Məhkəmə qərarları › İş №2-1(112)-3132/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3132/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3132/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsinin plan-ölçüsündə və reyestrdəki qeydlərdə müvafiq düzəlişlərin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X6 bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1968ci il tarixli, 6 saylı protokoluna əsasən X3 adına verilmiş ünvan 1 torpaq sahəsinin sonradan X1 adına reyestrdə qeydə alınarkən İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş 5.70 metr enində keçid yolunun Zöhrab Məmmədova məxsus bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat, **********33 reyestr nömrəli) və torpaq sahəsinin plan-ölçüsünə daxil edilməsindən ibarət cavabdehin hərəkətlərinin qanunsuz sayılması, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1664 A saylı bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş keçid yolunun daşınmaz əmlakın dövlət reyestrində və torpaq sahəsinin plan-ölçüsündə əvvəlki vəziyyətə - 5.70 metr enində bərpa edilərək, bu barədə X4 məxsus ünvan 1 bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat, **********33 reyestr nömrəli), torpaq sahəsinin plan-ölçüsündə və reyestrdəki qeydlərdə müvafiq düzəlişlərin və dəyişikliklərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evinin və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinin xüsusi mülkiyyətçisidir. Üçüncü şəxs X5 isə iddiaçıya məxsus bağ sahəsinin qonşuluğunda olan ünvan 1 ünvanda sahəsi 0,20 ha olan torpaq sahəsinin mülkiyyətçisidir. Hər iki bağ sahələrinə giriş-çıxış üçün nəzərdə tutulmuş keçid yolu eyni ərazini əhatə edir. İddiaçı tərəfindən üçüncü şəxsə qarşı hər iki bağ sahəsinin ümumi istifadəsində olan, Zöhrab Məmmədov tərəfindən zəbt edilmiş keçid yolunun boşaldılması və s. tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldırılmışdır. Xəzər Rayon Məhkəməsində işə baxılarkən məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Xəzər Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində cavabdeh Zöhrab Məmmədovun mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1644 saylı ünvanda yerləşən 0,2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları ilə həmin bağın faktiki sahəsinin koordinatları arasında uyğunsuzluğun mövcudluğu, İddiaçı tərəfindən quraşdırılmış dəmir darvazanın onun mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1664 A saylı bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi, Zöhrab Məmmədovun mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1644 saylı ünvanda yerləşən 0,2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları üzrə faktiki mövcud olan hasarlanmayan hissədə hasar çəkilişi aparıldıqda İddiaçı tərəfindən quraşdırılmış dəmir darvaza ilə Zöhrab Məmmədovun mülkiyyətindəki 1644 saylı bağ sahəsinin hasarı arasında kəsişmə nöqtəsinin ola biləcəyi qeyd edilmişdir. Mütəxəssis rəyini tərtib etmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşı X11 Rayon Məhkəməsində verdiyi izahatında göstərmişdir ki, X1 adına verilmiş, reyestr nömrəsi **********33 olan çıxarışla, çıxarışın verilməsinə əsas olmuş Bakı şəhər XDS-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1968-ci il tarixli, 6 saylı protokoluna əsasən verilmiş torpaq sahəsinin (həmin dövrdə torpaq sahəsi X3 adına olmuşdur) plan-ölçüsü arasında uyğunsuzluq mövcüddur. Torpaq sahəsinin həmin plan-ölçüsü məhkəməyə təqdim edilmiş rəngli ərazinin yerquruluşu sxemində göy xətlə öz əksini tapmışdır. Mütəxəssis S.Hümbətli bildirmişdir ki, qeyd edilən uyğunsuzluqla bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq cavabdeh tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, Zöhrab Məmmədovun adına qeydiyyata alınmış, **********33 reyestr nömrəli 0,2 ha olan Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsinə dair keçmiş DTKX tərəfindən verilmiş kadastr planında şimal sərhədi boyunca 3 metr enində keçid yolu qərb tərəfdəki qonşu bağa, yəni iddiaçıya görə saxlanılmışdır. Həmin vaxt çöl ölçü işləri aparılarkən keçmiş DTXK tərəfindən verilmiş kadastr planının mürəkkəb konfiqurasiyalı olmaqla yanaşı, həmçinin şimal-şərq küncündəki ölçülər nəzərdə tutulan keçid yolunu daraltdığı məlum olmuşdur. Bundan əlavə kadastr planı tərtib edilərkən şimal-şərq tərəfdən sahənin üzərindən keçən 6 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası nəzərə alınmamışdır. İddiaçının müraciəti əsasında cavabdeh tərəfindən aparılmış araşdırma zamanı Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ sahəsinin arxiv qovluğunda olan məlumatlardan müəyyən edilmişdir ki, həmin bağ sahələrinə giriş-çıxış üçün nəzərdə tutulmuş keçid yolunun eni 8.70 metr olmuşdur. Belə ki, 5.70 metr enində keçid yolu Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ sahəsinə gediş-gəliş üçün, 3 metr enində keçid yolu isə Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, hazırda üçüncü şəxsin adında olan Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsinə giriş üçün nəzərdə tutulmuş keçid yolunun eni həmin bağ sahəsi əvvəllər sonuncunun anası X3 adında olarkən keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, A 352936 saylı torpaq sahəsinin plan-ölçüsündə ayrıca göstərilmiş və həmin yolun eni 3 metr göstərilmişdir. Yəni Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsinə giriş üçün nəzərdə tutulmuş ayrıca keçid yolunun eni 3 metr olmuşdur. Həmin plan-ölçü sənədində qonşuluqda yerləşən Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ sahəsinə giriş üçün ayrıca keçid yolu nəzərdə tutulmuşdur ki, həmin yolun eni 5.70 metr olmuşdur. Beləliklə, hər bir bağ sahəsinə gediş-gəliş üçün keçid yolunun ayrıca müəyyən edildiyi məlum olmuşdur, bu yolun eni Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsi üçün 3 metr olmuş, 1664 A saylı bağ sahəsi üçün isə 5.70 metr olmuşdur ki, bu keçid yollarının eninin cəmi 8.70 metr olmuşdur. X3 adına verilmiş Mərdəkan qəsəbəsi, 1644 saylı torpaq sahəsinin kadastr plan ölçüsündə qonşuluqda yerləşən Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ sahəsinə giriş üçün nəzərdə tutulmuş 5.70 metr enində keçid yolu, sonradan 1644 saylı bağ sahəsi üçüncü şəxsin adına reyestrdə qeydə alınarkən sonuncu tərəfindən zəbt edilmiş və zəbt edilmiş ərazi (keçid yolu) ilə bağlı üçüncü şəxsin adına cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Həmin 5.70 metr enində keçid yolu cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş reyestrdən çıxarışa daxil edilmişdir ki, nəticədə də iddiaçının özünə məxsus Mərdəkan qəsəbəsi, 1664 A saylı bağ sahəsinə giriş-çıxış imkanı məhdudlaşdırılmışdır. Bu fakt Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən cavabdehə ünvanlanmış sorğuda da öz təsdiqini tapmışdır. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhər XDS-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1968-ci il tarixli, 6 saylı protokoluna əsasən X3 adına verilmiş Mərdəkan qəsəbəsi, 1644 saylı torpaq sahəsinin sonradan üçüncü şəxsin adına reyestrdə qeydə alınarkən, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş 5.70 metr enində keçid yolunun üçüncü şəxsə məxsus bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və torpaq sahəsinin plan-ölçüsünə daxil edilməsindən ibarət hərəkətlərin qanunsuz sayılmasını və Mərdəkan qəsəbəsi 1644 saylı torpaq sahəsini üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alarkən iddiaçıya məxsus Mərdəkan qəsəbəsi, 1664 A saylı bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş keçid yolunun əvvəlki vəziyyətə, yəni 5.70 metr enində bərpa edilərək, bu barədə üçüncü şəxsə məxsus Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda, torpaq sahəsinin plan-ölçüsündə və reyestrdəki qeydlərdə müvafiq düzəlişlərin və dəyişikliklərin edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubla üçüncü şəxsin adına qeydiyyata alınmış 0.2 ha olan Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsinə dair keçmiş DTKX tərəfindən verilmiş kadastr planında şimal sərhədi boyunca 3 metr enində keçid yolunun qərb tərəfdəki qonşu bağa, yəni iddiaçıya görə saxlanıldığı bildirilmişdir. Həmçinin məktubda qeydiyyat zamanı çöl ölçü işləri aparılarkən keçmiş DTXK tərəfindən verilmiş kadastr planının mürəkkəb konfiqurasiyalı olmaqla yanaşı, həmçinin şimal-şərq küncündəki ölçülər nəzərdə tutulan keçid yolunu daraltdığının məlum olduğu, bundan əlavə kadastr planı tərtib edilərkən şimal-şərq tərəfdən sahənin üzərindən keçən 6 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasının nəzərə alınmadığı qeyd edilmişdir. Həmçinin qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan Mərdəkan qəsəbəsi, 1664 A saylı bağ sahəsinə dair texniki pasportda keçid yolu Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərildiyi kimi, 5.70 metr enində deyil, torpaq sahələrinin cənub şərq küncündə döngə nöqtələri arasındakı məsafə 5.70 metr olan hissədən 3 metr enində keçid yolu olaraq işarələnmişdir. Eyni zamanda 1644 saylı bağ sahəsinin mülkiyyətçisi olan üçüncü şəxsin adına verilmiş plan və ölçü sənədində cari düzəlişlərin aparılması ilə bağlı müraciəti və ya yekun məhkəmə qərarı idarəyə daxil olduğu təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılmasının təmin ediləcəyi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdə üçüncü şəxsin adına reyestrdə qeydə alınmış 1644 saylı torpaq sahəsi ilə ondan əvvəl həmin torpaq sahəsinə dair verilmiş ilkin sənədlərdə Roza Məmmədovanın adına verilmiş plan-ölçüdə uyğunsuzluq olduğu, mübahisələndirilən yolun bir hissəsinin Zöhrab Məmmədovun adına hüquqların dövlət qeydiyyatına alındığı, ərazinin yerquruluşu sxemində mübahisələndirilən ərazinin yol kimi göstərildiyi kifayət qədər ətraflı və açıq-aşkar qeyd edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, araşdırma nəticəsində üçüncü şəxs X1 adına qeydiyyata alınmış **********33 reyestr nömrəli 0.2 ha olan Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsinə dair keçmiş DTXK tərəfindən verilmiş kadastr planında şimal sərhədi boyunca 3 metr enində keçid yolunun qərb tərəfdəki qonşu bağa, yəni iddiaçıya saxlanıldığı məlum olmuşdur. Qeydiyyat zamanı çöl ölçü işləri aparılarkən məlum olmuşdur ki, keçmiş DTXK tərəfindən verilmiş kadastr planı mürəkkəb konfiqurasiyalı olmaqla yanaşı, həmçinin şimal-şərq küncündəki ölçülər nəzərdə tutulan keçid yolunu daraltmışdır. Bundan əlavə, kadastr planı tərtib edilərkən şimal-şərq tərəfdən sahənin üzərindən keçən 6 kv-luq yüksək gərginlikli elektirik xəttinin mühafizə zonası nəzərə alınmamışdır. Qeyd olunan 3 metr enində keçid yolu, yüksək gərginlikli elektrik xəttinin mühafizəyə düşən hissəsi mövcud ölçülərə nəzərən icraçı mühəndis tərəfindən 1644 saylı bağ sahəsinə tərtib edilmiş sxem üzrə qeydiyyat aparılmaqla vahid kadastr bazası olan “NECAS” sisteminə daxil edilmişdir. Bununla yanaşı, iddiaçı mülkiyyətində olan 1664A saylı bağ sahəsinə dair texniki pasportda keçid yolu Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərildiyi kimi, 5.70 metr enində deyil, torpaq sahəsinin cənub şərq küncündə döngə nöqtələri arasındakı məsafə 5.70 metr olan hissədən 3 metr enində keçid yolu olaraq işarələnmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: ünvan 1 bağ sahəsinin sənədləşdirilməsi barədə ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, X1 adına qeydiyyata alınmış **********33 reyestr nömrəli, 0.2 ha olan Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsinə dair keçmiş DTXK tərəfindən verilmiş kadastr planında şimal sərhəddi boyunca 3 metr enində keçid yolu qərb tərəfdəki qonşu bağa (iddiaçı tərəfə) görə saxlanılmışdır. Qeydiyyat zamanı çöl ölçü işləri aparılarkən məlum olmuşdur ki, keçmiş DTXK tərəfindən verilmiş kadastr planı mürəkkəb konfiqurasiyalı olmaqla yanaşı, həmçinin şimal-şərq küncündəki ölçülər nəzərdə tutulan keçid yolunu daraltmışdır. Bundan əlavə, kadastr planı tərtib edilərkən şimal-şərq tərəfdən sahənin üzərindən keçən 6kv-luq yüksək gərginlikli elektirik xəttinin mühafizə zonası nəzərə alınmamışdır. Yuxarıda qeyd olunan 3 metr enində keçid yolu yüksək gərginlikli elektrik xəttinin mühafizəyə düşən hissəsi mövcud ölçülərə nəzərən icraçı mühəndis tərəfindən 1644 saylı bağ sahəsinə tərtib edilmiş sxem üzrə qeydiyyat aparılmaqla vahid kadastr bazası olan “NECAS” sisteminə daxil edilmişdir. Bundan əlavə qeyd edirik ki, İddiaçı mülkiyyətində olan 1664A saylı bağ sahəsinə dair texniki pasportda keçid yolu Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərildiyi kimi, 5.70 metr enində deyil, torpaq sahəsinin cənub şərq küncündə döngə nöqtələri arasındakı məsafə 5.70 metr olan hissədən 3 metr enində keçid yolu olaraq işarələnmişdir. Bildiririk ki, qonşu 1644 saylı bağ sahəsinin mülkiyyətçisi X1 adına verilmiş plan və ölçü sənədində cari düzəlişin aparılması ilə bağlı müraciəti və ya yekun məhkəmə qərarı idarəyə daxil olduğu təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılması təmin ediləcəkdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1664A saylı bağ evinə (torpaq sahəsi 0.12 ha) xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır (reyestr nömrəsi **********46-11301). Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 bağ sahəsinə (torpaq sahəsi 0.2 ha) xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır (reyestr nömrəsi **********33). İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur: X1 mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1644 saylı ünvanda yerləşən 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə allnmış koordinatları ilə həmin bağın faktiki sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur və uyğunsuzluq təşkil edən hissə sxemdə göstərilmişdir. İddiaçı tərəfindən quraşdırılmış dəmir darvaza onun mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1664 A saylı bağ evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. X1 mülkiyyətindəki ünvan 4 ünvanda yerləşən 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları üzrə faktiki mövcud olan hasarlanmayan hissədə (sxemdə qırıq-qırıq göstərilmişdir) hasar çəkilişi aparıldıqda, Zərifə Vəliyevə tərəfindən quraşdırılmış dəmir darvaza ilə Zöhrab Məmmədovun mülkiyyətindəki 1644 saylı bağ sahəsinin hasarı arasında kəsişmə nöqtəsi ola bilər və sxemdə həmin hissə göstərilmişdir (sxem rəyə əlavə edilmişdir). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2260 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən X1 mülkiyyətindəki ünvan 4 ünvanda yerləşən 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları ilə həmin bağın faktiki sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Uyğunsuzluq təşkil edən hissə mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı tərəfindən quraşdırılmış dəmir darvaza onun mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1664A saylı bağ evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. X1 mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1644 saylı ünvanda yerləşən 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları üzrə faktiki mövcud olan hasarlanmayan hissədə (sxemdə qırıq-qırıq göstərilmişdir) hasar çəkilişi aparıldıqda, İddiaçı tərəfindən quraşdırılmış dəmir darvaza ilə Zöhrab Məmmədovun mülkiyyətindəki 1644 saylı bağ sahəsinin hasarı arasında kəsişmə nöqtəsi ola bilər və sxemdə həmin hissə göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 1664 A saylı bağ evinə dair xx.xx.2019-cu il tarixdə İddiaçı adına texniki pasport tərtib olunmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən X1 mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1644 saylı ünvanda yerləşən 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə allnmış koordinatları ilə həmin bağın faktiki sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. İddiaçı tərəfindən quraşdırılmış dəmir darvaza onun mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1664 A saylı bağ evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. X1 mülkiyyətindəki ünvan 4 ünvanda yerləşən 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları üzrə faktiki mövcud olan hasarlanmayan hissədə hasar çəkilişi aparıldıqda, Zərifə Vəliyevə tərəfindən quraşdırılmış dəmir darvaza ilə Zöhrab Məmmədovun mülkiyyətindəki 1644 saylı bağ sahəsinin hasarı arasında kəsişmə nöqtəsi ola bilər. Qeyd olunanlar üçüncü şəxs Zöhrab Məmmədovun adına verilmiş çıxarışla, çıxarışın verilməsinə əsas olmuş Bakı şəhər XDS-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1968-ci il tarixli 6 saylı protokoluna əsasən X3 adına verilmiş torpaq sahəsinin planölçüsü arasında uyğunsuzluqla bağlı olmuş, nəticədə mübahisə predmetini təşkil edən yolun bir hissəsi üçünçü şəxsin adına hüquqların dövlət qeydiyyatına alınmışdır. Cavabdeh inzibati qurumdan tələb edilərək baxış keçirilmiş hər iki bağ sahəsinin qovluqları ilə müəyyən edilmişdir ki, Mərdəkan qəsəbəsi 1664 A saylı və 1644 saylı bağ sahələrinə giriş-çıxış üçün nəzərdə tutulmuş keçid yolunun eni 8.70 metr olmuşdur. Bu yolun 5.70 metr enində hissəsi 1664 A saylı bağ sahəsinə gediş-gəliş üçün, 3 metr enində hissəsi isə 1644 saylı bağ sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuşdur. Üçüncü şəxs Zöhrab Məmmədovun adında olan Mərdəkan qəsəbəsi 1644 saylı bağ sahəsinə giriş üçün nəzərdə tutulmuş keçid yolunun eni həmin bağ sahəsi əvvəllər X3 adında olarkən keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli A 352936 saylı Torpaq sahəsinin planölçüsündə ayrıca göstərilmiş və həmin yolun eni 3 metr göstərilmişdir. Həmin Plan-ölçü sənədində qonşuluqda yerləşən İddiaçı məxsus Mərdəkan qəsəbəsi 1664 A saylı bağ sahəsinə giriş üçün ayrıca keçid yolu nəzərdə tutulmuşdur ki, həmin yolun eni 5.70 metr olmuşdur. Məhkəmə araşdırması ilə həmçinin aydın olmuşdur ki, hər bir bağ sahəsinə gedişgəliş üçün keçid yolu ayrıca müəyyən edilmişdir, bu yolun eni Mərdəkan qəsəbəsi 1644 saylı bağ sahəsi üçün 3 metr olmuş, 1664 A saylı bağ sahəsi üçün isə 5.70 metr olmuşdur ki, bu keçid yollarının eninin cəmi 8.70 metr olmuşdur. X3 adında olan Mərdəkan qəsəbəsi 1644 saylı torpaq sahəsi sonradan (xx.xx.2019-ci il tarixdə) X1 adına reyestrdə qeydə alınarkən, qonşuluqda yerləşən 1664 A saylı bağ sahəsinə giriş üçün nəzərdə tutulmuş 5.70 metr enində keçid yolu ilə bağlı Zöhrab Məmmədovun adına cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. 1664 A saylı bağ sahəsinə giriş üçün nəzərdə tutulmuş 5.70 metr enində keçid yolu cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxs Zöhrab Məmmədovun adına verilmiş reyestrdən çıxarışa daxil edilmişdir. Bu fakt Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən cavabdehə ünvanlanmış məktubda da öz təsdiqini tapmışdır. İddiaçı məhkəmədən əvvəlki müraciətinə cavabdeh inzibati orqan cavab olaraq bildirmişdir ki, keçmiş kadast planı (X3 adında olmuş) mürəkkəb konfiqurasiyalı olmaqla, 1644 saylı bağ sahəsinin şimal-şərq küncündəki ölçülər keçid yolunu daraltmışdır, həmçinin 1644 saylı bağ sahəsinin üzərindən keçən 6 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası nəzərə alınmamışdır. Baxmayaraq ki, İddiaçı mülkiyyətində olan 1664 A saylı bağ sahəsinə dair texniki pasportda keçid yolu 5.70 metr göstərilmişdir, cavabdeh tərəfindən torpaq sahələrinin cənub şərq küncündə döngə nöqtələri arasındakı məsafə 3 metr göstərilmişdir. Beləliklə, Zöhrab Məmmədovun adına reyestrdə qeydə alınmış 1644 saylı torpaq sahəsi ilə ondan əvvəl həmin torpaq sahəsinə dair verilmiş ilkin sənədlərdə (Roza Məmmədovanın adına verilmiş plan-ölçüdə) uyğunsuzluq olduğu, 1664 A saylı bağ sahəsi üçün nəzərdə tutulmuş 5.70 metr enində keçid yolunun bir hissəsinin Zöhrab Məmmədovun adına hüquqların dövlət qeydiyyatına alındığı öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhər X6 bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1968-ci il tarixli, 6 saylı protokoluna əsasən X3 adına verilmiş ünvan 1 torpaq sahəsinin sonradan X1 adına reyestrdə qeydə alınarkən İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş 5.70 metr enində keçid yolunun X4 məxsus bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat, **********33 reyestr nömrəli) və torpaq sahəsinin plan-ölçüsünə daxil edilməsindən ibarət cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilsin və İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1664 A saylı bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş keçid yolunun daşınmaz əmlakın dövlət reyestrində və torpaq sahəsinin plan-ölçüsündə əvvəlki vəziyyətə - 5.70 metr enində bərpa edilərək, bu barədə X4 məxsus ünvan 1 bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat, **********33 reyestr nömrəli), torpaq sahəsinin plan-ölçüsündə və reyestrdəki qeydlərdə müvafiq düzəlişlərin və dəyişikliklərin edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar