Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3135/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı təhqiqat aktının ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı İdarənin baş əmək müfəttişi, təhqiqat komissiyasının sədri Elşən Əliyev İddiaçı MMC-nin sabiq işçisi X4 guya xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması ilə əlaqədar aparılan araşdırmanın nəticələri barədə təhqiqat aktının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin baş əmək müfəttişi, təhqiqat komissiyasının sədri Elşən Əliyev "BESTİNG” MMC-nin sabiq işçisi X4 guya xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması ilə əlaqədar" aparılan araşdırmanın nəticələri barədə 29 avqust 2024-cü il tarixli, 3-17-5/3-2- 552/2024 saylı məktub və ona əlavə edilmiş təhqiqat aktı ilə "xxxx" MMC-yə müraciət edərək həmin faktla bağlı İZ formalı aktın tərtib edilməsini və X8 Xidmətinə təqdim edilməsini tələb etmişdir. Bununla bağlı qeyd etməyi zəruri hesab edirlər ki, "xxxx" MMC təhqiqat komissiyası cəmiyyətin sabiq işçisi X4 güya xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və bu nəticəni əsassız və qanunsuz hesab edir. Belə ki, işin mübahisəsiz halıdır ki, X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “BESTİNG" MMC də istehsalat sexində briqadir vəzifəsində işləmişdir. O, 07 may 2021-ci tarixdə nahar fasiləsi zamanı getdiyi mağazadan qayıdarkən yıxılaraq sağ əlindən xəsarət almış və bu vəziyyətdə sexə qayıtmışdır. Xəsarətin iş yerində və əmək funksiyalarının icrası zamanı baş verməməsinə baxmayaraq, “BESTİNG" MMC-nin rəhbərliyinin göstərişi ilə cəmiyyətin əməkdaşları S.B.Cəfərovaya ilkin tibbi yardımın göstərilməsi üçün aidiyyatı üzrə tibb müəssisəsinə aparılmasını və onun yüksək keyfiyyətli tibbi yardım almasını təmin etmişlər. Bundan sonra, "BESTİNG” MMC tərəfindən S.B.Cəfərovanın tam sağalması və əmək qabiliyyətinin bərpa edilməsi üçün ona tələb olunan maddi yardımlar edilmişdir. X4 07 may 2021-ci tarixdə nahar fasiləsi zamanı getdiyi mağazadan qayıdarkən yıxılaraq sağ əlindən xəsarət alması faktı 2021-ci ilin may ayında aidiyyəti üzrə Yasamal rayon Polis İdarəsində araşdırılmış və bu araşdırma zamanı da S.B.Cəfərova iş yerindən kənarda xəsarət almasını və bu xəsarətə görə “BESTİNG" MMC-dən hər hansı bir şikayət və tələbinin olmamasını bildirmişdir. Buna baxmayaraq, təhqiqat komissiyası apardığı təhqiqat zamanı və təhqiqatın nəticəsi barədə tərtib etdiyi aktda X4 07 may 2021-ci tarixdə sağ əlindən xəsarət alması faktının 2021-ci ilin may ayında aidiyyəti üzrə Yasamal rayon Polis İdarəsində araşdırılması faktına ümumiyyətlə hər hansı bir reaksiya göstərməmiş, həmin yoxlama materialları və yoxlamanın nəticəsi barədə qəbul edilmiş qərarla maraqlanmamış və bu fakta hüquqi qiymət verməmişdir. Bundan əlavə, S.B.Cəfərova iş yerindən kənarda xəsarət alması və bu xəsarətə görə "xxxx" MMC-dən hər hansı bir şikayət və tələbinin olmaması barədə ərizə ilə xəsarət aldığı dövrdə "BESTİNG” MMC-nin rəhbərliyinə də müraciət etmişdir. Təəsüf olsun ki, təhqiqat komissiyasının sədri Elşən Əliyev apardığı təhqiqat zamanı və təhqiqatın nəticəsi barədə tərtib etdiyi aktda bu faktıdan da bilərəkdən yan keçmiş, hüquqi əhəmiyyət kəsb edən bu halı da araşdırmamış və lazımi hüquqi qiymət verməmişdir. Daha sonra, təhqiqat komissiyası apardığı təhqiqat zamanı və təhqiqatın nəticəsi barədə tərtib etdiyi aktda bilərəkdən nəzərə almamışdır ki, 2023-cü ilin yay aylarında S.B.Cəfərovanın xx.xx.2022-ci il tarixdə dayə kimi işlədiyi X2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən fərdi yaşayış evindən ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyaları oğurlayaraq talaması faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi istintaq edilərkən S.B.Cəfərova güya 2021-ci ilin may ayında iş yerində xəsarət alması ilə bağlı istintaqa izahat vermişdir. S.B.Cəfərova tərəfindən “məlum səbəbdən” verilmiş həmin izahat da Abşeron RPİnin İstintaq Şöbəsində araşdırılmış və S.B.Cəfərovanın iş yerində və iş vaxtı xəsarət alması faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanılması 24 iyul 2023-cü il tarixli qərarla rədd edilmişdir. Sadalanan xüsusatlara əlavə, təhqiqat komissiyası apardığı təhqiqat zamanı və təhqiqatın nəticəsi barədə tərtib etdiyi aktda “BESTİNG" MMC-nin sübut olaraq təqdim etdiyi Yasamal rayon Prokurorluğun xx.xx.2023cü il tarixli, 23-1-2-2/321-0221-1 saylı qərarında yazılanları və gəlinmiş nəticəni də səhv şərh etmiş və bunun nəticəsində də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, S.B.Cəfərova 2023-cü ilin sonlarında yenidən güya 2021-ci ilin may ayında iş yerində xəsarət alması ilə bağlı şikayət ərizəsi ilə Yasamal rayon Prokurorluğuna mürəciət etmişdir. Yasamal rayon Prokurorluğuda həmin şikayət üzrə inzibati icraat qaydasında araşdırma aparıllmış və xx.xx.2023-cü il tarixli, 23-1-2-2/321-0221-1 saylı qərar ilə S.B.Cəfərova güya 2021-ci ilin may ayında iş yerində xəsarət alması ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 198-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması rədd olunmuşdur. Təhqiqat komissiyası təhqiqatın nəticəsi barədə tərtib etdiyi aktda Yasamal rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 23-1-2-2/321- 0221-1 saylı qərarında təsvir olunan iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə S.B.Cəfərovanın aldığı xəsarətlərin "Şanti" aparatının içində qalması nəticəsində yarana biləcəyinə istinad etmişdir. Əvvəla bununla bağlı qeyd etməyi zəruri hesab edirik ki, cəmiyyətin sabiq işçisi X4 güya xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması ilə bağlı həm Yasamal rayon Prokurorluğunda, həm də X8 Xidmətində araşdırma aparılarkən S.B.Cəfərovanın istinad etdiyi cəmiyyətə məxsus istehsalat sahəsinə baxış keçirilmiş və hər iki halda, o cümlədən təhqiqat komissiyası istehsalat sahəsində "Şanti" adlanan aparatın ümumiyyətlə mövcud olmadığını müəyyən etmişdir. Belə olan halda, təhqiqat komissiyasının sədri Elşən Əliyevin nə özünün bilavasitə, nədə ki, sübut kimi istinad etdiyi Yasamal rayon Prokurorluğunda aparılmış araşdırma zamanı müəyyən olunmayan, bununla da heç bir texniki parametrləri, istehsal yeri və tarixi, iş prinsipi və sairəsi məlum olmayan, hansı hissəsinə əlin toxunması zamanı xəsarət alınması mümkün olduğu təyin edilməyən "xəyali" "Şanti" aparatına istinad etməsi sadəcə gülünc doğurur və düzgün olmayan nəticəyə gəlinməsinə səbəb olur. Bundan əlavə, təhqiqat komissiyası özünün tapıb izahatını ala bilmədiyi cəmiyyətin sabiq əməkdaşı X7 da güya X4 xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması ilə bağlı Yasamal rayon Prokurorluğunda verdiyi izahata istinad etmişdir. Bu zaman təhqiqat komissiyası nəzərə almamışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə görə ”inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir”. Həmin Məcəllənin 84.2ci maddəsinin tələbinə görə isə "heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur". Göründüyü kimi, heç bir sübutun qabağcadan müəyyən edilmiş hüquqi qüvvəsinin olmamasına, hər bir sübutun ayrı-ayrılıqda, sonradan isə digər sübutlarla birgə tətdiq edilib qiymətləndirilməli olmasına baxmayaraq, təhqiqat komissiyasının sədri Elşən Əliyev özünün tədqiq etmədiyi, sadəcə təsvirini oxuduğu Yasamal rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 23-1-2-2/321-0221-1 saylı qərarında təsviri verilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə və X7 izahatına istinad etmiş və bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Eyni zamanda, X12 prokurorluqda verdiyi izahatında güya 2021-ci ilin may ayında iş yerində xəsarət aldıgı zamanı X1 rəisi ilə yanaşı Ruslan Bağırov adlı əməkdaşın xəstəxanaya çatdırmasını qeyd etsə də, təhqiqat komissiyasının sədri X13 Bağırovun müəyyən edilib, hadisə ilə bağlı izahatının alınmasını təmin etməmişdir. Bundan əlavə, təhqiqat komissiyası özünün tərtib etdiyi təhqiqat aktında güya X4 xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması faktının Yasamal rayon Prokurorluğun xx.xx.2023-cü il tarixli, 23-1-2-2/321-0221-1 saylı qərarı ilə tam təsdiq edilməsi barədə yalnış nəticəyə gəlmişdir. Belə ki, Yasamal rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 23-1-2-2/321-0221-1 saylı qərarının hər hansı bir hissəsində aparılmış araşdırma nəticəsində X4 xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması faktının tam təsdiq olunması ilə bağlı hər hansı bir cümlə-fikir yoxdur. İnzibati icraatın başlanmasının müddətinin keçməsi əsası ilə rədd olunması faktı isə təhqiqat komissiyasının sədri Elşən Əliyev tərəfindən hadisənin baş verməsi və bu hadisədə işəgötürənin təqsirkar olması ilə bağlı yalnış nəticəyə gəlməsinə səbəb olmuşdur. Bu zaman nəzərə alınmamışdır ki, Yasamal rayon Prokurorluğunun xx.xx.2023cü il tarixli, 23-1-2-2/321-0221-1 saylı qərarında əmək funksiyalarının icrası zamanı xəsarət alması faktının tam təsdiq olunması və bu fakta görə işəgötürənin təqsirkar olması ilə bağlı hər hansı bir nəticəyə gəlinməmişdir. Sadəcə olaraq, prokurorluq araşdırmanın ilkin mərhələsi olan inzibati işin başlanmasını müddətin keçməsi əsası ilə rədd etmişdir. İnzibati işin (icraatın) başlanması isə nə faktın özünü, nədəki bu fakta görə təqsirkarları müəyyən etmir. Çünki, inzibati işin sonunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması, əməldə inzibati tərkibinin olmaması və sair əsaslara görə xitam da verilə bilər. Təhqiqat komissiyasının sədri Elşən Əliyevin bu cür yalnış yanaşması təqsirsizlik prezumsiyasının pozulması ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-cü maddəsinin tələbinə görə “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir”. Həmin Məcəllənin 8.3-cü maddəsinin tələbinə görə isə “inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir". Sadalanan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən hesab edirik ki, təhqiqat komissiyasının sədri Elşən Əliyevin "BESTİNG” MMC sabiq işçisi X4 güya xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması ilə bağlı gəldiyi nəticə əsassız və qanunsuzdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. İş üzrə mümkünlük iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı MMC-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə 175 E ünvanında yerləşən müəssisənin isehsalat sahəsində sağ əl barmaqlaının “Şanti” aparatında qalması səbəbindən sağ İ-İİ- İİİ-İV əl barmaqlarından xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Bədbəxt hadisənin baş vermə səbəbləri cavabdeh tərəfindən araşdırılmış və buna dair təhqiqat aktı tərtib edilmişdir. İddiaçı hazırda həmin təhqiqat aktı ilə razılaşmayaraq onu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi təhqiqat aktı inzibati akt olmadığından inzibati qaydada mübahisələndirilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2). Göründüyü kimi, inzibati akt müəyyən məsələnin həllinə yönələn, konkret şəxs və ya şəxslər dairəsinə ünvanlanan və məcburi hüquq və vəzifələr yaradan sənəddir. Hazırki iş üzrə mübahisələndirilən təhqiqat aktı isə inzibati aktın xarakterik xüsusiyyətlərini özündə əks etdirməyən, əməyin təhlükəsizliyinə nəzarət edən orqan tərəfindən aparılmış araşdırmanın nəticələrini özündə əks etdrən bir sənəddir. Bu səbəbdən də, təhqiqat aktının inzibati akt qəbul edilərək inzibati qaydada mübahisələndirilməsi yol verilmədir. Məhkəmənin qənaətinə görə, təhqiqat aktı işəgötürənlə işçi arasında əmək müqaviləsi münasibətlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi zamanı baş vermiş bədbəxt hadisə zamanı işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlərin) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən etdiyinə görə, bununla razılaşmayan tərəflərin həmin aktın dəyişdirilməsinə dair iddialarına mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqaların təsnifatı”na müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu halın özü də, hazırki mübahisəyə inizbati məhkəmə icraatı qaydasında baxılmasına əsas ola bilməz. Çünki, həmin qurumun tərtib etdiyi təhqiqat aktı ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmadığından və həll etmədiyindən, həmin sənəd inzibati akt hesab olunmur. İddiaçının tələbinin “mübahisələndirilən aktda əks olunan nəticənin iddiaçı üçün hüquqi öhdəlik yaratması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, təhqiqat aktının iddiaçı üçün müəyyən öhdəliklər yarada biləcəyi həqiqətdir. Lakin, həmin təhqiqat aktı əsasında yarana biləcək hər hansı öhdəlik tərəflər arasında münasibətləri nizama salan əmək qanunvericiliyinin pozulmasından yaranan mülki hüquqi öhdəlik ola bilər. Bu hal özü də, onu göstərir ki, təhqiqat aktı tərəflər arasında yaranan mülki-hüquqi münasibətlərin həll edilməsində (təqsirkarın olub-olmaması və ya kim olması) əhəmiyyət kəsb edir. Məhz elə qeyd olunan səbəblərdən adı çəkilən aktın mübahisələndirilməsinə (dəyişdirilməsinə) ddair iddialara baxmaq ümumi məhkəmələrin səlahiyyətlərindədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində göstərilmişdir ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.1-ci bəndində göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3135/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3135/2025
08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver