Məhkəmə qərarları › İş №2-1(112)-3139/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3139/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3139/2023 01.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ bağ massivində yerləşən “1" saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********46 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmişdir, həmçinin həmin əraziyə digər fiziki şəxsin müraciəti mövcuddur. Bundan başqa, texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıqbostançılıq yoldaşlığı tərəfindən ona ayrılmış 1 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, "Şabandağ" bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvüdür. Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin İdarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. "Bağçının üzvlük kitabçası"na əsasən o, 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmiş, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 1200 kv.metr olan 1 saylı bağ sahəsi verilmişdir. O, 08 aprel 2022-ci ildə həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət etmiş, cavabdeh 06 may 2022-ci il tarixli, **********46 saylı bildiriş ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsasları kimi ümumi əraziyə digər hüquqi şəxsin adına kadastr planının verilməsi, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması və 1 saylı bağ sahəsinin ərazisinə digər fiziki şəxsin müraciətinin olması göstərilmişdir. Lakin onun qanuni istifadəsində olan torpaq sahəsi X8 qeyri-qanuni yolla verilmişdir, çünki o, qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnu X7 həmin torpaq sahəsi üzərində daimi istifadə hüququ əldə etməsindən 14 il əvvəl, xx.xx.1991-ci ildə əldə etmişdir. O da daxil olmaqla "Şabandağ" bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin onlarla üzvünə torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokolu ləğv edilmədən həmin torpaq sahələri üzərində daimi istifadə hüququnun X8 verilməsi həm həmin dövrün qanunvericiliyinə, həm də hazırkı qanunvericiliyə ziddir. "Şabandağ" bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin mərhum sədri Leyla Mirəliyevanın təsdiqlədiyi 72 nəfərlik siyahıda sıra sayı ilə 1-ci yerdə, o cümlədən bağçılıq-yoldaşlığın hazırkı sədri Şamil Abbasovun təsdiqlədiyi 83 nəfərlik siyahıda sıra sayı ilə 1-ci yerdə qərarlaşmışdır. 1 saylı bağ sahəsinin qonşuluğunda yerləşən digər 1 A saylı bağ sahəsi onun qardaşı X4 məxsusdur. Başqa sözlə, onlar yaxın qohum olduqlarından iki torpaq sahəsi arasında hasar vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkilməmişdir. Ümumiyyətlə isə ona məxsus torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşməsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunan: - 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 nömrəli Protokolundan çıxarışdan görünür ki, Şabandağ ərazisində 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin 50 nəfər üzvündən ibarət bağçılıq-bostançılıq yoldaşlığı yaradılmışdır. - Bakı şəhər X3 İcraiyyə Komitəsi torpaq sahəsi ayrılması haqqında xx.xx.1991-ci il tarixli, 11/546 nömrəli qərarından görünür ki, 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin İdarəyə Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. - İddiaçı ona 1 saylı bağ sahəsinin ayrılması ilə bağlı Bağçının üzvlük kitabçasını təqdim etmiş, kitabçada iddiaçının xx.xx.1991-ci il tarixli 10 nömrəli protokoluna əsasən bağşılıq cəmiyyətinə üzv qəbul edildiyi, bağçılıq cəmiyyətinin bağından sahəsi 1200 kv.metr olan 1 nömrəli bağ sahəsinin xx.xx.1991-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə üçün verildiyi göstərilmişdir. - İddiaçı Ə.Əmirov adına NQÇİ-nin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzləri ilə bağlı iki siyahı təqdim etmiş, siyahıda İddiaçı adı 1-cı sırada göstərilmiş və iddiaçıya 1 saylı bağ sahəsinin ayrıldığı bildirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.1991-ci il tarixli 10 nömrəli protokoluna əsasən İddiaçı ayrılmış 1 saylı bağ sahəsinə dair sənəd, həmçinin “Şabandağ” bağçılıq yoldaşlığının bölgü sxemi arxiv qovluğunda aşkar olunmamışdır. - Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamından görünür ki, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin X7 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. - A № 319656 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamı ilə X8 universitet kampusunun tikintisi üçün daimi istifadəyə verilən Binəqədi rayonu, Xocəsən kəndinin şərq hissəsində yerləşən Xocəsən gölünün ətrafında 17276776 kv.m sahəsi olan torpaq sahəsinin xx.xx.2011-ci il tarixdə plan və ölçüsü tərtib edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, faktiki torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazidə yerləşir və həmin əraziyə ləğv edilmiş X5 Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Vahid elektron kadastr bazasına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olmaqla dövlət mülkiyyətində göstərilmişdir. - 23.04.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Qaradağ rayonu, Şabandağ B/M 1 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha olsa da, faktiki sahəsi 0,1928 ha-dır. Torpaq sahəsi metal tor ilə hasarlanmışdır. Bir tərəf yol, üç tərəf qonşulardır. Bir tərəf yol, üç tərəf qonşulardır. Torpaq sahəsi üzərində sahəsi 40 kv.m olan köməkçi tikili var. Torpaq sahəsinin üzərindən və yaxınlığından yerüstü kommunikasiya xətləri keçmir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi qonşu bağ sahəsi ilə bir hasar daxilində olduğu üçün ara sərhədləri müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı hazırda Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ona ayrılmış 1 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların qeydə alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir:

1. bağ sahələrinə dair verilən icarə müqavilələri;

2. bağ sahələrinə dair verilən sərəncamlar;

3. bağ sahələrinə dair verilən orderlər;

4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası;

5. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarış; İddiaçı qeyd olunan sənədlərdən üzvlük kitabçasını təqdim etsə də, bu sənəd Qanunun tələblərinə müvafiq olmamışdır. Belə ki, istinad olunan normadan da göründüyü kimi, qanunverici həmin sənədlərin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmasını tələb edir. Lakin işdən görünür ki, iddiaçının adı “Şabandağ” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında mövcud deyil. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Məhkəmə icraatı zamanı baxış keçirilmiş və surəti çıxarılmaqla iş materiallarına əlavə edilmiş cavabdehə təhvil verilən “Şabandağ” bağçılıq yoldaşlığa dair arxiv sənədlərindən görünür ki, Qaradağ neft-qaz çıxarma idarəsinin işçilərinin 50 nəfərdən ibarət siyahısı təsdiq edilmiş və iddiaçının adı həmin siyahıda qeyd olunmamışdır. İddiaçı məhkəməyə Ə.Əmirov adına Neft-qazçıxarma İdarəsinin Şabandağ bağçılıq bostançılıq kollektivinin üzvü olan işçilərinin iki fərqli siyahısını təqdim etmiş, həmin siyahıda 72 nəfər və 83 nəfərin adı qeyd olunmuş, lakin həmin siyahılar bağçılıq yoldaşlığın cavabdehə təhvil verilən arxivində aşkar edilməmişdir. Məsələ ilə bağlı həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və “Azneft” İB Ə.C.Əmirov adına NQÇİ-nə müvafiq sorğular göndərilmiş, həmin sorğuya cavab olaraq İddiaçı Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin “Şabandağ” kollektiv bağçılıqtərəvəzçilik təsərrüfatında 1 saylı bağ sahəsinin ayrılmasına dair 05 mart 1990-cı il tarixli 10 nömrəli protokol və həmin protokolun qəbul edilməsinə əsas olmuş sənədlər aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının ona torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər nə bağçılıq yoldaşlıq cəmiyyətinin arxiv saxlayıcısı olan inzibati orqanda, nə də bağçılıq yoldaşlıq cəmiyyətinin tərkibində olduğu qurumda mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının adı kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmədiyindən onun təqdim etdiyi üzvlük kitabçası qanunvericiliyin tələblərinə cavab verən sənəd kimi qəbul edilə və həmin sənədə əsasən onun iddiası təmin edilə bilməz. Digər tərəfdən həmin üzvlük kitabçasından görünür ki, orada iddiaçının 1992-ci ildə cəmiyyətə üzv qəbul edildiyi göstərilsə də, xx.xx.1991-ci il tarixli 10 nömrəli protokola istinad edilmişdir. Həmçinin kitabça kiril qrafikalı əlifba ilə tərtib edilsə də, iddiaçı barəsində məlumatlar latın qrafikalı əlifba ilə yazılmaqla sonradan əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşdən görünür ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənədlər həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır. Digər tərəfdən, iş materiallarında iddiaçıya verilmiş torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədlər olmasa da, işdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X9 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********00058) tərtib olunmuş X8 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi ilə üst-üstə düşür. Bu hal iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir, habelə işdə olan ortofoto xəritəsi ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin X7 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X8 ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə müəyyən olunduğundan, X8 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər isə öz qüvvəsini saxladığından, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. O da qeyd olunmalıdır ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin torpaq sahəsi ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara (məsələn, torpaq sahəsini naturada mərzləşdirdikdən sonra) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar