. Bu kontekstdə, işçinin faktiki yerinə yetirdiyi əmək funksiyalarının hüquqi qiymətləndirilməsi əsasdır. Təqdim edilmiş vəzifə təlimatı və məhkəmə araşdırması nəticələri təsdiq etmişdir ki, iddiaçının işlədiyi həmin vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. Qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdı. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Hazırkı işin hallarından isə görünür ki, işəgötürən iddiaçının qaz paylayıcı stansiyasının operatoru vəzifəsində işlədiyi dövrləri güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kateqoriyasına adi etmiş və bu mövzuda öz hüquqi mövqeyini ifadə etmişdir. Nəzərə alınmalıdır ki, işəgötürənin bu sahədə formalaşdırdığı mövqeyi hüquqi baxımdan əhəmiyyəti hesab olunur, çünki əmək funksiyalarının zərərli və ya sağlamlığa ciddi təhlükə törədən xarakter daşıyıb-daşımadığı məhz onun tərəfindən müəyyən edilir. Beləliklə iddiaçının ümumi iş stajı tələbinə cavab verməsi və ona əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması nəticəsində isə iddiaçının xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə işlədiyi qaz paylayıcı stansiyanın operatoru peşəsinin onun güzəştli iş stajına daxil edilməli olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının topladığı güzəştli iş stajı 10 ildən çox olduğudan, iddiaçının güzəştli şərtlərlə yaşa görə ona əmək pensiyasının təyin olunmasına hüququ yaranmışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir X5.
Məhkəmə qərarları › İş №2-1(112)-3131/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3131/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver