Məhkəmə qərarları › İş №2-1(112)-3138/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3138/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3138/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X1, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “müavinətin gəlir vergisinə cəlb olunmasının qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Milli Gəlirlər Baş İdarəsi) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra mətndə Dövlət Sosial Müdafiə Fondu) qarşı “müavinətin gəlir vergisinə cəlb olunmasının qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi SOCAR-ın “Azneft” İstehsalat Birliyi 28 may Neft və Qazçıxarma İdarəsi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü illər üzrə ödənilən birdəfəlik 16429,29 manat müavinətdən çıxılan 4304 manat məbləğində müavinətin tutularaq gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab olunması və 4304 (dörd min üç yüz dörd) manat müavinətin iddiaçıya Milli Gəlirlər Baş İdarəsi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təqaüdə çıxmaqla əlaqədar olaraq işdən azad edilməsi və SOKAR və ANNQSİHİRK arasında 2020 - 2023cü illər üçün sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta Aylıq əmək haqqının beş misli məbləğində müavinətin verilməsi barədə 28 May NQÇT-nin rəisi Şahəddin İsmayılova ünvanlanmış ərizənin cavabı olaraq, iddiaçıya birdəfəlik müavinət olaraq 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat məbləğində pul ayrılmış və həmin məbləğdən aşağıda qeyd olunan vergilər tutulmuşdur. İşsizlik ödənişi – işçidən 82,15 AZN, 3% ə/hdan DSMF-ə tutulma, Həmkarlar İttifaqından 164,29, gəlir vergisi olaraq 3.355,12 manat icbari tibbi sığorta olaraq 229,31 manat olmaqla vergilər tutulmuş və ona 12105,54 manat məbləğində pul ödənilmişdir. Bu məbləğ ona müavinət olaraq ödənildiyi üçün 12105.54 manat məbləğ ondan tutulmamalı və məbləğ tam şəkildə ona ödənilməli idi. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən yaşa görə əmək pensiya hüququ yarandığı üçün işdən azad edilməsi və işdən azad edilən zaman ona orta əmək haqqının beş misli həcmində ödənilən müavinətdən gəlir vergisi tutulması və bu haldan şikayətçidir və araşdırılmasını xahiş etmişdir. Bundan başqa Milli Gəlirlər Baş İdarəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-23721/2023 nömrəli məktubu ilə göndərilən onun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi (VÖEN: **********) tərəfindən yaşa görə pensiya çıxma ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətdən tutulan gəlir vergisi barədə xx.xx.2023-cü il tarixli müraciətinə baxıldığı, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək müqaviləsinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxslərin həmin filialı və ya nümayəndəliyinin habelə fərdi sahibkarların fəaliyyətinin ləğvi və işçilərin sayının və stajlarının ixtisar edilməsi ilə əlaqəqar olaraq əmək müqaviəsinə xitam verildikdə işçilərə habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə və vəfat edənin vərəsələrinə AR ƏM-nin müvafiq icra hakimiyyəti orqanlarının qərarları AR Qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar fiziki şəxslərin gəlir vergisindən azad olduğu bildirilmişdir. Buna əsasən müraciətdə göstərilən halda işçinin pensiya yaşına çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə ona ödənilən müavinətlər Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan güzəşt tətbiq edilən gəlirlərə aid olmadığından həmin gəlirlər ümumi qaydada gəlir vergisinə cəlb olunurlar. Haqq hesab vəsiqəsindən göründüyü kimi xx.xx.2023-xx.xx.2023-cü il ərzində əmək haqqı dövründə iddiaçıya 16.429,29 manat məbləğində pul hesablanmışdır. Həmin məbləğə son haqq hesab və müraciət əsasında hesablanan müavinət daxildir. Hesablanma qaydası aparılarkən, ona ümumi məbləğindən vergi borcu tutulmaqla büdcəsinə 4000 (dörd min) manat əlavə məbləğ ödənilmişdir. Belə ki, müavinətdən rüsum tutulmamalı idi. Ondan 4304 manat məbləğində pulun İddiaçı geri qaytarımasına köməklik etməsinə dair xx.xx.2023-cü il tarixdə ərizə ilə DSMF-yə müraciət etmiş və alacağı cavab bəllidir. Bundan başqa cavabdeh SOCAR-ın “Azneft” İstehsalat Birliyi 28 may Neft və Qazçıxarma İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 764/23 nömrəli sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçının təqaüdə çıxaması ilə əlaqədar SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə (Pensiya yaşına çatdıqda AR ƏM-nin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən işçilər sərbəstlikdə onlara orta əmək haqqının 5 misli həcmində birdəfəlik və ya social dayanıqlığın təmin edilməsi məqsədilə qüvvədə olab Proqram üzrə müavinət vermək) əsasən orta əmək haqqının 5 msli məbləğində müavinət verilmişdir. Pensiya yaşına çatdığı üçün işçiyə verilmiş müavinətlərin gəlir vergisindən azad olunması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmadığı üçün həmin müavinət gəlir vergisinə cəlb edilməsi qeyd olunmuşdur. Hesab edir ki, Milli Gəlirlər Baş İdarəsi iddiaçıya ünvalanan cavab məktubunda müavinətin gəlir vergisindən azad olmasını tam açıq şəkildə bildirdiyi halda 4304 manat məbləğində iddiaçının pulunun vergiyə cəlb olunması qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Milli Gəlirlər Baş İdarəsinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, **********229700 №-li iddia tələbinə dair yazılı münasibəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi (VÖEN: **********) tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə yaşa görə pensiyaya çıxma ilə əlaqədar olaraq xitam verilmiş və şəxsə birdəfəlik müavinət olaraq ödəmə həyata keçirilmişdir. İddiaçı təqdim etdiyi “haqq-hesab vərəqəsi”nə əsasən qanunvericiliyə uyğun olaraq fiziki şəxsin gəlirindən aidiyyəti üzrə tutulmalar həyata keçirilmişdir. İddiaçı iddia ərizəsində ona orta aylıq əmək haqqının 5 misli miqdarında ödənilmiş müavinətdən gəlir vergisinin tutulmasının qanunsuz olduğunu və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən həmin ödəmənin vergidən azad olunduğunu və bu səbəbdən tutulmaların əsassız olduğunu bildirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının ona ödənilmiş müavinətdən tutulmalara görə vergi orqanının cavabdeh qismində müəyyən edilməsi tələbi iddianın mümkünlüyü baxımından əsassızdır. AR Vergi Məcəlləsinə edilmiş 22 dekabr 2018-ci il tarixli (01 yanvar 2019-cu il tarixindən qüvvəyə minmişdir) dəyişikliyə əsasən Məcəlləyə əlavə edilmiş 1.4-cü maddə ilə müəyyən edilir ki, Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Əlaqəli olaraq, həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Qanunvericiliyin qeyd edilən müddəalarından belə qənaətə gəlmək olur ki, iş üzrə iddiaçı qismində çıxış edən fiziki şəxsin hesabına həyata keçirilmiş ödəmələrdən dövlət büdcəsinə ödənilmiş tutulmalara görə onun işəgötürəni, yəni Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi məsuliyyət daşıyır. Nəticə etibarilə işəgötürən tərəfindən tutulmuş gəlir vergisinə və digər tutulmalara görə vergi orqanının hər hansı hərəkət və ya hərəkətsizliyi olmadığı təqdirdə müvafiq iş üzrə onun cavabdeh qismində işə cəlb edilməsi və gələcəkdə iddianın təmin olunma ehtimalı olduğu halda vergi orqanının üzərinə hər hansı hərəkətlərinin icra edilməsi öhdəliklərinin qoyulması qanunvericiliyin tələblərinə ziddir. İddiaçıya ödənilmiş müavinətdən tutulmuş gəlir vergisinə münasibətdə bildirilmişdir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Maddənin mətnindən aydın oiur ki, fiziki şəxslərin gəlir vergisindən azad edilən ödəmələrin bir neçə növü müəyyən edilmişdir. İddiaçı ərizəsində ona pensiya yaşına çatmağına görə ödənilmiş birdəfəlik müavinətin maddədə qeyd edilən hansı ödəməyə istinad etməklə vergidən azad edilməsini əsaslandırmamış, ümumi olaraq müvafiq maddəyə istinad etmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, müvafiq maddədə fiziki şəxslərin gəlir vergisindən azad olunan gəlirləri içərisində pensiya yaşına çatmağa görə ödənilmiş birdəfəlik müavinətin olması nəzərdə tutulmur. Həmçinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin "28 May” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2023-cü il tarixli, 01-12/246 saylı məktubundan aydın olur ki, müvafiq idarənin keçmiş işçisi İddiaçı edilmiş ödəniş onun pensiya yaşına çatması ilə əlaqədar orta aylıq əmək haqqının 5 misli miqdarında verilmiş müavinətdir. Odur ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi müvafiq məktubunda işçiyə verilmiş müavinətin onun pensiya yaşına çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verməklə ödənildiyini və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əhatə olunmadığını bildirmişdir. Nəzərə almaq lazımdır ki, iş materiallarından da aydın olduğu kimi iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq şəxsin pensiya yaşına çatması əsası ilə xitam verilmişdir. Halbuki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi yalnız konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Belə ki, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bu müavinət həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmişdir. Qeyd olunan maddəyə görə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndi əsasında deyil, 69-cu maddəsinin 3-cü hissəsi əsasında xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildirilmişdir ki, həmin maddə vergi azadolması müəyyən etmir və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan vergi azadolmasını tamamlayır. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər hansı azadolma müəyyən etmir və həmin normanın məhkəmə tərəfindən genişləndirici şəkildə təfsir olunması yolverilməzdir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Yekun olaraq, Əmək Məcəlləsinin müvafiq maddəsi hər hansı əlavə azadolma müəyyən etməməklə yanaşı əmək müqaviləsinə xitam verilən zaman işçilər üçün nəzərdə tutulmuş təminatlardan işdənçıxma müavinətinin vergiyə cəlb olunmadığını konkretləşdirmişdir. İşdənçıxma müavinətinin ödənilmə hallarına münasibətdə isə, həmin Məcəllənin 77.3-cü maddəsinə baxdıqda aydın olur ki, işdənçıxma müavinəti əmək müqaviləsinə işəgötürən tərəfindən, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş qaydada xitam verildiyi hallarda işçilərə verilən təminat olaraq müəyyən edilir. Hazırki iş materialları üzrə İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsindən aydın olur ki, əmək müqaviləsinə işçinin pensiya yaşına çatması ilə əlaqədar olaraq onun özünün təşəbbüsü ilə və Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş əsasla xitam verilmişdir. Odur ki, iddiaçıya pensiya yaşına çatması ilə əlaqədar olaraq ödənilmiş birdəfəlik müavinət Əmək Məcəlləsi ilə vergidən azad edildiyi nəzərdə tutulan işdənçıxma müavinəti hesab olunmur. Nəticə etibarı ilə, vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bütün digər hallarda (Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstərilənlər istisna olmaqla) fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020- 2023-cü illə üçün Sahə (tarif) Kollektiv Saziş mahiyyət etibarı ilə normativ xarakterli və ya qeyri-normativ xarakterli akt olmadığı üçün qanunvericiliklə tətbiq edilməsi nəzərdə tutulmayan hər hansı norma müəyyən edə bilməz. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-299663/2023 №-li vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı təqaüdə çıxması ilə əlaqədar işdən azad edilməsini və orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinətin ödənilməsini işlədiyi müəssisə - 28 may NQÇİ-dən xahiş etmişdir. Belə ki, İddiaçı iddia ərizəsində ona birdəfəlik müavinət olaraq 16429 manat məbləğində pul ayrıldığını və həmin müavinətin 4304 manat məbləğinin gəlir vergisinə cəlb edildiyini qeyd etmişdir. İddia tələbində gəlir vergisinin qanunsuz olaraq müavinətdən tutulduğu göstərilmişdir. Nəticədə iddiaçı birdəfəlik müavinətin gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı F. Əliyevin müraciəti əsasında xx.xx.2023-cü il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilən hallar istisna olmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanaraq ödənilməlidir. Adıçəkilən Qanunun 15-ci maddəsinin 10-cu abzasına əsasən “Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri” məcburi dövlət sosial sığortasına cəlb edilmir. İddia ərizəsinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırılmış hissəsi ilə bağlı bildirilmişdir ki, dövlət müavinətləri dedikdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan (yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət və s.) və müvafiq icra hakimiyyəti orqanlarının qərarları (AR Prezidenti və AR Nazirlər Kabineti) ilə təsis edilən müavinət və təqaüd növləri nəzərdə tutulur. İddia ərizəsində qeyd olunan birdəfəlik müavinətdən həmkarlar ittifaqına, işsizlikdən sığorta haqqına, gəlir vergisinə və icbari tibbi sığorta haqqına tutulmaların aparılmasına dair məsələlərin həlli Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətləri daxilində deyildir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun iştirakına xitam verilməsini xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X2 iddianı qəbul etməyərək və tərəflərindən verilmiş yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək və tərəflərindən verilmiş yazılı vəsatətə uyğun izahat verərək, məhkəmədən Dövlət Sosial Müdafiə Fondunun iştirakına xitam verilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələri məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə iddiaçının tələbi təqaüdə çıxması ilə əlaqədar işdən azad edilməsi ilə bağlı ona birdəfəlik müavinət olaraq ayrılmış 16429 manat məbləğində puldan 4304 manat məbləğinin gəlir vergisinə cəlb edilməsinin qanunsuz qanunsuz hesab edilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi. Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir ...

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Azərbaycan Respublikası Vergi Məcəlləsi. Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; ... Maddə. 150.1.Vergi orqanında uçotda olan aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.1. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər; ... 150.3. Bu Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar: 150.3.1. bu Məcəllənin 150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə; Göründüyü kimi fiziki şəxslərin gəlir vergisi onalara ödəmələri verən hüquqi şəxslər tərəfindən hesablanaraq, dövlət büdcəsinə ödənilir. İddiaçının hazırki cavabdeh inzibati orqanlara qarşı yönəlmiş olan tələbi həmin inzibati orqanlarla publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, işə götürənlə onun arasında əmək münasibətlərinə xitam verilərkən yaranmaqla, əmək və vergi qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələblərinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “müavinətin gəlir vergisinə cəlb olunmasının qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar