Məhkəmə qərarları › İş №2-1(112)-3141/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3141/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3141/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Suraxanı Rayon Polis İdarəsinə qarşı X6 işə 3-cü şəxs qismində cəlb edilməklə “yaşayış sahəsindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və onun yanında saxlanılan övladı, xx.xx.2013-cü il təvəllüdlü X7 onun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh təşkilata həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı 259985 saylı xx xxxxxx 2006-cı il tarixli Qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Onun X5 ilə keçmiş gəlini Qasımova (İsayeva) Günel Elçin qızı xx xxxxxxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahlarını Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsində rəsmləşdirmişlər. Cavabdeh Qasımova (İsayeva) Günel Elçin qızı oğlu Elvin İsayevlə nikaha daxil olduqdan sonra onun mülkiyyətində olan ünvan 1 ünvanına qeydiyyata alınmışdır. X5 ilə keçmiş gəlini Qasımova (İsayeva) Günel Elçin qızı arasında olan nikah Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(010)-4146/2016 saylı qətnaməsinə əsasən pozulmuş və ailə münasibətlərinə xitam verilmişdir. Onların birgə nikahdan doğulmuş övladları, xx.xx.2013-cü il təvəllüdlü, X14 anası Günel Qasımovanın (İsayevanm) yanında saxlanılmışdır. Onun oğlu Elvin İsayev övladı Ömər İsayevin saxlanması üçün alimenti keçikdirmədən vaxtında ödəyir. Qasımova (İsayeva) Günel Elçin qızı 2014-cü ilin oktyabr ayından yuxarıda qeyd olunan mülkiyyətində olan mənzildən çıxıb getmişdir və həmin tarixdən onun mənzilində yaşamır. O Bakı şəhərinin Kürdaxanı qəsəbəsində valideynlərinin yanında yaşayır. Keçmiş gəlini Günel (İsayeva) Qasımova Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəs., “D” Y/S, 17 saylı evin 109 saylı mənzilindən könüllü pasport qeydiyyatından çıxmadığına görə, mülkiyyətində olan mənzilə dair hüquqlarını maneəsiz şəkildə həyata keçirə bilmir. Ancaq Qasımova (İsayeva) Günel Elçin qızının onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, 17 saylı evin 109 saylı mənzilinə istifadə hüququnun olmamasına baxmayaraq, onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmamışdır. X2 onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəs., “D” Y/S, 17 saylı evin 109 saylı mənzilindən qeydiyyatdan çıxarılması ilə əlaqədar ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin rəisinə müraciət etmiş, ancaq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin rəisi cənab Namiq Həsənov tərəfindən imzalanan 096-25459İ-1220 saylı xx.xx.2020-ci il tarixli məktubla ona qanunsuz olaraq imtina cavabı verilmişdir. Həmin cavab məktubu xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə almışdır. Belə olan halda X2 onun mülkiyyətində olan mübahisəli mənzildən qeydiyyatdan çıxarılması məhkəmə qaydasında həll edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8245/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən X6 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilmələrini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, ev 17 ünvanında yerləşən, 109 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçıdan başqa üçüncü şəxs X6 və onun azyaşlı oğlu X14 da həmin evdə pasport qeydiyyatındadır, iddiaçı həmin şəxslərin ünvandan pasport qeydiyyatından çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatının formal olması ilə əsaslandırılır. İş materiallarına əlavə edilmiş sənədlər: - Azərbaycan Respublikasının Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya ÖM № 259985 saylı qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Yaşayış sahəsi “D” 17 saylı evin 42,62 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 109 saylı mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 162 saylı reyestr kitabında 24588 səhifəsində № 30/24588 saylı qeydə alma nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı oğlundan başqa xx.xx.1961-ci il təvəllüdlü X3, xx.xx.1987-ci il təvəllüdlü X6, xx.xx.1986-cı il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X14 qeydiyyatdadırlar. - Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(010)-4146/2016 saylı qətnamənin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı X11 ilə cavabdeh X13 arasında xx xxxxxxxx 2011-ci ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1333 №-si ilə qeyd edilmiş nikah pozulması, xx xxxxxx 2013-cü il təvəllüdlü X14 boşanmadan sonra iddiaçı X4 yanında saxlanılması, xx xxxxxx 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X4 xeyrinə hər ay cavabdeh X8 aylıq qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında aliment tutulması qət edilmişdir. -xx xxxxxx 2017-ci il tarixli AZ-İ № 248177 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X9 arasında olan nikah ləğv edilmiş, nikah ləğv olunandan sonra kişiyə İsayev, qadına Qasımova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin araşdırılmış hallarından görünür ki, 3-cü şəxs ilə iddiaçının oğlu xx xxxxxxxx 2011ci il tarixdə nikaha daxil olmuşlar. Bu zaman 3-cü şəxsin iddiaçının mülkiyyətində olan evə qeydiyyata düşmə tarixi yeni Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrə təsadüf edir. Belə olan halda xx xxxxxxx 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına nəzər yetirilməlidir. xx xxxxxxx 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə araşdırması zamanı sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, ev 17, 109 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilə dair X2 və X7 istifadə hüququnun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Göründüyü kimi, sözügedən ünvanda 3-cü şəxs və onun oğlunun istifadə hüququ mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, ev 17 ünvanında yerləşən 109 saylı mənzildən iş üzrə üçüncü şəxs olan X2 və onun azyaşlı övladı X7 ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Halbuki, 3-cü şəxs X2 və onun oğlu X1 mənzilə qeydiyyatına düşməsinə əsas olan sənədlər tələb edilmiş, lakin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən inzibati orqan tərəfindən təqdim edilməmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və 3-cü şəxslərin qeydiyyatı formal xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üçüncü şəxsin və onun azyaşlı oğlunun iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X2 və X7 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, ev 17 ünvanında yerləşən 109 saylı mənzildən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, ev 17 ünvanında yerləşən 109 mənzildən üçüncü şəxs X2 və onun azyaşlı oğlu X7 qeydiyyatdan çıxarılması vəzifəsi Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar