Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-314/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər - X4, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X11” şirkəti “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6, üçüncü şəxs “X11” şirkətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X11” şirkəti) “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Binəqədi rayonu X1 sədrinin 30 oktyabr 2006-cı il tarixli Sərəncamı ilə Binəqədi qəsəbəsi ərazisindən 250 m2 boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı (bundan sonra – iddiaçının) verilmişdir. İddiaçı ilə bələdiyyə arasında “Torpaqların alqı-satqısına dair” Akt bağlanmışdır. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, “... təqdim etdiyiniz torpaqların alqı-satqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu X1 30 oktyabr 2006-cı il tarixli 1467/1 №-li sərəncamına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən ayrılmış 250 m2 torpaq sahəsinə dair plan və ölçünün tərtib olunması, torpaq sahəsinin dövlət qeydiyyatına alınmaqla adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, X1 30 oktyabr 2006-cı il tarixli 1467/1 №-li sərəncamına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən 250 m2 boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə verilmiş, bu barədə onunla bələdiyyə arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, qabaqcadan torpağın dəyəri olaraq 480 (dörd yüz səksən) manat vəsait AİT seriyalı 676706 №-li kassa mədaxil orderinə əsasən 2006-cı ilin iyun ayında Binəqədi qəsəbə bələdiyyəninin hesabına tərəfindən köçürülmüşdür. Bakı şəhəri, Binəqədi rayonu, X1 vermiş olduğu 02 dekabr 2021-ci il tarixli 1651 №-li məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, X1 30 oktyabr 2006-cı il tarixli 1467/1 №-li sərəncamının bələdiyyənin arxivində saxlanması öz təsdiqini tapmışdır. Qeyd olunan torpaq sahəsi ona ayrılmış, tərəfindən ərazi məftil torla hasara alınmış, torpaq sahəsinin koordinatları vurulmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilən torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. Bundan başqa, İdarənin elektron kadastr məlumatlarında qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır, dövlət mülkiyyətindədir. Həmçinin sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqdi Oyl) istifadəsinə verilmiş ərazilərdə yerləşir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad və məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən, həmçinin konfiqurasiya tamamilə fərqli olduğundan torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia edilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aid olmaqla, hazırda Binəqədi Oyl ƏŞnin istifadəsindədir. Həmçinin sahədən 35 metrlik məsafədə ləğv edilmiş neft quyusu, torpaq sahəsinin 250.0 kv.m hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizəsinə düşür. Bundan başqa, sahədən eyni istiqamətdə (yol tərəfdən) diametri 220.0 mm-lik orta təzyiqli qaz xətti keçir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edir ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs “X11” şirkətinin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə digər üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddiaçının hazırkı iddia tələbini irəli sürməkdə hüquqi marağı Binəqədi qəsəbəsi ərazisində 250 m2 boş torpaq sahəsinə dair plan və ölçünün tərtib olunması, torpaq sahəsinin dövlət qeydiyyatına alınmaqla adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. İddiaçı tələbinin faktiki əsası kimi Bakı şəhəri, Binəqədi rayonu X1 sədri tərəfindən verilmiş 1467/1 №-li, 30 oktyabr 2006-cı il tarixli sərəncama istinad edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmadığına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmçinin cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında bildirmişdir ki, İdarənin elektron kadastr məlumatlarında qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır, dövlət mülkiyyətindədir. Həmçinin sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqdi Oyl) istifadəsinə verilmiş ərazilərdə yerləşir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad və məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən, həmçinin konfiqurasiya tamamilə fərqli olduğundan torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. 8.0.1.-ci maddəyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsasdır. Qeyd edilən normanın dispozitiv şərtlərinin mövcud olması üçün aşağıdakıların olması zəruridir: 1) Ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyəyə məxsus olmalıdır; 2) Torpaq sahəsinin ayrılmasına dair akt qanunla müəyyən edilmiş qaydada qəbul edilməlidir. İddia tələbinin və cavabdehin imtinasının əsaslı olub-olmamasının müəyyən edilməsi yuxarıda göstərilən dispozitiv şərtlərin yoxlanılmasından asılıdır. Ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyəyə məxsus olması ilə bağlı; Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər Cavabdeh iddia tələbinə etiraz edərkən elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olmasını, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair hər hansı məlumatın olmamasını bildirir. Məhkəmə qeyd edir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X4 ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində deyil, Bələdiyyənin mülkiyyətində olmasına dair məhkəməyə hər hansı sübut (reyestrdən çıxarış, blədiyyə torpaqalarının ayraıc aktı, xəritəsi və s.) təqdim edə bilmir. Cavabdeh elektron kadastr baza məlumatlarına istinad etdiyinə görə, iddiaçı tərəfindən ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmaması işin mübahisələndirilməyən halıdır. Nə iddiaçı, nədəki üçüncü şəxs bələdiyyə bunun əksini sübut edəcək dəlili məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməyi istisna edən faktiki şərtlərin mövcudluğuna sübut edir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Bundan başqa Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bakı şəhərində yerləşən Bələdiyyələrə torpaq sahəsinin ayrılmasının tam başa çatdırılmaması, bələdiyyələrə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinə bələdiyyələrin mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması işin mübahisələndirilməyən halları olmaqla, hammıya bəlli olan faktdır və sübuta ehtiyacı yoxdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Məhkəmə tərəfindən 8.05.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 27 yanvar 2025-ci il tarixli 10/6875 №-li Ekspert rəyində qeyd edilmişdir ki, …X2 ayrılmış torpaq sahəsinin ayrıc aktı iş materiallarına əlavə edilmədiyindən iddiaçının istifadəsində olan, X1 30 oktyabr 2006-cı il tarixli 1467/1 №-li Sərəncamına əsasən ona ayrılmış 250 kv.m torpaq sahəsinin X2 ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşibyerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı istifadəsində olan torpaq sahəsinin Binəqədi qəsəbəsinin hüdudları daxilində yerləşdiyini, ətraf ərazilərin həyətyanı sahələr və fərdi yaşayış evlərindən ibarət olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsində qeyd olunanlara uyğun olaraq həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğu müəyyən edilir. İddiaçı istifadəsində olan torpaq sahəsinin yaxınlığından neft-qaz kəmərinin keçmədiyi, eyni zamanda yaxınlıqda neft quyusunun olmadığı müəyyən edilmişdir. Üçüncü şəxs X4 bələdiyyə iddiaçıya ayırdığı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən X2 ayrılması nəzərdə turulmuş torpaq sahəsinin hüdudlarında yerləşməsinə dair bələdiyyə xəritəsinin də təqdim etmədiyindən, ekspertiza tədqiqatı nəticəsində ayrılan torpaq sahəsinin X2 ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə işin hallarının araşdırılması prinsipinə uyğun olaraq X2 “Sərəncamın verilməsinə əsas olmuş sənədlərin, mövcuddursa həmin sərəncam əsasında iddiaçıya verilmiş torpaq sahəsinə dair akt, sxem və s-nin təsdiq edilmiş surətinin, o cümlədən adıçəkilən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə sənədlərin, torpaq sahəsinin situasiya planının və digər aidiyyət sənədlərin təsdiq edilmiş surətlərinin, həmçinin torpaq sahəsinin ayrılması ilə bağlı rəylərin alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi və s) müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəylərin verilib-verilməməsi barədə məlumatın müvafiq təsdiq edici sənədlərlə birgə məhkəməyə təqdime edilməsi” məzmunda xx.xx.2023-cü il tarixli sorğu göndərilmişdir. Lakin üçüncü şəxs X7 qeyd olunan sorğuya cavab məktubunda ayırdığı torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair, həmçinin torpaq sahəsinin bələdiyyəyə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdududları daxilində yerləşməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddia olunan torpaq sahəsinin Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerlkəşməsi isə, öz növbəsində Bələdiyyəyə inzibati ərazi hüdudları daxilində istənilən yerdən torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyət vermir. Qeyd olunduğu kimi, Bakı şəhərində yerləşən bələdiyyələrə torpaq sahələri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2000-ci il tarixdə qəbul edilmiş Sərəncamlar əsasında müxtəlif ölçülərdə torpaq sahələri ayrılmış və bələdiyyələr yalnız onlara ayrılması nəzərdə tutulmuş (məxsus olan) torpaq sahələrinin vətəndaşlara ayrılmasında səlahiyyətli olmuşlar. Hazırkı işdən isə bu hal müəyyən edilmir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-269/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...iddiaçının torpağının dövlət və bələdiyyə mülkiyyətində olması istiqamətində aşağı instansiya məhkəmələri tərəfindən müəyyən qədər araşdırma aparılsa da, bu hal tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, aşağı instansiya məhkəmələri torpağın Səbail bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaqlara aid olduğu nəticəsinə gələrkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 3-16-16/2-10/7378 nömrəli 20 dekabr 2023-cü il tarixli rəyə istinad etmişlər. Lakin həmin rəyin məzmunundan mübahisəli ərazinin Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi nəticəsinə necə gəlinməsi ilə bağlı hər hansı əsaslandırma aparılmamışdır və torpağın Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşməsinə dair iş materiallarında hər hansı təsdiqedici sənəd yoxdur”. Beləliklə normanın məzmununda qeyd olunmuş, birinci dispoziya şərti (torpaq sahəsinin bələdiyyəyə məxsus olması) müəyyən edilmir. 2) Torpaq sahəsinin ayrılmasına dair aktın qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyində bələdiyyə torpaqların ayrılması ilə bağlı bir sıra tələblər nəzərdə tutulmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, bələdiyyələr kollegial inzibati orqandır və bələdiyyə tərəfindən qəbul edilən qərarlar bələdiyyənin iclaslarında, səs çoxluğu ilə qəbul edilməlidir. Bu tənzimlənmə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İ və İİ hissə). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Maddə 4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Sadalanan normalardan göründüyü kimi: 1) Bələdiyyə torpağının mülkiyyətə verilməsi bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasda qəbul edilmiş bələdiyyənin qərarına əsasən həyata keçirilir: 2) Qərar qəbul edildikdən sonra torpaq sahəsinin ayrılmasına dair alqı-satqı müqaviləsi bağlanır; 3) Torpaq sahəsinin ayrılmasına dair qərar müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9.08.2001-ci il tarixli, 548 № li Fərmanın 2.5-ci maddəsinə əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 4) Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. 5) Torpaq sahəsinin ayrılmasında dair alqı-satqı aktı torpaq şöbəsinin müdiri tərəfindən imzalanmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi X1 Sərəncamına istina edilir. Lakin həmin Sərəncam X1 sədri tərəfindən imzalanmışdır. Qeyd edilən Sərəncamın X4 tərəfindən iclas keçirilməsi və iclasda bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilməsi müəyyən edilmir. Bu barədə X2, X5, Dövlət Arxivinə sorğular verilsə də, bələdiyyə sədrinin Sərəncamında istinad olunan tarixdə, yəni xx.xx.2006-cı il tarixdə, 19 saylı ümumi yığıncağın keçirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Nələdiyyə sədri isə təkbaşına olaraq torpaq sahəsinin ayrılması barədə sərəncam verməkdə ümumiyyətlə səlahiyyətli olmamışdır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, “...hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq müvafiq araşdırma aparmadan, ehtimala əsaslanmaqla mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmadığı qənaətinə gəlmişdir. Halbuki, inkvizisiya prinsipini rəhbər tutaraq, məhkəmə Bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, icarəyə dair aktı imzalayan şəxsləri müəyyən etməklə həmin aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil “sərəncam” adlandırılmasının texniki səhv və yaxud “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 65.1.3-cü maddəsi ilə nəzərdə tutulan pozuntu olmasını aydınlaşdırmaq, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin olub-olmamasını müəyyən etmək imkanlarına malik idi ki, bu da işin tam və hərtərəfli tədqiq edilməsinə xidmət etmiş olardı. Apellyasiya instansiyası məhkəməsinin qərarında o da göstərilmişdir ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1, 17, 18 və 19-cu bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun) 6.2, 6.5 və 6.9-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65 və 66-cı maddələrinin tələblərinə zidd olaraq mərhum A.Mustafayevə bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsi ayrılmış, üstəlik bu ayırma kollegial orqan olan Bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılması, eləcə də həmin dövrdə fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılması, həmin yerin planının (cizgisinin) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlanması iş materialları ilə təsdiqini tapmamışdır”. Baxılan işdə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində icraata cəlb edilmiş, həmçinin məhkəmə tərəfindən Bələdiyyəyə sorğular ünvanlamışdır. Lakin üçüncü şəxs məhkəməyə torpaq sahəsinin ayrılması ilə bağlı iclas keçirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, qəbul edilən sərəncamın bələdiyyənin digər üvlərinin iştirakının olması, səs çoxluğu ilə qəbul edilməsi iş materiallarından müəyyən edilmir. Məhkəmə X4 tərəfindən torpaq sahəsi ayrılarkən bu şərtlərə əməl edilibedilməməsinin müəyyən edilməsi, başqa sözlə X4 tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsini müəyyən etmək üçün Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Arxivinin Bakı Filialına və X2 müvafiq sorğular verilmişdir. Lakin məhkəməyə təqdim edilən sənədlərdə X4 tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı iclas keçirməsi, bu barədə qərar qəbul edilməsi, torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsinin X1 mülkiyyətində olması sübut olunmamaqla yanaşı, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericliyin, o cümlədən Azərbaycan Respublikasının Konstitutisiyasının imperativ şərtlərinə də əməl edilməmişdir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-269/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...hazırkı iş üzrə iş materiallarında olan bələdiyyə qərarı yalnız bələdiyyə sədri tərəfindən imzalanmış, iş materiallarına iclas protokolu əlavə edilməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə bələdiyyə qərarının qanuniliyini yuxarıda istinad olunan normaların tələbləri baxımından qiymətləndirməmişdir”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddiaçıya ayrılmış torpaq sahəsinin X1 mülkiyyətində olması, eyni zamanda həmin torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılması sübuta yetirilmir. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. İddiaçıya ayrılmış torpaq sahəsinin X1 mülkiyyətində olması sübut olunmamaqla yanaşı, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericliyin imperativ şərtlərinə də əməl edilmədiyindən və iddia tələbi məhz bu əsasla əsassız olduğundan, məhkəmə üçünücü şəxs ARDNŞ-nin və cavabdehin iddia tələbinə etirazının dəlilləri kimi qeyd etdiyi digər halların (torpaq sahəsinin neft quyusunun mühafizə zolağında yerləşməsi, qaz xətti keçməsi və s.) araşdırmasına zərurət görmür “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; ... İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X11” şirkəti) “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-314/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-314/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver