Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-314/2022 22.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), cavabdehin nümayəndəsi və vəkili X1 (hüquqşünas, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 18.11.2008-ci il tarixdən aylıq pul təminatının 100%-i həcmində əmək pensiyasının təyin olunması və həmin tarixdən bu günədək yaranmış fərqin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 18.11.2008-ci il tarixdən bu günədək olan müddət üçün əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında’' Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) 17.11.2008-ci il tarixdə AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ona 18.11.2008-ci il tarixdən aylıq pul təminatının 95 %-i miqdarında yaşa görə əmək pensiyası təyin olunmuşdur. AR Müdafiə Nazirinin 02.06.2020-ci il tarixli müvafiq əmri ilə onun ehtiyata buraxılmasının əsası dəyişdirilmiş və iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmış hesab edilmişdir. AR Müdafiə Nazirinin 02.06.2020-ci il tarixli müvafiq əmri ilə ehtiyata buraxılmasının əsasının dəyişdirilməsi ilə əlaqədar AR Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən İdarəyə barəsində tərtib olunmuş yeni məlumat vərəqi göndərilmişdir. Belə ki, ehtiyata buraxılmasının əsasının dəyişdirilməsi ona əmək pensiyasının aylıq pul təminatının 100 %-i miqdarında təyin olunması hüququ verirdi. Yuxarıda göstərilənlərə və barəsində tərtib olunmuş yeni məlumat vərəqinə əsasən ona 18.11.2008-ci il tarixdən aylıq pul təminatının 100%-i həcmində əmək pensiyasının təyin olunması və 18.11.2008-ci il tarixdən bu günədək olan yaranmış fərqin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi üçün qərar qəbul edilməsi xahişi ilə cavabdehə 29.06.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin müraciətindən 37 gün keçməsinə baxmayaraq ərizəsi cavabsız və nəticəsiz qalmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, vətəndaşların pensiya təminatı "ƏPQ" ilə tənzimlənir. "ƏPQ" 3.1-ci maddəsinə əsasən AR-nin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına" əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün AR DSMF-yə göndərilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və va pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Xuzirliyi yanınıla X2 Fonduna təqdim olunur. Qeyd edilən qərardan göründüyü kimi hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı "ƏPQ"-nin 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Pensiya təminatı ilə bağlı iddiaçının xidmət etdiyi qurum tərəfindən tərtib edilmiş məlumat vərəqəsindəki təminat xərcliyinə əsasən təyin edilir. “ƏPQ”-nin 6.3 və 37.3.1-ci maddələrində qeyd edilən baza, sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinin tərkib hissəsidir. Lakin bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir. "ƏPQ" 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və va istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. "ƏPQ”-nin 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. “ƏPQ”-nin 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı adına tərtib edilmiş yeni məlumat vərəqi 11.06.2020-ci ildə tərtib edilərək Filiala göndərilmiş, cavabdeh isə həmin tarixdən yenidən hesablama aparmışdır. Hətta, fərz edilsə ki, iddiaçının hüququ daha əvvəl yaranmışdır. ƏPQ-nin 32-ci maddəsi (Əmək pensiyasının təyin edilməsi müddətləri) bunu məhdudlaşdırır. ƏPQ-nin 32.1-1 -ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ƏPQnin 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 -ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili etirazda göstərilənləri müdafə edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) 17.11.2008-ci il tarixdə AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarından görünür ki, 18.11.2008-ci il tarixdən aylıq pul təminatının 95 %-i miqdarında yaşa görə əmək pensiyası təyin olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə 18.11.2008-ci il tarixdən bu günədək olan müddət üçün əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin hesablanaraq ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxıldığından və 35 ildən çox xidmət etdiyindən, mövcud qanunvericiliyə əsasən iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-202/2017 saylı 02.03.2017-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 noyabr 2014-cü il tarixli 0800 nömrəli əmri İddiaçı aid hissəsində müvafiq dəyişiklik edilərək «öz arzusu ilə” maddəsinin «xəstəliyə görə» maddəsi ilə əvəz edilməsi (hərbi geyim formasını daşımaq hüququ ilə) vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. (hakim T.Əsədova) İşdə olan Müdafiə Nazirliyinin ZE-59551 nömrəli Məlumat Vərəqinin surətindən görünür ki, İddiaçı 17.11.2008-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Cəmi iş stajı və xidmət illəri 35 il 01 ay 05 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla... Məhkəmə araşdırılması zamanı Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində yeni Məlumat Vərəqinin doldurularaq cavabdehə göndərilməsi, həmin Məlumat Vərəqinə əsasən iddiaçının 18.11.2008-ci il tarixdən xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılması, həmçinin xidmət illərinin 35 ildən çox olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində tərtib edilmiş yeni Məlumat Vərəqinə əsasən iddiaçının 18.11.2008-ci il tarixdən xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılması, həmçinin xidmət illərinin 35 ildən çox olması, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 18.11.2008-ci il tarixdən aylıq pul təminatının 95 %-i miqdarında yaşa görə əmək pensiyasının təyin olunması öz təsdiqini tapdığından, cavabdeh tərəfindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən təminat xərcliyinin 95% deyil, 100% (20 təqvim ilinə görə təminat xərcliyinin 55% miqdarında, 20 ildən yuxarı olan müddət üçün, yəni 15 il üçün 45% (15x3) miqdarında, cəmi 100% (55%+45%)) miqdarında yaşa görə əmək pensiyasının təyin edilməməsi əsassız olmuşdur. Həmçinin, məhkəmə iddiaçının əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün deyil məhz 18.11.2008-ci il tarixdən ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçının qeyd edilən fərqi tələb etmək hüququ 02.06.2020-ci il tarixdə yaranmışdır. Belə ki, 18.11.2008-ci il tarixdən aylıq pul təminatının 95 %-i miqdarında yaşa görə əmək pensiyası təyin olunsa da, qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-202/2017 saylı 02.03.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 noyabr 2014-cü il tarixli 0800 nömrəli əmri İddiaçı aid hissəsində müvafiq dəyişiklik edilərək «öz arzusu ilə” maddəsinin «xəstəliyə görə» maddəsi ilə əvəz edilməsi qərara alınmışdır. Həmin qərar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən icra olunmuş və 11.06.2020-ci il tarixdə yeni ZE-59551 nömrəli Məlumat Vərəqi hazırkı cavabdehə göndərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqi tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq 2020-ci ildə baş vermişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir: “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərildiyi kimi, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşma Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara bilər. Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və 18.11.2008-ci il tarixdən bu günədək olan müddət üçün əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərq hesablanaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları» təsdiq edilmişdir. Qaydaların 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 18.11.2008-ci il tarixdən bu günədək olan müddət üçün əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-314/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-314/2022
22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver