Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3140/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X7) “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək “Ləhiş bağ massivində yerləşən “4028/3702” saylı 0,2409 ha bağ sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsini cavabdehə həvalə edilməsi” xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə X7 hazırki iş üzrə üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, X11 Abdul Hüseyn (Əbdül Hüseyn) qızı İddiaçı atasının bibisi olmuşdur. X11 Abdul Hüseyn (Əbdül Hüseyn) qızı 1886-cı ildə Bakı şəhərində doğulmuş, 4 noyabr 1977-ci il tarixində vəfat etmişdir. İddiaçı mərhumun yeganə vərəsəsidir. Hazırda mərhumun ölümü ilə əlaqədar Bakı şəhəri 1 satlı Notariat ofisində vərəsəlik işi açılmışdır. Lakin mərhuma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən daşınmaz əmlaka (4028/3702 saylı bağ evinin tikintisi üçün. 03 saylı protokol, 1970-ci il tarixli) dair mülkiyyət hüququnu təsdiq edən çıxarış olmadığına görə, vərəsə öz mülkiyyət hüququna dair çıxarış ala bilmir. Belə ki, qeyd edilən torpaq sahəsi Bakı şəhəri İcraiyyə Komitəsinin 1970-ci il tarixli 03 saylı protoloku əsas götürülməklə X11 Abdul Hüseyn (Əbdül Hüseyn) qızı ilə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Tresti arasında bağlanmış “bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün“ müqaviləyə əsasən, X11 Abdul Hüseyn (Əbdül Hüseyn) qızına uzunmüddətli icarəyə verilmişdir. Lakin müəyyən səbəblərdən bugünə qədər sözügedən daşınmaz əmlaka dair çıxarış alınmamışdır. X11 Abdul Hüseyn (Əbdül Hüseyn) qızının ölümündən sonra vərəsəlik işi ilə əlaqədar olaraq sözügedən daşınmaz əmlakın mərhuma məxsus olmasına dair dövlət reyestrindən arayış alınması üçün Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu Ramin Zülfüqarov tərəfindən xx.xx.2024cü il tarixində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş imtina məktubunda bildirilmişdir ki. «torpaq sahəsinə dair təqdim edilmiş icarə müqaviləsi surətdir və sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, müqavilədə hüquq sahibinin təvəllüdü 1886-cı il, notariat ofisinin məktubunda isə 1876-cı il kimi qeyd edilmişdir“. Digər tərəfdən bildirilmişdir ki, elekron kadastr məlumatlarına əsasən, təqdim edilmiş kadastr planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və koordinat fərqi mövcuddur. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,25 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki sahənin 0.2409 ha olduğu müəyyən edilmişdir“. Göründüyü kimi cavabdeh inzibati orqan məsələyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki. Azərbaycan SSR Nərimanov rayon Xalq Məhkəməsinin xx.xx.1978-ci il tarixli 2-645 saylı Qətnaməsindən də görünür ki. X11 Abdul Hüseyn (Əbdül Hüseyn) qızı 1876-cı ildə Bakı şəhərində doğulmuş, xx.xx.1977-ci il tarixində vəfat etmişdir. xx.xx.1962-ci il tarixli 12317 saylı “bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün“ müqavilədə isə mərhumun doğum tarixi 1886-cı il olaraq qeyd edilmişdir. Halbuki, məhkəmə qətnaməsində qeyd edilən yanlışlığa görə, hazırki problem yaranmışdır. Belə ki, mərhum 91 yaşında vəfat etmişdir. Əgər mərhum 1876-cı ildə doğulmuş olsa idi, 101 yaşında vəfat etmiş olacaqdı. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, müqavilədə hüquq sahibinin təvəllüdü 1886-cı il, notariat ofisinin məktubunda isə 1876-cı il kimi qeyd edilmişdir. Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş kadastr planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və koordinat fərqi mövcuddur. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,25 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki sahənin 0,2409 ha olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə 12317 №-li müqavilədən görünür ki, Ləhiş bağ massivində yerləşən sahəsi 0,25 ha olan “4028/3702” nömrəli bağ sahəsi X2 ayrılmışdır. Müqavilədə adıçəkilən şəxsin təvəllüdü 1886-cı il kimi göstərilmişdir. Nərimanov rayonu Xalq Məhkəməsinin 2-645 nömrəli, 1978-ci il tarixli qətnaməsi ilə 1876-cı il tarixdə Bakı şəhərində doğulmuş X1 91 yaşında vəfat etdiyi və xx.xx.1977-ci il tarixdə ölüm tarixi kimi qeydiyyatın aparılması qərara alınmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 vərəsəsi X4r. Miras əmlakı: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 4028/3702 nömrəli bağ sahəsidir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş icarə müqaviləsi surətdir və sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, müqavilədə hüquq sahibinin təvəllüdü 1886-cı il, notariat ofisinin məktubunda isə 1876-cı il kimi qeyd edilmişdir. Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş kadastr planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və koordinat fərqi mövcuddur. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,25 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki sahənin 0,2409 ha olduğu müəyyən edilmişdir. Müayinə aktından görünür ki, ümumi hasar daxilindəki faktiki sahə 4854 kv.m təşkil edir. Həmin ümumi ərazidə qeydiyyatdan keçmiş 4029/3703 bağ sahəsinin 2445 kv.m çıxılandan sonra yerdə 2409 kv.m torpaq sahəsi qalır. Təqdim olunmuş kadastr planındakı ölçü və koordinatlarla faktiki ölçü və koordinatlar arasında fərq olduğundan, bağ sahəsinin faktiki vəziyyətə uyğun cizgi və koordinatları ərizəyə əlavə olundu. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən aşağıdaki halları əsas gətirmişdir: -Müqavilədə hüquq sahibinin təvəllüdünün 1886-cı il, notariat ofisinin məktubunda isə 1876-cı il kimi qeyd edilməsi; -Torpaq sahəsinin faktiki ölçüsünün sənəddə göstərilən ölçüdən az olmasıdır. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmaması istiqamətində dəyərləndirmənin aparılmasını aşağıdaki qanunvericiliyin və normativ hüquqi aktların müddəaları ilə həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr İlk növbədə Məhkəmə qeyd edir ki, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə bildirir ki, mərhum S.İsmayılovanın mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda daşınmaz əmlakın mülkiyyət hüququnun mərhum Sara İsmayılovaya məxsus olması haqqında arayış verilməlidir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi daşınmaz əmlakın ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi müqavilədə hüquq sahibinin təvəllüdünün 1886-cı il, notariat ofisinin məktubunda isə 1876-cı il kimi qeyd edilməsi, həmçinin torpaq sahəsinin faktiki ölçüsü ilə sənəddə göstərilən ölçü arasında ziddiyyətin olmasıdır. Məhkəmə cavabdehin imtina əsasları ilə bağlı aşağıdakiları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə 12317 №-li müqavilədən görünür ki, Ləhiş bağ massivində yerləşən sahəsi 0,25 ha olan “4028/3702” nömrəli bağ sahəsi X2 ayrılmışdır. Göründüyü mübahisəli torpaq sahəsi müvafiq müqavilə əsasında mərhuma ayrılmışdır. Həmin sənəd isə qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd qismində çıxış edən həmin müqavilənin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənəd öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Cavabdeh, iddiaçının müraciətinin təmin edilməməsi üçün əsas kimi notariat orqanının məktubunda mərhum Sara İsmayılovanın təvəllüdü ilə bağlı mövcud olan uyğunsuzluğu irəli sürmüşdür. Məhkəmə isə müəyyən edir ki, mərhum S. İsmayılovanın təvəllüdünə dair ziddiyyət açıq-aydın aşkardır və bu, sənədlərdə mövcud olan texniki uyğunsuzluqdan irəli gəlir. Belə ki, müqavilədə mərhumun təvəllüdü 1886-cı il kimi göstərildiyi halda, məhkəmə qətnaməsində və notariat orqanının məktubunda bu tarix 1876-cı il kimi əks olunmuşdur. Sözügedən uyğunsuzluq iddiaçının iradəsindən və hüquqi məsuliyyət dairəsindən kənarda olmaqla, sırf texniki mahiyyət daşıyan səhv kimi qiymətləndirilməlidir. Bundan əlavə, məhkəmə qətnaməsinin məzmunundan da göründüyü kimi, S.İsmayılovanın doğum tarixi 1876-cı il kimi göstərilsə də, həmin sənəddə onun xx.xx.1977-ci il tarixində, 91 yaşında vəfat etdiyi qeyd olunmuşdur. Lakin riyazi hesablamalar sübut edir ki, şəxsin 91 yaşında vəfat etməsi üçün onun təvəllüdü 1886-cı il olmalıdır. Bu isə mərhum S. İsmayılovanın doğum ilinin 1886-cı il olduğunu birmənalı şəkildə təsdiq edir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinə imtinası hüquqi mahiyyət baxımından əsaslandırılmamış və sırf formal xarakter daşıyır. Mövcud uyğunsuzluq, hüquqi nəticələrə təsir edən fundamental mahiyyət kəsb etmədiyindən, cavabdehin bu əsasla irəli sürdüyü arqument hazırki tələbin təmin edilməsinə əsassız maneə kimi qiymətləndirilməlidir. Cavabdehin imtina əsasının ikinci hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin sənəd üzrə ölçüsünün 0,25 ha olduğu göstərilsə də, faktiki olaraq torpaq sahəsinin ölçüsünün dahaz az olması, daha dəqiq desək 0,2409 ha olması müəyyən olunur. İddiaçının özü də tələbini dəqiqləşdirərək iddianın məhz həmin ölçüyə münasibətdə təmin olunmasını nail olmaq istəyir ki, bu hal cavabdehin imtina əsasının aradan qalxdığına dəlalət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4028/3702” saylı 0,2409 ha bağ sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3140/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3140/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver