Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3137/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 900 kv. metr olan 47 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvüdür və buna görə ona Şabandağ sahəsində sahəsi 900 kvadrat metr olan 47 saylı bağ ayrılmışdır. Həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun təmin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən cavabdehin 31 avqust 2020-ci il tarixli **********75 nömrəli bildirişi ilə imtina edilmişdir. Belə ki, “Bağçının üzvlük kitabçası”na əsasən o, 1991-ci ildə “Şabandağ” bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmişdir, bağçılıq cəmiyyətinin 05 mart 1990-cı il tarixli, 10 saylı protokoluna əsasən onun istifadəsinə sahəsi 900 kv. metr olan 47 nömrəli bağ sahəsi verilmişdir. Bakı şəhər X4 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07.08.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişini nəzərə alaraq Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. “26 Bakı Komissarı” adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05.03.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən o, “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşdur və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının 05.03.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən Şabandağ sahəsində “Şabandağ” bağçılıqbostançılıq kollektivinin ümumi sahəsindən sahəsi 900 kv. metr olmaqla 47 saylı sahə ayrılmışdır. Həmçinin “Şabandağ” X1 üzvlərinin təsdiqlənmiş ümumi siyahısında onun sıra nömrəsi ilə 47-ci olaraq göstərilmişdir. Cavabdeh inzibati orqan imtinasının əsası kimi elektron kadastr baza məlumatlarında əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi, həmçinin “Şabandağ” bağşılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxeminin İdarənin axrivinə təhvil verilməməsi və təsərrüfat üzvlərinin siyahısında onun adının aşkar olunmaması ilə əlaqələndirmişdir. Hazırkı bağçılıq sahəsi ilə bağlı artıq şəxslər məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə bağ sahələrini rəsmiləşdirilərək, qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Belə ki, həmin qərarlarla müəyyən edilmişdir ki, cavabdehin imtinasında qeyd edilən torpaq sahəsinin başqa hüquqi şəxsə (o cümlədən, universitet kompleksi) aid olması qeyd edilsə də, mübahisələndirilən hal öz təsdiqini tapmamış, həmin universitet kompleksi (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı) mübahisəli bağ massivindən 20 Yanvar metrosuna istiqamətdə, 5 km-dən də uzaq olan məsafədədir, həmçinin Bakı şəhər XDS İK-nin 07 avqust 1991-ci il tarixli, 11/546 saylı qərarında mübahisəli “Şabandağ” bağçılıq-bostançılıq üçün ayrılmış torpaq sahəsinin Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində yerləşdiyi göstərildiyi halda, Bakı şəhər İcra Hakimiyyətinin 330 №li, 16.12.2005-ci il tarixli sərəncamına əsasən cavabdehin mübahisələndirdiyi həmin universitet kompleksinin tikintisi üçün ayrılmış ərazi Xocahəsən kəndinin şərqində yerləşən Xocahəsən gölünün şimalında yerləşir. Hazırda ən azı 2 şəxs Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə öz bağ sahələrini dövlət qeydiyyatından keçirmişdir. Bir işlə bağlı isə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi vətəndaşın xeyrinə qərar qəbul etmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 18 dekabr 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. 28.01.2021-ci il tarixdə cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr baza məlumatına əsasən göstərilən əraziyə dair X10 kadastr planı verilmişdir (universitet kampusu tikintisi üçün ayrılmış ərazidir). Həmçinin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxemi İdarənin arxivinə təhvil verilməmişdir. Bu barədə vətəndaşa **********75 qeydiyyat nömrəli, 31.08.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X3 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus mənzilə dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus mənzilə dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bağçının üzvlük kitabçasının və “26 Bakı komissarı” adına neft və qaz çıxarma idarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05.03.1990-cı il tarixli ümumi iclasının 10 saylı protokolundan çıxarışın surətlərindən görünür ki, 1976-cı ildən Ə.Əmirov adına NQÇİ-də mühəndis işləyən İddiaçı 1991-ci ildən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Bakı Hacı Həsən şossesində bağçılıq cəmiyyəti bağının sahəsindən 07.08.1991-ci il tarixli qərarla sahəsi 900 kv. metr olan 47 nömrəli bağ sahəsi ayrılmışdır. “Şabandağ” X1 sədri L.Mirəliyeva tərəfindən imzalanaraq kollektivin möhürü ilə təsdiq edilmiş kollektiv üzvlərinin ümumi siyahısından görünür ki, İddiaçı adı 47-ci nömrədə qeyd olunmuşdur. Bakı şəhər İcra hakimiyyəti başçısının 16.12.2005-ci il tarixli 330 №li sərəncamının surətindən görünür ki, X7 05.08.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocəsən gölünün ətrafındakı torpaq sahəsinin, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X7 adına X8 kitabında 12.01.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********75 №li 31.08.2020-ci il tarixli məktubla bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında onun adı aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planı verilmişdir. Həmçinin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxemi İdarənin arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28.10.2021-ci il tarixli 10/5358 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, İddiaçı ayrılmış torpaq sahəsinə dair elektron bazada məlumatın aşkar edilməməsi və torpaq sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı iddia etdiyi və naturada göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə, Bakı şəhər İcra hakimiyyəti başçısının 16.12.2005-ci il tarixli 330 nömrəli sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X11 kitabında 12.01.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********00058) tərtib olunmuş X10 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür. Mübahisələndirilən ərazi “Azneft” İB Əmirov adına NQÇİ-nin ərazisidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun 15.01.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mərhum ərinin adına daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi və naturada göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə isə adına kadast planı hazırlanmış digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3137/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3137/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver