Məhkəmə qərarları › İş №2-1(112)-3141/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3141/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3141/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı evin qazlaşdırılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 798 C ünvanda yerləşən fərdi yaşayış evinin qazlaşdırılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda İ qrup əlildir və mütəmadi olaraq müalicə alır. O, xx xxxxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakınb Dövlət Reyestrindən Seriya RX1130022 saylı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 798 C ünvanda 0,03 ha xüsusi mülkiyyətdə torpaq sahəsi almışdır və çıxarış almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə xüsusi mülkiyyətində olan torpaq sahəsinə torpağın sahəsi, planı və ölçüsü təsdiq olunaraq verilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 3 sot torpaq sahəsində bir mərtəbəli ev tikmişdir. Həmin evə qaz çəkilişi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) rəsmi müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tərəfindən onun rəsmi müraciətinin icra edilməsi üçün Cavabdeh İB-nə göndərilmişdir. Cavabdeh “Cavabdeh" İstehsalat Birliyi heç bir hüquqi sənədə istisna etmədən xx xxxxxx 2019-cu il tarixli, ZM-1503 saylı məktubla guya onun xüsusi mülkiyyətində tikilmiş yaşayış evini SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində olduğundan, fərdi yaşayış evinə qaz xəttinin çəkilişinə imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərini kobud surətdə pozur. Belə ki, eyni məhəllədə yerləşən qonşularının hamısına qaz cavabdeh tərəfindən çəkilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Lənkəran rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 3 saylı X2 Komissiyasının xxxxxxx0003 №-li, xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, İddiaçı birinci dərəcəli əlildir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 798C ünvanında yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyətindədir. - Cavabdeh iddiaçıya ünvanladığı ZM-1503 №-lı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh” İstehsalat Birliyindən Bakı Regional qaz istismarı Departamentinə Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 798C ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı daxil olmuş SOCAR**********30560046X11324 №-li, xx.xx.2019cu il tarixli müraciəti araşdırılmışdır. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi ərazi (koordinatlar: X40.520777 Y50 050223) SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində olduğu üçün Azərbaycan Respublikası DNŞ-nin xx.xx.2011-ci il tarixli 22/MQ-455Mİ №-lı tapşırığına əsasən həmin ərazilərdə tikilmiş fərdi yaşayış evlərinin qazlaşdırılması və küçə qaz xətlərinin çəkilişi yolverilməzdir. - “SOCAR”-ın **********30480092X00001 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlarının özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi sürətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının 02.11,1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, həmçinin qanunsuz tikililərlə mübarizə tədbiri kimi, SOCAR-ın daimi istifadəsində olan, o cümlədən Hasilatın Pay Bölgüsü Sazişlərinə əsasən neft-qaz əməliyyatları aparılan torpaq sahələrində, eyni zamanda neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində inşa edilən tikililərin qazlaşdırılmasına yol verilmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1366 №-li, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 798C ünvanında yerləşən fərdi yaşayış evinə qazdan istifadə ilə əlaqədar texniki şərtin verilməsinə manə olan hallar müyyən edilməmişdir. “Qazdan istifadə qaydaları”nın 2.1-ci bəndinə görə istehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 798C ünvanında yerləşən torpaq sahəsi hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qazla təhciz edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə torpaq sahəsinin “SOCAR”-ın mülkiyyətində olmasına istinad edərək iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri bilir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hal-hazırda qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətindədir. Bunun əksini sübut edən hallar məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. -26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fizki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu hissəsinə görə fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısı – alqı-satqı müqaviləsi əsasında istehlakçının qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən şəxsdir, istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndinə görə qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüququ şəcsdir, istehlakçı alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquq və ya fiziki şəxsdir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qazpaylayıcı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm hallara malik olan müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 798C ünvanında yerləşən və xüsusi mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılmasından cavabdehin imtinası əsassız və qanunvericiliyin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 798 C ünvanda yerləşən fərdi yaşayış evinin texniki şərtlərə uyğun qazlaşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərci olan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 798 C ünvanda yerləşən fərdi yaşayış evinin texniki şərtlərə uyğun qazlaşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Aparılmış tədqiqatın dəyəri 102 (yüz iki) manat Cavabdeh” İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, VÖEN **********, hesab AZ34OTRE**********0002088501) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar